Məhkəmə qərarları › İş №2-1(112)-5219/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5219/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5219/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan – Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küç., ev 58, mən. 8) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrə dəyişiklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, N saylı hərbi hissədən N saylı hərbi hissəyə keçirilməsi barədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli, 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq sözlərinin həmin əmrə əlavə olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2-1(112)-135/2020 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrə dəyişiklik edilməsi tələbi barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 22.07.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2-1(112)-135/2020 nömrəli qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1491/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2-1(112)-135/2020 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N saylı hərbi hissədən N saylı hərbi hissəyə keçirilməsi barədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli, 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq sözlərinin həmin əmrə əlavə olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi üzrə inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərardadda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş uçot jurnalından çıxarışdan iddiaçının 30.05.2018-ci il tarixdə 2 sənəd – forma 6 nömrəli ailə tərkibi haqqında arayışı və xidmət yerinə təyin olunduğuna dair təyinat vərəqəsinin qəbul edildiyi müəyyən edilsə də, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli 0244 nömrəli əmrinin iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə müvafiq olaraq, məhkəmə tərəfidən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1491/2020 saylı, 08 avqust 2020-ci il tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alınaraq, mübahisəli əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təkrar sorğu göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü il tarixdən 22.11.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (1993- 1997-ci illərdə kursant kimi, 1997-22.11.2018-ci illərdə zabit kimi). 2005-ci il tarixdən 22 may 2018ci il tarixədək N (indiki 159№-li) hərbi hissədə xidmət etmişdir. Səhhəti şöbə rəisinin funksional vəzifə borcunu tam həcmdə yerinə yetirməyə imkan vermədiyinə görə o, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli 0244 №-li əmri ilə səhhəti ilə əlaqədar olaraq N №-li hərbi hissədə şöbə rəisi vəzifəsindən azad olunaraq N №-li hərbi hissəyə aşağı pul təminatlı vəzifəyə təyin edilmişdir. Belə ki, iddiaçı 1998-ci ilin sentyabr ayında “Sağ ağ ciyərin aşağı payının ocaqlı vərəmi, infiltrasiya fazasında KB(-)’’ diaqnozu ilə, 1999-cu il yanvar ayında, 1999-cu ilin iyul ayında 2 №-li Mərdəkan Vərəm əleyhinə sanatoriyada, 1999-cu ilin iyun ayında isə N №-li hərbi hissədə müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 17.06.1999-cu il tarixli müvafiq qərarı ilə “hərbi xidmətə cuzi məhdudiyyətlə yararlı” hesab edilmişdir. 2013-cü ilin may ayında ona “Qalxanvari vəzin düyünlü uru, hipotireoz” diaqnozu təyin edilmişdir. Lakin N №-li hərbi hissədə şöbə rəisi vəzifəsindən azad olunaraq N №-li hərbi hissədə aşağı pul təminatlı vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli 0244 №-li əmrində səhhəti ilə əlaqədar olaraq aşağı vəzifəyə keçirilməyi öz əksini tapmamışdır. Hesab edir ki, adıçəkilən əmrdə müvafiq dəyişiklik edilməli və onun səhhəti ilə əlaqədar olaraq aşağı vəzifəyə keçirilməsi qeyd edilməlidir. N №-li hərbi hissədən N №-li hərbi hissəyə keçirilməsi barədə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli 0244 №-li əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar olaraq sözlərinin həmin əmrə əlavə olunması üçün göstəriş verilməsi xahişi ilə o, 07.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin müraciətinə 13.05.2019-cu il tarixli məktubla imtina cavabı verilmişdir. Verilmiş imtina cavabını qanunsuz və əsassız hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, iddiaçı X1 iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 77-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ştatda “polkovnik" hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququna malikdir. Həmin Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların bərabər vəzifələrə təyin olunmaqla, xidmət yerinin dəyişilməsi xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün həyata keçirilir. Belə ki, iddiaçı X2 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli 0244 nömrəli əmri ilə tutduğu vəzifəsindən azad edilmiş və N nömrəli hərbi hissəyə yeni bərabər vəzifəyə təyin olunmuşdur. İddiaçının tələbi əslində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.18-ci maddəsinə əsasən ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını məqsədi daşıyır. Lakin, sözü gedən Qanunun 20.18-ci maddəsinə əsasən “Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyənədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.’’ İddiaçı, ərizədə qeyd etdiyi “N nömrəli hərbi hissənin 1-ci söbəsinin rəisi” vəzifəsində 14 noyabr 2017-ci il tarixdən 22 may 2018-ci il tarixədək xidmət etmişdir. Göründüyü kimi iddiaçı göstərilən vəzifədə 6 (altı) ay xidmət etmiş və göstərilən vəzifələrin icrası heç də onun xidmətindən ehtiyata buraxılması zamanına təsadüf olunmur. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin normaları ona tətbiq oluna bilməz. İddiaçının xidmət üzrə yerinin dəyişilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmiş, bununla bağlı qanuni əlverişli inzibati akt qəbul edilmişdir. İPM-nin 73.3.1-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə».... Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəmə çıxışı olaraq təqdim etdiyi ərizədə qeyd olnanlara uyğun məzmunda izahat verərək bildird ki, həmin əmr imzalanmazdan əvvəl o xəstə olmuşdur, səhhətini itirmişm və buna dair Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının Rəyi mövcud olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “j” bəndinə əsasən, hərbi həkim komissiyası tərəfindən dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər və bu zaman komissiyanın rəyi əsas götürülməlidir. Qeyd olunan prosesin birinci mərhələsi belə də olmuşdur. Həmin əmrdən əvvəl onunla birbaşa rəisləri müvafiq söhbət aparmış, səhhətinin məhdud imkanları nəzərə alınaraq onun aşağı pul təminatlı vəzifəyə keçiriləcəyi bildirmişdilər. Əfsuslar olsun ki, bu hal əmrdə düzgün qeyd edilməmişdir. Yalnız pensiya hesablanan zaman bilmişdr ki, həmin əmrdə aşağı pul təminatlı vəzifəyə keçiriləcəyin səbəbini “xəstəliyə görə” deyil, anlaşılmaz şəkildə hələ də ona məlum olmayan başqa səbəb kimi qeyd etmişlər. Bu da onun hüquqlarını kobud şəkildə pozmuş və əvvəlki vəzifə maaşından ona pensiya hesablanmasını mümkünsüz etmişdir. Qeyd edim ki, pensiyamın hesablanmasını həyata keçirən maliyyəçi həmin əmrdə başqa hərbi hissəyə keçirilmə səbəbinin “xidmət naminə” olduğunu mənə şifahi şəkildə bildirmişdir. Əgər hərbi qulluqçunun yuxarı maaşlı vəzifədən pensiya hesablanması hüququ yaranırsa, cavabdeh orqan hərbi qulluqçunun iştirakı olmadan bunu təmin etməlidir.... Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və məhkmə çıxışı başlıqlı ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.05.2019-cu il tarixli, 1/Ş- 6081 nömrəli məktubun surətindən görünür ki, iddiaçının Müdafiə Nazirliynin hüquq idarəsinə ünvanladığı ərizəyə (Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli müvafiq əmrində dəyişikliyin edilməsi barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılaraq bildirilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuş təqdimata əsasən, Siz Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli müvafiq əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “ö" bəndinə (bərabər vəzifəyə) əsasən N nömrəli hərbi hissədə müvafiq bərabər vəzifəyə təyin edildiyi, daxil olmuş təqdimatda səhhətilə əlaqədar xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə təyin olunmağı barədə heç bir qeyd edilmədiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən xidməti yerdəyişmə barədə əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozuntusuna yol verilməmişdir. Əlavə olaraq bildiririlmişdir ki, iddiaçının Müdafiə Nazirliyinə ünvanladığı ərizələrinə cavab olaraq 1/S-4758 nömrəli, 19.04.2019-cu il tarixli, 1/S-5675 nömrəli, 04.05.2019-cu il tarixli məktublar ünvanına göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 11/2290 nömrəli, 16 may 2021-ci il tarixli məktubuna əsasən 22 saylı “göndərilən xidməti sənədləri uçotu jurnalı”nın təsdiq edilmiş surətindən görünür ki, polkovnik leytnant İddiaçı yeni xidmət yerinə təyin edilməsi barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 22 aprel 018-ci il tarixli, 0244 nömrəli əmrinin 30 may 2018-ci il tarixdə elan edilməsi və təyinat vərəqəsinin (yeni xidmət yerinə getməsi haqqında) qəbul edilməsi barədə imza etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanan MH-00 saylı Q-003281 şəxsi nömrəli İddiaçı Xidmət Dəftərçəsindən görünür ki, iddiaçı 1993-cü il tarixdən 22 noyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 14 noyabr 2017-ci il tarixdən 22 may 2018-ci il tarixədək 159№-li hərbi hissədə 1-ci şöbənin rəisi vəzifəsində işləmiş, 22 may 2018-ci il tarixdən 05 oktyabr 2018-ci ilədək N №-li hərbi hissədə hava hücumunun müdafiə rəisi vəzifəsində işləmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0763 №-li 22 noyabr 2018-ci il tarixli Əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-a maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərə (Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən təqdim edilmiş əmrlərə) əsasən müəyyən edilmişdir ki, İddiaçı 1993-cü il tarixdən 22 noyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, 14 noyabr 2017-ci il tarixdən 22 may 2018-ci il tarixədək 159№-li hərbi hissədə 1-ci şöbənin rəisi vəzifəsində işləmiş, Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 0244 saylı 22 may 2018-ci il tarixli Əmri əsasında “Hərbi Xidmətkeçmə haqqına” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə əsasən (bərabər vəzifəyə) N nömrəli hərbi hissənin 1-ci şöbəsinin rəisi – N nömrəli hərbi hissənin Xüsusi təhlükəsizlik xidmətinin rəis müavini vəzifəsinə təyin edilmiş və 05 oktyabr 2018-ci il tarixədək həmin vəzifədə işləmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0763 №-li 22 noyabr 2018-ci il tarixli Əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-a maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 77-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ştatda “polkovnik" hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququna malikdir. Həmin Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların bərabər vəzifələrə təyin olunmaqla, xidmət yerinin dəyişilməsi xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün həyata keçirilir. Göründüyü kimi iddiaçı X2 da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 22.05.2018-ci il tarixli 0244 nömrəli əmri ilə tutduğu vəzifəsindən azad edilmiş və N nömrəli hərbi hissəyə yeni bərabər vəzifəyə təyin olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının qeyd etdiyi hallar, yəni qeyd olunan əmrin verilməsindən əvvəl onunla birbaşa söhbətlərin aparılması, səhhətinin məhdud imkanları nəzərə alınaraq onun aşağı pul təminatlı vəzifəyə keçiriləcəyini bildirmələrini qeyd etsə də, lakin işin halları ilə qeyd olunanlar sübuta yetirilməmişdir. Göründüyü kimi iddiaçı qeyd olunan əmr əsasında bərabər vəzifəyə keçirilmişdir. İddiaçı tərəfindən məhkməyə təqdim olunan 32 nömrəli şəhər poliklinikası tərəfindən verilən NSD hipertonik tip diaqnozunun qoyulması barədə 25 sentyabr 2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan arayış iddiaçının 3 il müddətdən artıq sonrakı vəziyyətini göstərən bir sənəddir. Beləlilkə, məhkəmə hesab edir ki, iddiaçının barəsində qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Başqa sözlə cavabdeh tərəfindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin “b” bəndinin və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinin pozulmadığı müəyyə edlmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, idda əssasız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar