Məhkəmə qərarları › İş №2-1(112)-5206/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5206/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5206/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən “1125J” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən ümumi hasar daxilində yerləşən və şərti göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin digər bağlara keçid yolu göstərilən sahə daxildəndir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki torpaq sahəsinin 0,1186 ha olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsində iddiaçıya ayrılmış 1125J nömrəli 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsində 218 nömrəli Pirşağı bağ-tikinti kooperativi nəzdində 0.12 ha torpaq sahəsi olan 1125 J nömrəli bağ sahəsi 9 nömrəli orderlə ona ayrılmışdır. Sözügedən bağ sahəsi iddiaçı tərəfindən ümumi hasara alınmış və ayrıldığı tarixdən bügünkü günə qədər iddiaçının istifadəsindədir. İddiaçı Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən Bakı şəhər İcrayə komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən ona ayrılmış 0.12 ha torpaq sahəsi olan 1125 J nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Sözügedən idarə tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh inzibati orqanın imtina cavabı tam əsassız və qanunsuzdur. Torpaq sahəsinin iddiaçıya ayrılmısına dair arxiv arayışı mövcuddur. İddiaçı həmin torpaq sahəsindən 33 ildən yuxarıdır ki, maneəsiz istifadə edir və qonşuluqda yerləşən bağ sahələrinin gediş-gəliş yolu vardır. Qonşularla torpağa görə aralarında hər hansı mübahisə və məhkəmə çəkişməsi mövcud deyildir. Torpaq sahəsinin ölçüsünə gəldikdə isə torpağın faktiki ölçüsünə görə çıxarışın verilməsinə iddiaçı etiraz etmir və faktiki ölçü ilə razıdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi etirazda qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən ümumi hasar daxilində yerləşən və şərti göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. 1125 ilə başlayan bağ sahələrinin indeksləri sxematik xəritəyə əsasən ərazinin cənub hissələrində yerləşməlidir. Həmçinin digər özəl bağ sahələrinə keçid yolu göstərilən sahə daxildəndir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki torpaq sahəsinin 0,1186 ha olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarından görünür ki, 218 saylı bağ tikinti kooperativinin üzvlərinin siyahısı təsdiq edilmiş, iddiaçının adı siyahıda 9-cu sırada göstərilmişdir. - Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsindəki 218 nömrəli kooperativin 9 nömrəli orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 3/75 nömrəli qərarına əsasən İddiaçı Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 1125J nömrəli bağ ayrılmışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, göstərilən bağ sahəsi ümumi hasar daxilindədir. Ara sərhədləri şərtidir. Ümumi sahə digər vətəndaş tərəfindən hasarlanmışdır. Sahədə tikili yoxdur. Faktiki sahəsi 1186 kv.metr təşkil edir. İddiaçı hazırda qeyd edilən sənədlər istinad edərək ona ayrılmış 1125J saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə sərəncamı və orderi təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1125J saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Bakı şəhər icra Hakimiyyəti tərəfindən iddiaçının 218 saylı BTK-ya üzv qəbul edilməsi ilə bağlı sərəncam və 1125J saylı bağ sahəsinin ayrılması barədə order məhkəməyə təqdim etmişdir, bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə istinad etmişdir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-13500/2025 nömrəli məktubdan görünür ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq 0.12 ha təşkil edir. Göstərilən bağ sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri şərtidir). Torpaq sahəsinin üzərində tikili yoxdur. Göstərilən torpaq sahəsi (bağ sahəsi) bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. 1125 ilə başlayan bağ sahələrinin indeksləri göstərilən ərazinin cənub hissələrində yerləşməlidir. Həmçinin digər özəl bağ sahələrinin yolu qeyd olunan sahə daxilindən keçir. Məsələ ilə bağlı məhkəmə tərəfindən cavabdehə müvafiq sorğu verilmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktub ilə göstərmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin dəqiq hansı nömrəli bağ sahələrinə uyğun gəlməsini təyin etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh həm mübahisəli ərazinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini bildirmiş, həm də həmin ərazinin hansı nömrəli bağa uyğun gəldiyini müəyyən edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bundan əlavə, imtinanın bu dəlili özlüyündə şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Hamıya bəlli olan haldır ki, cavabdehin istinad etdiyi sxematik xəritə iddiaçıya bağ sahəsi ayrılan vaxtdan xeyli əvvəl tərtib edilmiş, həmin dövrlərdə bağ sahələrinin 0,25 ha ayrılması nəzərdə tutulmuş, sonradan həmin sahələr bölünərək digər vətəndaşlara verilmiş, bu zaman yeni verilmiş bağları fərqləndirmək üçün bağ sahələrinin nömrələrinə müvafiq hərflər əlavə edilmişdir. Sonradan bölünmüş, yaxud yeni nömrə əsasında digər bir vətəndaşa verilmiş həmin bağların sxematik xəritəsini tərtib etmək, yaxud mövcud sxematik xəritəni həmin vəziyyətə uyğunlaşdırmaq isə iddiaçının deyil, müvafiq səlahiyyətli dövlət orqanlarının məsuliyyətində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir, lakin mübahisəli bağ sahəsinin ölçüsü 0,12 ha deyil, 1186 kv.m olduğundan iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin olunsun. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən ayrılmış Pirşağı bağlar sahəsində yerləşən 1186 kv.metr sahəsi olan 1125J nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar