Məhkəmə qərarları › İş №2-1(112)-5206/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5206/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5206/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı «əvəzsiz istifadəyə verilmiş qeyri-yaşayış sahəsinin təsərrüfat subyekti (obyekti) kimi uçota alınması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı «əvəzsiz istifadəyə verilmiş qeyri-yaşayış sahəsinin təsərrüfat subyekti (obyekti) kimi uçota alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, X8 İddiaçı MMC-nin həm təsiçisi, həm də direkrorudur. Müəssisənin əsas fəaliyyəti turizm sahəsində xidmətlər göstərilməsidir. Valideynləri sahibkarlıq fəaliyyətində ona dəstək məqsədi ilə anası X3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 115C ünvanında yerləşən sahəsi 129,1 kv.m olan qeyri-yaşayış sahəsini onun əvəzsiz istifadəsinə vermiş və onların arasında əvəzsiz istifadə haqqında müqavilə bağlanmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin İddiaçı MMC-nin təsərrüfat subyekti kimi vergi uçotuna alınması ilə bağlı AR Vergilər Nazirliyinə (Dövlət Vergi Xidmətinə) və onun tabeliyindəki qurumlara müraciət olunmuşdur. Lakin qeyd olunan müraciət həmin orqanlar tərəfindən müxtəlif bəhanələrlə geri qaytarılmışdır. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il və x xxxx 2020-ci il tarixli məktublarla icarə müqaviləsində icarə haqqının qeyd olunmaması səbəbindən obyektin təsərrüfat subyekti kimi uçota alınmasından imtina olunmuşdur. Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti) Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin 8 apreı 2020-ci il tarixli məktubunda isə qurum imtinaya əsas kimi obyektin istifadəsinə görə icarə müqaviləsinin bağlanmaması və icarə haqqının müəyyən olunmamasını göstərmişdir. Bundan əlavə, Nazirliyin Apellyasiya Şurasına x xxxxx 2020-ci il tarixdə müraciət olunmuş, lakin müraciətə Apellyasiya Şurası tərəfindən deyil, yenə də Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda icarə müqaviləsinin bağlanması tövsiyə edilmişdir. Hesab olunur ki, cavabdeh inzibati orqanın əvəzsiz istifadə haqqında müqaviləni təsərrüfat subyektinin (obyektin) uçota alınması üçün əsas hesab etməmiş, bu məqsədlə icarə müqaviləsi tələb olunması əsassız və qanunsuzdur. Belə ki, əvəzsiz istifadə haqqında müqavilə icarə müqaviləsi kimi mülki qanunvericilikdə təsbit olunmuş müqavilə növlərindən biridir və əmlak üzərinə qanuni istifadə hüquqları verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Bundan əlavə, qanunvericiliklə təsərrüfat subyektinin (obyektin) uçota alınması üçün vergi ödəyicisi tərəfindən icarə müqaviləsi təqdim edilməli olmasına dair imperativ norma mövcud deyildir. Vergi orqanlarında vergi ödəyicilərinin uçotu Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında uçota alınmalı olan şəxslər, uçotun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələri ilə müəyyənləşdirilir. Həmin normalarda isə, təsərrüfat subyektinin (obyektin) uçota alınması üçün vergi ödəyicisi tərəfindən mütləq şəkildə icarə müqaviləsi təqdim edilməli olmasına dair müddəa yoxdur. Belə olan halda, cavabdeh orqanın obyektə dair icarə müqaviləsinin bağlanmasını tələb etməsinin qanuni əsası yoxdur. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Göstərilənlərə və İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanında yerləşən sahəsi 129.1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasında “xxxxxxxxxxx” MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarısinə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin məhkəməyə iddia ilə bağlı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Baş İdarə iddia ərizəsində irıli sürülən iddiaya etiraz edir. x xxxx 2013-cü il tarixli əmrlə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicisinin uçotunun aparılmasına dair Qaydaları”na əsasən vergi ödəyicisi (kommersuya və qeyri-kommersiya hüquqi şəxs, fiziki şəxs) təsərrüfat subyektinin olduğu yer üzrə uçota alındıqda vergi orqanı tərəfindən yerinə yetirilən iş prosesləri vergi ödəyicisinin uçota alınması zamanı əvvəlki bölmələrdə təsbit olunan iş bölgüsünə, onların yerinə yetirilməsinin xronoloji ardıcıllığına və müddətinə uyğundur. Bu zaman aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır: (5.1.1) vergi ödəyiciləri öz eyniləşdirmə nömrələri ilə təsərrüfat subyektlərinin olduqları yer üzrə uçota alınırlar, (5.1.2) bu Qaydaların 5.1.3-cü yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla, əmlak icarəyə götürməklə fəaliyyət göstərən vergi ödəyicisinin istifadə edəcəyi obyektin yerləşdiyi ünvan üzrə uçota alınması icarəyə verənin həmin obyektin yerləşdiyi ünvan üzrə vergi uçotunda olduğu halda həyata keçirilir, (5.1.3) fiziki şəxsə ödənilən icarə haqqı ödəmə mənbəyində vergiyə cəlb edildiyi halda, icarəyə verənin həmin obyektin yerləşdiyi ünvan üzrə uçota alınması (icarəyəverən vergi uçotunda olmadıqda) tələb olunmur. (5.1.4) proqram təminatı təsərrüfat subyektinin icarəyə verilən sahəinin (təsərrüfat subyekti olduğu halda) onun ümumi sahəsi ilə avtomatik müqayisə edilməsini və uyğunsuzluq aşkar edildikdə (təsərrüfat subyektinin istifadədə olan hissələrinin sahəsinin cəmi təsərrüfat subyektinin ümumi sahəsindən çox olmamalıdır) vergi ödəyicisinə verilmək üçün “Vergi uçotuna alınmaq və ya vergi uçotu məlumatlarında dəyişiklik aparılması üçün təmin edilmiş ərizə və sənədlərdəki uyğunsuzluqlar barədə” bildiriş hazırlanmasını təmin edir, (5.1.5) vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ərizə” kağız formasında və ya “X11” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə filialın və ya nümayəndəliyin əsasnaməsinin, rəhbər barədə qərarın (əmrin), habelə filialın, nümayəndəliyin və ya təsərrüfat subyektinin bu fəaliyyəytin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. Vergi ödəyicisinin rəhbəri öz ərizəsində sözgedən əmlakın mülkiyyət hüququ əsasında anasına məxsus olduğunu və valideyni ilə arasında bağlanmış əvəzsiz istifadə müqaviləsinə əsasən heç bir vergi öhdəliyinin yaranmadığını qeyd etmişdir. Hüquqi şəxsin rəhbəri bu zaman ana-oğul münasibətlərinə istinad etməklə, icarə müqaviləsi bağlanması tələbini əsassız saymışdır. Qeyd olunur ki, bu münasibətlərin hüquqi statusunu müəyyənləşdirmək mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Yəni, vergitutma münasibətləri baxımından hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş hüquqi şəxs və mülkiyyət hüququ əsasında əmlaka sahiblik edən, həmin hüquqi şəxsin rəhbərinin valideyni tamamilə ayrı şəxslər hesab edilir. Belə ki, hüquqi şəxs bu münasibətlərdə müstəqil olaraq öz adından çıxış edir və bu zaman iddiaçının qeyd etdiyi yaxın qohumluq münasibətləri heç bir halda vergi ödəyicisinin öhdəliyindən azad olunmaq üçün əsas sayılmayacaqdır. xx xxxxxxxx 2011-ci il tarixli göstəriş məktubunda qeyd edildiyi kimi, əgər etibar edilən onun idarəçiliyinə verilmiş əmlakdan öz mənafeyi naminə istifadı edirsə, bu halda münasibətlər Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi ilə rəsmiləşdirilməlidir. Həmin maddədə göstərilir ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırkı vəziyyətdə təsərrüfat subyekti vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyəti göstərilməsi (obyektin istifadəsindən gəlir əldə edilməsi) məqsədilə istifadəyə götürüldüyündən, Mülki Məcəllənin 700-cü maddəsinə müvafiq olaraq icarə müqaviləsi bağlanmalı və müqavilədə icarə haqqı müəyyənləşdirilməlidir. Bundan əlavə, iddia tərəfindən inzibati orqana ünvanlanmış müraciətlər x xxxxx 2020-ci il tarixli **********817000 nömrəli və xx xxxxx 2020-ci il taroxli **********511100 nömrəli məktublarla cavblandırılmış, yuxarıda qeyd edilən əsaslarla icarə müqaviləsi bağlanmasının vacibliyi ona bildirilmişdir. Göstərilənlərə və İPM-in İPM-in 58.7, 68.1-ci maddələrinə əsaslanaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddaçı tərəf isə gəlməmişdir. İş materiallarından görünür ki, iddiaçının təmsilçisi məhkəmə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını arşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 13.2.73-cü maddəsinə əsasənm iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin x xxxx 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”nın 1.2.3-cü bəndinə görə vergi ödəyicisinin təsərrüfat subyekti – vergi ödəyicisinin ayrıca VÖEN verilmədən arayışla uçota alınan filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektidir (obyektidir). Qaydaların 2.16-cı bəndinə görə ƏDV qeydiyyatı barədə bildiriş, “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında arayış”, təsərrüfat subyektinin qeydiyyatı barədə arayış və NKA-nın qeydiyyat vərəqəsi proqram təminatı tərəfindən avtomatik olaraq vergi ödəyicilərinin elektron qutularına göndərilir. Vergi ödəyicilərinin müraciəti olduqda həmin sənədlər bu Qaydalarda göstərilən qaydada vergi orqanında hazırlanaraq “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazından məlum olur ki, vergi ödəyicisi olan İddiaçı MMC ilə X6 arasında xx xxxxxx 2020-ci il tarixdə “əvəzsiz istifadə müqaviləsi” bağlanmışdır. Müqavilədə X3 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanında yerləşən, ümumi sahəsi 356 kv.m olan qeyri-yaşayış sahəsini əvəzsiz olaraq İddiaçı MMC-nin istifadəsinə verməsi nəzərdə tutulmuşdur. “xxxxxxxxxxx” MMC-nin direktoru, ryni zamanda təsisçisi olan Zeynalov Əli X3 övladıdır. Hazırkı İddiaçı MMC aidiyyəti vergi orqanı olan hazırkı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə ərizə ilə müraciət edərək, həmin qeyri-yaşayış sahəsinin MMC-nin təsərrüfat subyekti (obyekti) qismində uçota alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və əvəzsiz istifadəyə götürdüyü həmin qeyri-yaşayış sahəsinin onun adına təsərrüfat subyekti (obyekti) kimi uçota alınmasını tələb edir. İddiaçının dəlilləri – qeyri-yaşayış sahəsi onun qanuni istifadəsindədir, qanunvericilikdə vergi ödəyicisinin təsərrüfat subyektinin uçota alınması üçün icarə müqaviləsini təqdim etməsini imperativ şəkildə nəzərdə tutan norma mövcud deyil, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh inzibati orqanın dəlilləri – ana-oğul münasibətlərinə istinadən icarə müqaviləsi bağlanmadan daşınmaz əmlakın istifadəyə verilməsi vergi öhdəliyindən azad olunmaq üçün əsas hesab edilmir. Təsərrüfat subyekti sahibkarlıq fəaliyyəti (obyektin istifadəsindən gəlir əldə edilməsi) məqsədilə istifadəyə götürüldüyündən, Mülki Məcəllənin 700-ci maddəsinə müvafiq olaraq icarə müqaviləsi bağlanmalı və müqavilədə icarə haqqı müəyyənləşdirilməlidir. Qeyri-yaşayış sahəsinin əvəzidiz istifadəyə verilməsi barədə müqavilə əsasında təsərrüfat subyekti (obyekti) iddiaçının adına uçota alına bilməz. İddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə mübahisə üzrə tərəflərin dəlillərinə münasibət bildirərkən ilk növbədə aşağıdakı normativ aktların tələblərini diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi»nin 3.0.12-ci bəndinə görə vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin x xxxx 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”nın 5.1.5-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “X11” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə filialın və ya nümayəndəliyin əsasnaməsinin, rəhbər barədə qərarın (əmrin), habelə filialın, nümayəndəliyin və ya təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. Göründüyü kimi, mülki hüquq subyektləri üçün müqavilə azadlığına prinsip kimi yanaşan mövcud qanunvericilik “əvəzsiz istifadə” müqaviləsinin bağlanmasını nəzərdə tutur və belə müqavilənin tərəfi qismində çıxış edən istifadəçinin hüququnu “əmlak hüququ” sayır. Digər tərəfdən isə, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən normativ hüquqi aktlar sisteminə daxil olan “mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktı” kimi cavabdeh inzibati orqanın da məhkəməyə təqdim etdiyi yazılı etirazında istinad etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin x xxxx 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş Qaydalar (Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar) vergi ödəyicisinin təsərrüfat subyektinin vergi uçotuna alınması ilə bağlı təqdim olunan sənədlərin sırasını müəyyənləşdirmişdir. Bu sırada təqdim olunmalı sənədlərin içərisində icarə müqaviləsi ilə yanaşı “qanunvericiliklə nəzərdə tutulmuş digər sənəd” də nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində qanuni əsaslarla istifadəni təsdiqləyən əqdi yaxud başqa aktı ehtiva edir. İddiaçının direktoru, eyni zamanda təsisçisi kimi çıxılş edən şəxslə istifadəyə verilən müvafiq daşınmaz əmlakın mülkiyyətçisi arasındakı ailə münasibətlərinə gəldikdə isə, məhkəmə qeyd edir ki, hüquqi şəxslə istənilən şəxsin hər hansı müqavilədən irəli gələn mülki münasibətlərinə həmin xüsusatlar təsirsizdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı inzibati mübahisə vergi məbləğlərinin hesablanması, yenidən hesablanması, tutulması və bu qəbildən olan digər hallarla deyil, vergi ödəyicisinin qanuni istifadəsində olan daşınmaz əmlakın onun adına təsərrüfat subyekti qismində vergi uçotuna alınması ilə bağlıdır. Odur ki, iddiaçının qanunla qadaağaan olunmamış müqavilə ilə uçota alınmamı tələb etməsi gələcəkdə vergilərin hesablanması və tutulması üzrə inzibati münasibətlərdə birmənalı şəkildə həlledici rol oynaya bilməz. Belə olan halda, məhkəmə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanındakı qeyri-yaşayış sahəsinin həmin əmlakı qanuni əsaslarla əvəzsiz istifadəyə götürmüş vergi ödəyicisi hazırkı İddiaçı MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınmasından cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin imtinası qanuna zidd sayır və hesab edir ki, bu imtina vergi ödəyisi kimi iddiaçının hüquqlarının pozulmasına sabəb olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanındakı 129,1 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasında İddiaçı MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınması öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanındakı 129,1 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasında İddiaçı MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınması öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar