Məhkəmə qərarları › İş №2-1(112)-5201/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5201/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5201/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir), cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisasıhüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivalentlik şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X2rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Ukoopspika Ali Təhsil X1 və Ticarət Universiteti tərəfindən onun adına verilmiş “Qazanılmış dərəcə” bakalavr dərəcəsinin tam kursunun 30 iyun 2017-ci il tarixli B17№ 207005 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cu ildə Ukrayna Respublikası Ukoopspika Ali Təhsil X1 və Ticarət Universitetinin “Qazanılmış dərəcə” bakalavr dərəcəsinin tam kursunun Beynəlxalq İqtisadiyyat fakültəsinə daxil olmuşdur. 30 iyun 2017-cu il tarixində həmin kursu bitirmişdir. Həmin tarixli B17 seriyalı 207005 №li bakalavr diplomu verilmişdir. Sözügedən Universitetdə 2013-2017-ci illər olmaqla, əyani əsasla təhsil almışdır. Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etmişdir. Daha sonra ekspertlərin yoxlanışından sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarəsi ona tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması və tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında müvafiq ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə olan tədris yükünün yerinə yetirməyinin qeyri-mümkün olması səbəbindən imtina məktubu vermişdir. Təqdim etdiyi sənədlərdən də görünür ki, təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil aldığı müddətdə universitetin tələbə ixtisasına müəyyən qədər yiyələnmişdir. Diplomunun tanınmasında heç bir qadağa olmadığı halda diplom üzrə aldığı ixtisasın tanınmaması beynəlxalq konvensiyaya ziddir. Hətta vətəndaşlıq pasportundan da təhsil aldığı müddətlərdə müntəzəm olaraq Ukrayna Respublikasına səfər etdiyi və uzun müddət orada qaldığı açıqaydın görünür.İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq ərizəçinin təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (İ il- 3 ay 17 gün, İİ il-1 ay 20 gün, İİİ il-6 ay 8 gün, İV il - 6 ay 24 gün) tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması, habelə tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramımın 8.7.2ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Əlavə olaraq, kvalifikasiyaların tanınması prosedurunun tərkib hissəsi olan müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Cavabdeh qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı nümayəndəsi və vəkili X7 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X8 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - X9 Təhsil X1 Universiteti tərəfindən 30.06.2017-ci il tarixdə verilmiş 207005 №li diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə bakalavr diplomu verilmişdir. - X9 Təhsil X1 Universiteti tərəfindən 30.06.2017-ci il tarixdə verilmiş B17 207005 № li diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən A-40939-17 nömrə ilə 18.07.2017cu il tarixdə Haaqa Konvensiyasına (05.10.1961-ci il tarixli) əsaslanan "xxxx" möhürü ilə leqallaşdırılmışdır. X9 Təhsil X1 Universiteti tərəfindən verilmiş 30.06.2017-ci il tarixli B17 207005 №li diploma əlavənin surətindən müəyyən olunur ki, Səfərli X6 Ali Təhsil X1 Universitetində oxuduğu müddət ərzində “İqtisadiyyat və sahibkarlıq” ixtisası üzrə 3 il 10 ay əyani tədris formasında təhsil almışdır X9 Təhsil X1 Universiteti tərəfindən verilmiş 01.02.2022-ci il tarixli 35.2-14/171 saylı arayışda (tərcümə və təsdiq olunmuş) göstərilmişdir ki, İddiaçı 30 sentyabr 2013-cü il tarixdən 30.09.2013-cü il tarixli 541-C nömrəli əmrlə Poltava İqtisadiyyat və Ticarət Universiteti Ümum Ukrayna İstehlak Cəmiyyətləri X12 Təhsil Müəssisəsində “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə bakalavr pilləsinin İ kursuna qəbul edilmişdir. 30 avqust 2014- cü il tarixdə İddiaçı 30.08.2014-cü il tarixli 500-C saylı əmrlə “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə ikinci kursa keçirilmişdir. 30 sentyabr 2013-cü il tarixindən 30 iyun 2017-ci il tarixədək Universitetdə təhsil aldığı müddətdə İddiaçı distant texnologiyadan istifadə etmək imkanı ilə fərdi təhsil qrafikinə keçirilib. İİ kurs (2014-2015-ci tədris ili)-01.09.14-cü il tarixli 512-C nömrəli əmr; İİİ kurs (2015-2016-cı tədris ili) - 16.09.15-ci il tarixli 546-C nömrəli əmr; İV kurs (2016-2017-ci tədris ili) - 16.09.16-ci il tarixli 528a-C nömrəli əmr. Tələbənin fərdi cədvəl üzrə qalması zamanı distant təhsil urologiyalarından istifadə biliklərin tam spektrini, müstəqil işin həcmi, tədris saatlarının sayı, fənlər üzrə kreditlər, yekun modul və kurs işlərinin, imtahanların verilməsini nəzərdə tutur və əyani təhsil bakalavriatinın təhsil ixtisas səviyyəsinin müvafiq kvalifikasiyasını almaq üçün təsdiq edilmiş dövlət təhsil standartının və PİTU standartlarının tələblərinə cavab verir. 3 iyun 2017-ci il tarixində İddiaçı “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə baza ali təhsili almışdır (30.06.17-ci il tarixli 434-C nömrəli əmr) və imtahan komissiyasının qərarı ilə beynəlxalq iqtisadiyyat üzrə bakalavr dərəcəsi qazanmışdır (25.06.2017-ci il tarixli 3 saylı protokol) və 1670/2 qeydiyyat nömrəli 30.06.17-ci il tarixli Bİ 7 № 206952 bakalavr dərəcəsi diplomu və 30.06.17-ci il tarixli 123/0000820 nömrəli həmin diploma əlavəni almışdır. 27 fevral 2019-cu ildə İddiaçı ali təhsil haqqında diplom əlavəsinin dubilkatını almışdır (28.02.2019 - cu il tarixli 123 / ******* nömrəli). Ukrayna Nazirlər Kabinetinin 13 dekabr 2006-cı il tarixli 1719 nömrəli “Ali təhsil müəssisələrində bakalavr səviyyəsində mütəxəssis hazırlığının həyata keçirildiyi sahələrin siyahısı haqqında” Qərarına uyğun olaraq bakalavr hazırlığının normativ müddəti 3 il 10 aydır. X9 Təhsil X1 Universiteti tərəfindən verilmiş xasiyyətnamədə (tərcümə və təsdiq olunmuş ) göstərilmişdir ki, İddiaçı 2013-2017-ci tədris illəri ərzində Poltava İqtisadiyyat və Ticarət Universiteti Ümum Ukrayna İstehlak Cəmiyyətləri X12 Təhsil Müəssisəsində “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır (30.09.2013 - cü il tarixli 541-C №-li əmrlə qəbul edilmiş və 30.06.2017-ci il tarixli 434-C nömrəli əmrlə təlimin başa çatması ilə əlaqədar təhsil müəssisəsindən ayrılmışdır). İddiaçı təhsil aldığı müddətdə özünü vicdanlı, intizamlı tələbə kimi göstərmiş, münaqişəli vəziyyətlər yaratmamışdır. Tədris planın öhdəsindən “yaxşı” və “əla” qiymətlər almaqla gəlmişdir. Xarakteri sakitdir, təmkinlidir. Münaqişələrdən qaçır, mehriban, gülərüzlü, ünsiyyətcildir. Tənqidlərə müsbət cavab verir. Tələbənin təhsil aldığı müddətdə, müəllim və işçilərdə orumla ünsiyyətdə müsbət təəssürat yaranmışdır. Müəllimlər İddiaçı peşəkar sahədə istedadını daha da üzə çıxara bilən bacarıqlı tələbə kimi səciyyələndirirlər.Təhsil aldığı müddətilə universitetin ictimai həyatında, elmi konfranslarda, eləcə də təntənəli tədbirlərin təşkilində fəal iştirak etmişdir. O, kobud qanun pozuntularına yol verməyib, heç bir qeyristandart vəziyyətdə görünməyib. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətinə cavab olaraq, sonuncu tərəfindən 18.01.2022-ci il tarixdə verilmiş cavabda göstərilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 Təhsil X1 Universiteti tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A78C1F899942660 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 08.02.2022-ci il tarixli 33/522 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı 2013-2017-ci illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında Ukrayna-19.12.2013-cü ildə giriş Urayna; 15.02.2014-cü il tarixdə çıxış Ukrayna- 08.03.2014-cü il tarixdə giriş Ukrayna; 31.08.2014-cü il tarixdə çıxış Ukrayna- 01.10.20214-cü il tarixdə giriş Ukrayna; 19.01.2015-ci il tarixdə çıxış Ukrayna- 08.02.2015ci il tarixdə giriş Ukrayna; 12.09.2015-ci il tarixdə çıxış Ukrayna- 05.12.2015-ci il tarixdə giriş Ukrayna; 15.02.2016-cı il tarixdə giriş Ukrayna- 30.05.2016-cı il tarixdə giriş Ukrayna; 20.10.2016-cı il tarixdə çıxış Ukrayna; 30.03.2017-ci il giriş Ukrayna-16.05.2017-ci il çıxış Ukrayna; 29.07.2017-ci il giriş Ukrayna qeyd olunmuşdur. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, tədris komponentləri və təlim nəticələri haqqında məlumatı əks etdirən bakalavr diplomuna əlavədə iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsi aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativhüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"-ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. “İnzibati icraat haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Cavabdeh inzibati orqan imtina məktubunda və iddiaya dair etirazda iddiaçıya verilən diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olmamasına istinad etsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir.Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamə-nin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.17-ci bəndinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarının 1.3-cü bəndinə görə, kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi;... Həmin Qaydaların 2.1.17-ci bəndinə görə, akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. Həmin Qaydaların 3.2.11-ci bəndinə görə, hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. İddiaçı 2013-2017-ci illərdə X9 Təhsil X1 Universiteti”ndə əyani təhsil almış, Ukrayna Respublikasında 2013/2017 tədris ilində (İ il- 3 ay 17 gün, İİ il-1 ay 20 gün, İİİ il-6 ay 8 gün, İV il - 6 ay 24 gün) olmuşdur Məhkəmə qeyd edir ki, işin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı cavabdeh “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrafikasiya) Qaydalarının” 3.7-ci bəndində müəyyən edilmiş əsasların mövcudluğuna deyil yalnız iddiaçının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğuna və tədris dilini bilmə səviyyəsinə münasibət bildirilməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli 919-İQ №li Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in (bundan sonra mətndə - Saziş) tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Sazişin şərtlərindən də göründüyü kimi, yoxlanılmalı olan iddiaçının bilik səviyyəsi deyil, onun aldığı təhsilin yalnız müddətinə və məzmununa dair tələblərin uyğunluğudur. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi). Bu da o deməkdir ki, Sazişin 5-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ukraynada verilmiş bakalavr və magistr ixtisas dərəcələri haqqında diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır. Cavabdeh inzibati orqan tərəfindən yuxarıda göstərilən və imtinanın əsası kimi istinad etdiyi mövqeyini məhkəmə icraatı zamanı dəqiqləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu göstərməmişdir. Aparılan məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, iddiaçı əyani təhsil aldığı 4 illik təhsil müddəti ərzində ilk iki ili ərzində 3 ay 17 gün və 1 ay 20 gün müddətlərində iştirak etsə də, İİİ və İV tədris illərində normativə uyğun olaraq (İİİ il-6 ay 8 gün, İV il - 6 ay 24 gün) dərslərdə iştirak etmiş ki, həmin müddətlər tədris yükünü tam mənimsəmək üçün tam yetərli olmuşdur. Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə dair bildirdiyi dəlillər də əsassız olmuşdur və işdəki mövcud sübutlarla bunun əksi təsdiq olunur Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın İddiaçı diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 29.12.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 2.2.2-ci bəndinə görə xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlyinin müəyyən edilməsini (nostrifikasiyası) həyata keçirmək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətlərinə aiddir. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın İddiaçı X9 Təhsil X1 Universiteti tərəfindən verilmiş 30.06.2017-ci il tarixli B17 207005 №li diplom üzrə ixtisasın tanınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azad-lıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konven-siya-sının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Ukrayna Respublikası Ukoopspika Ali Təhsil X1 və Ticarət Universiteti tərəfindən İddiaçı adına verilmiş 30 iyun 2017-ci il tarixli B17 № 207005 saylı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2,34, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Ukrayna Respublikası Ukoopspika Ali Təhsil X1 və Ticarət Universiteti tərəfindən İddiaçı adına verilmiş 30 iyun 2017-ci il tarixli B17 № 207005 saylı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar