Məhkəmə qərarları › İş №2-1(112)-5233/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5233/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5233/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin qanuni nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 17, mənzil 10 ünvanındakı mənzildən istifadə hüququna xitam verilməklə onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 17, mənzil 10 ünvanından X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 17 saylı evin 10 saylı mənzili onun mülkiyyətindədir. Üçüncü şəxsin anası öz keçmiş həyat yoldaşından məhkəmə qərarı ilə boşanmış və həmin məhkəmə qərarı ilə azyaşlı olan üçüncü şəxsin anası ilə qalması qərara alınmışdır. Onların hər ikisi 2018-ci ildən ona məxsus mənzildən köçüb getmişlər, hazırda başqa ünvanda yaşayırlar. O, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Üçüncü şəxsin onun mənzilində qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin qanuni nümayəndəsi X7 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. X8 onun oğludur. Asim onun himayəsində yaşayır. O, oğlunun həmin ünvandan qeydiyyatdan çıxarılmasına razı deyil. Həmin mənzil əvvəl qayınanasının, yəni Asimin nənəsinin mülkiyyətində olmuşdur. Oğlunun qeyd olunan ünvandan qeydiyyatdan çıxarılması uşağının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olar. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Səbail Rayon Polis İdarəsinə ünvanladığınız ərizəyə cavab olaraq bildiririk ki, Sizə məxsus, ünvan 3 ünvanında qeydiyyatda olan X6 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməniz məqsədəmüvafiqdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: X6 ünvan 3 ünvanına 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışlarından görünür ki, X8 (xx.xx.2009-cu il təvəllüdlü) Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 17, mənzil 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 17, 10 saylı mənzil 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 4Ə-877 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X6 Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 17, 10 saylı mənzil mənzilə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 17 saylı evin 10 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3267/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh X4 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilmiş, X2 tərəfindən X5 10.000 manat məbləğində kompensasiya verilməklə X3 Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 17 saylı evin 10 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Səbail rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli İcraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3267/2018-009 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X2 tərəfindən X5 10.000 manat məbləğində kompensasiya verilməli, X3 Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 17 saylı evin 10 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Səbail rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli İcraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3267/2018- 009 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, 17 saylı evin 10 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda üçüncü şəxs həmin mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Mənzildə qeydiyyatda olan üçüncü şəxsin yaşayış yerini dəyişməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdır. Üçüncü şəxs iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadır, hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Həmçinin üçüncü şəxsin mübahisələndirilən ünvana istifadə hüququ qeydiyyata alınmamışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan ünvanda formal olaraq qeydiyyatda qalmışdır və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 17, mənzil 10 ünvanından X6 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar