Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5213/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, polis orqanlarında xidmət illərini nəzərə alaraq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1989-cu ildən xx.xx.1997-ci ilədək Bakı Metropolitenində polis serjantı, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək DİN-in Yanğından mühafizə orqanlarında xidmət etmişdir. Peşə xəstəliyi ilə əlaqədar ikinci qrup əlilliklə işdən azad edilmişdir. Daxili işlər orqanlarında iş stajı 17 il 2 aydır. Hazırda heç bir yerdə işləmir, əlillik pensiyası da kəsilmişdir. 17 il 2 ay əmək stajı ilə 60 yaşından pensiyaya çıxmaq hüququ vardır. Bununla əlaqədar cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı xx.xx.2006-cı ildə DİN-in BDYTİ-nin Səbail rayon X1 İdarəsinin sürücüsü vəzifəsində xidmət edərkən «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə) xidmətdən xaric olunmuşdur. İddiaçının daxili işlər orqanlarında xidmətdən tərxis olunduğu xx.xx.2006-cı il tarixinə xidmət müddəti təqvim hesablama ilə 11 il 3 ay 9 gün, imtiyazlı hesablama ilə 17 il 2 ay 24 gün təşkil edir. Xidmət müddəti 20 ildən az olduğu üçün iddiaçıya xidmət illərinə görə pensiya təyin edilməsi mümkün deyildir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in X4 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİNin Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdada qeyd edilir: DİN-in X4 İdarəsinə ünvanlanmış müraciətinizə DİN-in Maliyyə-Plan İdarəsində baxılmışdır. Bildiririk ki, DİO-da xidmətdən tərxis olunduğunuz xx.xx.2006-cı il tarixinə xidmət müddətiniz təqvim hesablama ilə 11 il 3 ay 9 gün, imtiyazlı hesablama ilə 17 il 2 ay 24 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya almaq hüququna malikdirlər. Xidmət müddətinizin 20 ildən az olduğu baxımından Sizə xidmət illərinə görə pensiya təyin edilməsi mümkün deyildir. Məlumat üçün bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası almaq hüququ vardır. Siz 65 yaşınıza çatdıqda Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sizə yaşa görə əmək pensiyası təyin ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı işi ilə əlaqədar Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubunuza baxılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2006-cı ildə DİN-in BDYTİ-nin Səbail rayon X1 İdarəsinin sürücüsü vəzifəsində xidmət edərkən «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə) xidmətdən xaric olunmuşdur. xx.xx.2006-cı il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş İddiaçı sonuncu xidmət yeri DİN-in BDYTİ-nin Bakı şəhəri Səbail rayon X1 İdarəsinin sürücüsü vəzifəsi olduğundan onun şəxsi işi nomenklatura aidiyyəti üzrə həmin idarədə saxlanılırdı. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 1182 nömrəli Sərəncamı və xx.xx.2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə DİN-in Baş X1 İdarəsi tabeliyində olan bütün hissələri ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin tərkibinə verildiyindən bütün sənədlər, o cümlədən həmin idarədə və onun hissələrində saxlanılan arxiv şəxsi işlər Fövqəladə Hallar Nazirliyinin sərəncamına keçmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı arxiv şəxsi işi DİN-in arxivinə təhvil verilmədiyindən xidmətdən ehtiyata buraxılmasına dair əmrin və inzibati icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi imkan xaricindədir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. 145-ci maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı daxili işlər orqanlarında xidmət etmişdir, xidmətdən tərxis olunduğu xx.xx.2006-cı il tarixinə xidmət müddəti təqvim hesablama ilə 11 il 3 ay 9 gün, imtiyazlı hesablama ilə 17 il 2 ay 24 gün təşkil edir. İddiaçı xx.xx.2006-cı ildə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə) xidmətdən xaric olunmuşdur. Hazırda iddiaçı ona xidmət illərinə görə pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi, iddiaçı xidmətdən tərxis olunanadək onun xidmət illəri 20 təqvim ili təşkil etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən isə görünür ki, xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5213/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5213/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver