Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5220/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi-X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “cavabdeh tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin-zirzəminin dəyişdirilərək, yaşayış üçün yararlı olan mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2 otaqlı mənzillə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə mürcaiət edərək, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş qeyri-yaşayış sahəsininzirzəminin dəyişdirilərək, yaşayış üçün yararlı olan mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə ailə üzvləri ilə birlikdə Laçın rayonundan məcburi köçkün düşərək, əvvəlcə Sumqayt şəhərində, sonradan Saatlı şəhərində, yenidən Sumqayt şəhərində, daha sonra isə 2003-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən təcili yardımın 9 mərtəbəli yarımçıq binasında, 7-ci mərtəbədə, 2 otaqlı mənzili təmir edərək, təkbaşına məskunlaşmışdır. 2011-ci ildə isə bacısı X6 və anası X2 həmin binada 8-ci mərtəbədə 1 otaqlı mənzili zəbt edərək yaşamağa başlamışlar. 2012-ci ildə həmin binada yanğın baş vermiş, onun təmir etdiyi 2 otaqlı və bacısının məskunlaşdığı 1 otaq tamamilə yanaraq yararsız hala düşmüşdür. Bundan sonra onlar məcburi köçkün olduqları üçün və təsərrüfatları ayrı olduğu üçün cavabdeh orqan tərəfindən ayrı-ayrılıqda ev növbəsinə alınmış, 2012-ci ildə onlara evlər paylanmışdır. Lakin bacısının adı texniki səhv nəticəsində Şəfiqə kimi yazıldığı üçün ona ev verilməmişdir. Təsərrüfatları ayrı olsa da, onlar üç nəfər olmaqla eyni yerə, yəni ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinə, zirzəmiyə yerləşdirilmişlər. O, dəfələrlə cavabdehə öz etirazını bildirsə də heç bir nəticəsi olmamışdır. Laçın rayon İcra hakimiyyəti başçısı yanında Şuranın 04 saylı 25.01.2007-ci il tarixli iclas protokolundan çıxarışda da bu öz təsdiqini tapmış və onun təsərrüfatı çıxarışa əsasən ayrılmışdır. Onlar ayrı-ayrı ailələr olsalar da, iki otaqlı qeyri-yaşayış sahəsinə köçürülmüş və hal-hazırda birlikdə yaşayırlar. Dəfələrlə ailə daxili mübahisələr olmuş, bununla əlaqədar DİN-nin 102 məlumat mərkəzinə şikayətlər olmuşdur. Bacısının və anasının mənzildən çıxarılmaları barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırsa da, iddia təmin olunmamış, apellyasiya və Ali Məhkəmə qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır. Yaşadığı qeyri-yaşayış sahəsinin mətbəxində qaz xətti yoxdur. Qaz xətti otaqda təhlükəli yerdə quraşdırılmışdır. Hər an təhlükə baş verə bilər. Qeyri-yaşayış sahəsinin hətta havalandırması yoxdur. Ümumiyyətlə binanın layihəsində onların sığındığı yer otaq kimi yox, zirzəmi kimi nəzərə alınmışdır. Bütün bu faktlar cavabdeh tərəfindən nəzərə alınmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən Təcili yardımın 9 mərtəbəli yarımçıq binasında müvəqqəti məskunlaşmışdır. Həmin binada 2012-ci ildə yangın baş verdikdən sonra orada məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin edilməsi həyata keçirilərkən İddiaçı, onun anası X2 və bacısı X6 ilə birlikdə Abşeron rayonu ərazisində məcburi köçkün ailələri üçün inşa edilmiş “Mehdiabad Gənclər Şəhərciyi”ndə 3 nəfərlik ailə tərkibinə uyğun olaraq 7 saylı binada 2 otaqlı, 10 a saylı mənzillə təmin edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən Təcili yardımın 9 mərtəbəli yarımçıq binasında yanğın baş verdikdən sonra orada məskunlaşan məcburi köçkünlərin köçürülməsi məqsədilə Abşeron rayonu ərazisində inşa edilmiş “Mehdiabad Gənclər Şəhərciyi”ndə hazır mənzilllər "xxxx" MTKdan alınmış və orada yaşamaq məqsədilə məcburi köçkünlərin mənzillə təmin edilməsi həyata keçirilmişdir. Mənzillə təmin olunmuş məcburi köçkünlərin sonradan onların arasında yaranmış hər hansı narahatçılıqlarla əlaqədar yenidən ayrıca ikinci dəfə mənzillə təmin olunması həyata keçirilmir. İddiaçı ilə onun bacısı və anası arasında mübahisənin mövcud olması onların yenidən ayrıca mənzillə təmin olunması üçün əsas deyildir. İddiaçı mənzillə təmin olunmuş və mənzil verilərkən heç bir narazılığı olmamışdır. Ona yenidən mənzil verilməsi mümkün deyildir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-166/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-166/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-170/2021 saylı iş üzrə qəbul etdiyi 03.02.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-166/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, məhkəmə iddiaçının tələbini əsaslandırdığı dəlillərdən biri olan yaşayış sahəsi adı ilə ona verilmiş sahənin mənzil deyil, zirzəmi olmasını aydınlaşdırmaq üçün binanin layihəsini tələb edib həmin layihədə mübahisəli sahənin hansı adla qeydə alındığına əmin olmamış, bunun üçün həmin sahəyə zərurət vardırsa yerində baxış keçirməmiş, sanitar qovşağın və qaz xəttinin düzgün olmayan yerdə quraşdırılması faktını araşdırmamış, sadəcə 7/10A saylı 15 yanvar 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə və imtina məktubunda həmin sahənin mənzil kimi qeyd edilməsinə, eyni zamanda birinci mərtəbə üzrə təbii işıqlandırma üçün çölə baxan pəncələrin yerləşdirilməsinə əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının məskunlaşdığı sahənin mənzil olması ilə bağlı izahatında həmin sahənin mənzil adı altında müvafiq MTK-dan alındığını bildirmişdir. Həmin dəlilin də mübahisənin mahiyyəti üzrə həll edilməsində əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Kollegiya hesab edir ki, həm iddiaçı, həm də cavabdeh tərəfin irəli sürdüyü dəlillər bir daha bu dəlilləri irəli sürən şəxslər tərəfindən əsaslandırılıb müvafiq sübutlar təqdim olunmalı, zərurət vardırsa məhkəmənin təşəbbülü ilə əlavə sübutların təqdim olunması təklif edilməklə qiymətləndirilməlidir. İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi-X4 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci ildə Laçın rayonu, Bayramuşağı kəndində doğulmuş İddiaçı Laçın rayonu, Güləbird kəndində qeydiyyatdadır. İşin faktiki hallarına görə, 13 iyun 2012-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr., H.Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 9 mərtəbəli binanın 6-cı mərtəbəsində baş vermiş yanğın hadisəsi zamanı İddiaçı 7-ci mərtəbədə məskunlaşdığı 2 otaq və ona aid məcburi köçkün vəsiqəsi yanmışdır. Cavabdeh inzibati orqanın 1579 saylı 15 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün inşa olunmuş Gənclər şəhərciyində bina 7, mənzil 10A saylı mənzilində məskunlaşmışdır. 7/10A saylı 15 yanvar 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 61 kv. m.-dən ibarət 2 otaqlı 10A saylı mənzili müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə vermişdir. Kirayəçinin ailə üzvləri olaraq X2 və X3 adı qeyd olunmuşdur. İddiaçının ailə üzvləri olan X2 və X3 ünvan 2 ünvanında yerləşən 10a saylı mənzildən istifadə hüquqlarının itirilməsi və həmin mənzildən çıxarılmaları barədə iddia tələbi Abşeron Rayon Məhkəməsinin 2(012)-79343/2017 saylı 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. İddiaçı ona verilmiş mənzilin dəyişdirilməsi üçün cavabeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 226 saylı 02 aprel 2019-cu il tarixli imtina məktubunda onun Abşeron rayonu ərazisində məcburi köçkün ailələri üçün inşa olunmuş “Mehdiabad Gənclər şəhərciyi”ndə 3 nəfərlik ailə tərkibinə uyğun olaraq 7 saylı binada 2 (iki) otaqlı, 10 saylı mənzillə təmin olunması və mənzilinin dəyişdirilməsinin imkan xaricində olması qeyd edilmişdir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən, məhkəmə tərəfindən mübahisəli yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbul olunub-olunmaması, qəbul olunduğu təqdirdə istismara qəbul aktının və binanın layihəsinin təqdim olunması ilə bağlı müvafiq sorğu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuş və üş üzrə müvafiq ekspertiza təyin olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli XO-01-09-2021-03638 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Sözügedən ünvanda (ünvan 4ış binası) yerləşən yaşayış binasına dair müraciətdə qeyd olunaq məlumatlar Komitənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli 10/3502 saylı ekspert rəyində bildirilmişdir ki, 7 saylı binanın layihə sənədlərinin, eləcə də, iddiaçının faktiki yaşadığı 10 a mənzilə dair tərtib olunmuş “Texniki pasport”un Mərkəzə təqdim olunmaması səbəbindən suala (cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı məcburi köçkün kimi təmin edildiyi Abşeron rayonu “Mehdiabad Gənclər Şəhərciyi”ndə 7 saylı binada 2 otaqlı, 10 a saylı mənzil yaşayış sahəsi normalarına uyğundurmu?) cavab vermək mümkün olmamışdır. Abşeron rayonu “Mehdiabad Gənclər Şəhərciyi” ndə 7 saylı binada yerləşən 10 saylı mənzilin mətbəx otağı kimi istifadə olunan hissəsinin hündürlüyü və həcmi qaz cihazının quraşdırılması üçün tələb olunan ölçülərə cavab versə də, həmin hissənin ventiliyasiya və tüstü kanalı, həmçinin nəfəslikli pəncərəsi olmadığına görə “Qaz təchizatı. Layihələndirmə normaları”nın (AzDNT 2.13-1) tələblərinə əsasən mənzilin mətbəx kimi istifadə olunan hissəsində qaz xətti çəkməklə qaz cihazının istifadəsinə yol verilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci və 91.1.5-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 2.1-ci bəndindən görünür ki, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir. Həmin Qaydaların 4.1.1 və 4.1.2-ci bəndlərinə əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq ailə tərkibi 1 nəfərdən ibarət olanlara 1 otaq, ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara 2 otaq kimi müəyyənləşdirilmişdir. İşin hallarından göründüyü kimi cavabdehlə arasında bağlanmış 7/10A saylı, 15 yanvar 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 61 kv.metrdən ibarət 2 otaqlı 10A saylı mənzil iddiaçının istifadəsinə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 7/10A saylı, 15 yanvar 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi "müqavilə azadlığı” prinsipi əsasında tərəflərin qarşılıqlı razılığı ilə mübahisəyə məhkəmədə baxılan dövrdə bağlanmış və həmin müqavilə bağlanarkən iddiaçının özü könüllü surətdə müqavilənin şərtləri ilə razılaşaraq, hər hansı etiraz etməmiş, müqaviləni öz imzası ilə təsdiq etməklə, şərtləri ilə razılaşdığını qəbul etmişdir. Həmin müqavilədə iddiaçıdan başqa digər iki nəfər ailə üzvünün adının da kirayəçinin ailə üzvlərinin siyahısında qeyd olunması, həmin şəxslərin də iddiaçı ilə birlikdə sözügedən mənzildən istifadə hüquqları yaranmasına əsas vermişdir. Yuxarıda istinad olunan Qaydaların tələblərinə əsasən iddiaçının ailə tərkibi 3 nəfərdən ibarət olduğundan ona 1 otaqlı deyil, 61 kv.metrdən ibarət olan 2 otaqlı mənzil verilmişdir. İddiaçı həmçinin müqavilə əsasında onun istifadəsinə verilmiş mənzilin mənzil deyil qeyri-yaşayış sahəsi, yəni zirzəmi olduğuna istinad edərək, zirzəminin dəyişdirilərək yaşayış üçün yararlı olan mənzilin verilməsini cavabdehdən tələb edir. Halbuki iş materiallarında olan sənədlər və müqavilə əsasında iddiaçının istifadə və sahibliyinə verilmiş ünvan 2 ünvanında yerləşən 61 kv.metrdən ibarət 2 otaqlı 10A saylı ünvanında yerləşən daşınmaz əmlakın zirzəmi kimi deyil, mənzil kimi qeydiyyata alındığı görünür. Sözügedən mənzilin uzun illərdir fasiləsiz olaraq iddiaçının ailə üzvləri ilə birlikdə istifadəsində olması, həmin mənzilin yaşayış üçün yararlı olmasına, qeyri-yaşayış sahəsi olmadığına dəlalət edir. Həmçinin məhkəməyə təqdim edilmiş fotoşəkilə baxış keçirilərkən müəyyən edildi ki, mənzilin yerləşdiyi bina layihə üzrə 1 -ci mərtəbəsi giriş blokundan aşağıda yerləşsə də, lakin birinci mərtəbə üzrə təbii işıqlandırma üçün çölə baxan pəncələr yerləşdirilmişdir. Bu halda göstərilən sahələrin zirzəmi olaraq deyil, yaşayış sahələri olaraq nəzərdə tutulduğunu göstərir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli 10/3502 saylı ekspert rəyindən görünür ki, ekspert tərəfindən tədqiqat obyektinə iddiaçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sonuncu tərəfindən təqdim edilən mənzil binanın sayca birinci mərtəbəsində yerləşir. Binanın girişindən daxil olduqdan sonra pilləkən vasitəsilə aşağı düşülür və mübahisə predmeti olan mənzilə daxil olunur. Mənzilə daxil olduqda dəhliz yerləşir. Mənzilin daxilinə üzbəüz dayanıqda sol tərəfdə hamam-tualet otağı yerləşir. Otağın eni 1,7 metr, uzunluğu 2,85 metr, hündürlüyü 2.45 metrdir. Üzbəüz tərəfdə isə bir-birinə paralel 2 ədəd otaq yerləşir. Dəhliz “Г” şəkilli olmaqla ölçüləri 2 x 2 metr və 2 x 5.1 metr, hündürlüyü isə 3.5 metrdir (ümumi həcmi 49,7 kub. M.). Giriş qapısından daxil olduqda içəri doğru irəlilədikdə dəhlizin sol tərəfi mətbəx kimi istifadə olunur. Belə ki, həmin hissədə mətbəx mebeli quraşdırılmış, soyuducu və digər əsasən mətbəxdə yerləşdirilən avadanlıqlar quraşdırılmışdır. Baxış zamanı mətbəx kimi istifadə olunan hissədə hər hansı qaz avadanlığının istifadə edilmədiyi müəyyən edildi. Həmin hissənin çölə açılan pəncərəsi yoxdur, yalnız qarşı hissəsində olan otağa tərəf 0.5 x 1,1 metr ölçüdə plastik materialdan nəfəslik vardır ki, həmin pəncərə açılıb-bağlanmır. Mətbəx kimi istifadə olunan hissənin havalandırma sisteminin olması görünmür. Yuxarıda qeyd olunduğu kimi dəhlizlə üzbəüz iki otaq yerləşir. Sol tərəfdə yerləşən otağın eni 3,67 metr, uzunluğu 6,5 metrdir. Otağa daxil oduqda üzbəüz divarın mərkəzində 1.6 x 1.8 kv. metr ölçüdə plastik materialdan hazırlanmış çölə açılan pəncərə vardır. Daha sonra digər otağa baxış keçirilmişdir. Otağın eni 3,1 metr, uzunluğu 6,5 metrdir. Digər otaqda olduğu kimi bu orağın da girişdən üzbəüz divarında 1.6 x 1.8 metr ölçüdə plastik materialdan hazırlanmış çölə açılan pəncərəsi vardır. Hər iki otağın hendürlüyü 3.5 metrdir. Sonuncu qeyd olunan otaqda, pəncərənin qarşısında 01 stolüstü qaz plitəsi quraşdırılmışdır. Plitənin 03 ədəd gözü qazla, 01 ədəd gözü isə elektriklə işləyir. Həmin plitə qaz xəttinə birləşdirilmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “cavabdeh tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin-zirzəminin dəyişdirilərək, yaşayış üçün yararlı olan mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5220/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5220/2021
04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver