Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5230/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 2002-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən 22 saylı yaşayış binasının (keçmiş yataqxana) yaşayış sahəsi 30 kv.m olan 2 otaqlı 161 saylı mənzilində faktiki olaraq yaşayır və mənzil daimi olaraq onun istifadəsindədir. O, göstərilən mənzildə yaşamaqla bütün kommunal xərcləri ödəyir, vaxtı-vaxtında mənzildə təmir işləri aparır. Mənzil yerləşən bina 2003-cü ildən Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Mənzilin kommunal xərclərini aidiyyəti qurumlara, o cümlədən kirayə haqqı və tullantılara görə xidmət haqqını 135 nömrəli MKİSə ödəyir. Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin 18 mart 2021-ci il tarixli 11/4 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən 22 saylı evin sahəsi 30 kv.m olan 2 otaqlı 161 saylı mənzilinin kirayə müqaviləsi iddiaçının adına bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd edilən sərəncam verildikdən sonra iddiaçı sənədləri toplayaraq cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh mənzilin özəlləşdirilməsinə dair onun həmin müraciətinə 21 aprel 2021-ci il tarixdə imtina cavabı vermişdir. Cavabdeh bununla da, iddiaçının mənzilə sahiblik və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır. Binanın bəzi mənzilləri özəlləşdirilsə də, iddiaçıya münasibətdə ayrı mövqe olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 33, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 59, 146-cı maddələrinə, «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1, 4 – 6-cı maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 12, 16-cı maddələrinə, İPM-in 2.2.2, 14, 33, 45, 46-cı maddələrinə əsaslanaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən 27 saylı evin 30 kv.m sahəsi olan 2 otaqlı 161 saylı mənzili iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 8 aprel 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 1 aprel 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən əlavə olunan həmin mənzilə dair Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin 11/4 saylı sərəncamı 18 mart 2021-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya 21 aprel 2021-ci il tarixli məktub ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minınədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondunun yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 8.0.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti” nəzərdə tutulur. Göstərilənlərə və «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun 8-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 11.1-ci maddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarında olan Bakı ŞİH MKTD 1 saylı MKTB 135 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 70 saylı 29 mart 2021-ci il tarixli arayıında qeyd olunur ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 22 saylı evin 2 otaqlı, 30 kv.m sahəsi olan 161 saylı mənzili şəraitlidir, mənzildə 1 nəfər – 1958-ci il təvəllüdlü İddiaçı 2002-ci ildən qeydiyyatdadır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 11/4 saylı 18 mart 2021-ci il tarixli sərəncamı ilə qərara alınmışdır ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən 22 saylı evin ya.ayış sahəsi 30 kv.m olan 2 otaqlı 161 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlansın və o, həmin mənzilin kirayəçisi hesab olunsun. İş materiallarından görünür ki, İddiaçı “mənzilə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı 1 aprel 2021-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmış və qurumun 21 aprel 2021-ci il tarixli bildirişi ilə müvafiq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bildirişdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11, 15-ci maddələrinə istinad edilmiş və bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair həmin Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, təqdim edilmiş Bakı ŞİH MKTD-nin 11/4 saylı sərəncamı isə 18 mart 2021-ci il tarixdə verilmişdir. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 2 iyul 2019-cu il tarixli 1653-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə aşağıdakı yeni məzmunda 146.4cü maddə əlavə edilmişdir, lakin həmin Qanunun 27 avqust 2019-cu il tarixdən qüvvəyə minmişdir: - (maddə 146.4) Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 2002-ci ildən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 6/4 saylı evin 2 otaqdan ibarət 156 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departanentinin 69 nömrəli 31 oktyabr 2017-ci il tarixli sərəncamı ilə onunla həmin mənzilə dair kirayə müqaviləsi müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçı sözügedən mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin İdarə mənzilə dair kirayə müqaviləsinin 2009-cu ilin 1 oktyabr tarixindən sonrakı dövrdə bağlandığını əsas gətirərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Suraxanı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələblərini pozmur. Həmçinin qeyd olunmalıdır ki, “öhdəliyin icrası haqqında” iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq imtina məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilir. Bunları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün sayır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi öz mövqeyi üzrə gətirdiyi dəlilə, yəni Bakı ŞİH MKTD-nin sərəncamının 18 mart 2021-ci il tarixdə qəbul olunmasına münasibətdə məhkəmə qeyd edir ki, bir tərəfdən mənzilə dair müvafiq müqavilə “sosial kirayə müqaviləsi” deyil, “kirayə müqaviləsi”dir, digər tərəfdən isə sərəncam 2021-ci ildə verilsə də, mənzil münasibətləri 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən (iddiaçı mənzildə 2002-ci ildən qeydiyyatdadır), həmin Mənzil Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Həmçinin qeyd olunmalıdır ki, 1 oktyabr 2009-cu ildən əvvəlki dövrdə mənzil münasibətləri yaranmış şəxslərlə həmin vaxtdan əvvəlki və sonrakı tarixlərdə bağlanmış müqavilələr üzrə hüquqlarının qeydiyyata alınmasına “fərq qoyulması” «İnzibati icraat haqqında» Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Çünki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda bağlanmış müqavilələr predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 22 saylı evin 161 saylı mənzilinə İddiaçı mülkiyyət hüquqları yarandığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11 və 10-cu maddələrinə əsasən onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən 27 saylı evin 30 kv.m sahəsi olan 2 otaqlı 161 saylı mənzili İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən 27 saylı evin 30 kv.m sahəsi olan 2 otaqlı 161 saylı mənzili İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5230/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5230/2022
02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver