Məhkəmə qərarları › İş №2-1(112)-5222/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5222/2025

28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5222/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı X6 (bundan sonra – iddiaçı) ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatının aparılması və uçota alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-49/2-M-32897/11 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvana qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) iddiaçının tərəfindən cavabdehin QMJB-nə təqdim olunması vacibdir. Lakin iddiaçı tərəfindən göstərilən sənədlər Sabunçu Rayon Polis İdarəsinin QMB-nə təqdim olunmadığından həmin ünvana qeydiyyata alınmaları imkan xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və ailə üzvlərinin yaşayış yeri üzrə daimi pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında iddiaçı, oğlu- X9, gəlini- X7 uzun müddətdir ki, qeydiyyatsız yaşayaraq, mənzilin məişət (su, qaz, işıq, kanalizasiya, mülk və torpaq vergisi) xidmətlərinə aid olan kommunikasiyalarını ödəyərək, əlavə yaşayış yerlərinin olmamasına baxmayaraq dəfələrlə yaşadıqları ünvana pasport qeydiyyatına alınmaqları barədə etdiyi şifahi xahişlərə, eləcə də yazılı müraciətinə cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının mübahisəli ünvana qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: -şəxsiyyət vəsiqəsi; -yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidi Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdən görünür ki, iddiaçı hazırda qeydiyyata alınma ilə bağlı yuxarıda istinad olunan sənədlərdən hər hansı birini təqdim etməmişlər. Belə ki, iş materiallarında olan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-18-9/2- 43/2025 nömrəli məktubundan görünür ki, nümayəndəlikdəki mövcud ev kitablarına əsasən, ünvan 5 özbaşına tikilidir, heç bir hüquqi təsdiqedici sənədi yoxdur. X1 xx.xx.2006-cı il tarixdən 5 (beş) nəfər ailə tərkibi ilə birlikdə məhkəmə qətnaməsi ilə qeydiyyata alınıb və hal-hazırda da həmin ünvanda yaşayırlar. İddiaçı isə özbaşına tikilidə ünvansız evdə yaşayır. Əmlaka məxsus kommunal xidmətlərdən yalnız ADSEA onun adınadır (keçmiş soyadı Fərəcova ilə qeydə alınıb). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6848/2025 nömrəli məktubundan görünür ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi Bakı şəhəri 4 saylı DNK-nın 3D-475 reyestr nömrəli xx.xx.1991-ci il tarixli bağışlama müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X2 və X4 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd olunanlardan müəyyən edilir ki, iddiaçının qeydiyyata alınmasını xahiş etdiyi əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, özbaşına tikili olmaqla, iddiaçının hazırda qeydiyyata alınmasını xahiş etdiyi ünvan 5 ünvan rekvizitinə malik deyil. Həmin ünvan digər şəxsin (əsasən X5) mülkiyyətində olan daşınmaz əmlaka məxsusdur. İddiaçı isə özbaşına tikili olan ünvansız fərdi yaşayış evində yaşayır və həmin ünvana qeydiyyata alınmaq istəyir. Belə olan halda aydın olur ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birinə malik deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan məhz göstərilən normaya əsasən müvafiq sənədlərin təqdim edilməsinin zəruri olduğunu bildirməklə müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçıın həmin ünvanda yaşamaqla kommunal xidmətlərə görə haqq ödəməsi Qanunun 5-ci maddəsində göstərilən sənədləri əvəz edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə yuxarıda istinad olunan normalara əsasən cavabdehin imtinasını qanuna uyğun hesab edir və belə nəticəyə gəlir ki, iddiaçı qeydə alınmasını tələb etdiyi evə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməməklə aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar