Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5214/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 29 iyun 2010-cu il tarixdən prokurorluq orqanlarında qulluğa görə xəstəliyi ilə bağlı pensiya alır. Onun əvvəlki iddia tələbinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və məhkəmənin 2-1(82)-2861/2105 saylı 24 avqust 2015-ci il tarixli qərarı ilə əmək haqqı üzrə ildə 1 dəfə ikiqat mislində müalicə pulu kompensasiyasının ona birdəfəlik ödənilməsinin icrası ilə bağlı əmək pensiyası cavabdeh tərəfindən yenidən hesablanarkən, prokurorluqda qulluğa görə iş stajı əsaslı olaraq, 17 il 13 gün, yəni güzəştli iş stajı kimi 15 ildən yuxarı 45%-lə hesablanmış və kompensasiya birdəfəlik ödənilmişdir. Belə ki, o, 30 sentyabr 1992-ci il tarixdən 2 iyul 2007-ci il tarixədək prokurorluqda işlədiyi adi təqvim ili üzrə iş stajı 14 il 9 ay 2 gün təşkil etmiş, onun 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək olan 2 il 3 ay 11 gün müddəti isə, döyüş şəraitində olan qərb sərhəd rayonlarının xidməti əraziləri kimi daxil olduğu Gəncə qarnizonu hərbi prokurorluğunda hərbçi olaraq baş müstəntiq işlədiyindən, döyüş şəraitində olan bölgələrə daim ezam olunduğundan, müharibə veteranı olduğundan, AR Müdafiə Nazirinin 0105 saylı 17 aprel 1993-cü il tarixli əmri ilə baş leytenant rütməsi verilməklə həqiqi hərbi xidmətə çağırıldığından və AR Hərbi Prokurorunun sərəncamına verildiyindən həmin dövr AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarına və AR Müdafiə Nazirinin 2 iyun 1992-ci il tarixli 191 saylı əmrinə əsasən iş stajı 2 qat hesablanmış və uyğun ödənişlər edilmişdir. Onun əmək pensiyasının yenidən hesablanması və istifadə edilmiş məzuniyyətlərə görə ildə 1 dəfə əmək haqqının iki mislində kompensasiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3398/2019 saylı iş üzrə 8 oktyabr 2019-cu il tarixli qərarı və AR Ali Məhkəməsinin 2-1(102)-836/2020 saylı iş üzrə 9 iyun 2020-ci il tarixli qərarı ilə təmin edilmiş və cavabdehin üzərinə həmin öhdəlik qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3398/2019 saylı iş üzrə 4 avqust 2020-ci il tarixli məktubu ilə qərar icrası üçün cavabdehə göndərilərək, 20 avqust 2020-ci il tarixədək məhkəməyə və ona icranın nəticəsi barədə məlumat verilməsi tələb edilsə də, artıq 9 aydır ki, cavabdeh qərann icrassını əsassız olaraq, müxtəlif bəhanələrlə yubatmış və faktiki olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına maneçilik törətməklə, onun hüquqlarını pozmaqda davam etməkdədir. Bununla bağlı, iddiaçı dəfələrlə ərizə və teleqramla cavabdehə müraciətlər edərək, həm öz müalicəsi ilə, həm də ailə üzvünün cərrahi əməliyyatı ilə bağlı pula ehtiyacı olduğunu, onun səhv də olsa hesabladığı az məbləği 3 ilə bölünməyinin də əsassız olmaqla, faktiki məhkəmə qərarının icrasına maneçilik törətməsini, indiki hesablanan məbləğlə əvvəlki hesablama arasında təxminən 8 dəfə fərq olduğunu diqqətinə çatdırsa da, nəticə olmamışdır. Belə ki, iddiaçı 8 sentyabr 2020-ci il tarixdə cavabdehə müraciət edərək, qərarın icrası barədə məlunat verilməsini bildirsə də, cavabdeh 3 ay sonra cavab vermişdir ki, guya onun əmək pensiyası 1.853,30 manatdan 1.921,89 manata çatdırılmış, hesablanmış 2.304,60 manat məbləğinin 64,01 manatı sentyabr ödənişinə daxil edilmiş, qalan 2.240,59 manat hissəsi isə 36 aya bölünməklə ona ödəniləcəkdir. Buna görə də iddiaçı 1 oktyabr 2020-ci il tarixdə cavabdehə təkrar müraciət edərək, onun əvvəlki hesablamadan təxminən 8 dəfə az hesabladığı məbləği məhkəmə qərarında kompensasiyanın birdəfəlik ödənilməsi tələbinə zidd olaraq, 36 aya bölməsinin məhkəmə qərarını icra etməmə və onun icrasına maneçilik törətmə olmasını bildirdikdən 4 ay sonra ona ödənilmişdir. Bundan başqa, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hələ 24 avqust 2015-ci il tarixli qərarı ilə cavabdehin apardığı hesablama ilə ona birdəfəlik ödənilən məbləğlə indiki hesablama arasındakı təxminən 8 dəfə az məbləğə dair hesablamanın əsaslarını tələb etmişdir. Cavabın 2 ay gecikməsinə görə teleqram vurmuş, lakin cavabdehin 9 dekabr 2020-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, cavabdeh onun güzəştli qulluğa görə 2 il 3 ay 11 gün stajını ikiqat deyil, birqat hesablamış və hüquqlarının pozulmasına və məhkəmə qərarının icrasına mane olmağa yönəlmişdir. Bununla kifayətlənməyən cavabdeh orqan Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3398/2019 saylı iş üzrə 4 avqust 2020-ci il tarixli məktubu ilə məlum qərarın icrasını təmin etmək və 20 avqust 2020-ci il tarixədək məhkəməyə və ona icraanın nəticəsi barədə məlumat verilməsi tələb etmiş olsa da, cavabdeh faktiki məhkəmə qərarının icrasına maneçilik törədərək, 10 noyabr 2020-ci il tarixli məktubla (poçt xidmətinin müvafiq qeydi məktubda 15 dekabr 2020-ci il tarixdə aparılmışdır) guya qərarı tam icra etmiş və icranın başa çatdırmasını göstərmişdir. Odur ki, iddiaçı 14 yanvar 2021-ci il tarixdə cavabdehə təkrar müraciət edərək, Gəncə qarnizonu hərbi prokurorluğunda işlədiyi 2 il 3 ay 11 gün müddətinin AR NK-nin 22 noyabr 1992-ci il tarixli 631 saylı qərarına və AR Müdafiə Nazirliyinin 21 sentyabr 1992-ci il tarixli əmrinə əsasən, 1 ay hərbi xidmət müddətinin 2 ay hərbi xidmət müddəti kimi qəbul edilməsini, qulluq illərinə görə əlavənin ikiqat hesablanmasını və həmin hesabatla ona əmək haqqının 2 qat ödənilməsini, dəfələrlə döyüş bölgələrində ezamiyyətdə olduğuna görə də Qarabağ Müharibəsi veteranı olmağını bildirməklə, AR Hərbi Prokurorluğunun 6 oktyabr 2009-cu il tarixli HP-10/301 saylı təsdiqedici məktubunu da əlavə edərək xahiş etmişdir ki, onun iş stajının məlum əvvəlki 24 avqust 2015-ci il tarixli məhkəmə qərarının icrası ilə bağlı olduğu kimi 17 il 3 ay 13 gün, yəni cavabdehin özünün 25 avqust 2015-ci il tarixdən olduğu kimi də 15 ildən yuxarı hesablamaqla qulluq illərinə görə əlavənin 45%-lə hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh əsassız bəhanə ilə yenə də 2 ay sonra 5 mart 2021-ci il tarixli **********0 saylı cavab məktubu ilə məsələnin həllindən imtina etmiş və cavabını belə əsaslandırmışdır ki, onun təqdim etdiyi AR Hərbi Prokurorluğunun 6 oktyabr 2009-cu il tarixli HP-10/301 saylı məktubunda qeyd olunub ki, işlədiyi müddətdə Gəncə qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatlarında iştirak etməmiş və döyüş şəraitində yerləşən hərbi qurumlara aid edilməmişdir, buna görə 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək Gəncə qarnizonu hərbi prokurorluğundakı qulluq stajının ikiqat ölçüdə hesablanması guya qanunvericilik baxımından mümkün hesab edilmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası tam əsassız və qərəzli olmaqla, məhkəmə qərarının icrasına maneçilik törətmək məqsədi daşıyır. Belə ki, cavabdehə təqdim edilən və dəlilləri təsdiq edən AR Hərbi Prokurorluğunun 6 oktyabr 2009-cu il tarixli HP-10/301 saylı təstiqedici məktubunda izah edilmişdir ki, AR Nazirlər Kakbinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına və AR Müdafiə Nazirliyinin 2 iyun 1992-ci il tarixli 191 saylı əmrinə əsasən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyin qorunması ilə bağlı hərbi əməliyyatlar dövründə Silahlı Qüvvələrdə xidmət müddətin 1 ayı 2 ay sayılmaqla, bu dövrdə döyüş əməliyyatlarında iştirak dövrləri isə xidmətin 1 ayı 3 ay sayılmaqla hesablanır, Gəncə qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatlarında iştirak etməmiş və döyüşən hərbi qurumlara aid edilməmişdir, odur ki, İddiaçı 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək olan dövr ərzində Gəncə qarnizonu hərbi prokurorluğunda işlədiyi dövr pensiya təminatı zamanı güzəştlə 1 aylıq hərbi xidmət müddəti 2 ay hərbi xidmət müddəti kimi hesablanmalıdır. Lakin, cavabdeh məhz ona təqdim edilən AR Hərbi Prokurorluğunun məlum məktubunda Gəncə qarnizonu hərbi prokurorluğunun döyüş əməliyyatlarında iştirak etmədiyini göstərməsini əlində uydurma əsas tutataq, faktiki Hərbi Prokurorluğun onun Gəncə qarnizonu hərbi prokurorluğunda xidmət etdiyi 2 il 3 ay 11 gün müddətinin pensiya təminatı zamanı güzəştlə bir aylıq hərbi xidmət müddətinin iki ay hərbi xidmət kimi hesablanmalı olduğunu mübahisələndirməmiş və qəsdən nəzərə almamışdır. Əmrlərin surətindən də göründüyü kimi o (iddiaçı), 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək Gəncə qarnizonu hərbi prokurorluğunda stajçı müstəntiq və baş müstəntiq vəzifələrində xidmət etmişdir. Bundan başqa, AR-nın Müdafiə Nazirinin 0105 saylı 17 aprel 1993-cü il tarixli əmrindən də görünür ki, o, ehtiyatda olan leytenant kimi hərbi xidmətə çağırılmış və həmin tarixdən ona baş leytenant rütbəsi verilməklə, AR Hərbi Prokurorluğunun sərəncamına verilmişdir. Bundan başqa, Gəncə qarnizonu hərbi prokurorunun 10 aprel 1993-cü il tarixli əmrindən də görünür ki, Gəncə qarnizonu hərbi prokurorluğunun müstəntiqi kimi o, Gədəbəy rayonu döyüş zonasından qayıtmış hesab edilmişdir. Bundan başqa, Qarabağ müharibəsi veteranı vəsiqəsinin surətindən də görünür ki, o, müharibə veteranıdır, vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Bundan əlavə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2861/2105 saylı iş üzrə 24 avqust 2015-ci il tarixli qərarının icrası ilə bağlı cavabdehin tərtib etdiyi 25 avqust 2015-ci il tarixli hesablama cədvəlindən də görünür ki, əmək haqqı üzrə ildə 1 dəfə ikiqat mislində müalicə pulu kompensasiyasının ona birdəfəlik ödənilməsi zamanı iş stajı əsaslı olaraq güzəştlə 17 il 3 ay 11 gün, yəni 15 ildən yuxarı kimi qəbul edilmiş və qulluq illərinə əlavələr 45%-lə hesablanmış və kompensasiya ona ödənilmiş və hal-hazırda da həmin hesablama əsasında ödənilməkdə davam etməkdədir. Həmçinin, AR Baş Prokurorunun 28 yanvar 1993-cü il tarixli 40 saylı əmri ilə də müharibə gedən zonalarda iqtisadi vəziyyətin gərginliyi nəzərə alınaraq, rayon prokurorluqlarının əməkdaşlarına da ikiqat əmsal tətbiq edilmiş və vəzifə maaşı, xidmət illərinə və rütbəyə görə ikiqat əlavə əmək haqqı ödənilmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanunun 12, 15ci maddələrinə əsaslanaraq, İPM-in 2, 4, 14, 16, 23, 58, 62, 68, 69, 73, 75, 78, 79, 81 və 85-ci maddələrini nəzərə alaraq, məhkəmədən qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3398/2019 saylı iş üzrə 8 oktyabr 2019-cu il tarixli qərarının icrasını əsaslı təmin etmək üçün həmin məhkəmənin əvvəlki digər qanuni qüvvəyə minmiş 2-1(82)-2861/2105 saylı iş üzrə 24 avqust 2015-ci İİ tarixli qərarı əsasında aparılmış əsaslı hesablamaya uyğun olaraq, ona təyin olunmuş əmək pensiyasının 17 il 3 ay 11 gün, yəni 15 ildən yuxarı prokurorluqda qulluq ilinə görə yenidən hesablanması və kompensasiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 26 iyul 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassız hesab edilir və qanuna zidd olduğundan rədd edilməlidir. Belə ki, AR Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndində zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlər müəyyən olunmuşdur. Göründüyü kimi, həmin bənddə xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasının şamil edildiyi orqanların sırasında prokurorluq orqanları qeyd edilməmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) sığorta stajına ikiqat ölçüdə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 6 oktyabr 2009-cu il tarixli HP-10/301 nömrəli arayışında 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək işlədiyi Gəncə qarnizonu hərbi prokurorluğunun döyüş əməliyyatlarında iştirak etmədiyi və döyüş şəraitində yerləşən hərbi qurumlara aid olmadığı qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçının ərizəsində qeyd etdiyi 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək olan dövr üzrə qulluq stajının ikiqat ölçüdə hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsaslanaraq, iddianın rədd edilməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (dəqiqləşdirilərək) «əmək pensiyasının prokurorluqda xidmət müddətinin güzəştli şərtlə 17 il 3 ay 11 gün olması nəzərə alınmaqla xidmət ilinə görə 45% əlavə ilə hesablanması və 2010-cu hal-hazıradək yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.8-ci maddəsinin Azərbaycan Respublikasının 20 oktyabr 2009cu il tarixli 895-İİİQD nömrəli Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada tələblərinə əsasən bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: - (20.8.1) prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; - (20.8.2) prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə – prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; - (20.8.3) prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə – prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 2.4-cü maddəsinə görə hərbi prokurorluq orqanları işçilərinin qulluq keçmə qaydaları və şərtləri «Prokurorluq haqqında», «Hərbi vəzifə və hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunları, bu Qanun və «Azərbaycan Respublikası Silahlı X1» ilə tənzimlənir. Həmin Qanunun 20.14-cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 20.15-ci maddəsinə görə hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. AR Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabt 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: - Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə AR Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət, AR Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi xidmətə təyin olunma günündən, AR Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit heyəti, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifələrində xidmət – vəzifəyə təyin olunma günündən, daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən, gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən, miqrasiya orqanlarının kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən, həqiqi hərbi xidmətdə daxili işlər, fövqəladə hallar və ədliyyə kadrları tərkibində qalmaqla mülki nazirliklərdə, baş idarələrdə, müəssisə və təşkilatlarda işləmək dövrü, AR Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən, AR qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik hərbi qulluqçuların, daxili işlər, ədliyyə, gömrük və fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərin həbsdə olduğu, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə, silahlı qüvvələrin ehtiyatda olan yüksək ixtisaslı pensiyaçı zabit kadrlarının AR Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidməti orqanlarında, habelə AR Hərbi Prokurorluğunda xidməti. Bu müddət qurtarandan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır. Qərarın 2-ci bəndinin əvvəlki (NK-nın 24 may 1997-ci il tarixli qərarı ilə dəyişiklik edilənədək) redaksiyada tələblərinə görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: - a) xidmətin bir ayı üç ay sayılmaqla – Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri (NK-nın 1 iyul 2005-ci il tarixli qərarı ilə dəyişiklik edilənədək); - b) xidmətin bir ayı iki ay sayılmaqla – Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti (NK-nın 1 iyul 2005-ci il tarixli qərarı ilə dəyişiklik edilənədək). AR Nazirlər Kabinetinin 168 nömrəli 31 oktyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası»nın 1.3-cü bəndinə əsasən prokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər beş ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq verilir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 6 oktyabr 2009-cu il tarixli HP-10/301 nömrəli məktubunda aşağıdakılar bildirilir: - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı Respublika Hərbi Prokurorunun 30 sentyabr 1992-ci il tarixli 99 saylı əmri ilə Respublikanın Hərbi prokurorluq orqanlarına işə qəbul olunub, Gəncə Qonizonu Hərbi Prokurorluğunun stajçı müstəntiqi vəzifəsinə təyin edilmişdir. O, 29 dekabr 1993-cü il tarixdən 11 yanvar 1995-ci il tarixədək Gəncə qornizonu hərbi prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində xidmət etmiş, Azərbaycan Respublikası Baş Prokurorlunun 11 yanvar 1995-ci il tarixli 14-İ saylı əmri ilə tutduğu vəzifədən azad edilib Gəncə şəhəri Nizami rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. AR Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabt 1992-ci il tarixli 631 nömrəli qərarına və AR Müdafiə nazirinin eyni adlı 2 iyun 1993-cü il tarixli 191 nömrəli əmrinə müvafiq olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə xidmət müddəti xidmətin bir ayı iki ay sayılmaqla, bu dövrdə döyüş əməliyyatlarında iştirak dövrləri isə, xidmətin bir ayı üç ay sayılmaqla hesablanır. İddiaçı 1992 – 1995-ci illərdə işlədiyi Gəncə qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatlarında iştirak etməmiş və döyüş şəraitində yerləşən hərbi qurumlara aid edilməmişdir. Odur ki, İddiaçı 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək Gəncə qarnizonu hərbi prokurorluğunda işlədiyi dövr pensiya təyinatı zamanı güzəştlə 1 ay hərbi xidmət müddəti 2 ay hərbi xidmət müddəti kimi hesablanmalıdır. İş materiallarından görünür ki, Gəncə qarnizonu hərbi prokurorluğunun 10 aprel 1993-cü il tarixli 32 nömrəli əmri ilə həmin prokurorluğun müstəntiqi İddiaçı 10 aprel 1993cü il tarixdən Gədəbəy rayonu döyüş zonasından qayıtmış hesab olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 24 iyul 2009-cu il tarixli arayışında aşağıdakılar qeyd olunur: - İddiaçı 30 sentyabr 1992-ci il tarixdən 2 iyul 2007-ci il tarixədək Azərbaycan Respublikası prokurorluğu orqanlarında qulluq etmiş və Baş Prokurorun 2 iyul 2007-ci il tarixli 10/50-11/161-k nömrəli əmrinə əsasən qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı prokurorluq orqanlarında işlədiyi müddət ərzində iş stajı 14 il 9 ay 2 gün təşkil etmişdir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DSMF tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə vurğulayır ki, iddiaçının müvafiq dövrdə hərbi prokurorluqda xidmətinə görə “müharibə veteranı” statusuna malik olması, onun “döyüş zonasından qayıtmış hesab olunması barədə” (müəyyən tarixlərə aid) xidmət etdiyi orqan tərəfindən əmrin verilməsi, habelə xidmətinin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin əvvəlki redaksiyada tələbləri üzrə “xidmətin bir ayı iki ay sayılan” şəxslərin əhatə dairəsinə düşməsinə dəlalət edir. Belə olan halda, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddiaçının xidmət dövrü 17 il 3 ay 13 gün təşkil edir və ona əmək pensiyası həmin dövr və xidmət ilinə görə 45% əlavə nəzərə alınmaqla yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qeyd olunmalıdır ki, İPM-in 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır (maddə 98-1.1). Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir (maddə 98-1.3). Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar (maddə 98- 1.4). Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır (maddə 98-1.5). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Əvvəlki dövr üzrə yaranmış fərq məbləğinə gəldikdə isə məhkəmə yuxarıda qeyd olunanları işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya pensiya yenidən hesablanarkən keçmiş dövr üzrə ödənilməmiş məbləğin “müraciət etdiyi vaxtdan” əvvəlki üç illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Odur ki, iddia keçmiş dövr üzrə ödənilməmiş məbləğin verilməsi hissəsində qismən əsaslıdır. Pensiyanın yenidən hesablanması ilə əlaqədar yaranmış fər məbləğinin qalan hissəsini tələb etməkdə iddiaçı haqlı deyil. Belə olan halda, məhkəmə İddiaçı iddiasını qismən əsaslı sayır və hesab edir ki, cavabdehin imtinası qismən qanuna zidd qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı əmək pensiyasının prokurorluqda xidmət müddətinin güzəştli şərtlə 17 il 3 ay 11 gün olması və xidmət ilinə görə 45% əlavə nəzərə alınmaqla yenidən hesablanması və onun pensiya hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki 3 illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı əmək pensiyasının prokurorluqda xidmət müddətinin güzəştli şərtlə 17 il 3 ay 11 gün olması və xidmət ilinə görə 45% əlavə nəzərə alınmaqla yenidən hesablanması və onun pensiya hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki 3 illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5214/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5214/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver