Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5204/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Fəxrəddın qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X6 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçılar X6 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi iddia tələbləri üzrə 2-1(112)-17058/2023 nömrəli inzibati iş üzrə icraatdan İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması, iddiaçı X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair icraat 2-1(112)-17058/2023 nömrə ilə saxlanılmışdır. Göründüyü kimi hazırda İddiaçı Fəxrəddın qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair işə baxılmaqdadır. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş, iddia tələbi “Bakı ş, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələb edilən torpaq sahəsi uzun illərdir ki, onun istifadəsindədir. Müvafiq hüquqmüəyyənedici sənədə əsasən hüquqların dövlət qeydiyyatına alınması barədə müraciət edilmiş, müraciət heç bir əsaslı səbəb olmadan təmin edilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsi X4 ayrılmış ərazi hüdudlarından kənarda yerləşir. Yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmişdir. Bundan əlavə, iddia olunan torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Faktiki torpaq sahəsi 300 kv.m təşkil edir. Tərəflər izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmtina məktublarında qeyd edilmişdir ki, torpaq sahəsi X4 ayrılmış ərazi hüdudlarında kənardadır və ümumi hasar daxilində yerləşir. Faktiki torpaq sahəsi 300 kv.m təşkil edir. Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 №-li sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin nəznində olan Buzovna qəsəbəsində yerləşən Abşeron rayonunda uçota alınmış tərəvəzçi-südçülük sovxozun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyi imkanının olmaması, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyani torpaq sahəsinin ayrılması və növbəlik əsasında verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 tərəfindən verilmiş 21 may 2003-cü il tarixli, 28 №-li əmrdən çıxarışdan görünür ki, iddiaçıya da fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin sxemindən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin sxemi təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 tərəfindən verilmiş arayışdan görünür ki, X5 tərəfindən 21 may 2003-cü il tarixli, 28 №-li əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılmış, torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğunluq təşkil etmişdir. Eyni zamanda arayışda məhkəmə mübahisəsinin olmadığıda bildirilmişdir. Məhkəmə sorğusuna X1 məktubundan görünür ki, iddiaçıya verilmiş arayış və plan və cizginin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağıdakıları əsas gətirir:
1. torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrılmış ərazidən kənarda yerləşməsi;
2. Yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi;
3. Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi;
4. Faktiki ölçünün 300 kv.m olması. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka dair çıxarışın verilməsinə maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X5) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 12.1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır. 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
14. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnamənin;
1. Bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir.
2. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında payı olan subyektlərə düşən orta torpaq payı fiziki sahə (hektarla) və torpaq qayiməsi ilə müəyyən olunan torpaq dəyəri (manatla) formasında hesablanır.
7. Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədini dövlət yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə ayırır, torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra onlara təqdim edir. (xx.xx.2006-cı il tarixədək olan redaksiyası) Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 25 may 2006-cı il tarixli 411 №-li Fərmanının 2.3-cü bəndi ilə həmin Fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 7-ci bəndində “torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirildikdən sonra” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayır və” sözləri ilə əvəz edilmişdir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, iddiaçının mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, imtinanın əsası kimi torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrılmış ərazidən kənarda yerləşməsi və digər imtina əsaslarını göstərmişdir. Məhkəmə qeyd olunan imtina dəlilləri üzrə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçiliksüdçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5) Həmkərlar Təşkilatının 17 may 2003-cü il tarixli protokoluna əsasən baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş ərazidə iddiaçıya torpaq sahəsinin ayrılması əmr edilmiş, torpaq sahəsinin sxemi təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, əmrin verilməsinin əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı dayanır ki, əmrdən çıxarışda da torpaq sahəsinin iddiaçıya ayrılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi müvafiq sərəncam və həmin sərəncam əsasında verilmiş müəssisənin əmrinə əsasən məsul olan qurum tərəfindən ayrılmışdır. Həmin sənədlər isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin sərəncamın və əmrin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənədlər yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan özü də iddiaçının torpaq sahəsinin ayrılması ilə bağlı mövcud olan sənədləri mübahisələndirmir. Cavabdeh mərhuma ayrılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrılmış ərazidən kənarda yerləşdiyini mübahisələndirir. İlk növbədə nəzərə alınmalıdır ki, cavabdeh torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrılmış ərazidən kənarda yerləşdiyinə istinad etsə də, bu halı təsdiq edən hər hansı sənəd, o cümlədən məhkəmə tələb etsə də ayrıc aktını təqdim etməmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sənədlər ilə yanaşı həmçinin həmin sahənin yerləşməsini təsdiq edən sxemdə mövcud olmuşdur ki, həmin sənəd Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 tərəfindən təsdiq edilmişdir. Məhkəmə bir daha qeyd edir, torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 ayrılmış ərazidən kənarda, yəni ayrıc aktından kənarlaşma sübut edilmir. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-360/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-778/2023- nömrəli xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1508/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, 2- 1(102)-1904/2020 saylı iş üzrə xx.xx.2020-cü il qərarında da ayrıc aktına münasibətdə oxşar mövqedən çıxış edilmiş, ayrıc aktının, ayrıc aktından kənarda yerləşmə barədə cavabdeh tərəfindən sübutun təqdim edilməməsi AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından qiymətləndirilərək iddianın təmini ilə bağlı mövqe nümayiş etdirilmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, 2-1(102)- 2201/2023 saylı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında (✯✯✯) oxşar mübahisə üzrə qeyd edilmişdir ki, Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə də ayrıc aktından torpaq sahəsinin kənar yerləşib-yerləşməməsi ilə bağlı araşdırmanın aparılması üçün ayrıc aktının təsdiq edilmiş surətinin təqdim edilməsi məhkəmə sorğusu ilə tələb edilmişdir ki, ayrıc aktı təqdim edilmədiyindən ayrıc aktından kənarda yerləşib-yerləşməməsi barədə dəlilinin araşdırılması zərurəti müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından ayrıc aktından kənarda yerləşib-yerləşməmə ilə bağlı ayrıc aktının təqdim edilməli olması mütləq şərtdir ki, nə qədər ki ayrıc aktının təqdim edilməsi həyata keçirilməmişdir, torpaq sahəsinin ayrıc aktından kənar yerləşməsi ilə bağlı araşdırmanın əhəmiyyəti mövcud olmamış, cavabdeh ayrıc aktından kənarda yerləşmə barədə dəlilini təsdiq edə biləcək ayrıc aktını ümumiyyətlə məhkəməyə təqdim etməmişdir ki, yuxarıda adıçəkilən qərarların tələbindən də göründüyü kimi ayrıc aktının təqdim edilməsi ilə bağlı cavabdehin tədbir görməsi mütləq olmuşdur. Eyni zamanda, sxemdə istinad və məsaflərin qeyd edilməməsinə münasibətdə də cavabdehin imtinası məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilmir. Belə ki, yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi iddiaçının təqsir sferasından kənar olmaqla, aidiyyəti torpaq ayırmanı həyata keçirən qurumun səlahiyyətləri daxilində olan məsələdir. Adıçəkilən yerləşmə cizgisi iddiaçı tərəfindən tərtib edilməmiş, tərtibetmə zamanı da iddiaçının iştirakı olmamışdır, bununla bağlı iddiaçının spesifik sahə üzrə məlumatı da olmamışdır ki, həmin hallar nəzərə alınmaqla imtinanın göstərilən dəlili də məhkəmə tərəfindən əsassız hesab edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanuni istifadədə olan torpaq sahəsinin sahibliyi və istifadənin həyata keçirilməsi şəxsin səlahiyyətində olmaqla onun hasarlanması, hasarlanmaması, başqa torpaq sahələri ilə birlikdə hasarlanması kimi hüquqlarının realizəsində müstəqilliyə malikdir. Odur ki, mülkiyyət hüququnun realizəsindən torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi səbəbi ilə imtina edilməsi yolverilməz hesab edilməlidir. Bundan əlavə torpaq sahəsinin ölçüsünün 300 kv.m olması ilə bağlı da imtina dəlilinə münasibətdə qeyd olunur ki, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhz 300 kv.m ölçüdə torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasını tələb etmişdir ki, həmin imtina dəlilinin əsası aradan qalxmışdır. Nəzərə alınmalıdır ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1013/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 vermiş olduğu hüquqmüəyyənedici sənəd üzrə cavabdeh tərəfindən X2 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşmə əsasına istina edilmiş, Ali Məhkəmə isə hesab etmişdir ki, dövlət orqanlarının tabeliyində olan X5) rəhbərinin (direktor və s.) əmri torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsas olduğundan, Azərbaycan Respublikası İşlər İdarəsinin X2 xx.xx.2003cü il tarixli 28 nömrəli əmri iddiaçıya ayrılmış torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olmuşdur. , iddiaçı ilə bərabər eyni müəssisənin üzvü olan ayrı-ayrı şəxslərə torpaq sahəsinin ayrılması barədə eyni nömrəli və tarixli əmrlə onların hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Analoji mövqe Ali Məhkəmənin 2-1(102)-557/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-560/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarlarında da təkrarlanmışdır. Ümumi hasar daxilində yerləşmənin mülkiyyət hüququnun realizəsindən imtina edilməməsi ilə əlaqədar Ali Məhkəmənin 2-1(102)-1837/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-153/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarında da analoji mövqedən yanaşılmışdır. Yerləşmə cizgisi ilə bağlı məsələnin iddiaçının təqsir sferasına aid olmaması ilə bağlı da Ali Məhkəmənin 2-1(102)-1697/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-1453/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il qərarında, 2- 1(102)-124/2023 saylı iş üzrə qəbul etdiyi, xx.xx.2023-cü il tarixli qərarında analoji mövqedən çıxış etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov