Məhkəmə qərarları › İş №2-1(112)-5209/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5209/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5209/2023 10.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə (üçüncü şəxslər X8, X3, X7, X9, X13 və X5 cəlb olunmaqla) qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.1957-ci il təvəllüdlü X7 və xx.xx.1963-cü il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RX-0382678 nömrəli, xx.xx.2014 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus sözügedən mənzil onun ailə vəziyyəti ilə əlaqədar digər fiziki şəxsə satılması ilə bağlı digər fiziki şəxslə xx.xx.2022ci il tarixdə beh müqaviləsi bağlanmışdır. İddiaçı Forma-2 arayışının (yaşayış yeri üzrə qeydiyyat haqqında) Notariat ofisinə təqdim edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə 6 saylı “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. İddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası DİN tərəfindən verilən xx.xx.2022-ci il tarixli, ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın əslindən göründüyü kimi iddiaçıya məxsus adıçəkilən mənzildə onunla birlikdə tanımadığı və qeydiyyata düşmələrinə notarial qaydada razılıq ərizəsi vermədiyi xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.1957-ci il təvəllüdlü X7 və xx.xx.1963-cü il təvəllüdlü X9 adlı kənar şəxslər də vardır. Azərbaycan Respublikası DİN tərəfindən verilən xx.xx.2022-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışın əslinə əsasən iddiaçıya məxsus həmin ünvanda yerləşən mənzildə onunla birlikdə tanımadığı və qeydiyyata düşməsinə notarial qaydada razılıq ərizəsi vermədiyi xx.xx.2014-cü il təvəllüdlü X8 adlı kənar şəxs vardır. Qeyd olunan və tanımadığı kənar şəxslərin texniki səhv nəticəsində formal şəkildə mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə qeydiyyatda olmaları bir mülkiyyətçi olaraq hazırda iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, ona məxsus mənzilin satılması ilə əlaqədar beh verən şəxs artıq mənzilin ona satılmasını tələb edir. Texniki səhv nəticəsində mənzilə qeydiyyata düşmüş kənar şəxslərin həmin mənzilin satılmasına notarial qaydada razılıqları olmadığı üçün iddiaçı mənzilin alqı-satqısını həyata keçirə bilmir. Eyni zamanda mənzilin alqı-satqısı ilə əlaqədar artıq ona az olmayan məbləğdə beh verən şəxs də üçüncü şəxslərin qeydiyyatda qalmalarını istəmir. Bu arada alıcının digər mənzil tapa bilməsi ehtimalı da vardır ki, bu halda iddiaçıya verilən beh məbləğinin qüvvədə olan mülki qanunvericiliyə uyğun olaraq iki qat şəkildə qaytarılması nəticəsində ona xeyli miqdarda zərər dəyə bilər. Sözügedən üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 09630051-1222 nömrəli məktubla «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna istinad edərək imtina vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8, X3, X7 və X9, xx.xx.2023-cü il tarixli qərardadı ilə X13 ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən, işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatdadır, bu halı təsdiq edən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 105 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı və həmin arayışın yazılı sübut kimi iş materiallarına əlavə olunmasına dair vəsatəti məhkəməyə təqdim etdi. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının iş üzrə üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması barədə müraciəti təmin edilməmiş, ona müvafiq tələblə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə verilmiş **********71-05301-093013 reyestr nömrəli çıxarışdan surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 19 saylı mənzil İddiaçı, X5 və X6 ümumi birgə mülkiyyətindədir. - Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 105 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, üçüncü şəxslər – X10, X3, X14 və X11 iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 4 saylı evin 19 №-li mənzilində yaşamırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3, X7 və X9 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 4, mənzil 19-da qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 ünvan 3 ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus, xx.xx.2002-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. - Suraxanı Rayon Polis İdarəsinin məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X8, X3, X7, X9 haqqında Suraxanı RPİ-nin QMB-də heç bir məlumat aşkar olunmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi ev 4, ümumi sahəsi 99.01 kv.m., yaşayış sahəsi 75.81 kv.m. olan 5 otaqlı, 19 saylı mənzil paylı olaraq İddiaçı, X6 və X2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Həmçinin, X8, X3, X7, X4 həmin mənzildən istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Mübahisəli mənzilin iddiaçı ilə birgə mülkiyyətçiləri olan X13 və X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, həmin şəxslər hazırkı iddia tələbi ilə razıdırlar və iddianın təmin olunmasını məhkəmədən xahiş edirlər. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərlərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilin birgə mülkiyyətçisidir. İş üzrə üçüncü şəxslər X8, X3, X7, X1 mənzildə faktiki olaraq yaşamır və onların həmin fərdi yaşayış evinə dair əmlak hüquqlarının müvafiq reyestrdə qeydiyyata alınması barədə məlumat aşkar edilmir. Həmçinin nəzərə alınmalıdır ki, digər üçüncü şəxslər- mülkiyyətçilər X13 və X5 məhkəməyə yazılı ərizə təqdim edərək iddianın təmin edilməsinə etiraz etmirlər. Belə olan halda, X8, X3, X7, X1 mənzilə dair əmlak hüququ olmayan və həmin evdə yaşamayan şəxs olduqlarından iddiaçı onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuşdur. Odur ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməli və iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X8, X3, X7, X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar