Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5236/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) 05.10.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********8 nömrəli, 25.02.2021-ci il tarixli imtina məktubunda iddiaçının yalnız gecə növbəsində 2019-cu ildən etibarən işlədiyini, bu səbəbdən 01.01.2006-cı il tarixə güzəştli iş stajının olmadığını bildirmişdir.
2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi sığorta stajının 22.04.2018-ci ilədək (55 yaşı tamam olan günədək) 39 il 05 ay 09 gün olması və bu müddətin 26 il 00 ay 07 gününün “elektrik mexaniki” peşəsində “yeraltı işlərdə”, “əmək şəraiti zərərli və ağır olan” işlərdə işləməsi nəzərə alınmaqla, həmin tarixdən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçının ərizəsinə əsasən Məhkəmənin 2-1(112)-5236/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi sığorta stajının 22.04.2020-ci ilədək (57 yaşı tamam olan günədək) 41 il 05 ay 09 gün müddətində olmasının və bu müddətin 28 il 00 ay 07 gününün “elektrik mexaniki” peşəsində “yeraltı işlərdə”, “əmək şəraiti zərərli və ağır olan” işlərdə işləməyi nəzərə alınmaqla həmin tarixdən, yəni 22.04.2020-ci il tarixindən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 13 il 8 ay 17 gününü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (bundan sonra - 2 nömrəli Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasına və "xxxx" QSC-nin ona dair 21 sentyabr 2020-ci il tarixli A/237 nömrəli arayışında 04.04.1994-01.07.2019-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə elektrik mexaniki, böyük elektrik mexaniki (gecə növbəsi olmaqla zərərli iş şəraitinə görə əmək haqqının 12 faizi miqdarında əlavə), 01.07.2019-cu il tarixindən bugünədək isə elektrik mexaniki (gecə növbəsi olmaqla zərərli iş şəraitinə görə əmək haqqının 24 faizi miqdarında əlavə) vəzifələrində işlədiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 01.07.2019-cu il tarixindən bugünədək yalnız gecə növbəsi olmaqla işlədiyi elektrik mexanik vəzifəsi nəzərdə tutulduğundan iddiaçının 1 yanvar 2006-cı il tarixinə qədər güzəştli iş stajının olmadığını bildirmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
10. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
11. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli Siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır.
12. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ №4646356 nömrəli hərbi biletin, təhsil haqqında 539 nömrəli, 28.09.2020-ci il tarixli arxiv arayışının, ДТ-İ №772443 nömrəli diplomun, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 26.08.1978-ci il tarixdən 06.03.1982-ci il tarixədək Bakı Baza Energetika texnikumunda təhsil almış, 08.04.1982-ci ildən 20.04.1982-ci ilədək “Kibernetika” institutunda texnik işləmiş, 30.04.1982-25.05.1984-cü il tarixlərində hərbi xidmətdə olmuşdur. 07.06.1984-cü il tarixdən 02.09.1985-ci il tarixədək “Kibernetika” institutunda elektrik çilingər vəzifəsində, 16.09.1985-ci il tarixdən 08.04.1992-ci il tarixədək “Bakı şəhər tikinti mexanikləşdirmə” trestində elektrik çilingəri vəzifəsində işləmişdir. 15.04.1992-ci il tarixdən Bakı Metropoliteninə elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir, 04.01.1994-cü il tarixdən həmin idarədə elektrik mexaniki vəzifəsində işləyir.
13. Beləliklə, iş materiallarına əsasən 2006-cı ilin yanvarın 1-dək İddiaçı 27 il 1 ay 26 gün ümumi iş stajına malik olmuşdur (“Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir).
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
15. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 40N-10/3-468 nömrəli, 16 aprel 2021-ci il tarixli məktubuna əsasən İddiaçı 15.04.1992-ci il tarixindən 04.01.1994-cü il tarixinədək Bakı Metropoliteninin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasında elektrik montyoru peşəsində, 04.04.1994-cü il tarixindən 18.07.2014-cü il tarixinədək elektrik mexaniki, böyük elektrik mexaniki vəzifələrində çalışmışdır (gecə növbəsi olmaqla 12% zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən 01.07.2019-cu il tarixinədək "xxxx" QSC-nin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasında elektrik mexaniki vəzifəsində (gecə növbəsi olmaqla 12% zərərli iş şəraiti ilə) işləmişdir. 01.07.2019-cu il tarixindən Elektrik təchizatı xidmətinin Elektrik işıqlandırma və kabel şəbəkəsi distansiyasının təmir sahəsində elektrik mexaniki vəzifəsində işləyir (yalnız gecə, 24% zərərli iş şəraiti ilə). Gecə saatlarına görə İddiaçı əmək haqqına 40% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir. X2 zərərli əmək şəraitində əmək stajı 26 il 00 ay 14 gün (iyirmi altı il on dörd gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21 Nəqliyyat maddəsinin 21.5 Metropolitenlər bəndi ilə tənzimlənir.
16. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 13 il 8 ay 16 gün güzəştli iş stajı olmuşdur. Belə ki, iddiaçı 15.04.1992-ci il tarixindən 04.01.1994-cü il tarixinədək Bakı Metropoliteninin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasında elektrik montyoru peşəsində (2 nömrəli Siyahı, yarımstansiyaların xidməti üzrə elektrik montyorları - 2290100a—19842), 04.04.1994-cü il tarixindən 01.01.2006-cı il tarixinədək elektrik mexaniki vəzifəsində (2 nömrəli Siyahı, elektrik mexanikləri - 2300200b—25410) işləmişdir.
17. Cavabdeh iddiaçının elektrik mexaniki vəzifəsində işlədiyi dövrü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifəyə aid etməmiş, bu dəlilini iddiaçının həmin vəzifə üzrə əmək funksiyası ilə yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olmaması ilə əsaslandırmışdır.
18. Məhkəmə cavabdehin bu dəlilini qəbul etmir və aşağıdakıları qeyd edir. Birincisi, 2 nömrəli Siyahının “23000000 - XXVİİİ. Nəqliyyat; 23002000 - 2. Metropolitenlər” sətri üzrə 2300200a kodu “a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”ə aid edilmişdir. İddiaçı elektrik mexaniki olmaqla fəhlə deyil, mütəxəssisdir. Belə ki, “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin X6 Sorğu kitabçasına (hissə 56 - 2) əsasən “Elektrik Mexaniki” İİ Metropoliten Xidmətləri 2) Mütəxəssislər kateqoriyasına aid edilmişdir və vəzifə borcu “xidmət göstərilən qurğu və avadanlıqların saz saxlanılmasını, qəzasız və etibarlı işini, düzgün istismarını, onların texniki cəhətdən saxlanılması üzrə təlimatlara, təsdiq edilmiş çertyoj və sxemlərə, mövcud texniki şərtlərə və normalara müvafiq surətdə vaxtlı-vaxtında keyfiyyətlə təmir olunmasını və modernləşdirilməsini təmin etmək. Qurğuların iş şəraitini öyrənmək, vaxtından əvvəl köhnəlməsinin səblərini aşkara çıxarmaq, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək. Qurğuların istismarı və onlara xidmət göstərilməsi üzrə texnoloji prosesə, təlimatlara, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə qaydalara briqada tərəfindən riayət olunmasına nəzarət etmək. Qurğuların işindəki nasazlıqların aradan qaldırılmasında iştirak etmək. İş yerlərinin materiallarla, xammalla, ehtiyat hissələri ilə, ölçü cihazları ilə, mühafizə vasitələri ilə, alət və mexanizmlərlə, texniki sənədlərlə təmin edilməsinə nail olmaq. Əməyin və istehsalın elmi təşkilinin, əməyin qabaqcıl üsullarının tətbiqində iştirak edir, qovşaq və detalların təmirinin və bərpasının mütərəqqi metodlarını; habelə qurğu və avadanlıqların xidmət müddətinin artırılması, təmir işinə əmək sərfinin və onun maya dəyərinin azaldılması, təmirin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyib hazırlaymaq və tətbiq etmək. Təhkim olunmuş texniki vasitələrin etibarlığının, iş keyfiyyətinin yüksəldilməsi üzərində tədbirlərin işlənib hazırlanmasında, mövcud qurğuların mənimsənilməsində və modernləşdirilməsində iştirak etmək. Materiallar, ehtiyat hissələri və alətlər üçün tələbnamələrin tərtib olunmasında iştirak etmək və onların qənaətlə və səmərəli surətdə sərf olunmasını təmin etmək. Avadanlıqlarda qəzaların səbəblərinin təhqiq olunmasında qəza və istehsalat travmatizmi hallarının qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək. Qurğu və avadanlıqlara xidmətin, onların cari və əsaslı təmirinin keyfiyyətlə aparılması işinə operativ rəhbərliyi həyata keçirmək.”dən ibarətdir.
19. İkincisi, 2 nömrəli Siyahıdan görünür ki, iddiaçının işlədiyi vəzifə 2300200b— 25410 koduna aid edilsə də, cavabdehin istinad etdiyi tələb (meyar) 2300200a kodu üzrə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Siyahıdan görünür ki, “2. Metropolitenlər” (kod ********) sütunu üzrə 2300200a kodu altında a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr göstərilərək həmin kodların alt kodları sadalanmış və fəhlə dedikdə məhz hansı fəhlələrin nəzərdə tutulduğu göstərilmişdir. Lakin Siyahıda 2300200b kodu qeyd edilmədən, həmin koda aid edilməli işçiləri (rəhbər və mütəxəssilər) göstərən bənd olmadan (həmin işçilərə dair əlavə tələb varsa, habelə həmin tələb) 2300200b kodunun altkodları və vəzifələrin adları sadalanmış, bununla fəhlə bəndi altında rəhbər və mütəxəssilər göstərilərək qüsura yol verilmişdir. Belə ki, 2 nömrəli Siyahının yazılış strukturuna diqqət yetirdikdə aydın olur ki: - Siyahı birinci sütunda kodlar (şərti olaraq 1-ci sütun), ikinci sütunda koda uyğun fəaliyyət sahələri (şərti olaraq 2-ci sütun) göstərilməklə iki hissəyə bölünmüşdür; - 2-ci sütun isə həmin sahələrin bölmələri və orada işləyən şəxslər (fəhlələr, rəhbərlər, mütəxəssilər) üzrə bəndlərə ayrılmışdır. - İşləyən şəxslərin statusundan asılı olaraq (fəhlələr, rəhbərlər, mütəxəssilər), 1-ci sütunundakı kodlara müvafiq olaraq “a” və ya “b” hərfi əlavə olunmuşdur (bəzi sahələr üzrə işləyən şəxslərin yerinə yetirdiyi funksiyanı fərqləndirmək üçün “v”, “q”, “d” hərflərindən istifadə olunmuşdur – 1 nömrəli Siyahı üzrə). - bu bölgü 2-ci sütunda da öz əksini tapmış, müvafiq fəaliyyət sahəsi üzrə fəhlələr “a”, rəhbər və mütəxəssislər “b” hərfi üzrə qruplaşdırılmışdır. - Siyahıda hər hansı bir sahə üzrə güzəştin müəyyən edilməsi üçün tələb olunan meyar işçilərin statusundan asılı edilmədikdə, meyar göstərilməklə “fəhlələr, rəhbərlər və mütəxəssislər” vahid bənddə verilmişdir (məsələn, ******* kodu üzrə və ya 23401000— 1753a kodu üzrə). Yəni yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə ilə yanaşı rəhbərlər və mütəxəssislərə aid edilsə idi, o Siyahıda “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər” kimi göstərilməli, alt kodlarda isə “a” və “b” fərqləndirilməsi aparılmamalı idi. Belə olan halda, məhkəmə qeyd edir ki, müvafiq qüsur, yəni Siyahının 1-ci sütununda “2300200b” kodunun, 2-ci sütunda ona ekvivalent olan “b) rəhbər və mütəxəssislər” bəndinin göstərilməməsi iddiaçının fəhləyə aid edilməklə fəhlələr üçün müəyyən edilən tələbin mütəxəssis olmasına baxmayaraq ona da şamil edilməsinə əsas vermir. Bir halda ki, iddiaçının işlədiyi müəssisə onun işlədiyi dövrləri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən sahəyə aid etməklə, bu barədə arayış vermişdir. Eyni zamanda, iddiaçının işlədiyi əmək şəraitinin zərərli olmasına dair əmək kitabçasında müvafiq qeyd aparılmışdır.
20. Beləliklə, işin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi əmək stajı olması və onun 12 il 6 ay müddətini 2 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahələrdə (kod- 2290100a—19842 və kod – 2300200b—25410) işləməsi tam sübuta yetirildiyindən onun 57 yaşdan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
21. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı : İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 22.04.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova