Məhkəmə qərarları › İş №2-1(112)-521/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-521/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-521/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199.6 kv.m qeyriyaşayış sahəsinin sökülməsi və yerləşdiyi 566.63 kv.m torpaq sahəsi ilə bağlı ümumilikdə 1.029.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199,6 kv.m qeyri-yaşayış sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2002-ci il tarixdə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunmalıdır ki, 6-cı mikrorayon ərazisində metro tikintisi ilə bağlı qeyri-yaşayış sahəsi Bakı Metropoliteni tərəfindən sökülmüşdür və yerləşdiyi ərazidə metro tikintisi həyata keçirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-124/08 saylı, 30 may 2008-ci il tarixdə iddiaçı Bakı Metropoliteninin İddiaçı, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qarşı “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və obyektin sökülməsinə dair” iddiası üzrə mülki işə baxaraq iddianın təmin edilməsinə, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsində yerləşən 199,6 kv.m qeyriyaşayış sahəsinin İddiaçı məxsus olmasına dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin verdiyi 3 saylı reyestr kitabının 17-ci səhifəsində 001481 sayla, xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmış mülkiyyət hüququ haqqında Şəhadətnamənin ləğv edilməsinə, qeyri-yaşayış sahəsinin sökülməsinə, boşaldılmış torpaq sahəsinin Bakı Metropoliteninin istifadəsinə verilməsinə və İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsində yerləşən 199,6 kv.m qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi və texniki pasportda göstərilən ölçülərə uyğun torpaq sahəsinin Binəqədi rayonunun hüdudları daxilində verilməsi həmin rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəsini almışdır, lakin hazırkı dövrədək icra edilməmişdir. Belə ki, qətnamədə uyğun torpaq sahəsinin verilməsi İcra Hakimiyyətinə həvalə edilməsinə baxmayaraq iddiaçıya torpaq sahəsi ayrılmamışdır. Qətnamə qəbul edildikdən sonra iddiaçı İcra Hakimiyyətinə, digər qurumlara dəfələrlə müraciət edərək torpaq sahəsinin ayrılmasını xahiş etmiş, lakin heç bir tədbir görülməmişdir, qətnamənin icrası hərəkətsiz saxlanılmışdır. Qeyri-yaşayış sahəsi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması üçün sökülmüşdür, lakin xüsusi mülkiyyətində olmuş əmlakın əvəzi və maddi zərər ödənilməmişdir, yalnız torpaq sahəsi ayrılması nəzərdə tutulsa da icra edilməmişdir. O, bir mülkiyyətçi kimi xüsusi əmlakından məhrum edilmişdir, torpaq sahəsi ayrılmadığından obyekt tikib istifadə edə bilməmişdir və vurulmuş maddi zərər ölçüyə gəlməzdir. İddiaçının konstitusion hüquqları kobud şəkildə pozulmuşdur, xüsusi mülkiyyətində olmuş əmlak sökülmüşdür, lakin heç bir kompensasiya ödənilməmişdir, əvəzi olaraq torpaq sahəsi ayrılması nəzərdə tutulsada yerinə yetirilməmişdir, maddi zərər ödənilməmişdir. Qeyd olunmalıdır ki, o əmlakın əvəzi olaraq kompensasiya ödənilməsi barədə ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə verilmiş cavabda bu məsələ ilə bağlı vəsait ayrılmadığından kömək göstərilməsinin mümkün olmadığı göstərilmişdir. Halbuki cavabdeh tərəf kompensasiya ödənilməsi və iddiaçının pozulmuş hüquqlarının bərpası barədə tədbirlər görməli idi. Qeyri-yaşayış sahəsinin bazar dəyəri haqqında "MBA CONSULTİNG” MMC tərəfindən qiymətləndirmə hesabatı hazırlanmışdır və 566.63 kv.m torpaq sahəsinin bazar dəyəri 652000.0 manat, tikilinin bazar dəyəri 377000.0 manat müəyyən edilmişdir. Göründüyü kimi ona ümumilikdə ******* (bir milyon iyirmi doqquz min) manat maddi zərər vurulmuşdur. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-10/2-C-31/2-150/2-t/1/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(001)- 1241/08 saylı qətnaməsinə əsasən Sizə məxsus olmuş Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199,6 m2 qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə torpaq sahəsinin Binəqədi rayonunun hüdudları daxilində verilməsi Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən şəhər rayon icra hakimiyyətlərinin torpaq ayırmaq səlahiyyəti olmaması məhkəmə qərarının icrasını mümkünsüz edir. Bu səbəblərdən məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə iddiaçıya Binəqədi rayonunun hüdudları daxilində qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədləri üçün torpaq sahəsinin ayrılması üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 193 saylı sərəncamına əsasən Bələdiyyələrə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər olunmuşdur. Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Bələdiyyələr tərəfindən müraciətlərə cavab olaraq ehtiyyat fondunda boş torpaq sahəsinin olmadığı bildirilmişdir. Qeyd olunan səbəblərdən məhkəmə qərarının icra olunması mümkün olmamışdır. Hal-hazırda qeyri-yaşayış sahəsinə dair kompensasiya ödənilməsi xahiş edilir. Bu məqsədlə Rayon İcra Hakimiyyətinə vəsait ayrılmadığından köməklik göstərilməsi mümkün deyildir. Cavabdeh xx.xx.2024-cü il tarixli 5-10/2-100/2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsi qaldırılmış iddia tələbindən kənara çıxmaqla xx.xx.2008-ci il tarixli 2(001)-1241/08 saylı qətnamə qəbul etmişdir. İddiaçı Bakı Metropoliteni cavabdeh İddiaçı digər torpaq sahəsi ilə təmin olunması kimi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi irəli sürməmişdir. Məhkəmə faktiki olaraq icrası mümkün olmayan qətnamə qəbul etmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qəbul olunmuş qətnamədən göründüyü kimi belə bir müstəsna hal mövcud olmamışdır. Məhkəmə qətnaməsi qəbul olunduğu dövrdə, yəni 2008-ci ildə yerli icra hakimiyyətlərinin torpaq sahəsinin ayırması səlahiyyətinin olmamasına baxmayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti qeyd olunan məhkəmə qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayət vermədən qətnaməni icra etmək qərarına gəlmiş və İddiaçı mülkiyyətində olmuş və sökülmüş qeyri-yaşayış sahəsinin yenidən tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.2011-ci il tarixli 121 a saylı sərəncam qəbul etmişdir. Qeyd olunan sərəncamı qəbul etməklə Binəqədi Rayon İcra Hakimiyyəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun və torpaq sahələrinin ayrılması ilə bağlı qanunvericiliyin bir sıra tələblərini pozmuşdur. Belə ki, sözügedən Qanunun 4.1-ci bəndinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Bundan əlavə, İddiaçı torpaq sahəsinin ayrılması barədə sərəncam qəbul edilərkən, torpaq sahəsinin dəqiq hansı ünvanda ayrılması qeyd olunmamış, ümumi olaraq torpaq sahəsinin S.Məmmədova küçəsində ayrılması qeyd olunmuş və torpaq ayırma haqqında sərəncamlara əlavə olunmalı olan torpaq cizgisi ümumiyyətlə tərtib olunmamışdır. Məhkəmə qətnaməsi qəbul olunduğu dövrdə qüvvədə olmuş “Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamə”yə əsasən yalnız dövlət torpaqlarının və kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi səlahiyyətləri mövcud olmuşdur. Həmçinin, həmin dövrdə və hal-hazırda qüvvədə olan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, vətəndaşlara hər hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən etibarən bələdiyyələrin səlahiyyətinə aid edilmişdr. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2015-ci ildə İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 121 a saylı sərəncamının icra olunması ilə bağlı müraciətinin araşdırılması üçün Binəqədi Rayon İcra Hakimiyyətinə dəvət olundu və səlahiyyətli nümayyəndəsi X2 (7E-4758 saylı xx.xx.2015-ci il tarixli 28 saylı notariat kontorunun etibarnaməsi), o dövrdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İ.Süleymanovun, Təsərrüfat şöbəsinin müdiri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, memar Ş.Musayevin və Hüquq şöbəsinin müdiri Y.Hüseynovun birgə iştirakı ilə yerində araşdırmada iştirak edərək, Sərəncamda qeyd olunan Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsinə yerində baxış keçirilmişdir. Yerində aparılmış müşahidə zamanı müəyyən olunmuşdur ki, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində əsaslı abadlıq quruculuq işləri aparılmış, 6 zolaqlı prospekt salınmış və hal-hazırda bu küçədə hər-hansı tikinti işlərinin aparılması qeyri mümkündür. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 121a saylı Sərəncamında İddiaçı torpaq sahəsinin hansı ünvanda ayrılmasının qeyd olunmaması, torpaq ayırma haqqında sərəncamlara əlavə olunmalı olan torpaq cizgisinin ümumiyyətlə tərtib olunmaması, S.Məmmədova küçəsində əsaslı abadlıq quruculuq işləri aparılmaqla, 6 zolaqlı prospektin salınması və hal-hazırda bu küçədə tikinti işlərinin aparılmasının qeyri mümkün olması, 2011-ci ildə RİH sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə və ümumiyyətlə torpaq sahəsinin ayrılması barədə Sərəncam vermək səlahiyyətlərinin olmamasını nəzərə alınaraq, xx.xx.2011-ci il tarixli 121 a saylı Sərəncama qismən dəyişiklik edilməsi qərar alınmışdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(001)-1241/08 saylı qətnaməsinin qəbul olunduğu dövrdə mövcud qanunvericiliyin tələblərinə əsasən şəhər rayon icra hakimiyyətlərinin torpaq ayırmaq səlahiyyəti olmaması məhkəmə qərarının icrasını mümkünsüz etmiş və bu səbəbdən də məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə İddiaçı Binəqədi rayonunun hüdudları daxilində qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədləri üçün torpaq sahəsinin ayrılması üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 193 saylı Sərəncamına əsasən Bələdiyyələrə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərin edilməsi qərara alınmış və Bələdiyyələrə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər olunmuşdur. Lakin Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Bələdiyyələr tərəfindən müraciətlərə cavab olaraq ehtiyat fondunda boş torpaq sahəsinin olmadığı bildirilmişdir. Göründüyü kimi Rayon İcra Hakimiyyəti Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinin icrası istiqamətində müvafiq tədbirlər görmüşdür, hərəkətsizlik etməmişdir. Sadəcə məhkəmə qətnaməsinin icra olunması Rayon İcra Hakimiyyəti səlahiyyətləri çərçivəsində olduğundan və Rayon İcra Hakimiyyətinin torpaq ayırma səlahiyyəti olmadığından məhkəmə qətnaməsini icra etmək mümkün olmamışdır. Həmçinin, bildirmək istəyirəm ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən Rayon İcra Hakimiyyətinin üzərinə İddiaçı məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199.6 m2 qeyri-yaşayış sahəsinin yerləşdiyi və texniki pasportda göstərilən ölçülərə uyğun torpaq sahəsinin Binəqədi rayonunun hüdudları daxilində verilməsi qoyulmuşdur. Lakin iddiaçı 199.6 m2 və yerləşdiyi 566,63 m2 torpaq sahəsi ilə kompensasiyanın ödənilməsi barədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ş.Məmmədov küçəsində yerləşən 759.6 m2 qeyri-yaşayış sahəsi “Osmanlı” firmasının adma rəsmiləşdirilmiş və xx.xx.2022-ci il tarixli 001391 nömrəli şəhadətnamə verilmişdir. Bakı şəhəri 26 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ş.Məmmədov küçəsində yerləşən “Osmanlı” firması əmlakın 759,6 kv.m-dən 199,6 kv.m-i (qeyri- yaşayış sahəsinin 25,3 kv.m-dən ibarət “B” tikilisi, 79,4 kv.m-dən ibarət “C” tikilisi və 94,9 kv.m-dən ibarət “D” tikilisi) İddiaçı (təvəllüd - xx.xx.1963) satıb və ona İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixli 001481 nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi 199,6 m2 qeyri - yaşayış sahəsinə dair İddiaçın adma Mülkiyyət hüququ haqqında xx.xx.2002-ci il tarixli 001481 nömrəli şəhadətnamə verilsə də, Texniki Pasport “Osmanlı” firmasının bütün əmlakını özündə əks etməklə “Osmanlı” firmasının adınadır. Göründüyü kimi, iddiaçı kompensasiya məbləğini hesablayarkən tək özünə aid olan hissəni deyil “Osmanlı” firmasına məxsus olmuş torpaq sahəsini də nəzərə almışdır ki, bu da qanunsuz və əsassızdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə Binəqədi rayonunun hüdudları daxilində 199.6 m2 qeyri-yaşayış sahəsinin yerləşdiyi və texniki pasportda göstərilən ölçülərə uyğun torpaq sahəsinin verilməsi qoyulmuşdur. Ən vacib məqamlardan biridə ondan ibarətdir ki, iddiaçıya məxsus olmuş qeyri- yaşayış obyektinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməməsini vətəndaş özüdə öz iddia ərizəsində qeyd edir. İddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülmədiyini aşağıda sadalanan faktlarla əsaslandırır: Birinci fakt. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(001)-1241/08 saylı qətnaməsindən də göründüyü kimi Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 20/943 saylı qərarına əsasən Bakı Metropoliteninə Metropolitenin 3-cü növbəsinin Şimal hissəsi və Elektrik deposunun tikintisi üçün 6-cı mikrorayon, S.Məmmədova küçəsində torpaq sahəsi ayrılmışdır. Vəsait olmaması üzündən göstərilən deponun tikintisi mümkün olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 233 saylı xx.xx.2007-ci il tarixli sərəncamı ilə Bakı Metropoliteninin yenidən qurulmasına vəsait ayrılmış və bununla da Metropolitenin 3-cü növbəsinin Şimal hissəsi və Elektrik deposunun tikintisi üçün 6-cı mikrorayon, S.Məmmədova küçəsində ayrılmış torpaq sahəsində tikinti və yenidənqurma işlərinə başlanır. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 20/943 saylı qərarına əsasən Binəqədi rayonunun şimal hissəsində İİİ növbəli metro stansiyasının yerüstü tikintisinin aparılması qərara alınmışdır. Qərarın 12.3.2-ci bəndində Kirov Rayonu İcraiyyə Komitəsinə tikinti altına düşən sakinlərin siyahısının dəqiqləşdirilməsi tapşırılmışdır. Qərarın 12.3.3-cü bəndində tikinti smetasına tikililərin sökülməsi və ərazinin təmizlənməsi xərclərinin salınması tapşırılmışdır. Qərarın 12.4-cü bəndində Kirov Rayonu İcraiyyə Komitəsinə tikinti altına düşən sakinlərin köçürülməsi tapşırılmışdır. Qərarın 12.4-cü bəndinin Binəqədi Rayon icra Hakimiyyəti tərəfindən icra olunmamasından yəni sakinlərin köçürülmə prosesinin aparılmamadığına görə qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar vətəndaş İddiaçı qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq DƏÖDR verdiyi mülkiyyət hüququ haqqında Şəhadətnamənin ləğv edilməsini, qeyri-yaşayış sahəsinin sökülməsini və torpaq sahəsinin Bakı Metropolitenin istifadə veriməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)1241/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsilə iddia tələbi təmin edilmiş və tərəflər qətnaməni mübahisələndirməmişlər. İkinci fakt. Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2008-ci il tarixdə 16/334 saylı məktubla Azərbaycan Respublikasının Baş Nazirinin müavininə müraciət edərək, 6-cı mikrorayon, S.Məmmədova küçəsindəki “Nəsimi” metro stansiyasının tikintisi ilə əlaqədar iddiaçının və digərlərinin obyektlərinin Bakı Metropoliteni tərəfindən söküldüyünü, obyekt sahiblərinə Binəqədi şosesində və Baksol ərazisində yerlər təklif olunsa da imtina etdiklərini və bununla əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq kompensasiya ayrılması məqsədilə komissiyanın yaradılmasını xahiş etmişdir. Üçüncü fakt. Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2009-cu il tarixdə 12/375 saylı məktubla Bakı Şəhəri lera Hakimiyyətinə müraciət edərək, 6-cı mkr., S.Məmmədova küçəsindəki "Nəsimi" metro stansiyasının tikintisinin başa çatdığının, həmin ərazidə 1616,5 m2 torpaq sahəsinin olduğunu və həmin ərazidə obyektləri sökülmüş şəxslərin obyektlərinin yenidən tikilməsinə razılıq verilməsini xahiş etmişdir. Dördüncü fakt. Binəqədi Rayon icra Hakimiyyəti xx.xx.2009-cu il tarixdə 12/375 saylı məktubla Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edərək 6-cı mkr., S.Məmmədova küçəsindəki "Nəsimi" metro stansiyasının tikintisinin başa çatdığının, həmin ərazidə 1616,5 m2 torpaq sahəsinin olduğunu və həmin ərazidə sökülmüş obyektlərin yerləşdirilməsinin texniki cəhətdən mümkün olduğunu, Bakı Metropoliteni tərəfindən obyektlərin tikilməsinə etiraz etmədiklərini, sökülmüş qeyri-yaşayış obyektlərinin yenidən tikilməsinə etiraz olunmadığını və səlahiyyətlərinə aid olduğu üçün münasibət bildirilməsini xahiş etmişdir. Etirazda iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq qeyriyaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi öhdəliyinin Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb etmişdir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbini əsl cavabdehə irəli sürülmədiyini nəzərə alaraq, iddianın Rayon İcra Hakimiyyətinə qarşı qeyri mümkün sayılması və cavabdehin əsl cavabdehlə əvəz olunması barədə qərar qəbu edilməsi xahiş olunmuşdur. Məhkəmənin 2-1(112)-3544/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə "xxxx" QSC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-521/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən 199.6 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi və yerləşdiyi 388.7 kv.m, 199.6+388.7= cəmi 586.63 kv.m torpaq sahəsi ilə bağlı ümumilikdə 1.462.544 (bir milyon dörd yüz altmış iki min beş yüz qırx dörd) manat məbləğində kompensasiyanın ödənilməsinin, vurulmuş maddi zərərin əvəzi olaraq 576.000 (beş yüz yetmiş altı min) manat pulun və mənəvi zərərin əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində pulun ödənilməsinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh orqan onun müraciətini əsassız hesab edərək müraciətin təmin olunmasından imtina etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir: İş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci tarixli 2(001)-1241/08 nömrəli qətnaməsi ilə iddiaçı Bakı Metropoliteninin cavabehlər İddiaçı, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qarşı “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və obyektin sökülməsinə” dair iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199,6 kv m qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olmasına dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin vediyi 3 saylı reyestr kitabının, 17-ci səhifəsində, 001481 sayla, xx.xx.2002-ci il tarixdə qeydiyyatı aparılmış mülkiyyət hüququ haqqında Şəhadətnamə ləğv edilmiş, göstərilən qeyri-yaşayış sahəsi sökülmüş, boşaldılmış torpaq sahəsi Bakı Metropoliteninin istifadəsinə verilmiş, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199,6 kv m qeyri yaşayış sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi və texniki pasportda göstərilən, ölçülərə uyğun torpaq sahəsinin Binəqədi rayonunun hüdudları daxilində verilməsi həmin rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 121 nömrəli Sərəncamı ilə Metronun “Nəsimi” stansiyasının tikintisi ilə əlaqədar vətəndaş İddiaçı mülkiyyətində olan sökülmüş qeyri-yaşayış sahəsinin yenidən tikintisi üçün ona Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində 199,6 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-C0302-8/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ş.Məmmədov küçəsində yerləşən 759,6 kv.m. qeyri-yaşayış sahəsi “Osmanlı” firmasının adına rəsmiləşdirilmiş və xx.xx.2002-ci il tarixli 001391 nömrəli şəhadətnamə verilmişdir. Bakı şəhəri 26 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş, xx.xx.2002-ci il tarixli, reyestr-4-Ə/02-249 nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ş.Məmmədov küçəsində yerləşən, “Osmanlı” firması əmlakın 759,6 kv.m-dən 199,6 kv.m-ni (qeyriyaşayış sahəsinin 25,3 kv.m-dən ibarət “B” tikilisi, 79,4 kv.m-dən ibarət "C” tikilisi və 94,9 kv.m-dən ibarət “D” tikilisi) İddiaçı (təvəllüd-xx.xx.1963) satıb və ona İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixli 001481 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-10/2-C-31/2-150/2-t/1/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(001)-1241/08 saylı qətnaməsinə əsasən Sizə məxsus olmuş Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199,6 m" qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə torpaq sahəsinin Binəqədi rayonunun hüdudları daxilində verilməsi Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən şəhər rayon icra hakimiyyətlərinin torpaq ayırmaq səlahiyyəti olmaması məhkəmə qərarının icrasını mümkünsüz edir. Bu səbəblərdən məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə Sizə Binəqədi rayonunun hüdudları daxilində qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədləri üçün torpaq sahəsinin ayrılması üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 193 saylı Sərəncamına əsasən Bələdiyyələrə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər olunmuşdur. Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Bələdiyyələr tərəfindən müraciətlərimizə cavab olaraq ehtiyat fondunda boş torpaq sahəsinin olmadığı bildirilmişdir. Qeyd olunan səbəblərdən məhkəmə qərarının icra olunması mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-10495/2024 nömrəli məktuba əlavə edilmiş sənədlərin surəti Azərbaycan Respubliası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ş.Məmmədov küçəsində yerləşən 199,6 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nömrəli 21 fevral 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “Elektron notariat” informasiya sistemində ünvan reyestri üzrə axtarış imkanı olmadığından, o cümlədən “İnformasiya əldə etmək haqqında” Qanunun 21.2.3-cü il maddəsinə əsasən sorğu edilən informasiyasının həcmi iri oduğunan qeyri-müəyyən məlumatlar əsasında sorğunun tam və dəqiq icrası imkan xaricindədir. Daşınmaz əmlaka sərəncam verilməsinə dair müqaviələr barədə məlumatlar “Elektron notariat” informasiya sistemi vasitəsilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə mütəmadi ötürüldüyündən sözügedən məlumatlarında həmin qurumdan əldə edilməsi mümkün ola bilər. "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayin, S.Məmmədova küçəsində yerləşən 199,6 kv.m qeyri-yaşayış sahəsinin orta bazar qiymətləri ilə ümumi dəyəri – 395.000 (üç yüz doxsan beş min) manat və 566,63 kv.m tikintialtı torpaq sahəsinin orta bazar qiymətləri ilə ümumi dəyəri 695.000 manat olmaqla daşınmaz əmlakın orta bazar qiymətləri ilə ümumi dəyəri 1.090.000 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001481 qeydiyyat nömrəli, xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə və 002149 nömrəli xx.xx.2002-ci il tarixli Texniki pasporta əsasən iddiaçının xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi B, C və D tikililərinin istifadəsində 586,63 kv.m torpaq sahəsi olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ş.Məmmədov küçəsində yerləşən daşınmaz əmlak obyektinə (torpaq və qeyri-yaşayış sahələrinə) münasibətdə həmin dövrdə qeyri-yaşayış və torpaq sahələrinə dair orta bazar qiymətinin müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, müvafiq qeyri-yaşayış sahəsi və torpaq sahəsi ilə bağlı yaranmış mübahisənin həlli istiqamətində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199,6 kv.m qeyri-yaşayış sahəsinin və 586,63 kv.m tikintialtı torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/73xx-xx/7044 nömrəli rəyə əsasən aşağıdakılar müəyyən edilmişdir. Həmin torpaq və qeyri-yaşayış sahəsi üzrə (2008-ci il tarixə) internet saytlarında və eləcə də mərkəzdə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadı. Tədqiq olunan ümumi sahəsi 199,6 m2 olan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən qeyri-yaşayış sahəsin yaxın ərazilərdə (paralel küçədə) yerləşən analoji qeyri-yaşayış sahələrinin 1 m2-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 4165,00 manat məbləğində, mövcud orta bazar dəyəri isə təqribən 831.330,00 (199.6 m2 x 4165,00 man) manat müəyyən edilir. Tədqiq olunan ümumi sahəsi 586,63 m2 olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahəsinin 0,01 ha ölçüsünün hazırda mövcud olan orta bazar qiyməti təqribən 107.692 manat, mövcud orta bazar dəyəri isə təqribən 631.214 (586,63 m2 x 1076 manat) müəyyən edilib. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi iki hissədən ibarətdir: Kompensasiyanın ödənilməsi; Maddi və mənəvi zərərin ödənilməsidir. Məhkəmə iddianın birinci tələbi üzrə işin hallarını aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56. ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinə əsasən: Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” Əsasnaməyə əsasən:

2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır.

3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.

4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. Müvafiq qanunvericilik müddəalarından açıq-aşkar görünür ki, kompensasiyanın natura və ya digər formalarda ödənilməsi imkanları qanunvericilikdə birmənalı şəkildə təsbit olunmuşdur. Xüsusilə, dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələrinin alınması ilə bağlı yaranan mübahisələrdə vətəndaşın seçim hüququ qanunvericilikdə öz əksini tapmışdır. Bu hüquqa əsasən, mülkiyyət sahibi kompensasiya və ya köçürülməsinin təmin edilməsini tələb edə bilər. Qeyd edilməlidir ki, “kompensasiya” anlayışı geniş məzmun kəsb edir və bu anlayışa müxtəlif iqtisadi və hüquqi faktorlar daxil olmaqla, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınan elementlər geniş spektri əhatə edir. Hüquqi müstəvidə kompensasiya məbləği ağlabatan və ədalətli olmalıdır. Başqa sözlə, bu məbləğ cavabdeh orqanın və ya dövlət büdcəsinin üzərinə həddindən artıq ağır maliyyə öhdəliyi qoymamalıdır. Bununla yanaşı, kompensasiyanın müəyyən edilməsi zamanı inzibati orqanın birtərəfli mövqeyi əsas götürülməməli, mülkiyyət hüquqlarının müdafiəsi prinsipinə riayət olunmaqla, həm dövlətin, həm də vətəndaşın qanuni maraqları balanslaşdırılmalıdır. Əlavə olaraq, qanunvericilik kompensasiya məbləğinin müəyyən olunması zamanı tətbiq edilən meyarları dəqiq və konkret şəkildə müəyyən etmişdir. Həmin meyarlardan biri də əmlakın bazar dəyərinin nəzərə alınmasıdır. Məhkəmə təhlil edir ki, mülkiyyət hüququndan irəli gələn tələbin təmin edilməsi üçün ilk növbədə iddiaçının kompensasiya almaq hüququnun yaranıb-yaranmamasına hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci tarixli 2(001)-1241/08 nömrəli qətnaməsi ilə iddiaçı Bakı Metropoliteninin cavabehlər İddiaçı, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qarşı “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və obyektin sökülməsinə” dair iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199,6 kv m qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olmasına dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin vediyi 3 saylı reyestr kitabının, 17-ci səhifəsində, 001481 sayla, xx.xx.2002-ci il tarixdə qeydiyyatı aparılmış mülkiyyət hüququ haqqında Şəhadətnamə ləğv edilmiş, göstərilən qeyri-yaşayış sahəsi sökülmüş, boşaldılmış torpaq sahəsi Bakı Metropoliteninin istifadəsinə verilmiş, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən 199,6 kv m qeyri yaşayış sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi və texniki pasportda göstərilən, ölçülərə uyğun torpaq sahəsinin Binəqədi rayonunun hüdudları daxilində verilməsi həmin rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bununla belə, cavabdeh tərəf həmin məhkəmə qətnaməsinin icrası çərçivəsində xx.xx.2011-ci il tarixli, 121 nömrəli sərəncam qəbul etsə də, faktiki olaraq sərəncamın icrasını təmin etməmiş, yəni iddiaçıya yeni torpaq sahəsi ayrılmamışdır. Cavabdehin bununla bağlı arqumenti odur ki, onun tərəfindən sərəncamın qəbul edilməsi sırf məhkəmə qətnaməsinin icrası məqsədini daşımışdır və ehtiyat fondunda boş torpaq sahəsinin olmaması səbəbindən sərəncam icra edilməmişdir. Məhkəmə bu arqumentləri hüquqi baxımdan qənaətbəxş hesab etməmişdir. Belə ki, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, cavabdeh iddiaçıya sökülmüş qeyri-yaşayış sahəsinə ekvivalent torpaq sahəsinin ayrılmasını təmin etmək öhdəliyi götürmüşdür. Bu öhdəliyin icra edilməməsi, habelə uzun illər ərzində yerinə yetirilməmiş qalması hüquqpozuntu kimi qiymətləndirilməlidir. Xüsusilə, 2011-ci ildən bu günədək cavabdehin ehtiyat fondunda torpaq sahəsinin olmaması inandırıcı arqument kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ pozulmuş və ona münasibətdə qanunsuzluğa yol verilmişdir. Bu baxımdan, iddiaçının kompensasiya tələb etmək hüququ birmənalı şəkildə tanınmalıdır. Məhkəmə ekspertizası nəticəsində sökülmüş qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin real bazar dəyəri müxtəlif məbləğlərdə müəyyən edilmişdir. Məhkəmə, hüquqi qiymətləndirmə apararaq, mütəxəssis və ekspert rəylərini təhlil edərək, son ekspert rəyi əsasında kompensasiya məbləğinin müəyyən edilməsi zərurətini qəbul etmişdir. Ekspert rəyinə əsasən, sökülmüş qeyri-yaşayış sahəsinin dəyəri 831.330,00 manat (199.6 m² x 4165,00 manat), torpaq sahəsinin dəyəri isə 631.214,00 manat (586,63 m² x 1076 manat) təşkil etmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçıya ümumilikdə 1.462.544,00 (bir milyon dörd yüz altmış iki min beş yüz qırx dörd) manat kompensasiya məbləği müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mülkiyyət hüququnun pozulması faktı öz təsdiqini tapdığından, bu hüquqpozuntunun aradan qaldırılması məqsədilə iddiaçıya göstərilən məbləğdə kompensasiya ödənilməlidir. Məhkəmə iddianın maddi və mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia tələbin həmin hissədə təmin edilməməlidir. Belə ki, maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Həmin müddəa, eləcə də maddi zərərin iddiaçının göstərdiyi məbləğdə ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun mövcud olmaması baxımından isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən məbləğdə zərərin əvəzinin ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçı maddi zərərin məbləğində kompensasiyanın ödənilməli olmasını AR İPM-nin 14-cü maddəsi baxımından sübutetmə yükü iddiaçının üzərində olsa da sübut edə bilməmişdir. Mənəvi zərərin ödənilməsinə münasibətdə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il Qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin hər hansı hərəkətləri nəticəsində sarsıntı və iztirab keçirdiyi müəyyən olunmadığından, iddia həmin hissədə də rədd olunmalıdır. Məhkəmə prosessual xərclərə münasibətdə qeyd edir ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Odur ki, 100 manat ekpsertizanın keçirilməsinə dair xərcin ödənilməsi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən 199,6 kv.m qeyri-yaşayış sahəsinin sökülməsinə və yerləşdiyi 586,63 kv.m torpaq sahəsinə görə ümumilikdə 1.462.544 (bir milyon dörd yüz altmış iki min beş yüz qırx dörd) manat məbləğdə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində prosessual xərc cavabdehə aid edilsin və ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı - X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, AZ34CTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar