Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5224/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, iddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyətnın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən, icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı sərancamının qəbul edildiyi andan “icarə əsasında” əsasında hissəsində və Bakı şəhər İcra Hakimiyyəti ilə "X1" MMC arasında bağlanmış 1638 saylı, 05 fevral 2021-ci il tarixli icarə müqaviləsinin bağlandığı andan etibarsız ayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 4 nömrəli müraciəti, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1/188 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-4956 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********73 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi "Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2019-cu il tarixli aktını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq ünvan 1 ünvanında yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 13 saylı sərancam verilmişdir. Qeyd olunan sərancamdan sonra ünvan 1 ünvanında yaşayış binasının tikintisi məqsədilə 8.000 kv.metr torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında 05 fevral 2021-ci il tarixində 1638 saylı icarə müqaviləsi bağlanmışdır. 05 fevral 2021-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən 8.000 kv.metr olan torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə 49 il müddətinə bağlanmışdır. Qeyd edilən müqavilənin 7.2 bəndində qeyd edilmişdir ki, illik icarə haqqı 37.065 (otuz yeddi min altmış) manat 60 qəpik təşkil edir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq 2021-ci il tarixində illik icarə haqqı olaraq 33.917,56 manat pulu dövlət xəzinadarlığına ödəmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən 8.000 kv.metr olan torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Lakin qeyd olunan ərazidə 78 mənzil və 78 ailə yaşamışdır. Sakinlərin hər biri ilə iddiaçı tərəfindən fərdi qayda da müqavilə bağlanılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı hər bir mənzil sahibinə mülküyyətində olduğu kv.metr sahənin üzərinə 20-30 kv.m əlavə sahə tikib təmirli vəziyyətdə verməklə öhdəlik götürmüşdür. Hal-hazırda tikinti işləri başa çatmaq üzrədir və iddiaçı sakinlər qarşısında götürülən öhdəliyi vaxtında yerinə yetirməyə çalışır. Qeyd olunan 8.000 kv.metr olan torpaq sahəsi əvvəlcədən də sakinlərin istifadəsində olmuşdur. İddiaçı da tikintini başa çatdıraraq həmin sahəni sakinlərin istifadəsinə verir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, AR Torpaq Məcəlləsinin 6-cı bəndində təsbit olunur ki, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Bu baxımdan sözügedən torpaq sahələri əvvəllər həmin ərazidə yaşayan vətəndaşların istifadələrində olmuş və həmin istifadə mənfəət əldə etmək məqsədi daşımadığından əvəzsiz olmuşdur. Hazırkı halda isə iddiaçı qanunvericiliyin tələbini əksinə dəyərləndirərək onun da istifadəsinin orada yaşayan şəxslərin hüquqlarından törəmə kimi dəyərləndirib səhv nəticəyə gəldiyindən iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə verdiyi izahatında iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir: 1. Yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı sərəncamının qəbul edildiyi andan “icarə əsasında” hissəsində etibarsız sayılması; 2. Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 1638 saylı, xx.xx.2021-ci il tarixli torpaq icarə müqaviləsinin bağlandığı andan etibarsız sayılması. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia hər iki tələb üzrə mümkün sayılmamalıdır. Məhkəmə iddianın birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Həmin Məcəllənin: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -36.1-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. -38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Qeyd olunan normaların tələblərinə və Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərə həm də iddiaçının hüquqi marağının nədən ibarət olması, eləcə də iddianın qanunla müəyyən edilmiş müddətdə verilib-verilmədiyinin müəyyən edilməsi daxildir. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisəyə münasibətdə iddia tələbi qərarın həm də etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçının hüquqi marağı ən azı qısa müddət ərzində belə inzibati aktın yaratdığı hüquqi nəticələr görüntüsünün aradan qaldırılmasına yönəlməlidir. Yəni iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı yalnız qanunda birbaşa nəzərdə tutulmuş müəyyən şərtlər daxilində mümkündür. Belə ki, iddiaçı hazırkı halda iddiaçı xx.xx.2021-ci il tarixli sərəncamı 2 (iki) ilə yaxın müddət keçdikdən sonra qismən etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırır. Hansı ki, həmin sərəncam iddiaçının öz iradə ifadəsi nəzərə alaraq verilmiş, iddiaçı bu inzibati aktla razılaşmış, onu bəyənmiş və ötən müddət ərzində mübahisələndirməmişdir. Bu baxımdan, etibarsızlığın tanınması ilə bağlı yuxarıda qeyd edilən şərtlər (ən azı qısa müddət ərzində tanınma marağı) hazırkı mübahisəyə münasibətdə mövcud deyildir. Belə ki, İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Məhkəmənin qənaətinə görə, hazırkı iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının hüquqi marağı mübahisələndirdiyi inzibati aktın qismən ləğv edilməsinə yönəlmişdir. Hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu baxımdan iddiaya mübahisələndirmə növündə baxılmalı və inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddəti tətbiq edilməlidir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın mübahisələndirilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı sərəncamın verildiyi qeyd olunan müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı mübahisələndirdiyi sərəncamdan təkzibolunmaz sübutlarla məlumatlı olduğundan irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçının digər tələbi tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış torpaq icarəsi haqqında müqavilə əsasında yaranmış icarə hüquq münasibətlərinin bağlandığı andan etibarsız hesab edilməsi barədədir. “İnzibati və mülki hüquq münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenum qərarının 17-ci bəndində göstərilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də iddiaçının icarə hüquq münasibətlərinə etibarsız sayılması barədə tələbi icarə müqaviləsindən irəli gələn tələb olduğuna görə həmin tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia həmin hissədə də mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uzun müddət mövcud olan sərəncama qarşı zamanında iddia qaldırılmaması həmin hüququn itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarmışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5224/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5224/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver