Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-522/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X6) “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına pasport qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X5 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, X6 ilə rəsmi nikaha girərək ailə qurmuş, sonuncunun yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanına köçərək orada yaşamağa başlamışdır. Bu mənzilin sənədlərində müəyyən problemlər olduğundan onun orada qeydiyyata alınmağında çətinliklər yaranmışdır. 102 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən onun bu ünvanda həyat yoldaşı ilə birlikdə qeydiyyatsız yaşadığı qeyd edilmişdir. Sözügedən mənzil onun daimi yaşayış yeridir, başqa yaşayış yeri yoxdur. O, həmin mənzildə yaşamaqla təsərrüfatı aparır və kommunal xərclərinin ödənilməsində iştirak edir. Onun bu yaşayış sahəsinə qeydiyyata alınmaması səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. O, faktiki olaraq bu mənzildən istifadə edir, oraya daimi yaşamaq üçün köçmüşdür. Həyat yoldaşı X2 da onun bu ünvana qeydiyyata alınmasına etirazı yoxdur. Həmin mənzildə qeydiyyatda olan digər üçüncü şəxs X5 isə onun baldızıdır, sonuncu uzun müddətdir başqa ünvana köçmüşdür. O, qeyd olunan ünvana pasport qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin Binəqədi Rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanununun 5-ci maddəsinin tələblərinə əsasən Sizin ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsinə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə Sizin göstərilən ünvana tərəfimizdən qeydiyyata alınmağınız qanunamüvafiq deyildir. Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə bağlı Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İş materiallarında olan 1 saylı Bakı «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 412280 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X1 Elnarə İbrahim qızı ilə xx.xx.2020-ci ildə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, X6, X5 ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti MKTD Binəqədi rayonu MKTB 102 saylı Mənzil Kommunal İstismar Sahəsinin 836 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında həyat yoldaşı X6 ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Binəqədi RİH tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 36 saylı bina dövlət mənzil fonduna aiddir. İş materiallarında olan Binəqədi RİH tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 36 saylı binaya Binəqədi rayon MKTB 102 saylı MKİS xidmət göstərir, həmin binanın balansdaşıyıcısı barədə hər hansı qərar aşkar etmək mümkün olmamışdır. İş materiallarında olan DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X2 və X3 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərmək mümkün olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 36, 6 saylı mənzilin qeydiyyatdan keçməsinə dair məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 36, 6 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan X6 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən mənzilə arvadı İddiaçı qeydiyyata düşməsinə etiraz etmir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı X6 ilə xx.xx.2020-ci ildə nikaha daxil olmuşdur və hazırda iddiaçı üçüncü şəxs X2 yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanına köçərək orada onunla qeydiyyatsız yaşayır. X6 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən mənzilə arvadı İddiaçı qeydiyyata düşməsinə etiraz etmir. Hazırda iddiaçı faktiki olaraq həmin ünvanda yaşayır. O, həmin evə yaşayış yeri üzrə qeydiyyata düşmək üçün cavabdehə müraciət etsə də, cavabdeh onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, iddiaçı qeyd olunan ünvanda əri ilə bərabər yaşayır, onun əri həmin ünvana qeydiyyatdadır, bu ünvanda yaşayır və iddiaçının da sözügedən ünvana qeydiyyata alınmasına və orada yaşamasına razıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan ünvana qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-522/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-522/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver