Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5232/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı qanuni nümayəndəsi X3 Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək övladı İddiaçı məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Cavabdeh 26 fevral 2021-ci il tarixli, 01/1090 saylı məktubla tələbi təmin etməkdən imtina etmiş, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Bundan sonra X3 29.03.2021-ci il tarixdə iddiaçı qismində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26.04.2021-ci il tarixli, 2-1(112)-5232/2021 saylı qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X3 əsl İddiaçı (bundan sonra – İddiaçı) ilə əvəz edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının atası Z.İsgəndərov Şuşa rayonunun Malıbəyli kəndindən məcburi köçkün düşən zaman onun 17 yaşı var idi və o, ailəli deyildi. Belə olan halda keçmiş həyat yoldaşının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) ola bilməzdi. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq dövlət tərəfindən İddiaçı üçün aylıq 60 manat “çörək pulu” ödənilir və o, bank kartı vəsitəsilə həmin məbləği alır. Bu fakt bir daha təsdiq edir ki, dövlət İddiaçı məcburi köçkün kimi tanımış və bu səbəbdən ona qidalanmaq üçün müvafiq məbləğ ödəyir. Belə olan halda qaydalarda olan ziddiyət məhz vətəndaşın xeyrinə həll edilməlidir. Belə ki, atası məcburi köçkün olduğu üçün qızı İddiaçı də “məcburi köçkün” statusu alaraq, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımlardan yararlanmaq hüququ vardır. Anasının məcburi köçkün olmadığına görə, qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olmaması səbəbindən ona “məcburi köçkün” statusunun verilməsindən imtina edilməsi ədalətsizdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərdiyi dəlillərə istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Z.İsgəndərov iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qarayeva etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 07668520 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 26.08.1974-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan 15.04.2002-ci il tarixli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Z.İsgəndərov Şuşa rayonunu 1992-ci ildə tərk edib, cavabdehin 15.04.2020-i il tarili qərarına əsasən məcburi köçkün statusuna malikdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6138/2020 saylı, 16.11.2020-ci il tarixli qətnaməsi ilə X9 ilə X3 arasında Şuşa rayon Qeydiyyat şöbəsində 30.06.2001-ci ildə 5 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və 08.01.2009-cu il təvəllüdlü X4 X1nun yanında saxlanılması qət edilmişdir. İşdə olan AZ-İ 434210 nömrəli, 17.12.2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə doğulmuşdur. Doğulduğu yer olaraq Şuşa rayonu, Malıbəyli kəndi qeyd edilmişdir. X1, anası X7r. Azərbaycan Respublikası Şuşa rayon İcra Hakimiyyətinin 10 iyun 2021-ci il tarixli, 5/288 saylı məktubuna əsasən, İddiaçı məcburi köçkün kimi Şuşa rayonundan 60 (altmış) manat vahid aylıq müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 27.05.2021-ci il tarixli, 018-7200-1221 nömrəli məktubuna əsasən, 26.08.1974-cü il təvəllüdlü X3 18.06.1991-ci il tarixdən hazıra qədər Şuşa rayonunun Malıbəyli kəndində xx.xx.2003-cü il təvəllüdlü İddiaçı 08.05.2015-ci il tarixdən hazıra qədər Şuşa rayonunun Malıbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 23 iyun 2021-ci il tarixli, 303 saylı məktubundan görünür ki, 28 may 2007-ci il tarixli 156 saylı müqaviləyə əsasən X3 onunla yaşayan dörd nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş Ramana – 450 qəsəbədə iki otaqlı 156 saylı evdə, sakini olduğu Şuşa rayonunun Malıbəyli kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmışdır. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçı 2003-cü ildə anadan olmuşdur, o məcburi köçkün kimi aylıq müavinət almışdır və 2015-ci ildən Şuşa rayonunun Malıbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 15.02.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. Beləliklə, sadalanan normalardan görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutumamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir (Məcburi köçkün” statusu və həmin statusu təsdiq edən sənədin verilməsi 2004-cü il 16 iyul tarixdə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən qəbul edilmiş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar”a əsasən tənzimlənməyə başlamışdır ki, bu Qaydalar iddiaçı doğulduqdan sonra qəbul edilmiş, habelə həmin qaydalarda iddiaçıya məcburi köçkün statusunun verilməsini istisna edən halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir). Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İddiaçının anasının məcburi köçkün olmaması işin mübahisəsiz haldır. Buna baxmayaraq iddiaçının hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, 15.02.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarına istinad edərək iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 23.05.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-506/16 saylı, 2-1(102)-618/2020 saylı qərarları) ifadə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin olunsun. xx.xx.2003-cü il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5232/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5232/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver