Məhkəmə qərarları › İş №2-1(112)-5218/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5218/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5218/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X9) “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək, X4 ünvan 1 ünvanında yerləşən, 10 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyev Mehman Ağaqulu oğlu ilə 1991-ci ildə rəsmi nikaha girərərək, ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.1992-ci il təvəllüdlü X10 və xx.xx.1996-cı il təvəllüdlü X11 adlı iki övladları dünyaya gəlmişdir. Nikahları Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-237/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Onlar birlikdə ünvan 1, mənzil 10-u əldə etmişlər. Yəni həmin mənzil kooperativ mənzil olduğu üçün xx.xx.1998-ci il tarixdə iddiaçının keçmiş həyat yoldaşı Əliyev Mehman Ağaqulu oğlunun adına order verilmiş, həmin orderdə də 4 nəfər ailə üzvünün yəni, iddiaçının keçmiş həyat yoldaşının, qızının, oğlunun və iddiaçının adı qeyd edilmişdir. Həmin mənzil Laçın rayonundan olan məcburi köçkün ailəsi tərəfindən zəbt olunduğu üçün 2023-cü ilin noyabr ayına qədər onlar həmin mənzildən istifadə edə bilməmişlər. 2014-cü ildə keçmiş həyat yoldaşı Əliyev Mehman Ağaqulu oğlu Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddiaçıya və övladlarına qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi”nə dair iddia qaldırmış, məhkəməyə iddiaçı və övladlarının daimi yaşadıqları yer və telefonları təqdim edilməmiş, nəticədə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı və övladlarının istifadə hüquqları itirilmişdir. Məqsəd də ondan ibarət olmuşdur ki, keçmiş həyat yoldaşı, iddiaçı və övladlarını pasport qeydiyyatından çıxartdıqdan sonra ikinci dəfə ailə həyatı qurduğu ailə üzvlərini həmin mənzilə pasport qeydiyyatına salsın. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən məlumat aldıqdan sonra iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən keçmiş həyat yoldaşı tərəfindən verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Adı çəkilən qətnamələrlə iddiaçı və övladlarının hüquqları bərpa edilmiş, onların ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə pasport qeydiyyatları bərpa edilmişdir. xx.xx.2023-cü il tarixdə Laçın rayonundan olan məcburi köçkün ailəsi mənzili boşaldaraq, iddiaçıya təhvil vermişlər. Həmin tarixdən də iddiaçı oğlu ilə həmin mənzildə yaşayır. Mənzilə köçdükdən bir neçə gün sonra keçmiş həyat yoldaşı və onun indiki həyat yoldaşı olan üçüncü şəxs X9 iddiaçıya hədə-qorxu gəlib, mənzildən çıxartmaq istəmişlər. İddiaçı da üçüncü şəxsin bu mənzilə heç bir aidiyyatı olmadığını bildirmiş və onları mənzilə buraxmamışdır. Lakin araşdırma apardıqdan sonra ona məlum olmuşdur ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən sonra iddiaçı və övladını pasport qeydiyyatından çıxaran keçmiş həyat yoldaşı bundan istifadə edərək üçüncü şəxsi həmin mənzilə pasport qeydiyyatına aldırmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv olunduğu və heç bir qüvvəyə malik olmadığı üçün onun nəticələrinin də heç bir hüquqi qüvvəsi yoxdur. Yəni iddiaçı və övladı mənzildəki qeydiyyatlarından qanunsuz məhrum edilmiş, bundan da keçmiş həyat yoldaşı istifadə etmişdir. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etdikdə isə bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur.

3. Cavabdeh Yasamal rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 32 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

8. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərietməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddiamüddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.

11. Bakı şəhəri Yasmal rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının üçüncü şəxsin Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 10, 10 saylı mənzildən qeydiyyatdan çıxarılmasına dair müraciətinə baxılmış, müraciətinin təmin edilməsindən imtina edilmiş və göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 (xx.xx.1976-cı il təvəllüdlü) ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

13. AZ-İ saylı, 078371 nömrəli Azərbaycan Respublikası Nikahın Pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Mehman Ağaqulu oğlu ilə İddiaçı xx.xx.2008-ci il tarixdə nikahları ləğv edilmişdir.

14. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Əliyev Mehman Ağaqulu oğlunun cavabdehlər İddiaçı, X7, X8 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” iddiası təmin edilmiş, cavabdehlər İddiaçı, X5, X6 Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 10, 10 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-778/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-162/2015 saylı 12 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Əliyev Mehman Ağaqulu oğlunun cavabdehlər İddiaçı, X7, X8 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” iddiası rədd edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3334/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçı Əliyev Mehman Ağaqulu oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-778/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

17. Azərbaycan Respublikası Bakı şəhəri Yasmal Rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda ünvan 5 ünvanının Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmadığı üçün cavablandırılmasının imkan xaricində olduğu bildirilmişdir.

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasmal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda X4 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən qeydiyyata alındığı üçün Yasmal RPİ-nin X2 kartotekasında aşkar olunmadığı bildirilmişdir.

19. ünvan 7 İdarə heyəti tərəfindən verilən 621 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında yaşayır.

20. ünvan 7 İdarə heyəti tərəfindən verilən 635 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 ünvan 5 ünvanında yaşayır.

21. ünvan 7 İdarə heyəti tərəfindən verilən 637 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Əliyev Mehman Ağaqulu oğlu ünvan 5 ünvanında yaşamır.

22. ünvan 7 İdarə heyəti tərəfindən verilən 636 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 ünvan 5 ünvanında yaşamır.

23. 26.02.1998-ci il tarixli orderdən görünür ki, ünvan 4 ünvanı Əliyev Mehman Ağaqulu oğlunun adınadır, ailə tərkibi isə İddiaçı, X11 və X10 adlı şəxslərdən ibarətdir.

24. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmiş, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. IV. Məhkəmənin mövqeyi

25. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

28. Məhkəmə tərəfindən müəyyən edildi ki, 26 fevral 1998-ci il tarixli, 023039 saylı orderlə 4 nəfər ailə üzvü ilə ünvan 5 ünvanı Əliyev Mehman Ağaqulu oğluna ayrılmışdır, ailə tərkibi – özü, keçmiş həyat yoldaşı İddiaçı, qızı X10, oğlu X3 ibarətdir.

29. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-237/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Əliyev Mehman Ağaqulu oğlu və İddiaçı nikahları ləğv edilmiş, Əliyev Mehman Ağaqulu oğlu məhkəməyə müraciət edərək, keçmiş həyat yoldaşı və övladlarının ünvan 5 ünvanından istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərin istifadə hüququna xitam verilmişdir. Daha sonra İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-778/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-162/2015 saylı 12 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı Əliyev Mehman Ağaqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3334/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-778/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsində iddiaçı Əliyev Mehman Ağaqulu oğlunun iddiası təmin edildikdən sonra həmin müddət ərzində o, X9 adlı şəxsi ünvan 5 ünvanına qeydiyyata almışdır, lakin orderdə adları keçən ailə tərkibinin razılığı alınmamışdır.

30. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 53 (1-ci hissə). Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. 53 (4-cü hissə). Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə kirayəçi və onun ailə üzvləri eyni hüquq və vəzifələrə malik olurlar.

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

31. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

32. Məhkəmə qeyd edir ki, köhnə Mənzil Məcəlləsi qüvvədə olduğu vaxt sözügedən mənzil özəlləşdirilməmişdir. 1998-ci il tarixli orderdə Əliyev Mehman Ağaqulu oğlunun və ailə tərkibinin adları vardır. Əliyev Mehman Ağaqulu oğlu üçüncü şəxsi mənzilə qeydiyyata alarkən orderdə adı keçən digər şəxslərin razılığını zəruri idi.

33. İşin faktiki hallarına əsasən sözügedən mənzil orderdə adı keçən şəxslərin istifadəsinədir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Hazırda mənzildə qeydiyyatda olan üçüncü şəxs heç bir zaman həmin mənzildə yaşamamışdır, lakin mənzildə qeydiyyatda qalmaqda davam edir. Üçüncü şəxs Bakı şəhəri, Yasamal rayonu, Y.ünvan 10 ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Eyni zamanda üçüncü şəxsin mübahisələndirilən ünvana istifadə hüququ qeydiyyata alınmamışdır.

34. Məhkəmə qeyd edir ki, üçüncü şəxsin həmin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının hüquqlarını məhdudlaşdırır. Bu səbəbdəndə cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

35. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

36. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunundа şəxsin (şəхslərin) yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsının əsаslаrı Qanunun 9-cu maddəsində göstərilmişdir: Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

37. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 232-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

38. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

39. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

40. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

41. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla, mahiyyət etibarilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

42. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X4 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

43. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar