Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5225/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (Aliev İbad) xx.xx.1964-cü il tarixində Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Rusiya Federasiyasının vətəndaşıdır. X2 1930-cu ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş və xx.xx.2000-ci ildə vətəni Azərbaycan Respublikasında vəfat etmişdir. X1 1937-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuş, xx.xx.2019-cu ildə Azərbaycan Respublikasında vəfat etmişdir. İddiaçı tərəfindən özünün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı cavabdehə rəsmi formada müraciət edilsə də, müraciəti təmi edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində (etirazında) bildirmişdir ki, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı hazırkı iddiasının heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxsin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsrin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı hazırkı tələbi ilə bağlı əvvəlcə cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Belə ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. -İİİ-РЭ№098845 saylı, 10 may 1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 25 aprel 1965-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuşdur, X2, X1dır. -Rusiya Federasiyası vətəndaşının xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2030-cu il tarixədək qüvvədə olan 76 3011442№li pasportunun surətindən görünür ki, 25 aprel 1964-cü il təvəllüdlü Əliyev X12 Federasiyasının vətəndaşıdır. -Bolnisi rayon Yırğançay VVAQ idarəsi tərəfindən xx.xx.1961-ci il tarixdə verilmiş İİ- РЭ №172115 saylı doğum haqqında nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. -AZE seriyalı, 01286835 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 XX.XX.1937-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayounda doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -Sabunçu rayon İHB Ramana qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2000ci il tarixli, AZ seriyalı 035111 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. -Azərbaycan Respublikası 4 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ seriyalı 997879№-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. -Azərbaycan SSR X6 Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilən 30 mart 1989-cu il tarixli 30/818 №li qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyən müəyyənləşdirilməsi üçün ərizə-anketdən görünür ki, İddiaçı 25 aprel 1964-cü il tarixdə Gürcütan Respublikasın doğulmuş, hazırkı vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-ə kimi heç bir ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmamış, mütəmadi olaraq ölkə ərazisinə gedib-gəlmişdir, hal-hazıradək Rusiya Federasiyasında yaşayır. -Dövlət Miqrasiya Xidməti-Sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçının mütəmadi olaraq X9 aeroportundan Rusiya Federasiyası istiqamətində çıxışları olmuşdur. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın: -1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. -1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. -4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inziabti orqan iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh DMX-nin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuş (vətəndaşıdır) və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu da onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” BMT Konvensiyasının (Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 105-İQ nömrəli Qanunu ilə bu Konvensiyaya qoşulmuşdur) tələblərinə ziddir. Göründüyü kimi, adıçəkilən “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” BMT Konvensiyasının tələblərinə müvafiq olaraq və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi onu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) göstərilən əsaslarla Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5225/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5225/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver