Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5202/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi ev 42a, mənzil 190; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 11 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi Nümayəndə (Ünvanı: Astara rayonu, Ərçivan kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 3-cü şəxslər - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsi qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsi) İddiaçı 1978-1980-cı illərdə əyani təhsil aldığı müddətin, 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olduğu və 1984-2006-cı illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 16.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 26.04.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 04.10.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı 1984-2006-cı illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 16.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi dair qərar qəbul edilməsi” barədə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. 1974- 1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuş və ona H3 № ******* hərbi bilet verilmişdir. Həmçinin, 1978-1980-ci illərdə X1 vilayətində tibb texnikumunda əyani təhsil almış və diş texniki ixtisası üzrə tam kursu bitirərək, buna dair FT 252075 nömrəli diplom verilmiş və 05 iyul 1980-cı il tarixdə 974 reystr nömrəsi ilə qeydiyyata alınmışdır. Əmək fəaliyyətinə 01 noyabr 1973-cü il tarixdə başlamış və 1983-cü il tarixədək müxtəlif təşkilatlarda çalışdıqdan sonra 01.03.1984-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Təsərrüfat hesablı Stomatoloji Poliknikada diş texniki vəzifəsinə təyin edilmiş və həmin tarixdən 07.01.2006-ci il tarixə kimi həmin vəzifədə çalışmışdır. Yəni, 01.03.1984-cü ildən 07.01.2006-ci il tarixdək fasiləsiz olaraq 22 il həmin yerdə işləmişdir. İddiaçı cavabdehə müraciət edərək, 01.11.1973-cü il tarixdən 01.01.2006-cı il tarixədək 24 il 8 ay 19 gün iş stajının və 1 il 10 ay 2 gün təhsil və 2 il 2 gün hərbi xidmət müddətinin, cəmi 28 il 8 ay 23 gün sosial sığorta stajının 16.04.2020-ci il tarixədək olduğunun nəzərə alınmaqla ona həmin tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı özünün 17.02.2021-ci il tarixli **********0 nömrəli cavab məktubunda müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində 01.11.1973-cü il tarixindən 01.01.2006-cı il tarixinədək 24 il 8 ay 19 gün iş stajının, 1 il 10 ay 2 gün təhsil müddətinin, 2 il 2 gün hərbi xidmət müddətinin, cəmi 28 il 8 ay 23 gün sosial sığorta stajının nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, iddiaçı xx.xx.1955-ci il tarixində anadan olmuşdur. İddiaçının iş materiallarına əlavə edilmiş diplomunun surətindən məlum olur ki, o 1978-1980-ci illərdə təhsil almışdır. İş materiallarına əlavə edilmiş hərbi biletin surətindən məlum olur ki, iddiaçı 04.11.1974- 09.11.1976-cı il tarixinədək hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş 05.06.1974-cü il tarixində tərtib edilmiş əmək kitabçası iddiaçının imzası ilə rəsmiləşdirilmişdir, iddiaçının 05.06.1974-cü il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən işlədiyi illər 3 il 1 ay 21 günü təşkil edir. Lakin onun 04.10.1983-cü il tarixində tərtib edilmiş əmək kitabçası ilə 22 il 11 ay 7 gün sosial sığorta stajı qeyd edilmişdir. Birinci əmək kitabçasında 29.09.1980-ci il tarixində əmək fəaliyyətinə başlamağı barədə qeyd mövcud olsa da işdən hansı tarixdə azad olunması ilə bağlı hər hansı bir qeyd mövdu deyildir, iddiaçı 29.09.1980-ci il tarixindən sonra ikinci dəfə ardıcıl olaraq 23.09.1982-ci il tarixində işə qəbul dilmişdir. İddiaçının 23.09.1982-ci il tarixində işə qəbul edildiyi müəssisədən işdən azad olunması ilə bağlı qeydi 04.10.1983-cü il tarixində tərtib edilmiş əmək kitabçasında qeyd edilmişdir, iddiaçının 04.10.1983-cü il tarixində tərtib edilmiş əmək kitabçasının üz qabığında rəsmi imzası mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək olan dövr üzrə pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda 23.09.1982-ci il tarixinə aid olan işə daxilolma barədə qeyddə əmr 14.09.1982-ci il tarixində verilmişdir. Əmək kitabçasında 01.11.1973-cü il tarixində edilmiş işə daxilolma qeydinin əmri 10.11.1973-cü il tarixində verilmişdir. Əmrin əmək kitabçasında edilmiş qeydlərdən sonra verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Lakin cavabdeh tərəfindən mübahisələndirilən əsas dövr iddiaçının 01.03.1984-cü il tarixindən 07.01.2006-cı il tarixinədək 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinikada olan əmək fəaliyyəti dövrüdür. Belə ki, qeyd edilən müəssisənin arxiv və faktiki sənədləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mühafizə olunmur. Bu səbəblə də iddiaçının həmin müəssisədə həqiqətən də işləyib-işləməməsi faktını təsdiq edən hər hansı bir sübut əldə etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajını 3 il 1 ay 21 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarına nəzər yetirdikdə oxşar məsələlərin həmin Qanunda da təsbit edildiyini müşahidə edirik. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yaş 2) azı 25 il iş stajı. Göründüyü kimi şəxsə pensiya təyin edilməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin pensiya hüququ yaranmayacaq və bununla əlaqədar şəxsə cavabdeh orqan tərəfindən imtina verilməsi qanunun tələblərinə uyğun və əsaslı olacaqdır. Həmçinin yuxarıda qeyd edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67- ci maddəsinin “v” bəndinə əsasən, hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 04.11.1974-09.11.1976-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş ГT 252075 nömrəli diploma əsasən 1978-1980-ci illərdə Rusiya Federasiyasının Sverdlov vilayətində tibb texnikumunda əyani təhsil almış və diş texniki ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq və tərcümə edilmiş 05.06.1974-cü il tarixli Əmək kitabçasına əsasən İddiaçı 01 noyabr 1973-cü il tarixdə əmək fəaliyyətinə başlamış və 1983-cü il tarixədək müxtəlif təşkilatlarda çalışdıqdan sonra 01.03.1984-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Təsərrüfat hesablı Stomatoloji Poliknikada diş texniki vəzifəsinə təyin edilmiş və 07.01.2006-ci il tarixə kimi həmin vəzifədə çalışmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqularını pozur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır (45.1). İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən əsas dövr iddiaçının 01.03.1984-cü il tarixindən 07.01.2006-cı il tarixinədək 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinikada olan əmək fəaliyyəti dövrüdür. Belə ki, qeyd edilən müəssisənin arxiv və faktiki sənədləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mühafizə olunmur. Bu səbəblə də iddiaçının həmin müəssisədə həqiqətən də işləyib-işləməməsi faktını təsdiq edən hər hansı bir sübut əldə etmək mümkün olmamışdır. Cavabdeh inzibati orqanın bu dəlili ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının “İddiaçı 01.03.1984-07.01.2006-cı il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Təsərrüfat hesablı Poliklinikada diş texniki vəzifəsində işlədiyini və əməkhaqqı aldığını iddia edir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə qeyd olunan dövrlərdə həmin müəssisənin fəaliyyət göstərməsi, habelə F.İddiaçı işə daxil olma, işdən azadedilmə əmrləri, əməkhaqqı cədvəlləri, məzuniyyətdə olduğu dövrlər barədə ətraflə məlumatların mümkün qədər qısa müddət ərzində təqdim edilməsi” məzmunlu sorğusuna cavab olaraq 21.05.2021-ci il tarixli 1249-01/8 nömrəli məktubla bildirmişdir: “Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan 1 nömrəli Stomatoloji Poliklinikası müstəqil balansa malik tibb müəssisəsi olub. Mühasibatlıq və kargüzarlıq sənədləri poliklinikada olduğundan və Səhiyyə Nazirliyinin 12.03.2008-ci il tarixli 33 nömrəli əmri ilə Nazirliyin tabeliyindən çıxarıldığından İddiaçı 01.03.1984-07.01.2006-cı illərə aid əmək haqqı barədə arayışı təqdim etmək mümkün deyil.” İş materiallarında olan Dövlət Vergi Xidmətinin 26.07.2021-ci il tarixli **********667300 nömrəli məktubundan görünür ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikanın (VÖEN **********) 23.10.1998-ci il tarixdə D-239 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikası 23.10.1998-ci il tarixdə qeydiyyatdan keçsə də, həmin Poliklinikanın 01.03.1984-cü ildən fəaliyyət göstərməsi Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən təkzib edilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının 01.03.1984-cü il tarixdən 07.01.2006-cı il tarixədək Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikasında işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Beləliklə, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikasının 01.03.1984-cü ildən fəaliyyət göstərməsi və iddiaçının işlədiyi dövrdə, yəni 01.03.1984-cü il tarixdən 07.01.2006-cı il tarixədək olan dövrdə mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının 01.03.1984-cü il tarixdən 07.01.2006-cı il tarixədək həmin müəssisədə işləməsi əmək kitabçasında qeyd edildiyindən, həmin dövr İddiaçı sığorta stajına daxil edilməlidir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını iddiaçının ümumi iş stajının 25 ildən az olması, həmçinin 01.01.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikasında 01.03.1984-cü il tarixdən 07.01.2006-cı il tarixədək olan iş stajı, hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla 25 ildən artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışıdır. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, təhsil və hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikasında 01.03.1984-cü il tarixdən 07.01.2006-cı il tarixədək olan iş stajı, hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla 25 ildən artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1984-2006-cı illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 16.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı 1984-2006-cı illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 16.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5202/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5202/2021
04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver