Məhkəmə qərarları › İş №2-1(112)-5228/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5228/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5228/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndələri X2 və X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi (bundan sonra – İddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 2018-2019-cu illərdə aparılmış gömrük əməliyyatları nəticəsində yaranmış, ümumilikdə 14070,74 manat məbləğində dəbbə pulu üzrə borcun tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə cavabdeh "xxxx" ASC-nin əmlakına və bank hesablarına 14070,74 manat məbləğində həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Almaniyadan “Siemens AG” şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilən və "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli **********5818 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 66250,34 Avro olan 6 adda mal, **********5852 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 91194,81 Avro olan 100 adda mal, **********5904 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 7568,49 Avro olan 11 adda mal, **********5974 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 155069,30 Avro olan 100 adda mal, xx.xx.2018-ci il tarixli **********7486 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 47137,04 Avro olan 100 adda mal, **********7490 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 136644,96 Avro olan 26 adda mal, xx.xx.2018-ci il tarixli **********0055 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 8811,52 Avro olan 12 adda mal, **********0099 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 88740,09 Avro olan 98 adda mal, xx.xx.2018-ci il tarixli **********1760 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 260648,08 Avro olan 82 adda mal, **********1957 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 223960,70 Avro olan 77 adda mal, xx.xx.2018-ci il tarixli **********4851 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 21094,00 Avro olan 5 adda mal, Yaponiyadan “X4 Systems LTD” şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilən və "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli **********0057 sorğu nömrəli gömrük bəyannaməsi əsasında invoys dəyəri 4800,00 Avro olan 1 adda mal, xx.xx.2018-ci il tarixli **********3583 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 34084,00 Avro olan 19 adda mal, xx.xx.2018-ci il tarixli **********9648 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 11785,65 Avro olan 6 adda mal, xx.xx.2018-ci il tarixli **********7139 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 1978,00 Avro olan 2 adda mal, xx.xx.2018-ci il tarixli **********9527 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 12624,35 Avro olan 2 adda mal, Rusiya Federasiyasının “Max Motors LLC” şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilən və "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli **********5275 sorğu nömrəli gömrük bəyannaməsi əsasında invoys dəyəri 809868,77 Rusiya rublu olan 10 adda mal, X1 “Hi-Force FZCO” şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilən və "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli **********4686 sorğu nömrəli gömrük bəyannaməsi əsasında invoys dəyəri 4376,00 ABŞ dolları olan 1 adda mal müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilərək, müəyyən olunmuş müddət ərzində malların geri qaytarılması üzrə öhdəlik əsasında buraxılmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixədək fəaliyyəti üzrə keçirilmiş auditin nəticəsinə əsasən tərtib olunmuş 24 sentyabr 2021-ci il tarixli aktın 24 nömrəli qoşmasında və xx.xx.2022-ci il tarixli, 1000-160/0xx-xx/019780 nömrəli məktubu ilə daxil olmuş siyahıda göstərilən "xxxx" ASC tərəfindən qeyd olunan gömrük bəyannamələri ilə müvəqqəti idxal olunmuş mallara görə “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli, 245 nömrəli Qərarının tələblərinə uyğun olaraq, həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında cəmi 38549,90 manat aylıq gömrük ödənişlərin ödənilməsinin gecikdirilməsi nəticəsində 14070,74 manat dəbbə pulu hesablanmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/000815 qeydiyyat nömrəli gömrük borcunun ödənilməsinə dair bildiriş əsasında 38549,90 manat gömrük ödənişi ödənilsə də, gömrük bocunun gecikdirilməsi nəticəsində yaranan 14070,74 manat dəbbə pulu üzrə borc ödənilməmişdir. Hazırkı mübahisə üzrə iddiaçı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinin tələblərini nəzərə almaqla mübahisənin məhkəməyə qədər nizama salınması üçün 14070,74 manat dəbbə pulu üzrə borcun ödənilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən cəmiyyətə xx.xx.2023-cü il tarixdə 3-33- 3100/2-005775/2023 nömrəli məktub ünvanlansa da, cavabdeh tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması üçün hər hansı tədbir görülməmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibətlərini məhkəməyə təqdim etməmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndələri iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Cavabdeh ASC tərəfindən 2018-ci il ərzində müvafiq gömrük bəyannamələri ilə müvəqqəti idxal olunmuş mallara görə “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013cü il tarixli, 245 nömrəli Qərarının tələblərinə uyğun olaraq, həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında, cəmi 38549,90 manat aylıq gömrük ödənişlərin ödənilməsinin gecikdirilməsinə görə cavabdeh tərəfindən 14070,74 manat dəbbə pulu hesablanmışdır. Hazırda iddiaçı həmin pulun tutularaq büdcəyə ödənilməsinin təmini məqsədilə cavabdehin əmlakına və bank hesabına hesablanmış dəbbə pulu məbləğində həbsin qoyulmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə, hazırkı iş üzə iddianı mümkünlülük məsələsi yoxlanılarkən iddiaçı tərəfindən tələb edilən gömrük borcunun yaranma əsasları baxımından qiymətləndirmir. Məhkəmə hazırkı halda yalnız iddia edilən gömrük borcunun ödənilməsinin təmini üçün cavabdehin əmlak və bank hesabına həbsin qoyulmasına dair tələbinin inzibati hüquq münasibətlərindən irəli gələn, publik hüququn müdafiəsi məqsədilə inzibati məhkəmə icraatında inzibati orqanın qaldıra biləcəyi və İPM-nin 2.2-ci maddəsi ilə tənzimlənən iddia növlərindən olub-olmaması baxımından qiymətləndirir. İddiaçı hazırkı iddia ilə inzibati məhkəməyə müraciət etməsinin hüquqi əsas kimi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.4-cü madddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə görə gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Həmin Məcəllənin 247.5-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin “Gömrük borclarının alınması və məsuliyyət tədbirləri”ni tənzimləyən: -243.1-ci maddəsinə əsasən gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. -243.4-cü maddəsinə əsasən bu Məcəllənin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim olunduğu tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir. -249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. -249.2-ci maddəsinə görə gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. -249.3-cü maddəsinə görə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. -249.4-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Qeyd edilən normalardan görünür ki, gömrük orqanının gömrük borcunun yarandığına istinad edərək ödənilməmiş gömrük borcunun alınması ilə bağlı müvafiq tədbirləri görmək hüququ vardır. Belə ki, yuxarıda adıçəkilən Gömrük Məcəlləsinin 249.3-cü maddəsi ilə vaxtında ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə gömrük orqanı tərəfindən alınmasının məcburi üsulu kimi, gömrük orqanlarının icra sənədi əsasında gömrük borcunun ödəyicinin bank hesablarından tutulması nəzərdə tutulmuşdur. Gömrük orqanının qeyd edilən bu səlahiyyəti eyni zamanda “İnzibati icraat haqqında” Qanunla inzibati orqanlara pul tələblərinin ödənilməsi ilə bağlı verdiyi səlahiyyətlərə də uyğundur. Belə ki, İİQ-nun: - 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. -81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. -82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi, inzibati hüquq münasibətlərindən irəli gələn, inzibati orqanların bilavasitə inzibati icraatla bağlı olan pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul edib təqdim etmək səlahiyyəti vardır və inzibati orqan, hazırkı halda iddiaçı cavabdehdən pul tutulması ilə bağlı qəbul etdiyi qərarı məhkəmə mübahisəsi açmadan (məhkəmədənkənar) özü icraya yönəldə, bununla bağlı müvafiq banka sərəncam verə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2013-cü il tarixli 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”nın 4.6-cı bəndinə əsasən nağdsız hesablaşmalar bu Təlimatın 3.1-ci bəndi ilə nəzərdə tutulmuş formalarda həyata keçirilərkən aşağıdakı ödəniş sənədlərindən istifadə edilir: 4.6.4. vergi və gömrük orqanlarının sərəncamları. Təlimatın 8.13-cü bəndinə əsasəsn Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə müvafiq olaraq vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Beləliklə, Gömrük Məcəlləsinin 294.3-cü maddəsi bilavasitə publik hüquqdan irəli gələn gömrük rəsmiləşdirilməsi ilə bağlı yaranmış gömrük borcunun ödənilməsinin üsulu qismində çıxış edir. Bu üsul özlüyündə konkretdir və nəticə etibarı ilə qeyd edilən icra ödənişi sənədinin verilməsi ilə bank hesabından gömrük borcunun ödənilməsi icra olunur. GM-nin 249.3-cü maddəsi məhz gömrük borcunun icrasının üsulu kimi banklara icra sənədinin verilməsini tənzimləyir. Burada tələb edilən borc publik hüquqla tənzimlənən sahibkarlıq fəaliyyəti üzrə gömrük rəsmiləşmələrindən yaranan gömrük borcudur. Bundan fərqli olaraq Məcəllənin 249.4-cü maddəsi gömrük borcunun icrasını təmin etmir, yalnız ödəyicinin bank hesabına həbsin qoyulması ilə məhdudlaşır. Məcəllənin 249.3-cü maddəsində bank hesabından gömrük borcunun tutulması inzibati mübahisənin həllini ifadə edir. 249.4-cü maddəsində “həbs qoyulma barədə tələb” isə özlüyündə “müvəqqəti” tədbiri ifadə edir və müstəqil mənada publik hüquqdan irəli gələn inzibati mübahisəni həll etmir, sonlandırmır. Maddədə “məhkəmədə iddia qaldırır” ifadəsi işlənməsi isə qeyd edilən tədbirin müstəqil iddia qismində qəbul edilməsini və nəticə etibarı ilə inzibati məhkəmə icraatında iddianı mahiyyəti üzrə həll edən “qərar” formasında məhkəmə aktının qəbul edilməsini də ifadə etmir. Məhkəmə hesab edir ki, sözügedən 249.4-cü maddənin məhz inzibati məhkəmə icraatında, müstəqil iddia icraatı qaydasında baxılmamasını açıqlayan həmin maddədə həbsin qoyulması ilə bağlı ərizənin verildiyini tənzimləyən “qanunla nəzərdə tutulmuş hallarda” ifadəsidir. “Qanunla nəzərdə tutulmuş hallarda” ifadəsi 249.4-cü maddəsinin hansı məhkəmə icraatında və ya hansı hallarla bağlı tətbiq edilməli olduğuna dair qanunvericiliyə göndəriş edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. Məcəllənin 4.1-ci maddəsinə əsasən gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Cinayət Prosessual Məcəllənin aşağıdakı maddələrinə əsasən: -18.3. Cinayət təqibi gedişində pul cəriməsinin tətbiqi, habelə əmlak üzərinə həbs qoyulması məhkəmənin qərarı ilə həyata keçirilir. -248.3. Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur -249.1. Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. -249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Mülki Prosessual Məcəllənin : -158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: -158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq (...) Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 1000/010 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi haqqında Əsasnamənin 3.1.45-ci bəndinə əsasən əsasən Baş İdarə istintaq işi ilə əlaqədar qanunla müəyyənləşdirilmiş qaydada poçt, teleqraf və digər göndəriçlər üzərinə həbs qoyulmasını, (.....) əmlak üzərinə həbs qoyulmasını, (....) təmin edir. Qeyd edilənlərdən çıxış edərək məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmlak üzərinə, o cümlədən bank hesabına həbsin qoyulması ilə bağlı istintaq hərəkəti qismində, məsələn Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin apardığı cinayət işinin ibtidai araşdırması zamanı fiziki şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmini məqsədilə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olan “əmanət” hesabında olan pul vəsaitinə həbsin qoyulması barədə müstəntiqin məhkəmədə vəsatət qaldırılmasına yol verilir. Başqa sözlə GM-nin 249.4-cü maddəsində qeyd edilən “qanunla nəzərdə tutulmuş hallarda” ifadəsi məhz cinayət prosessual qanunvericilklə nəzərdə tutulmuş müvəqqəti tənzimlənmə tədbiri olan həbsin qoyulmasını ehtiva edir. Məhkəmə qeyd edir ki, əgər məqsəd inzibati hüquqla bağlı olan, bilavasitə sahibkarlıq fəaliyyətindən irəli gələn gömrük rəsmiləşmələri ilə bağlı yaranmış borcun ödənilməsinin təmin edilməsidirsə, bunun üçün gömrük orqanlarının yuxarıda da qeyd edildiyi kimi bilavasitə məhkəmədə iddia qaldırmadan müstəqil qaydada qərar qəbul etmək və həmin qərarı (icra sənədini) icraya yönəltmək, hesabdakı vəsaitinin dövlət büdcəsinə alınmasını təmin etmək imkanı vardır. Belə olan halda gömrük orqanının bank hesabına həbsin qoyulması ilə bağlı məhkəmədə ərizə təqdim etməsinə də zərurət qalmır. Bu nəticə həmçinin oradan hasil olur ki, İİQ-nin 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;... Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.3-cü maddəsinə görə borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Göründüyü kimi, qanunverici pul tələbləri icra edilmədikdə onun icra məmurları tərəfindən məcburi icra edilməsini müəyyən etmişdir, hansı ki, icra məmurunun həyata keçirdiyi məcburi icra tədbirindən biri borclunun əmlakı üzərinə həbs qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir və bu zaman şəxsin həmin hüquq və azadlıqlarının qorunması başqa vasitə ilə mümkün deyildir. Məhkəməyə əlçatanlıq da məhz müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının: -6.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə görə iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. -7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı halda, iddiaçının arzu etdiyi məqsədə digər vasitələrlə nail olması mümkün olduğundan konkret halda hazırkı iddianı qaldırmağa, yəni hüquqi müdafiəyə ehtiyacı mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar