Məhkəmə qərarları › İş №2-1(112)-5230/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5230/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5230/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində tərtib olunmuş 29 dekabr 2020-ci il tarixli DVX seriyalı 004041 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərar qəbul edilmiş və MMC 6,000 manat məbləğində vergi məsuliyyətinə cəlb olumuşdur. İddiaçı çıxarılmış qərarı aşağıda qeyd edilənlərə əsasən ədalətsiz, qeyri-qanuni və qeyri-obyektiv hesab edir. Belə ki, məlum ağır pandemiya şəraitində vətəndaşların dərman məhsulları ilə təchizatı ilə məşğul olan apteklərin fəaliyyətinə böyük ehtiyac duyulur. Belə bir dövrdə apteklər barədə bəzən ədalətsiz və qeyri-obyektiv surətdə vergi yoxlamalarının aparılması nəticəsində cərimələnməsi ölkə sahibkarlığının xüsusilə də əczaçılıq fəaliyyətinin inkişafına ağır zərbələr vurur. Belə hallarda biri də İddiaçı MMC-nin 29 dekabr 2020-ci il tarixdə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında, 1-ci mərtəbədə fəaliyyət göstərən Aptek 584-də həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı baş vermişdir. 29 dekabr 2020-ci il tarixdə Aptek 584-də müştəri tərəfindən tibbi maska alınan zaman məhsula görə ödəniş qiyməti 2 manat olduğundan, müştəri tərəfdən 100 manat pul aprek satıcısına təqdim edilmiş, satıcı da öz növbəsində məhsula görə məbləği çıxıb müştəriyə qalıq pulu qaytarmaq məqsədilə bütöv pulu xırdalamaq ərəfəsində olmuşdur. Bu zaman vergi əməkdaşı kassaya çek vurulmadığını əsas gətirərək AR Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi sanksiyası barədə müvafiq akt tərtib etmişdir. İddiaçı hesab edir ki, barəsində qəbul edilən vergi sanksiyası qeyri-qanuni, əsassız və qeyriobyektivdir. Belə ki, 1) aptek satıcısı satılan məhsula görə müştəri tərəfindən ödənilən 100 manat bütöv pula qalıq kiçik (xırda) pul axtaran zaman hələ pulun qalığını müştəriyə qaytarmamış həmin məbləği kassaya vurub müştəriyə çeki təqdim edə bilməzdi; 2) vergi əməkdaşı o zaman kassaya çekin vurulmadığını iddia edə bilərdi ki, qalıq pul müştəriyə qaytarılmış olsun və o, apteki tərk etmiş olsun; 3) müştəri ilə satıcı arasında alqı-satqı prosesi hələ davam etməkdə idi, çünki, satıcı xırda pulu qaytaranadək müştəri əlavə olaraq digər məhsul da ala bilərdi; 4) ehtimal ola bilərdi ki, bütöv pula qalıq tapmaq qeyrimümkün olması səbəbindən aptek satıcısı ilə müştəri arasında alqı-satqı baş tutmamış da olsun. İddiaçı barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********0479 nömrəli 12 fevral 2021-ci il tarixli qərar qəbul olunarkən yuxarıda qeyd edilən obyektiv hallar nəzərə alınmamış və hadisənin mahiyyətinə hərtərəfli, tam və obyektiv surətdə diqqət yetirilməmişdir. Bununla da hesab edilir ki, vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 3.1, 3.2, 3.10, 62-ci maddələrinə, AR İXM-in 22.1.1-ci maddəsinə, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 4.2-ci maddəsinə, İPM-in 38.1-ci maddəsinə əsaslanaraq, cavabdehin **********0479 nömrəli 12 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmuşdur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İPM-in 47.2, 48.2-ci maddələrinə istinad edilməklə iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında aşağıdakılar bildirilir: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29 dekabr 2020-ci il tarixli **********5419 nömrəli qərarına əsasən İddiaçı MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında 1-ci mərtəbədə yerləşən aptekdə müşahidə zamanı müştəri tərəfindən alınmış tibbi maskaya görə ödənilmiş 2 manat pul vəsaiti üçün nəzarət-kassa aparatı çeki vurulmamışdır. Vergi orqanının əməkdaşları tərəfindən həmin məbləğ saat 15:39-da 53 saylı çeklə nəzarətkassa aparatına bərpa olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə, vergi orqanı tərəfindən 29 dekabr 2020-ci il tarixli DVX seriyalı 004041 nömrəli akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən AR Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və AR Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın 8.3.16-cı bəndinin tələblərini pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 fevral 2021-ci il tarixli **********0479 saylı qərar qəbul edilmişdir. Operativ vergi nəzarəti zamanı təqdim olunmuş aktın səlahiyyətli nümayəndə obyektdə olmadığına görə imzalanması mümkün olmamışdır. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Bunlarla yanaşı, AR Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən vergi orqanları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa canunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. AR Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddianı müdafiə edir və hesab edir ki, MMC-nin barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarı ləğv olunmalıdır. İddia tələbinin təmin olunması üçün iddiada qeyd olunan işin faktiki hallarına məhkəmə icraatında aydınlıq gətirildi və qanunvericilik üzrə əsas sübut növlərindən biri hesab edilən şahid ifadələri ilə də öz sübutunu tapdı. Hesab edilir ki, məhkəmə baxışı zamanı MMC tərəfindən irəli sürülən birinci ifadə verən şahid X2 öz şahid ifadələrində işin faktiki hallarını olduğu kimi bildirdi. Ondan sonra məhkəməyə irəli sürülən ikinci ifadə verən şahid X3 ifadələsində şahid X1 qeyd etdiklərilə demək olar ki, uyğunluq təşkil etdi. Hər iki şahidin ifadələri ilə təsdiq olundu ki, mübahisə predmetinin əsasını təşkil edən üç faktın üçü də baş vermişdir. Birinci fakt kimi hər iki vergi əməkdaşlarının alıcı qismində iki tibbi məhsullarının almaq məqsədilə istənilməsi və dəyərinin ödənilnəsi üçün ilkin olaraq bütöv pulun təqdim edilməsi və qarşı tərəfin pulu xırdalamaq üçün qalığının olmaması faktıdır, ikinci fakt kimi bütün bu vergi əməliyyatı zamanı hər iki vergi əməkdaşlarının “aptek”i tərk etməməsi və orada olmaları faktıdır. Üçüncü fakt kimi isə, ən nəhayət alınması nəzərdə tutulan tibbi məhsulların vergi əməkdaşlarına təqdim edilməməsi faktıdır. Göründüyü kimi, hər 3 faktın baş verməsi ona dəlalət edir ki, həqiqətən də 29 dekabr 2020-ci il tarixdə MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanı, 1-ci mərtəbəsində fəaliyyət göstərən Aptek 584-də müştəri qismində çıxış edən vergi əməkdaşları ilə satıcı arasında tibbi məhsulların alış və satışı baş verməmişdir. Cavabdeh tərəfdən irəli sürülən hər iki şahid ifadələrində isə iddiaçı tərəf kimi birinci şahidin ifadələrinin, digər ikinci şahidin ifadələrinə uyğun gəlməyən və işin halları ilə uzlaşmayan məqamlar müşahidə edildi. Belə ki, qarşı tərəfin şahid ifadələrinin müşahidəsi zamanı belə müəyyən edildi: birinci ifadə verən şahid X9 qeyd etdi ki, aptekdə yoxlama zamanı tibbi məhsulun alqı-satqısı baş vermişdir, eləcə də hansı və nə qədər sayda məhsulun alındığı onun dəqiq xatirində deyildi. Eləcə də alınan məhsulun aqibətindən də məlumat olmadı. İkinci ifadə verən şahid X10 isə öz ifadəsində bildirdi ki, həmin gün yalnız bir tibbi məhsul alınmışdır və dəqiq yadında qalmamışdır ki, məbləğdə. Bundan əlavə şahid X10 digər şahidlərin ifadələrinə tamamilə uyğun gəlməyən növbəti ifadəsində də qeyd etdi ki, tibbi məhsulu alan şəxs adi bir kənar müştəri idi ki, o da məhsulu alandan sonra apteki tərk etdi. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, məhkəmə baxışı zamanı MMC tərəfindən irəli sürülən şahidlərin ifadələri ilə iddia ərizəsində göstərilən işin faktiki halları öz təsdiqini tapmışdır. Həqiqətən də, həmin vaxt aptekin əməkdaşı ilə müştəri qismində çıxış edən vergi əməkdaşları arasında tibbi məhsulların alış və satışı baş verməmişdir. Bu isə o deməkdir ki, alış və satış baş verməmişdirsə, heç bir cekin təqdim edilməmə faktı da, yəni vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi də baş verməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməməsi üçün əsasdır. Bu səbəblərdən də hesab edilir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan iclas protokolundan görünür ki, işin məhkəmə baxışı ilə bağlı əvvəlki iclasda şahid qismində iştirak edən X2 ifadə verərək bildirmişdir ki, aptekdə xəzinədar vəzifəsində çalışır. Yoxlama keçirilən gün aptekə iki nəfər daxil olmuş və iki ədəd “tibbi maska” almaq istədiklərini bildirmişlər. Həmin şəxslər “tibbi maska”nın dəyəri kimi iri pul əskinazı təqdim etmişlər. Bu zaman kiçik pul əskinazları olmadığından, alınan mala münasibətdə qalıq pulun qaytarılmasında çətinlik yaranmışdır. Bu halda, həmin şəxslər əlavə mal da almaq istədiklərini söyləmişlər. Lakin onlara almaq istədikləri mal verilmədən, malın kassaya vurulmadığını bildirdilər. İş materiallarında olan iclas protokolundan görünür ki, işin məhkəmə baxışı ilə bağlı əvvəlki iclasda şahid qismində iştirak edən X3 şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan iclas protokolundan görünür ki, işin məhkəmə baxışı ilə bağlı əvvəlki iclasda şahid qismində iştirak edən X9 ifadə verərək bildirmişdir ki, vergi orqanının əməkdaşıdır və İddiaçı MMC-də keçirilən operativ vergi nəzarətində iştirak etmişdir. Yoxlama zamanı satıcıya pul təqdim olunmuş və mal alınmışdır. Lakin malın dəyəri kassa aparatına daxil edilməmişdir. Həmin vaxtdan xeyli müddət keçdiyindən, hadisənin tam təfsilatı yadında qalmamışdır. Sonradan pul vəsaiti kassaya bərpa olunmuşdir. İş materiallarında olan iclas protokolundan görünür ki, işin məhkəmə baxışı ilə bağlı əvvəlki iclasda şahid qismində iştirak edən X10 ifadə verərək bildirmişdir ki, vergi orqanının əməkdaşıdır və İddiaçı MMC-də keçirilən operativ vergi nəzarətində iştirak etmişdir. Yoxlama zamanı satıcıya başqa vətəndaş tərəfindən pul verilsə də, satıcı malı verdikdən sonra kassa qəbzini ona verməmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7.3-cü maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, vergi orqanının 29 dekabr 2020-ci il tarixli qərarı ilə vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-nin təsərrüfat subyekti olan “Aptek 584”də (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 95 ünvanında 1-ci mərtbədə) operativ vergi nəzarəti keçirilmiş və tədbirin nəticələri 29 dekabr 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərar qəbul edilmişdir. Sözügedən aktla vergi orqanı əməkdaşları iddiaçının müvafiq ünvandakı fəaliyyəti üzrə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılması faktının (təqvim ili ərzində iki dəfədən artıq) aşkar olunduğu rəsmiləşdirilmişdir. 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarla vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-yə AR Vergi Məcəlləsinin 58.7.3-cü maddəsi rərbər tutularaq 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın sözügedən 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarını mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 70.2-ci maddəısinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün, (70.2-1.2) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra (70.2-1.3) elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə görə elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər, 1.1.15-ci maddəsinə görə elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd hesab olunur. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı hazırda cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2021-ci il tarixli qərarını mübahisələndirdiyindən, həmin qərarın qəbulu əlverişsiz inzibati akt kimi iddiaçının maraqlarına toxunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Mübahisə predmeti olan 12 fevral 2021-ci il tarixli qərarın vergi ödəyicisi kimi hazırkı iddiaçıya Vergi Məcəlləsinin 70-ci maddəsində müəyyən edilmiş qaydada, yəni nümayəndəsinə şəxsən verilmə, ünvana çatdırılma və ya elektron üsulla (elektron imza ilə) elektron kabinetə göndərilmə ilə təqdim olunmasına dair hər hansı sübut olmadığından, 23 mart 2021-ci il tarixdə iddia ərizəsinin məhkəməyə təqdim olunması ilə iddia müddəti buraxılmamış qiymətləndirilir. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, hazırkı məhkəmə icraatında tədqiq olunmuş sübutlarla, o cümlədən şahid ifadələrinə əsasən iddiaçının təsərrüfat subyektində “mal alışı” ilə bağlı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı öz təsdiqini tapmır. Məhkəmə icraatında hər iki tərəfin, o cümlədən iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın yeganə əsas sübut kimi istinad etdikləri şahid ifadələri, habelə cavabdeh inzibati orqanın başqa dəlil və sübutunun olmaması ilə belə faktın inkarına olan bütün şübhələr də aradan qalxmış olur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarında hesab etmişdir ki, məhkəmənin ünvanladığı müraciətlə əlaqədar olaraq ilk növbədə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi əsaslarına aydınlıq gətirilməlidir. Vergi qanunvericiliyinin pozulması dedikdə, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olan, təqsirli olaraq törədilmiş qeyri-hüquqi əməl başa düşülür, bu əməl özünü həm hərəkətdə, həm də təqsirli şəxsin hərəkətsizliyində göstərir. Bununla belə qeyd olunmalıdır ki, şəxsin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməli və onun Konstitusiyada və digər qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 06 avqust 2002-cı il tarixli qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanları da nəzərə alaraq məhkəmə vurğulayır ki, hazırkı işin hallarına görə vergi ödəyicisi kimi İddiaçı MMC-nin (onun vəzifəli şəxslərinin) hərəkətlərində vergi qanunvericiliyinin pozulması qismində təqsirli olaraq qeyri-hüquqi əməlin olması inzibati orqanın subyektiv mövqeyi və məntiqi reallıqla uzlaşmayan bir hal kimi qiymətləndirilməlidir. Qanunla təsbit edilmiş vergi nəzarəti forması olaraq operativ vergi nəzarətinin və onun hüquqi nəticələrinin məqsədi kimi vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi qanunvericiliyinə əməl olunmasında şübhəli məqamların doğurduğu ehtimala əsaslanan halın müəyyənləşdirilməsi çıxış etmir. Bu hərəkətə görə sanksiyalaşdırma inkarolunmaz pozuntu faktlarına əsaslanmalıdır. Halbuki, hazırkı iş üzrə cavabdeh inzibati orqanının mübahisələndirilən qərarı vergi ödəyicisinin şübhə doğuran və nisbətən ehtimal olanan hərəkətlərinə münasibətdə qəbul olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda, məhkəmə AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarını qanuna zidd sayır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar