Məhkəmə qərarları › İş №2-1(112)-5216/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5216/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5216/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Elvin Axundovun 17.02.2021-ci il tarixli, **********9 saylı məktubunun əsassız hesab edilməsi, 02.04.2001-ci il tarixdən bu günədək olan müddət ərzində "xxxx" QSC-də tuneldə hər gəcə ağır xüsusi zəhərli iş şəraitində yol montyoru kimi işləməyi yol fəhləsi kimi fəaliyyət göstərməyi kimi qəbul edilməsi, bu hal əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun olması əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Elvin Axundovun 17.02.2021-ci il tarixli, **********9 saylı məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair 30.12.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilərə 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olduğu, həmin maddənin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zəhərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahı üzrə müəyyən edildiyi, Mərkəzi Filiala təqdim etdiyi iddiaçıya aid "xxxx" QSC-nin 17.12.2020-ci il tarixli A/323 saylı arayışında 02.04.2001-ci il tarixdən bu günədək "xxxx" QSC-nin yol xidmətində yol montyoru vəzifəsində işlədiyinin qeyd olunduğu, işlədiyi yol montyoru vəzifəsinin yuxarıda qeyd olunan siyahı üzrə metropoliten sahəsində olmadığından güzəştli iş stajının olmadığı əsas göstərilməklə müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin qeyd edilmiş mövqeyi ilə razı deyil və hesab edir ki, aşağıda göstərilmiş əsaslara görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməlidir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair imtina məktubu göndərərkən bu əsası təkzib edən iş yerindən verilmiş 17.12.2020-ci il tarixli, A/323 saylı arayışda göstərilən əsaslara əhəmiyyət və diqqət verilməmişdir. Belə ki, cavabdehə təqdim etdiyi AR "xxxx" QSC-nin 17.12.2020-ci il tarixli A/323 saylı arayışından məlum olur ki, iddiaçının həqiqətən də 02.04.2001-ci ildən 18.07.2014-cü il tarixədək Bakı Metropoliteninin yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləmişdir. 18.07.2014-cü ildən bu günədək "xxxx" QSC-nin yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləmişdir. Yol montyoru yol fəhləsi hesab edildiyi və yol fəhləsi tuneldə hər gecə ağır xüsusi zərərli iş şəraitində (xüsusi zərərli iş şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40% əlavə ilə) işlədiyi bildirilmişdir. Ümumiyyətlə hesab edir ki, Bakı Metropoliteninin tunellərində fəhlə kimi yalnız yol montyorları fəaliyyət göstərdiklərindən, tuneldə hər gecə ağır xüsusi zərərli iş şəraitində işləyən yol montyorları işəgötürənin də göstərdiyi kimi yol fəhləsi kimi qəbul edilməlidir. Belə olduğu halda hesab edir ki, cavabdehin bu əsasla verdiyi imtinası əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı 01.04.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)- 5216/2021 nömrəli, 01.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı 22.09.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 60 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı 30 dekabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 17 dekabr 2020-ci il tarixli A/323 nömrəli arayışında 02.04.2001-ci il tarixindən bugünədək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 15.07.1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 03.08.1979-cu ildə Bakı Baş Tikinti İdarəsinin mexaniki təmir zavoduna 2-ci dərəcəli çilingər yığmaçı qəbul edilmiş, 28.02.1980-ci ildə işdən azad edilmişdir. 09.06.1980-ci ildə Razin avtoparka konduktor qəbul edilmiş, 05.11.1980-ci ildə işdən azad edilmişdir. 25.02.1983-cü ildə fəhlə qəbul edilmiş, 02.08.1983-cü ildə avtoparka sürücü vəzifəsinə keçirilmiş, 18.05.1984-cü ildə fəhlə vəzifəsinə keçirilmiş, 06.06.1984-cü ildə profilaktoriyaya 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 02.10.1984-cü ildə 3-cü dərəcəli sürücü vəzifəsinə, 14.05.1985-ci ildə 4-cü dərəcəli avtoçilingər vəzifəsinə, 20.08.1985-ci ildə 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 02.09.1985-ci ildə işdən azad edilmişdir. 07.09.1985-ci ildə 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, 15.10.1985-ci ildə işdən azad edilmişdir. 10.11.1985-ci ildə Bakı Baş Tikinti İdarəsinin mexaniki təmir zavoduna 2-ci dərəcəli çilingər yığmaçı qəbul edilmiş, 05.03.1990-cı ildə işdən azad edilmişdir. 05.03.1990-cı ildə “Keyfit” KOOP vulkanizatorçu vəzifəsinə qəbul edilmiş, 01.07.1991-ci ildə işdən azad edilmişdir. 04.07.1991-ci ildə Bakı eksperimental mebel fabrika № 2 tədarük sexinə dəzgahçı vəzifəsinə qəbul edilmiş, 03.02.1994-cü ildə işdən azad edilmişdir. 05.11.1994-cü ildə Əsaslı Təmir Xidmətinə gecə növbəsinə 2-ci dərəcəli izolyasiyaçı vəzifəsinə qəbul edilmiş, 01.09.1995-ci ildə işdən azad edilmişdir. 02.04.2001-ci ildə 6 məvaciblə 2-ci dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmiş, 12.09.2001-ci ildə növbəti 3-cü dərəcə, 01.03.2004-cü ildə növbəti 4-cü dərəcə verilmişdir. 17.01.2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 289 saylı Sərəncamına əsasən BMP və “Az.TMT” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. 18.07.2014-cü ildə "xxxx" QSC Yol xidməti 2 saylı Yol hissəsi 2-ci sahəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə qəbul edilmişdir (iş gecə tuneldə xüsusi zərərli iş şəraiti), hal-hazırda həmin peşədə işləyir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 19.11.1980-ci ildə hərbi xidmətə çağırılmış, 10.12.1982-ci ildən tərxis edilmişdir. İş materiallarında olan Б № 019827 nömrəli diplomuna əsasən İddiaçı 01.09.1976cı ildən 24.07.1979-cu ilədək Azərbaycan SSR Bakı şəhəri 56 nömrəli texniki peşə məktəbində çilingər peşəsi üzrə təhsil almışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" QSC-nin 17.12.2020-ci il tarixli, A/323 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən 02.04.2001-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində çalışmışdır. 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləyir. Qeyd: Yol montyoru yol fəhləsi hesab edilir və yol fəhləsi tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində (xüsusi zərərli iş şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40% əlavə ilə) işləyir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İş materiallarına əlavə edilmiş Elektron hökumət portalından çıxarılmış iddiaçının adına qeyd olunmuş əmək müqaviləsi bildirişində işəgötürənin VÖEN-i **********, vəzifə yol fəhləsi, dəmir yolu, müqavilənin nömrəsi xxxxxxx000103, müqavilənin tarixi 18.07.2014-cü il qeyd olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" QSC-nin verdiyi 04.06.2021-ci il tarixli, 40N-10/3-662 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 05.11.1994-cü il tarixindən 01.09.1995-ci il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətində izoləedici (tuneldə yalnız gecə işi, 24% zərərli əmək şəraiti ilə) peşəsində çalışmış, 02.04.2001-ci il tarixindən bu günədək Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi, 24% zərərli əmək şəraiti ilə) peşəsində işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 20 il 11 ay 29 gün (iyirmi il on bir ay iyirmi doqquz gün) (03.06.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndinə (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) aiddir ki, bu da qüvvədən düşmüş 21.09.1993-cü il tarixli 320 saylı Qərarın 23000000 XXVİİİ. Nəqliyyat 23002000 2. Metropolitenlər bölməsinin 2300200a (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndi ilə tənzimlənir. Qeyd: Yol montyoru - yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" QSC-nin 22.07.2021-ci il tarixli, 40N-10/3-894 nömrəli məktubu ilə göndərilmiş "xxxx" QSC-nin Aparat rəhbəri tərəfindən təsdiq edilmiş "xxxx" QSC-nin Yol xidmətinin yol montyorları Vəzifə Təlimatına əsasən əsas vəzifə və funksiyalar aşağıdakılardan ibarətdir:

1. işlərin icrası zamanı ancaq saz vəziyyətdə olan alət, avadanlıq və qurğulardan istifadə etmək; 2. işə başlamazdan əvvəl, işin növündən asılı olaraq, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrindən istifadə etmək; 3. gecə vaxtı tuneldə və ya yerüstü sahədə işləyən zaman təmas relsinə gərginliyin verilməsini bildirən İİ xəbərdarlıq işarəsinə kimi icra etdiyi işi başa çatdırmaq və stansiyaya çıxmaq; 4. işin sonunda iş yerindən bütün alətləri və digər materialları yığışdırmaq; 5. iş yerinə getməmişdən əvvəl TİQ və TTQ üzrə vəsiqəni götürmək; 6. yolda aparılan cari və əsaslı təmir işlərinin norma və qaydalarına ciddi əməl etmək; 7. iş yerinə çatdıqdan sonra iş yerini hər iki tərəfdən “Dayan” işarəsi ilə çəpərləmək; 8. sahə rəhbərinin göstərişinə əsasən yolda müvafiq işləri (epyura üzrə şpalları və əksqaçıcıları yerləşdirmək, relslərdə deşikləri açmaq və relsləri kəsmək, şpalları təmir etmək və s.) yerinə yetirmək; 9. istehsalat sanitariyası qaydalarının tələblərinə müvafiq olaraq, bədbəxt hadisələr zamanı həkim gələnə kimi zərərçəkənə ilkin köməklik göstərməyi bacarmaq. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 13.08.2021-ci il tarixli, **********9 nömrəli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14820,87 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 28231,03 manat olmaqla cəmi pensiya kapitalı 43051,90 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 5 ay 12 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14820,87 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 28231,03 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 29.12.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39400,00 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 17.02.2021-ci il tarixli, **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin 17 dekabr 2020-ci il tarixli A/323 nömrəli sizə dair arayışında 02.04.2001-ci il tarixindən bugünədək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 60 yaş həddinə çatmalı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 60 yaşını 29.12.2020-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının 60 yaşı tamam olduğu günə ümumilikdə 25 ildən çox ümumi iş stajı toplamışdır. Belə ki, 01.09.1976-24.07.1979-cu ilədək təhsil dövrü 02 il 10 ay 24 gün, 19.11.1980-10.12.1982-ci ilədək hərbi xidmət dövrü 2 il 22 gün, 03.08.1979- 28.02.1980-ci ilədək 06 ay 27 gün, 09.06.1980-05.11.1980-ci ilədək 04 ay 27 gün, 25.02.1983-02.09.1985-ci ilədək 02 il 06 ay 06 gün, 07.09.1985-15.10-1985-ci ilədək 01 ay 09 gün, 10.11.1985-05.03.1990-cı ilədək 04 il 03 ay 26 gün, 05.03.1990-01.07.1991-ci ilədək 01 il 03 ay 28 gün, 04.07.1991-03.02.1994-cü ilədək 02 il 07 ay 01 gün, 05.11.1994- 01.09.1995-ci ilədək 09 ay 27 gün, 02.04.2001-29.12.2020-ci ilədək 19 il 08 ay 28 gün olmaqla ümumilikdə 37 il 04 ay 15 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Cavabdehin etirazının əsas dəlilini iddiaçının işləmiş olduğu yol montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmaması təşkil edir. Məhkəmə cavabdehin formal mülahizədən ibarət bu dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışı onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda: 21. Nəqliyyat 21.5. Metropolitenlər yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, Drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər, elektrik mexanikləri) zərərli peşələr kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 iyun 1997-ci il tarixli 20-3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası”na əsasən Vahid Tarif-İxtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq metropoliten sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən sənəddir və onun tədqiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə - təşkilatlarda məcburi xarakter daşıyır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 28 iyun 1999-cu il tarixli 14-7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçasında (hissə 56-2)” (hissə 1) Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəli üzrə əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmişdir. Bu peşələrin X3 üzrə əməyin ödəniş dərəcələri peşələrin ixtisas dərəcələri səviyyəsində təyin edilir. Yuxarıda istinad olunan normalardan göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin 21.5-ci bəndində sadalanan vəzifə adları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 iyun 1997-ci il tarixli 20-3 nömrəli və 28 iyun 1999-cu il tarixli 14-7 nömrəli Qərarları ilə təsdiq edilmiş “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası” və “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası (hissə 56-2)”nda qeyd edilən vəzifə adlarının heç biri eyni deyildir, lakin görülən işin (xidmətin) xüsusiyyətləri əsasında vəzifələrin adlarının uyğunlaşdırılması mümkündür. İddiaçının təqdim etdiyi əmək kitabçasının müvafiq qaydada təsdiqli surətindən də göründüyü kimi iddiaçı 02.04.2001-ci il tarixdə Bakı Metropoliteni Yol Xidmətinə 2-ci dərəcə yol montyoru (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) təyin edilmişdir. "xxxx" QSC-nin təqdim etdiyi güzəştli arayışda iddiaçının 02.04.2001-ci il tarixindən Bakı Metropoliteninin Yol xidmətində yol montyoru peşəsində, tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək işlədiyi, yol montyorunun yol fəhləsi hesab edildiyi, gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablandığı, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verildiyi qeyd edilmişdir. Eyni zamanda iddiaçının hazırkı halda mərkəzləşdirilmiş elektron sistemdə işlədiyi vəzifənin adı məhz yol fəhləsi kimi qeyd edilmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilən vəzifə adı, eləcə də təqdim olunan peşə təlimatı və iş yerindən arayış əsasında həmin vəzifənin bilavasitə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda: 21. Nəqliyyat 21.5. Metropolitenlər yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə peşəsinə uyğun olduğu müəyyən olunur. İddiaçının 02.04.2001-ci il tarixindən 29.12.2020-ci il tarixədək xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 19 il 08 ay 28 gün təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 39400,00 manat məbləğində hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14820,87 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 28231,03 manat olmaqla cəmi pensiya kapitalı 43051,90 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir. Beləliklə, iddiaçı 60 yaşı tamam olduğu 29.12.2020-ci il tarixədək tələb olunan 25 il ümumi sığorta stajı, 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 60 yaşdan, yəni 29.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni 29.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar