Məhkəmə qərarları › İş №2-1(112)-5212/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5212/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5212/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı Alməmməd oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Alməmməd oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ”maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alməmməd oğlu Cavabdeh yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbcaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaçıya və onun ailəsinə vurduğu maddi və mənəvi ziyana görə onlardan 20.000.000 manat təzminat tələb etməklə bu pulun alınıb iddiaçıya verilməsi və mülkiyyətində olan 4 hissədən ibarət cəmi 24 hektar torpaqlar üzərinə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx xxxx 2020-ci il tarixli məktub ünvanlanaraq iddiaçıya izah olunmuşdur ki, iddia tələbi iki hissədən ibarət olunmaqla,maddi və mənəvi ziyanın ödənilməsi və ona ayrılmış 24 hektar torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı olmuşdur. İddia tələbinin 1-ci hissəsi ilə - ziyanın ödənilməsi ilə bağlı inzibati orqana ilkin müraciət və ya inzibati orqanın müraciətə cavab məktubu (imtina) təqdim edilməlidir. İddia tələbinin 2-ci hissəsi ilə bağlı münasibətdə bildirilmişdir ki, həmin torpaq sahələri Lerik rayon inzibati ərazisində yerləşdiyindən, həmin ərazi üzrə mülkiyyət hüququ və digər əşya hüququnun əmələ gəlməsi,başqasına keçməsi, (məhdudlaşdırılması, yüklənməsi) və onlara xitam qeydiyyatının həyata keçirən xidməti orqan kimi Daşinmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X4 çıxış edir. Məhkəmə İPM-nin 8.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddia tələbi üzrə dəqiqləşmə aparılmasını təklif etmiş və məhkəmə iclasında iddianın mümkünlüyünə baxılacağı bildirilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı Alməmməd oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Alməmməd oğlunun Cavabdehnə qarşı iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 20.000.000 (iyirmi milyon) manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5212/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. İş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Alməmməd oğlu iddianın mümkün hesab edilməsini və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Salayev məhkəməyə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı mübahisənin predmeti olan topraq sahəsi üzərində onun hüququnun qeydiyyata alınmamasının qanunsuz olduğunu bildirir və buna görə ona vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edir. Halbuki, iddiaçı bununla əlaqədar məhkəməyə müraciət etməmiş, onun hüququnun qeydiyyatdan imtinanın qanuni olub-olmamasına məhkəmə qərarı ilə hüquqi qiymət verilməmişdir. İddiaçı yalnız öz mülahizələrinə əsasən torpaq sahələri üzərində onun hüququnun qeydiyyata alınmasının qanunsuz olduğunu hesab edir. İddiaçının hüququnun qeydiyyata alınmamasının qanunsuz olduğu məhkəmə qərarı ilə təsdiq edilmədiyindən, iddiaçının buna görə ona kompensasiya ödənilməsini tələb etməsi əsassızdır. Bundan əlavə, iddiaçının hazırki iddianı Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qaldırılması da əsassızdır. Belə ki, iddianın predmeti olan torpaq sahəsi Lerik rayonunda yerləşir və həmin torpaq sahələri üzərində hüquqlar Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X4 tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. İddia ərizəsində də iddiaçı Xidmətinin 10 saylı X4 tərəfindən onun hüququnun qeydiyyata alınmadığını bildirir. Beləliklə, hazırki iddia Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X3 qarşı qaldırıla bilərdi. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının hüququnun qeydiyyata alınmaması ilə bağlı hər hansı hərəkətsizlik edilməmişdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə Lerik rayonunun Kələxan, Büzeyir və Ambürdərə kəndlərinin ərazilərində yerləşən 4 (dörd) hissədən ibarət sahəsi 24 hektar olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaması nəticəsində ona dəymiş 20.000.000 manat zərəri tələb edir. İlk öncə Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2.”İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir.”16.3.”Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;” iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. ”16.4.”İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5.”Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir.”16.6.”İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını, həmçinin, mülkiyyət hüquqlarının qeydiyyata alınmasının məhz cavabdehin səlahiyyətində olub-olmaması müəyyən edilməlidir.. Bunun üçün Məhkəmə ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə nəzər yetiri. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, xidməti vəzifələri Əsasnamənin 3-cü bəndində göstərilmişdir. (3.0.1-3.0.79) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı” Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırılma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqaməti üzrə xidməti vəzifəsinə aid edilməmişdir. Həmin vəzifələri yerinə yetirən inzibati orqan kimi Cavabdeh yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (müvafiq şöbəsi) çıxış edir. İş materiallarında olan Cavabdeh yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X2 xx xxxx 2019-cu il tarixli, **********38 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən Lerik rayonu Büzeyir və Kəlaxən bələdiyyələrinin müvafiq qərarları ilə iddiaçıya ayrılmış ümumilikdə həmin 24.0 ha torpaq sahələri dağlıq və dağətəyi ərazilərində yerləşməklə əsasən kənd təsərrüfatlı təyinatlı (örüş) torpaqlarına aid ərazidə yerləşir. “Torpaq Məcəlləsi”nin 16.3-cü maddəsinə əsasən alqı-satqı predmeti olmayan kənd təsərrüfatlı təyinatlı (örüş) torpaq sahəsi əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır, ehtiyyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Eyni zamanda sözü gedən torpaq sahələrinə dair tərtib olunmuş kadastr planındaki koordinatlarla faktiki koordinatlar arasında uyğunsuzluğun olduğu məlum olmuşdur. Göründüyü kimi, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbinin yeganə dəlili kimi, Lerik rayonunun Kələxan, Büzeyir və Ambürdərə kəndlərinin ərazilərində yerləşən 4 (dörd) hissədən ibarət sahəsi 24 hektar olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı onun müraciətinə imtina edilməsidir. İddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********38 saylı imtina məktubundan da göründüyü kimi, iddiaçının müraciətinə baxılması, araşdırılması və cavablandırılması Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X2 səlahiyyətindədir. Başqa sözlə desək, iddiaçının maddi və mənəvi ziyanın tələb edilməsinin əsasında duran hal üzrə, yəni mülkiyyət hüququndan imtina edilməsi ilə bağlı hazırki cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hər hansı bir təqsirli hərəkəti olmamış və ən əsası isə o, ümumiyyətlə həmin səlahiyyətə malik olmamışdır. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlik daşıyan orqan olmamış, İddiaçı Alməmməd oğlu ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında hüquqi mübahisə və iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamışdır. Qüvvədə olan qanunvericiliyin və işin hallarını rəhbər tutaraq, Məhkəmə hesab edir ki, İddiaçı Alməmməd oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ”maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə izah edir ki, iddiaçı ilk olaraq sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X3 müraciət etməli, orqan tərəfindən imtina alındığı təqdirdə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli, Məhkəmə tərəfindən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtina qanunsuz hesab edildikdən sonra maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı onun topraq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edən inzibati orqana müraciət etməli, onun müraciətinə imtina verildiyi təqdirdə müvafiq olaraq aidiyyəti inzibati məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 35-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Alməmməd oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ”maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar