Məhkəmə qərarları › İş №2-1(112)-5233/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5233/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5233/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və s.” tələblərinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və s.” tələblərinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********0892 saylı qərarı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, həmçinin həmin qərara əsasən operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qəbul edilmiş “Vergi ödəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********5543 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəhbər işçiləri, onların qanunsuz göstərişləri əsasında əməkdaşları qanun pozuntulazrına yol verməklə, səlahiyyətlərindən sui-istifadə etməklə, onların sahibkarlıq fəaliyyətlərinə maneə olurlar, özbaşınalıq edirlər. Bir neçə dəfə belə hallarla qarşılamışlar və məhkəmədə alınan nəticə, sonda bu xidmətin əməkdaşlarını məyus vəziyyətdə qoymuşdur. Vergi Xidmətinin növbəti sərgüzəştləri barədə nəzərə çatdırırlar: xx.xx.2022-ci il tarixində, təxminən 14:10 radələrində 2 nəfər şəxs, Tibb Mərkəzinin giriş dəhlizində yerləşən Qeydiyyat masasına yaxınlaşmış, onlardan biri, ultrasəs müayinəsindən keçmək niyyətində olduğunu bildirmişdir. 45 manatın müqabilində ona, Tibb mərkəzinin üzərində Əmirxanov Nurlan, 1994, 45 manat yazılan blankı və üzərində “YAŞAM" Tibb Mərkəzi, mərkəzin rekvizitləri və.s qeyd olunmuş, 45 manatın qəbul edilməsinə dair xx.xx.2022-ci il tarixli, (saat 14:18:37) 1473 saylı satış çeki verilmişdir. Bundan sonra bu şəxslər bəyan etmişlər ki, qanun pozulmuşdur, odur ki, Tibb mərkəzinin mühasibatlığının həmçinin Sığorta şöbəsinin əməkdaşları oturmuş otağa girərək Vergi Xidmətinin əməkdaşları olduqlarını bildirmişlər və rəhbəri soruşmuşlar. Onlara izah edilmişdir ki, rəhbər yoxdur, mərkəzin hüquqşünası yol gəlir bura çatmaqdadır. Bu əməkdaşlar, sonradan onlara məlum olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları, kiçik vergi xidməti müşaviri X8 və 1-ci dərəcəli müfəttiş X6, özlərini, böyük səlahiyyətlər verilmiş şəxslər sayağı, qeyri-etik apararaq, davranaraq, amiranə səslə danışaraq bəyan etmişlər ki, onlar heç kimi gözləmirlər, akt tərtib edirlər, mühasib ona imza etsin, hüquqşünas gəlib nə edəcək ki? Onlara yenidən izah edilmişdir ki, rəhbər mərkəzdə yoxdur, mühasibin də, hansısa bir sənədə imza etməsinə səlahiyyəti yoxdur. Vəzifələrinin mahiyyətini bilməyən, vəzifə borclarının nədən ibarət oduğunu dərk etməyən, səlahiyyətlərinin nə olduğunu analmaq istəməyən, özlərini hüquq-mühafizə orqanlarını əməkdaşları sayağı aparan bu şəxslər, mühasibə irad tutmuşlar ki, niyə imza edə bilmir və.s. Bu zaman İddiaçı Tibb Mərkəzinin hüquqşünası gəlmiş, onlarla söhbət etmişdir. Bu şəxslər tərtib etmiş olduqları Aktı imzalamağı tələb etmişlər. O, zaman o, MMC-nin rəhbəri, Tibb mərkəzinə gəlmişdir. Qərarla (xx.xx.2022-ci il tarixli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY221782789 saylı Çıxarışla tanış olduqları zaman, təqdim etdikləri, qəbul edilmiş qərarla bağlı bəzi məqamları aydınlaşdırmaq istəmişlər. Xahiş etmişlər ki, hazırkı, növbədənkənar yoxlamnın təyin edilməsi üçün əsası onlara göstərsinlər, məlumat versinlər, təqdim etsinlər. Məlum olmuşdur ki, onların hazırkı yoxlamanın təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasları yoxdur, olmamışdır. Bundan sonra, onun iştirakı olmadan tərtib edilmiş Aktla tanış olmaları, imza etmələrini istəmişlər. Özlüklərində, Tibb mərkəzinin əməkdaşı-həkimi X5 adını yazmaqla guya qanunun tələblərinə uyğun tərtib etmiş olduqları Aktı ona vermişlər, imza etməsini istəmişlər. xx.xx.2022-ci il tarixində iştirakı təmin edilmədən tərtib etmiş olduqları 017389 saylı Akt-la tanış olduqlaır zaman məlum olmuşdur ki, hazırkı akt, savadsız tərtib edilməsi ilə yanaşı, faktiki vəziyyəti əks etdirmir, nağıldır, qurmadır. Odur ki, aktı onlar imzalamamışlar. Nə edəcəklərini bilməyən bu iki nəfər şəxs, telefon vasitəsilə rəhbərləri ilə xeyli danışmış, ondan məsləhət almaq istəmiş, sonuncu da, bu əməkdaşlara konkret bir məsləhət verə bilmədiyindən, bu iki nəfər şəxs, yenidən, özləri üçün yazılar yazmağa başlamışlar. Akt yazdıqlarını deyərək, imza edibetmədiklərini soruşmuşlar. Bildirmişlər aktlarını yazsınlar, aktı oxuyandan, mahiyyətini biləndən sonra imza məsələsinə sonra baxarlar. Beləliklə, bu iki nəfər yazılarını yazıb getmişlər. Bundan sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iki əməkdaşının xx.xx.2022-ci il tarixində qondarma olaraq tərtib etdikləri gülünc aktlarından sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşaviri X3, qondarma akt əsasında xx.xx.2022-ci il tarixində **********5543 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qondarma qərar qəbul etmiş, xx.xx.2022-ci il tarixində həmin qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********5544 nömrəli Tələbnaməni eyni vaxtda elektron poçt vasitəsilə onlara göndərmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2022-ci il tarixli, **********5543 nömrəli qərarı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşaviri X3, İddiaçı, AR Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının polzulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb etmiş, xx.xx.2022 tarixədək 3000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsini tələb etmişdir. Həmin vaxta da, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********5544 nömrəli Tələbnaməni elektron poçt vasitəsilə onlara göndərmişdir. Çox gülünc bir haldır ki, birinci cümləsində yazıldığına görə, bu **********5544 nömrəli Tələbnamə ona görə onlara göndərilmişdir ki, maliyyə sanksiyaları tətbiq olunmuş, faiz məbləğləri hesablanmış və vaxtında ödənilməmiş vergi məbləğləri müəyyən edilmişdir. Adları gedən, yuxarıda qeyd olunan qondarma sənədlər onlara çatar-çatmaz, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, hələ yazdıqlarının mürəkkəbi qurumamış, özbaşınalıq edərək, xx.xx.2022-xx.xx.2022-ci il tarixndə 1524,93 manatı İddiaçı MMC-nin hesabından silmişlər, üstəlik, xx.xx.2022-ci il tarixində də, İddiaçı MMC-nin Bank hesabına, 1601.18 qəpiyə sərəncam qoymuşlar. (Belə bir özbaşınalıqları 1 il bundan əvvəl olmuşdu, məhkəmə qərarlarından sonra isə, çox məyus halda, cəmiyyətin pullarını cəmiyyətə qaytarmışdılar?!). Hazırkı xüsusatlarla bağlı hesab edirlər ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********0892 saylı Qərarı ilə bağlı hərəkətləri, həmçinin həmin qərara əsasən operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli, qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********5543 saylı Qərarı qanunsuz hesab edilərək ləğv edilməli, qərarın qəbul edilməsindən dərhal sonra cavabdehin, İddiaçı hesabından pulların silinməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Belə ki, əvvəla, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşaviri X4 qəbul etdiyi “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********0892 saylı Qərar əsassız və qanunsuz olmuşdur. (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.3-cü maddəsi: əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;) ona görə ki, sözügedən qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2.4-cü maddəsində (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2.4.-cü maddəsi: vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda) nəzərdə tutulmuş əsaslar olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3.-cü maddəsinin tələbinə görə, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Onların halında isə, baş vergi xidməti müşaviri X4 qəbul etdiyi “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022- ci il tarixli, **********0892 saylı Qərar hər hansı bir halla, sənədlə, sübutlarla əsaslandırılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, KY221782789 saylı Çıxarışdan da görünür ki, hazırkı yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.1-ci, 50.2.4-cü maddələrində nəzərdə tutulmuş hallar və əsaslardır ki, baş vergi xidməti müşaviri X4 qəbul etdiyi “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********0892 saylı Qərar hər hansı bir əsasa söykənməmiş, hər hansı bir sənədlərlə, sübutlarla əsaslandırılmamışdır.Yəni, əsassız və qanunsuz bir qərar qəbul olunmuşdur. “Qanunun keyfiyyəti” barədə tələb onu nəzərdə tutur ki, qanun nəinki əlçatan olmalı və onun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır, o həm də yoxlama tədbirlərinin yalnız “demokratik cəmiyyətdə zəruri” olan hallarda tətbiq edilməsini təmin etməli və xüsusən qanundan sui-istifadə hallarına qarşı adekvat və səmərəli təminat və zəmanətlər yer almalıdır. Lakin, cavabdeh həmin kifayət qədər əsasların nədən ibarət olması barədə dəlillərini onlara deməmiş, yazmamış, təqdim etməmişdir. Həmçinin, Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarəti həyata keçirməkdənsə, özü birbaşa gəlib pasient kimi pul ödəyərək, ultrasəs müayinəsindən keçib ki, bu da yolverilməzdir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi, müştəri rolunda çıxış edə bilməz, onun səlahiyyəti və vəzifəsi, operativ nəzarəti həyata keçirməkdir, nəticədə tədbir görməkdir. Beləliklə də, cavabdehin, vergi xidməti əməkdaşlarının operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi ilə bağlı hərəkətləri də qanunsuz olmuşdur.Yəni bu əməkdaşlar tərəfindən, əməliyyat tədbirlərinin həyata keçirilməsi tədbirləri haqqında qanunun tələbi pozulraq, pasient qismində vergi xidməti əməkdaşı özü çıxış etmişdir ki, bu da qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni Vergi xidməti əməkdaşları şərti pasient qismində xəzinəyə pul ödəmişlər və təhrik yolu ilə müvafiq qəbzi almışlar.Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinin: (əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;) tələbləri pozulmamışdır. Ancaq vergi xidməti əməkdaşlarının iddiası, vergi xidməti əməkdaşının özünün şəxsən əldə etdiyi, təhrik yolu ilə əldə etdiyi qəbzdə, xidmətin adının göstərilməməsidir. Qeyd edilməlidir ki, tərəflərindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci, 50.1.3-cü maddələrinin tələblərinə riayət olunmuşdur, madələrin tələbləri pozulmamışdır. Qəbzdə isə, xidmət hissəsində, UZ hərflərinin düşməməsi, təkcə İ hərfinin yazılması, artıq işin texniki tərəfindir ki, bu da kassa ilə bağlıdır, onların iradəsindən asılı deyil. Onlar, hüquqi şəxs olaraq, vergi ödəyicisi olaraq, üzərlərinə düşən vəzifəni icra etmişlər. Kassanın isə nasazlığına onlar nəzarət etmirlər, təmiri ilə məşğul olan işçilər deyillər. Beləliklə, hesab edirlər ki, sübutların əldə edilməsi zamanı 6-cı maddəsinin və Vergi Məcəlləsinin təminatları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Vegi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcələ ilə müəyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədə hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Azərbaycan Respublikası İPM-nin 14.1.-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin sözügedən qərarının ləğvi üçün əsaslardan biri də, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2022-ci il tarixli, **********5543 nömrəli qərarı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşaviri X1 İddiaçı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını, əsassız olaraq təqvim ili ərzində ikinci dəfə yol verdiyini qondarması, buna görə də İddiaçı MMC-ni 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb etməsidir. Belə ki, yuxarıda da, qeyd etdikləri kimi, cavabdeh, 2021-ci ildə də, əsassız olaraq, indiki kimi, əməkdaşını pasient kimi istifadə edərək əldə etmiş olduğu qəbzlə bağlı, İddiaçı, qondarma olaraq 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb etmişdir. Məhkəməyə etmiş olduğu müraciət əsasında, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5205/2021 saylı Qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3298 saylı qərarı ləğv edilmişdir. Hesab etmişlər ki, məhkəməyə müraciət etməli, hüquq və azadlıqlarını, eləcə də.ş maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etməlidirlər.

3. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********0892 saylı qərarı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, həmçinin həmin qərara əsasən operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulması görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********5543 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il **********5543 saylı qərarından dərhal sonra, şikayət etmə müddətini gözləmədən cavabdehin İddiaçı Məsuliyyətli Cəmiyyətinin hesabından pulların silinməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0892 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr 112 ünvanında yerləşən "xxxx" MMC-də Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixdə saat 14:17-də tibb mərkəzində müştəri tərəfindən ultra səs müayinəsi üçün ödənilmiş 45 manat NKA mədaxil olundu. Lakin, aparılan araşdırma zamanı ödəniş müqabilində təqdim edilmiş NKA çekində qanunvericiliklə müəyyən olunmuş rekvizitlərin tam və düzgün əks olunmadığı (xidmətin adı) müəyyən olunmuşdur. Qanunvericiliklə müəyyən olunmuş rekvizitləri VM-nin 50.8-ci maddəsi ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinə əsasən malın və ya xidmətin (isin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği) nəzarət-kassa aparatının çekində əks olmalıdır. Vergi Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3 təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AKT əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli **********5543 saylı qərar qəbul edilmişdir. İddiaçı operativ vergi nəzarəti zamanı qərarla tanış olmaqdan və aktı imzalamaqdan imtina etmişdir. Onuda qeyd edirlər ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********0892 saylı qərarı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərarın ləğvini məhkəmədən xahiş edir hansı ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın mübahisələndirilməsi mümkünsüzdür. Çünki sözügedən qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt deyildir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunda verilmiş anlayışa görə qərarın inzibati akt olması üçün o müəyyən tələblərə cavab verməlidir. Yəni, həmin qərar inzibati orqan tərəfindən qəbul edilməli, publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün hüquqi nəticələr yaratmalıdır. Sözügedən qərarlar inzibati orqan yəni, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilir, operativ vergi nəzarətinin həyata keçirilməsi prosesini nizama salır, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Bunlarla yanaşı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Məcəllənin 50.1.3-cü maddəsinə əsasən vergi orqanları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdikləri işin faktiki hallarını əks etdirmədiyindən və formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən təqdim edilmiş icraat materiallarına əsasən: - xx.xx.2022-ci il tarixli **********0892 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçınə məxsus obyektdə, ünvan – AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti 112 ünvanında operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 17 sentyabr 2022-ci il tarixli, KY221782789 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı MMC, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2022-xx.xx.2022, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi olmuşdur. - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında ” DVX 017389 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən, xx.xx.2022ci il tarixdə saat 14:17-də keçirilən Operativ vergi nəzarəti zamanı, müştəri tərəfindən Ultra Səs müayinəsi üçün ödənilmiş 45 (qırx beş) AZN məblə NKA mədaxil olunmuşdur. Müştəriyə NKA çeki təqdim olunmuşdur. Lakin, aparılan araşdırma zamanı ödəniş müqabilində təqdim edilmiş NKA çekində qanunvericiliklə müəyyən olunmuş rekvizitlərin tam və düzgün əks olunmadığı (xidmətin adı) müəyyən olunmuşdur. Qanunvericiliklə müəyyən olunmuş rekvizitləri VM-nin 50.8-ci maddəsi ilə tənzimlənir. NKA çeki akta əlavə olunur. Verilən məlumata görə günlük “Z” hesabatlar saxlanılmır. - İddiaçı tərəfindən operativ vergi nəzarəti tədbirində qərar və çıxarışla tanış olmuş, Aktda göstərilən müştəri yoxdur, şəxsiyyəti bəlli deyil. Ramin adlı şəxs Nurlanı göstərib demişdir ki, müştəri budur. Beləliklə, hazırki aktın tərtibatı, faktiki vəziyyətə uyğun gəlmir. Odur ki, həmin aktı imzalamaqdan imtina etmişdir. - xx.xx.2022-ci il tarixli dublikat çek inzibati icraat materiallarına əlavə edilmişdir. - xx.xx.2022-ci il tarixli vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş inzibati icraat materiallarına əlavə edilmişdir.

9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********5543 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

15. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

17. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən məhkəməyə şikayət ərizəsi ilə müraciət edilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

21. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

22. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

24. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

25. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

26. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; (...) Həmin Məcəllənin 50-ci maddəsinə (Operativ vergi nəzarəti) əsasən: - 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; - 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; - 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; - 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; - 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. - 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; - 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; - 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

27. Beləliklə qanunvericiliyin yuxarıda sadalanan normalarının işin faktiki halları ilə birgə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş, yoxlama zamanı tərtib edilmiş aktda göstərilənlərin doğruluğu iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmış, iddiaçı tərəfindən həmin sübutları təkzib edəcək hər hansı bir dəlil məhkəməyə təqdim edilməmiş, əksinə iş materiallarına əlavə olunmuş NKA çekində qanunvericiliklə (konkret halda VM-nin 50.8-ci maddəsi) müəyyən olunmuş rekvizitlərin tam və düzgün əks olunmadığı (Xidmətin adı sadəcə “İ” şəklində düşmüşdür) müəyyən olunmuşdur. Həmçinin iş materiallarından (iddiaçının şəxsi hesab vərəqəsindən və s.) müəyyən edilmişdir ki, həqiqətən təqvim ili ərzində belə hallara iddiaçı tərəfindən ikinci dəfə yol verilmişdir.

28. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçının ilkin tələbləri təmin edilmədiyindən, hüquqi müqəddaratı ondan asılı olan sonrakı törəmə tələbləri də, müzakirə edilmədən təmin edilməməlidir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar