Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5221/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ödənilməyən sosial yardımın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ailəsinin büdcəsindən kəsilən 7192 manat pulun ona qaytarılması və gələcəkdə belə hallara yol verilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsinin könüllü iştirakçısı olmuşdur və veterandır. 2-ci dərəcəli iş qabiliyyətsiz əlildir. 2018-2019-cu illər ərzində 5 nəfərdən ibarət ailəsi ünvanlı dövlət sosial yardım almışdır. 2018-ci ildə bir nəfər üçün ehtiyac meyarı 130 manat olsa da, DSMF tərəfindən ailəyə cəmi 205 manat (41x5) sosial yardım ödənilmişdir. DSMF tərəfindən ona 130x5=650 manat ödəniş edilməmişdir. 2018-ci ilin son 3 ayı ərzində cəmi 61 manat əlillik üzrə müavinət almışdır. 2019-cu ildə ehtiyac meyarı 145 manat nəzərdə tutulsa da, ailə üzvlərinə cəmi 205 manat sosial yardım verilmişdir. 2019-cu ildə o, 80 manat veteranlar üçün verilən təqaüd, 130 manat əlilliyə görə müavinət almışdır. 2020-2021-ci illər ərzində 4 nəfərdən ibarət olan ailənin gəliri 80 manat veteranlığa görə təyin olunan təqaüd, 130 manat isə əlilliyə görə ödənilən müavinət olmuşdur. Ailəsi hazırda 270 manat sosial yardım alır. 2020-ci il üçün ehtiyac meyarı 160 manat, 2021-ci il üçün ehtiyac meyarı 170 manatdır. Göstərilənlərə əsasən DSMF tərəfindən 2018-2019-cu illər ərzində 4872 manat, 2020-2021-ci illər ərzində 2320 manat sosial yardım kəsilmişdir. Məhkəmənin 07.06.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçıya ödənilən sosial yardımın məbləğinin qanuna uyğun olduğu göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda ona ödənilən ünvanlı dövlət sosial yardımın məbləğinin az olmasına istinad edərək ödənilməyən məbləğin ona verilməsini tələb edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı cavabdehin yerləşdiyi yer üzrə müvafiq məhkəməyə müraciət etmiş, belə bir iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmuş, məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. Belə ki, iddiaçı 02.02.2021-ci il tarixdə cavabdeh orqanın rəhbərinə müvafiq müraciət ünvanlanmış, bununla bağlı qəbzi məhkəməyə təqdim etmiş, cavabdeh həmin müraciəti baxılması üçün Dövlət Sosial Müdafiə Fonduna göndərmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, işdə olan 9 saylı tibbi sosial ekspert komissiyasının məlumatına əsasən iddiaçıya 30.06.2016-cı il tarixdə 30.06.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir, o, əmək qabiliyyətsizdir. İddiaçının hazırkı tələbi 2018-ci ilin son üç ayı, 2019-cu il, 2020-ci il və 2021-ci ilin üç ayı üzrə ona ödənilən sosial yardım məbləğinin qanunvericliklə nəzərdə tutulmuş məbləğdən az olması səbəbindən ödənilməyən məbləğin ona verilməsidir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 8.1-ci maddəsinin 24.02.2015-ci il tarixdən 20.06.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Belə olan halda iddiaçının müraciətinə qiymət verilərkən onun ünvanlı sosial yardım aldığı dövrlər iki illik dövrlərə bölünməklə, şərti olaraq 01.10.2017-01.09.2019-cu illər İ dövr, 01.02.2020-01.02.2021-ci illər isə İİ dövr olmaqla qruplaşdırılmalıdır. Məhkəmə bildirir ki, Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun: - 1.0.1-ci maddəsinə əsasən ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; - 1.0.3-cü maddəsinə əsasən ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; - 1.0.4-cü maddəsinə əsasən ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; - 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. - 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin olunur. - 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. - 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən sosial yardım almaq hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanunun 1-ci maddəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanunun 1-ci maddəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Habelə “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən isə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri həmin bənddə göstərilən səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Qaydaların 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ dərəcə əlilliyi olan şəxs ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R+RM Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; Sadalalan normalardan görünür ki, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Lakin əgər ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəlir Qaydalarda qeyd olunan düstur üzrə müəyyənləşdirilən məbləğdən azdırsa, ailənin adambaşına düşən orta aylıq gəliri həmin Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür ( istisnadır: 1. ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr; 2. 2 və daha çox sağlamlıq imkanları məhdud şəxs ailə üzvü olan ailələr; 3. 2 və daha çox İ və İİ dərəcə əlilliyi olan şəxs ailə üzvü olan ailələr). a) İ dövr üzrə sosial yardımın məbləği İddiaçının qeyd etdiyinə, habelə bəyan etdiyinə əsasən İ dövr üzrə onun ailəsinin yeganə gəlir mənbəyi ikinci dərəcə əlil kimi aldığı müavinət olmuşdur ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli 973 saylı Fərmanına əsasən həmin vaxt ikinci dərəcə əlilliyi olanlara 50 manat müavinət ödənilirdi. Həmin dövrdə iddiaçının ailə tərkibi 5 nəfərdən ibarət olmuşdur (iddiaçının özü, arvadı 1985-ci il təvəllüdlü X2, oğlu 2003-cü il təvəllüdlü X5, qızı 2007-ci il təvəllüdlü X3, oğlu 2011-ci il təvəllüdlü X4). Belə olan halda İ dövr üzrə onun ailəsinin adambaşına düşən orta aylıq gəliri 10 manat olmuşdur (50 ÷5=10 manat). Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlir isə 74.82 manat edir (155×(30%+11.7%+6.1%)+(44÷12÷5)=155×47,8%+0.73 manat = 74.82 manat; burada 44 manat ailənin ev telefonu və mobil telefon üçün son 12 ay ərzində xərcinin cəmi məbləğidir ki, bu məbləğ Qaydaların 1.3-cü bəndində göstərilən dövlət oranların eletron formada əldə edilmişdir.) İddiaçının ailəsi istisnada göstərilən ailələrə aid edilmədiyindən və onun ailəsinin adambaşına düşən orta aylıq gəliri (10 manat) Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlirdən (74, 82 manat) az olduğundan Qaydaların 5.22-ci bəndi əsas alınmalı, ailənin adambaşına düşən orta aylıq gəliri Qaydalarla müəyyən edilmiş məbləğdə götürülməlidir. Belə olan halda İ dövr üzrə iddiaçıya ödənilməli sosial yardımın məbləği 2017-ci ilin ehtiyac meyarının həddi ilə Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlirin fərqinin ailə üzvlərinin sayına vurulmasında əldə edilən rəqəm, yəni 205,88 manatdır ((116-74,82)×5= 205,88 manat). Qanunun 2017-ci ildə qüvvədə olan redaksiyasına əsasən sosial yardım iki illik təyin edildiyindən iddiaçıya 01.10.2017-01.09.2019-cu il üzrə 205,88 manat ödəniş etməkdə cavabdeh haqlı olmuşdur. b) İİ dövr üzrə sosial yardımın məbləği Yuxarıda qeyd edilənlər analoji olaraq İİ dövr üzrə də keçərli olmuşdur. Belə ki, iddiaçı ilə X2 arasında olan nikah 27.11.2019-cu il tarixdə pozulmuş, İİ dövr üzrə iddiaçının 4 ailə üzvü olmuşdur. Habelə işdə olan 084469 nömrəli vəsiqədən görünür ki, iddiaçıya 06.07.2018-ci il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Qeyd olunanlara əsasən iddiaçının 01.02.2020-29.03.2021-ci illər arasında gəliri əlilliyə görə müavinət (130 manat) və 01.04.2019-cu il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə ödənilmiş 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü olmaqla, cəmi 210 manat olmuşdur. Belə olan halda onun İİ dövr üzrə ailəsinin adambaşına düşən orta aylıq gəliri 52.5 manat olmuşdur ((130+80)÷4=52.5 manat). Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlir isə 74.82 manat edir (190×(30%+11.7%+6.1%)+(72÷12÷4)=190×47,8%+1.5 manat= 92.32 manat; burada 72 manat ailənin ev telefonu və mobil telefon üçün son 12 ay ərzində xərcinin cəmi məbləğidir ki, bu məbləğ Qaydaların 1.3-cü bəndində göstərilən dövlət oranların eletron formada əldə edilmişdir). İİ dövr üzrə də iddiaçının ailəsi istisnada göstərilən ailələrə aid edilmədiyindən və onun ailəsinin adambaşına düşən orta aylıq gəliri (52.5 manat) Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlirdən (92.32 manat) az olduğundan Qaydaların 5.22-ci bəndi əsas alınmalı, ailənin adambaşına düşən orta aylıq gəliri Qaydalarla müəyyən edilmiş məbləğdə götürülməlidir. Belə olan halda İİ dövr üzrə iddiaçıya ödənilməli sosial yardımın məbləği 2020-ci ilin ehtiyac meyarının həddi ilə Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlirin fərqinin ailə üzvlərinin sayına vurulmasında əldə edilən rəqəm, yəni 270.72 manatdır ((160-92.32)×4= 270.72 manat). Qanunun 2020-ci ilin fevral ayında qüvvədə olan redaksiyasına əsasən sosial yardım iki illik təyin edildiyindən cavabdeh iddiaçıya 01.02.2020-29.01.2021-ci illər üzrə 270.72 manat ödəniş etməkdə də haqlı olmuşdur. Beləliklə, işin sadalanan hallarından göründüyü kimi, cavabdeh orqan iddiaçıya sosial yardım hesablayarkən qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq çıxış etmiş, ödənilən məbləğ mövcud qanunvericiliyə uyğun olmuşdur. İddiaçı iddia ərizəsində ehtiyac meyarının dəyişdiyini və buna uyğun olaraq sosial yardımın hər il üçün hesablanmalı olduğunu bildirsə də, Qanunun iddiaçının cavabdehə müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyasına əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin edilməsini nəzərə almamışdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5221/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5221/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver