Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5213/2023 25.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X10) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1999-cu il təvəllüdlü X6 İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104,47 kv.m olan mənzilə olan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 104,47 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2248 nömrəli reyestr kitabının 209124 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bununla belə , yaşaayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, hal-hazırda mənzildə xx.xx.1999-cu il təvəllüdlü X10 pasport qeydiyyatındadır. Binəqədi Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli qətnaməsi ilə Aqil Hacıyevin ailə üzvləri - X4, X8 və X1 mənzildən istifadə hüququna xitam verilmiş, Aqil Hacıyev isə həmin tarixdə yetkinlik yaşına çatmadığından mübahisə predmetindən kənar qalmışdır. Aqil Hacıyevin və ailə üzvlərinin qeyd olunan mənzilə istifadə hüquqlarının olmaması həm məhkəmə qətnaməsi ilə, həm də onların hazırki yaşayış yerlərinin Azərbaycan Respublikası hüdudlarından kənarda - İsveçrə Konfederasiyasında olması ilə öz təsdiqini tapır. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, faktiki olaraq X3 mənzildə yaşamır və həmin mənzildən istifadə hüququ yoxdur, sadəcə həmin ünvanda formal qeydiyyatdadır. İddiaçı tərəfindən X6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasına dair ərizə ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, 059-51648İ-3222 nömrəli cavab məktubunda qeyd etmişdir ki, X6 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. İddiaçı cavabdehin bu əsasla müraciətdən imtina etməsini tamamilə qanunsuz hesab etmişdir. İddiaçı qeyd edir ki, X3 mənzildə yaşamır və həmin mənzildən istifadə hüququ yoxdur. . Belə olan halda, “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi’' məsələsindən söhbət belə gedə bilməz. Yekun olaraq iddiaçı hesab edir ki, X2 mənzilə münasibətdə əmlak hüquqları mövcud olmadığından sonuncunun İddiaçı tələbi əsasında cavabdeh tərəfindən qeydiyyatdan çıxarılması təmin edilməli olmasına baxmayaraq cavabdeh tərəfindən öhdəlik yerinə yetirilməmişdir.
3. Üçüncü şəxs məhkəmə iclasında iştirak etmir.
4. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izaha verməklə iddianın təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirmədən, eyni zamanda İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəməyə ünvanlanan ərizədə işə iddia tərəfinin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
8. Cavabdeh Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya verilmiş cavabdeh xx.xx.2022-ci il tarixli, 059-51648İ-3222 nömrəli imtina məktubunda bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək məqsədə müvafiq hesab edilir.
9. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.
11. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X10 ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 104,47 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2248 nömrəli reyestr kitabının 209124 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır
13. DİN tərəfindən verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən xx.xx.1953-cü il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü X10 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
14. ünvan 6 ünvanında İddiaçı xüsusi mülkiyyətindədir.
15. Binəqədi rayon məhkəməsinin 2(001)-2890/2015 nömrəli iş üzrə qətnaməsinə əsasən X7, X11 və X5 ünvan 6 ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilmişdir.
16. Odur ki, üçüncü şəxs keçmiş mülkiyyətçinin ailə üzvüdür.
17. 106 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən X10 ünvan 6 ünvanında qeydiyyatdadır, lakin yaşamır.
18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, X6 ünvan 5 ünvanı üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.
IV. Məhkəmənin mövqeyi
19. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə yaxın qohumluq əlaqəsi yoxdur (ailə üzvləri deyillər), istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
22. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
23. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
24. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
25. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və X9 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X6 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva