Məhkəmə qərarları › İş №2-1(112)-5226/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5226/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5226/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı ailəsi ilə birlikdə 1990-cı ildən hal-hazıradək Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı evin 16 saylı mənzilində Bakı şəhəri Xətai RİH-in razılığı ilə yaşayır. Mənzilin bütün kommunal xərcləri onun anası X3 tərəfindən ödənimişdir. Tamamzar Sultanova 17 noyabr 2018-ci il tarixdə vəfat etmişdir və bu barədə AZ-İ seriyalı 980772 nömrəli “Ölüm haqqqında şəhadətnamə” verilmişdir. Mərhumun adından kommunal xərclərin ödənilməsinə dair qəbzlər mövcuddur. İddiaçı mənzilin kirayə müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, bununla bağlı Bakı şəhəri Xətai RİH-ə müraciət etsə də, qurum məsələnin həllindən imtina etmiş və məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İddiaçı yaşadığı 31 il ərzində mənzili dəfələrlə təmir etdirmişdir. Onun həmin mənzildən baxşqa yaşayış yeri yoxdur. Daimi qeydiyyatda olduğu həmin mənzildə uzun illər yaşamaqla istifadə hüququ əldə edib, kirayə müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələri həyata keçirmişdir. Ona görə də həmin mənzilə dair hüquq və vəzifələrin faktiki daşıyıcısıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 43, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 178.6-cı maddələrinə, İPM-in 33, 35-ci maddələrinə əsaslanaraq, iddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı evin 16 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 fevral 2022ci il tarixli məktubunda bildirilir ki, İddiaçı müraciətində Xətai RİH-in şifahi razılığı ilə 1990-cı ildən mübahisəli olan Xətai rayonu, X.Məmmədov küçəsi, 29 saylı evin 16 saylı mənzilində 31 il fasiləsiz yaşadığını və həmin mənzildə dəfələrlə əsaslı təmir işlərinin onlar tərəfindən aparıldığını bildirərək, mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb edir. İddiaçının Bakı şəhəri Xətai RİHin razılığı əsasında mübahisəli mənzildə yaşamasını sübut edən hüquqi sənədi təqdim edə bilməməsi (qərar, order, sərəncam və s.) iddianın əsassız olmasını təsdiq etmək üçün əsasdır. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məıcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidədövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarında olan Bakı şəhəri Xətai RİH-in 12 aprel 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Xətai rayon MKTB 82 saylı MKİS-in 5 aprel 2022-ci il tarixli arayışında bildirilir ki, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı evin 16 saylı mənzilinin keçmiş sahibi X1muşdur. O, 1990-cı ildə mənzili tərk edib getmişdir. Həmin vaxtdan sözügedən mənzildə İddiaçı və ailə üzvləri (özü, qardaşı, arvadı, oğlu, gəlini, qardaşı övladları) yaşayır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış müvafiq sorğuya 8 aprel 2022-ci il tarixli cavab məktubunda bildirilir ki, ünvan 3 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarından görünür ki, X3 17 noyabr 2018-ci il tarixdə vəfat etmişdir və bu barədə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən həmin tarixli AZ-İ seriyalı 980772 nömrəli “Ölüm haqqqında şəhadətnamə” verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 29 saylı evin 16 saylı mənzilinin kommunal xərclərinin (su, işıq) ödənilməsi barədə qəbzlər mövcuddur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, həm 1 oktyabr 2009-cu il tarixədək, həm də qeyd olunan tarixdən sonrakı dövrdə (hazırda da) qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları kirayəcinin olmadığı halda, onun birlikdə orada yaşamış şəxslərin ümumi razılığı əsasında birinin kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, iddiaçı əvvəlki kirayəçinin ailə üzvü və ya onuna birlikdə təsərrüfat aparan şəxs qismində deyil, məlum hadisələrlə əlaqədar boş olan mənzildə faktiki olaraq yaşayan şəxsdir və onunla mənzil kirayə müqaviləsi bağlanmasa da, belə müqavilədən irəli gələn vəzifələr müəyyən həcmdə yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı evin 16 saylı mənzilində tək qeydiyyatda olmaqla yaşayan şəxs kimi orada uzun müddət təsərrüfat apardığından, mənzilin balans saxlayıcısı olan orqan Bakı şəhəri Xətai RİH-dən onun həmin mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Xətai RİH-in “iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanması”ndan imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı evin 16 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 saylı evin 16 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar