Məhkəmə qərarları › İş №2-1(112)-5230/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5230/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5230/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X4, cavabdehin (Mərkəzi Bankın) nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Cavabdeh1na qarşı «kredit müqaviləsi üzrə müvafiq məbləğlə bağlı yeni güzəştli kredit müqaviləsinin bağlanması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Cavabdeh1na qarşı «kredit müqaviləsi üzrə müvafiq məbləğlə bağlı yeni güzəştli kredit müqaviləsinin bağlanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, "xxxx" ASC ilə iddiasçı arasında bağlanmış 25 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 30% ödəmək şərti ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Baş vermiş devalvasiya nəticəsində onun ödəmələrində çətinliklər yaranmış, nəticədə kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 4.171,30 ABŞ dolları əsas borc, 1.346,92 ABŞ dolları faiz borcu və 1.060,20 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Ödəmələrdə çətinliklə bağlı iddiaçının məlumatı və xəbəri olmadan Bank tərəfindən “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8932/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ödəniş gününə qüvvədə olan məzənnə ilə 4.171,30 ABŞ dolları məbləğində əsas borc, 786,91 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5.058,21 ABŞ dolları məbləğində və 30 manat məbləğində dövlət rüsumunun X1, X3 və ondan (hazırkı iddiaçıdan) müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qərarı qəbul ediləndən sonra «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müvafiq qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən qərara alınmışdır ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Həmin Fərmanın 6-cı hissəsinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edilməsi, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməsi tövsiyə edilmişdir. İddiaçı kredit borcunun Fərmanın təsiri altında düşməsinə baxmayaraq qeyd olunan güzəştlərin hansı səbəbdən iddiaçıya tətbiq olunmamasının ayınlaşdırılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına və "xxxx" ASC-yə müraciət etmiş və kredit müqaviləsi üzrə müvafiq borcun Azərbaycan 'Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun restrukturizasiya edilməməsinin səbəbləri barədə məlumat verilməsi xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin 5 may 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli 551 nömrəli Fərmanı çərçivisində Cavabdeh1 tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının 27 mart 2019-cu il tarixli «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Sözügedən Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankının 7 oktyabr 2021-ci il tarixli 25-12513-2021 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.1-ci və 7.3-cü bəndinin icrası məqsədilə 27 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» təsdiq edilmişdir. Həmin Qaydanın 6.16-ci bəndinə əsasən fiziki şəxslərin kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 31 dekabr 2019-cu il tarixədək nəzərdə tutulmuşdur. “Dəmirbank" ASC-yə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya maliyyə bazarlarına nəzarət orqanının 22 dekabr 2017-ci il tarixli 49/1 saylı qərarı ilə ləğv edilmişdir və ləğvedici qismində Cavabdeh1 təyin olunması qərara alınmışdır. Odur ki, qalıq kredit borcunun mümkün güzəşt imkanlarının araşdırılması üçün müraciət Fonda göndərilmişdir. Müraciətə baxılmasının nəticəsilə bağlı Fond tərəfindən məlumat təqdim ediləcəkdir. Lakin bugünədək müraciət araşdırılmamış, güzəşt imkanları barədə məlumat verilməmişdir. Məlum Fərmanla bağlı iddiaçı dəfələrlə bankda olmuş və ona güzəşt olunacağı bildirilmişdir. Halbuki Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı 1 mart 2019-cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra iddiaçı da 25 iyun 2014-cü il tarixli, 277/14-AYİB saylı kredit müqaviləsi üzrə 4.171,30 ABŞ dolları məbləğində əsas borcunun restrukturazasiya və ya kompensasiya siyahısına salınması bardə müraciət etmişdir. Dəfələrlə "xxxx" ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməsinə baxmayaraq, onun müraciətinə baxılmamış və cavab verilməmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 14.3, 33.1, 68, 73-cü maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsaslanaraq, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının və «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və hamin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərm müəyyən edilməsi Qaydası»nın tələblərinə əsasən Ləğv prosesində olan "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 25 iyun 214-cü il tarixli 277/14-AYİB saylı kredit müqaviləsi üzrə 5.058,21 ABŞ dolları məbləği üzrə yeni güzəştli kredit müqaviləsi bağlanması öhdəliyinin cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankının və Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh1 üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı münasibətində (vəsatətində) bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Кredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə Ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 25 iyun 2014-cü il tarixli kredit müqaviləsi həmin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən, bu müqavilə üzrə 1 mart 2019-cu il tarixə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə Palata Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredı borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. «Fiziki şəxslərin xarici valyutada olan kredı lərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddaçı və cavabdeh Azərbaycan Respublikası Milli Bankının nümayəndəsi gəlmişlər, digər cavabdeh (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın onun iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin (Azərbaycan Respublikası Mərkəzi Bankının) nümayəndəsi X5 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərara alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (6-cı bənd) Banklara tövsiyə edilsin ki: (6.1) bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; (6.2) fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; (6.3) borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddiaçının tələbi müvafiq siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxs kimi onunla yeni güzəştli kredit müqaviləsinin bağlanması barədədir və Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 7.1-ci bəndinin təsiri dairəsinə düşən müvafiq şəxslərə (cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçı artıq həmin siyahıya daxil edlmişdir) yeni güzəştli kredit müqaviləsinin bağlanması təkliflərinin verilməsi sözügedən Fərmanla banklara tövsiyə olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Mərkəzi Bankı arasında inzibati mübahisə mövcud deyil (həmin cavabdeh 28 fevral 2019-cu il tarixli Fərmanla ona aid edilmiş məsələni iddiaçıya münasibətdə müsbət həll etmişdir) və iddiada tələb olunan yeni kredit müqaviləsinin bağlanması həmin cavabdehin səlahiyyətlərinə aid üzrə səlahiyyərlərinə aid deyil. İkinci cavabdehə münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh1 Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi qismində çıxış etdiyindən, mübahisə mülki xarakterlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar