Məhkəmə qərarları › İş №2-1(112)-5212/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5212/2024

11.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5212/2024 11.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın məzmunu onunla bağlıdır ki, sərəncam əsasında ona Babək pr 2210 məhəllədə 250 kv.m torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsində ev inşa edilmişdir. Göstərilən sahəyə Turşsu küç ev 23/25 ünvanı verilmişdir. Cavabdeh 2017-ci il tarixdə Turşsu küç, 1022-ci məh, 20/25 ünvanda yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş tikilini, əşyaları ilə birlikdə məhv etmişdir. Cavabdeh bu əmlaka onun minimum dəyəri əlavələr nəzərə alınmazsa belə ******* olmasına baxmayaraq, cəmi 279530 AZN ödəmişdir. Bundan əlavə, ünvan 1 ünvanda yerləşən məhkəmə qərarı əsasında çıxarışım olan daşınmaz əmlakları da əlindən almış, 01 fevral 2021-ci il tarixdə məhkəmə qərarı olmadan qanunsuz söküntü işləri aparmışdır. İddiaçı qeyd edir ki, ödənilmiş 278530 AZN 20/25 nömrəli evin puludur. 23/25 ünvanda yerləşən daşınmaz əmlaklara aidiyyəti mövcud deyildir. İddiaçı qeyd edir ki, 23/25 ünvanda aparılmış söküntü işləri ilə əlaqədar ona zərər vurulmuşdur. Ümumilikdə qiymətləndirdiyi maddi və mənəvi zərər 33500000 AZN təşkil edir. Sonradan iddiaçı iddia tələbinə 11 oktyabr 2024-cü il tarixdə dəqiqləşmə təqdim etmişdir. Dəqiqləşmədən görünür ki, iddiaçı ümumilikdə 34 milyon manat vəsaitinin, 618 kv.m tikiliyə görə 10 milyon manat, 2007-ci ildən psixoloji gərginlik atlında saxlayıb, ailə üzvlərinin və onun əmlakını məhv edib, küçəyə atması, yaşayış yerindən məhrum etməsinə görə 900 000 AZN, qeyri-instani rəftara görə həyat yoldaşının ağır xəstəliyə düçar olması və vəfat etməsinə görə 10 milyon manat, özündə psixoloji travma, sol gözünün görmə qabiliyyətinin itirilməsinə görə 5 milyon manat məbləğin iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur. Eyni zamanda, dəqiqləşmə bir hissədə vəsatət formasında olmuşdur. Məhkəmənin qərardadı ilə dəqiqləşmə pul vəsaitinin iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi ilə əlaqədar icraata qəbul edilmişdir. Digər hissələr isə iddia tələbi ilə əlaqədar olmayan vəsatət formasında iddiaçının məhkəmə iclasında mövqeyi də nəzərə alınmaqla qiymətləndirilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı Ağ Şəhər layihəsi çərçivəsində qəbul edilmiş sərəncam əsasında yaşayış və qeyri-yaşayış sahələrinin ərazidən köçürülməsi zərurəti yaranmış, kompensasiyanın ödənilməklə köçürülmənin aparılması üçün komissiya yaradılmışdır. Buna dair qiymətləndirmə rəyi alınmış və əmlaklar qiymətləndirilmişdir. İddiaçı Komissiyaya dəvət edilmiş, fərdi yaşayış evi 278530 manat pul vəsaitini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində kimi detallı göstərilməsə belə, ümumilikdə maddi və mənəvi zərərin 33500000 AZN hesablanması və ödənilməli olması barədə cavabdehə müraciət də edilmiş, müraciət qəbul edilmiş, lakin müraciət təmin edilməmişdir. Bundan əlavə, iş materiallarında olan ərizələrdən görünür ki, cavabdehə həmin əmlaka dair iddiaçının dəfələrlə müraciətləri olmuş, inzibati icraat qaydasında kompensasiya ilə bağlı mübahisənin həlli həyata keçirilməmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, İş materiallarında olan: Ali Məhkəmənin 21 dekabr 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Bakı ş, Xətai r, Turşsu küç, 23 V ünvanda yerləşən yaşayış sahəsinin tam bərpa edilməsi barədə müraciət etmiş, eləcə də müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət etmiş, torpaq sahəsində qazı tikinti və başqa hər hansı işlərin aparılmasının qadağan edilməsini xahiş etmişdir. Ərizənin rədd edilməsinə dair qərardaddan verilmiş kassasiya şikayətinin dəlillərində iddiaçı 278530 manat ödənişin edilməsi üzrə razılaşma aktının onun tərəfindən imzalanmamasına, torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına , qazıntı və tikinti işlərinin aparılacağı təqdirdə evin bərpa edilməsinin mümkün olmayacağına istinad etmişdir. Məhkəmənin qərarında qeyd edilmişdir ki, ev 23V ünvanda yerləşən iddiaçının mülkiyyətində olan 618 kv.m ev və 250 kv.m torpaq sahəsinin bazar dəyəri 277,530 manat iddiaçıya təklif edilmiş, kompensasiya məbləği ilə razılaşılmış, iddiaçı həmin məbləği bank vasitəsi ilə qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarından görünür ki, 23 V saylı evin bərpasına dair iddia üzrə məhkəmə hesab etmişdir ki, həmin daşınmaz əmlaka dair 278530 AZN məbləğ müəyyən edilmiş, iddiaçıya təklif edilmiş, iddiaçı məbləğlə razılaşaraq bank vasitəsi ilə həmin məbləği qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin19 aprel 2023-cü il tarixli qərarı ilə evin bərpa edilməsinə dair iddianın rədd edilməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qərarda qeyd edilmişdir ki, evin bərpası mümkün deyildir, söküntüyə görə kompensasiya məbləği ilə razılaşılmadığı halda buna dair məhkəməyə müraciət hüququna iddiaçı malikdir. Ali Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı ev 23 V ünvanda yerləşən əmlakın bazar dəyərinin 278530 AZN yox, faktiki olaraq daha yuxarı olmasına istinad etmiş, razılaşma aktının onun iştirakı olmadan bağlanılmasına istinad etmişdir. Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsində kompensasiyanın ödənilməsi formasında dəqiqləşmə aparılması təklif edilmiş, lakin təklif iddiaçı tərəfindən qəbul edilməmiş, evin bərpası xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarından görünür ki, ödənilmiş kompensasiyanı hüquqi cəhətdən əsaslandıran sənədlərin verilməsi barədə iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməmişdir. 29 yanvar 2021-ci il tarixli razılaşma aktında qeyd edilmişdir ki, ev 23 V ünvanda yerləşən fərdi yaşayış sahəsi və torpaq sahəsinə görə məbləğ 278530 manat məbləğindədir. Razılaşma aktında iddiaçının imzası müəyyən edilməmişdir. "xxxx" MMC-nin iddiaçıya ünvanladığı 29 noyabr 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Turşsu küç 23/25 ünvanda yerləşən əmlakın dəyəri 278530 AZN təşkil edir və həmin məbləğ ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 sentyabr 2023-cü il tarixli məktubundan, eləcə də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Turşu küç 23 V, saylı 312.9 kv.m ölçüdə ev və 0,025 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Kassa məxaric orderindən görünür ki, iddiaçı 278530 AZN məbləğində pul vəsaitini almışdır. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərardadından görünür ki, mülkiyyət hüququna dair qeyd üzrə fərdi yaşayış evinin ölçüsünün 312,9 kv.m əvəzinə 618 kv.m kimi yazılması barədə müraciət edilmiş, iddia qeyri mümkün sayılmışdır. Məhkəmə qərarında iş materiallarında olan sənədlərə, eləcə də Ali Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli qərarına da istinad edərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi köçürülmə ərazisinə düşmüş, əmlak qiymətləndirilmiş, dəyəri müəyyən edilməklə bank hesabına köçürülmüş, ev də sökülmüşdür. İddiaçı hazırkı iddia ilə yox, əmlak və torpaq sahəsinə əlavə kompensasiyanın ödənilməsi ilə bağlı müraciət edə bilər. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, bununla bağlı inzibati icraat haqqında qanunvericilikdə müvafiq norma mövcuddur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı növ iddialar üzrə ödənişin ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan ödənişin edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin faktiki hallarından da göründüyü kimi, hazırkı inzibati mübahisə iddiaçının mülkiyyətində olmuş ünvan 3 ünvanda yerləşən çıxarışda 312.9 kv.m kimi, iddiaçı tərəfindən isə 618 kv.m kimi göstərilən fərdi yaşayış evinin, eləcə də onun yerləşdiyi 0,025 ha torpaq sahəsinin Ağ Şəhər layihəsi çərçivəsində dövlət ehtiyacı baxımından iddiaçının faktiki istifadəsindən alınması ilə əlaqədar kompensasiya ödənişinin həyata keçirilməsi ilə əlaqədardır. İddiaçı hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həmin əmlakla bağlı maddi və mənəvi zərər vurulmuş, buna dair ödəniş həyata keçirilməmişdir. Cavabdeh isə həmin əmlakla bağlı razılaşma aktına istinadən 278530 manat məbləğdə pulun ödənilməsinə istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir. Məhkəmə, ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edildiyi kimi maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Həmin müddəa, eləcə də maddi zərərin iddiaçının göstərdiyi məbləğdə ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun mövcud olmaması baxımından isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən məbləğdə zərərin əvəzinin ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçı iddia tələbi və ona edilmiş dəqiqləşmə də nəzərə alınmaqla göstərmiş olduğu maddi zərərin məbləğində kompensasiyanın ödənilməli olmasını AR İPM-nin 14-cü maddəsi baxımından sübutetmə yükü iddiaçının üzərində olsa da sübut edə bilməmişdir. Buna dair, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən razılaşma aktı şəxsən imzalanmasa belə, həmin razılaşma aktında göstərilən və Turşsu küç, ev 23 V ünvanda yerləşən əmlakla dair 278530 manat məbləğ iddiaçı tərəfindən bank vasitəsi ilə qəbul edilmişdir ki, məhkəmə hesab edir ki, həmin məbləğdən əlavə hər hansı ödənişin edilməsi zərurəti mövcud olmamış, cavabdeh həmin məbləğin iddiaçı tərəfindən qəbuluna istinadən iddianın təmini istisna edən konkret şərtin mövcudluğunu sübut edə bilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hazırkı iddiada 278530 manat ödənişin ev 23 V ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə aid olmaması 20\25 ünvanda yerləşən digər əmlaka aid olmasına iddia ərizəsində istinad etsə də, məhkəmə həmin dəlili əsaslı hesab etməyərək qeyd edir ki, müxtəlif məhkəmə instansiyalarında kompensasiyanın ödənişi ilə bağlı olmasa da, məhz ev 23 V ünvanda yerləşən əmlakla bağlı cavabdeh arasında yaranmış mübahisələr üzrə məhkəmə qərar və qərardadlarında həmin məbləğin məhz 23 V ünvanda yerləşən əmlakla bağlılığı öz təsdiqini tapmış, iddiaçı isə həmin qərarlar və işin digər faktiki hallarını əsas qəbul etməyərək, kompensasiyanın digər əmlakla bağlı olması kimi hər hansı sübutla təsdiq edilməyən hala istinad etmişdir. Halbuki, iddiaçı imzalamasa belə kompensasiyanın məbləği müəyyən edilmiş razılaşma aktında digər sənədlərdə, məhkəmə qərarlarında kompensasiyanın təyinatının məhz ev 23 V ünvanda yerləşən vahid daşınmaz əmlakla bağlılığı aydın olmuş, illərlə davam edən inzibati və inzibati məhkəmə icraatında həmin hal mübahisələndirilməmiş, hazırkı iş üzrə isə kompensasiyanın həmin əmlakla bağlı olmaması, ev 23 V ünvanda yerləşən əmlakla əlaqədar ayrıca kompensasiyanın ödənilməsi dəlilinə istinad edilmişdir. Məhkəmə həmin dəlilləri əsaslı hesab etməyərək qeyd edir ki, əmlakın dəyəri məhz ev 23 V ünvanda yerləşən tikili və torpaq sahəsi ilə bağlı iddiaçıya ödənilmiş, iddiaçı tərəfindən həmin məbləğ razılaşma aktında imza olmasa belə, faktiki olaraq qəbul etmişdir ki, iddiaçının həmin məbləği qəbul etməsi zamanı şəxsi düşüncəsinin həmin məbləğin məhz digər 20/25 ünvanda yerləşən tikili ilə əlaqəliliyi hazırkı iddianın təmini əsası qismində çıxış etməmişdir. Bundan əlavə, iddiaçı, ümumiyyətlə tikilinin 618 kv.m olmasına istinad etsə də, həmin halı da təsdiq edən sübut təqdim edə bilməmişdir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusu ilə əlaqədardır ki, həmin hüquq pozuntusunun mövcudluğu da sübut edilməmişdir. Odur ki, iddia göstərilən hissədə də əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar