Məhkəmə qərarları › İş №2-1(112)-5237/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5237/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5237/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili X1, onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 81 binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi üzərində Nərimanov rayon İcra Hakimiyyəti başçısının 26.06.2017-ci il tarixli 271 saylı sərəncamı ilə təsdiq edilmiş eskiz layihəsi əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Nərimanov rayon İcra Hakimiyyəti başçısının 26.06.2017-ci il tarixli 271 saylı sərəncamına, razılaşdırılmış eskiz layihəyə və istismara icazə sənədinə əsaslanaraq, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 81 binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlərin olmadığını bildirərək, müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçi cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, qeyd edilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar) və yerləşmə sxemi təqdim edilməmişdir. Bundan başqa təqdim olunan tikinti obyektinin istismarına icazə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən deyil, şəhər rayonunun icra hakimiyyəti tərəfindən verilmişdir. Həmçinin eskiz layihə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır. Elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binası yaşıllıq zonasında yerləşir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən dəfələrlə (04.12.2019-cu il, 22.06.2020-ci il və 13.01.2021-ci il) inzibati orqana müraciət edilmiş və hüquqmüəyyənedici sənədlərin təqdim olunduğu təqdirdə müraciətinə yenidən baxılacağı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim olunan həmin məktub imtina məktubu kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.1-ci maddəsində tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak barədə qəbul edilmiş 26.06.2017-ci il tarixli 271 nömrəli Sərəncamın və tikinti obyektinin istismarına icazə barədə barədə 26.06.2017-ci il tarixli 24 nömrəli sənədin təsdiq edilmiş surətinin, o cümlədən qeyd olunan sənədlərin hüquqmüəyyən edici sənəd qismində qiymətləndirilməsi məsələsi ilə bağlı müvafiq araşdırmanın həyata keçirilməsi üçün cinayət işi üzrə icraatın nəticəsi və tətqiqat obyekti kimi göstərilən sənədlərə münasibətdə hər hansı prosessual hərəkətin (qərar və s və ya iş üzrə əhəmiyyət daşıya biləcək digər məlumat (sənəd qanuni əsaslarla verilib-verilməməsi, sənədlərin saxtalığı və s) edilib-edilməməsi barədə məlumatın verilməsi ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara sorğular göndərilmişdir. Sorğulara cavab məktublarında: -Nərimanov rayon İcra Hakimiyyəti bildirmişdir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 2015-2020-ci illər üzrə Sərəncamları Hüquq-Mühafizə orqanlarına təqdim olunduğundan, sözügedən Sərəncamın təqdim edilməsi mümkün deyildir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı bildirmişdir ki, sorğuda göstərilmiş sənədlər Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirmişdir ki, Baş İdarədə İddiaçı barəsində hər hansı material üzrə araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 81 binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, həmin əmlak ilə bağlı sərəncam və istismara icazə sənədi olduğundan, onu qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yaranmış olur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən 5 hal əsas götürülmüşdür 1.Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin olmaması;

2. Tikinti obyektinin istismarına icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi;

3. Eskiz layihənin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmaması; 4.Tikintiyə icazə verilməsi barədə qərarın olmaması;

4. Elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binasının yaşıllıq zonasında yerləşməsi. Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməli, mübahisəli tikili ilə bağlı verilmiş olan istismara icazə sənədinin və razılaşdırılmış eskiz layihəsinin səlahiyyətli orqan tərəfindən verilib-verilməməsinə qiymət verilməlidir. Cavabdehin imtina məktubunda və etiraz ərizəsində göstərilən hallara qiymət verməzdən əvvəl, məhkəmə, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasının məhz hansı hüquqmüəyyənedici sənədlər əsasında həyata keçirilməli olmasına münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri müəyyən edilmişdir ki, hazırki idda üzrə mübahisə predmetini təşkil edən əmlak həmin maddədə səciyyələnmiş obyektlərə aid deyildir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dən) inşa edilən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar; - istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 8.0.10.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, 01.01.2013-cü il tarixdən sonra inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tələb olunan tikililəri münasibətdə sənədlərin əhatə dairəsi fərqləndirilmişdir. Hazırki iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsinin 01.01.2013-cü ildən əvvəl və ya sonra inşa edilməsi hər hansı bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin qeyri-yaşayış sahəsi tikintisinə icazə tələb olunan tikili olduğundan, həmin qeyri-yaşayış üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci maddəsində və ya 8.0.10.1-ci maddəsində səciyyələnmiş sənədlər təqdim edilməlidir. Başqa sözlə desək, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi olmalıdır. Məhkəmə yuxarıda göstərilənlər əsasında cavabdehin istinad etdiyi birinci hala, yəni iddiaçının torpaq sahəsi üzərində hüquqlarının olub-olmamasına münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Sadalanmış qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının mübahisə predmetini təşkil edən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün həmin əmlakın yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim etməli olduğu halda, o, həmin hüquqlardan hər hansı birinin mövcud olmasını sübut etməmiş və bununla bağlı mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə cavabdehin razılaşdırılmış eskiz layihə və istismara icazə sənədi ilə bağlı irəli sürdüyü mülahizələrə münasibət bildirirək hesab edir, cavabdeh həmin hissədə də haqlıdır. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 26.06.2017-ci il tarixli 271 saylı sərəncamı ilə F.X.Xoyski prospekti 81 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. Təqdim olunmuş eskiz layihəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 81 ünvanında qeyri-yaşayış sahəsinə verilmiş eskiz layihəsi Nərimanov rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış və müvafi imza, möhürlü təsdiq edilmişdir. Bundan sonra, tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq, 30.06.2017-ci il tarixdən Nərimanov rayonu, F.X.Xoyski prospekti 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tikinti obyektinin istismarına icazə verilmiş və 26.06.2017-ci il tarixli 24 №-li tikinti obyektinin istismara icazə sənədi ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsinə icazə verilərkən tərtib olunmuş eskiz layihəsinin razılaşdırılması, həmçinin bundan sonra 26.07.2017-ci il tarixdə qəbul olunmuş istismara icazə sənədi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmişdir. Halbuki, həmin dövrdə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısı həmin tikiliyə dair layihəni təsdiq etməyə və tikinti obyektinin istismarına icazə sənədi ni verməyə səlahiyyətində deyil idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının, icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”dan bina və qurğular məsuliyyət səviyyələrinə görə 3 səviyyəyə ayrılmışdır kı, İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular – İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydə alınarkən həmin daşınmaz əmlak ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərar və sərəncamlar yoxlanılmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.09.2008-ci il tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş bina və qurğuların məsuliyyət səviyyəsindən asılı olaraq sərəncamların yerli icra hakimiyyəti başçısının və ya şəhər rayon icra hakimiyyəti başçısı tərəfindən verilməsində səlahiyyətli olub-olmaması qiymət verilməlidir. Yuxarıda göstərilən normativ hüquqi aktların və qanunvericiliyin müddəalarından görünür ki, binaların memarlıq layihəsi təsdiq etmək və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək icra hakimiyyətinin başçısının səlahiyyətinə aid edilmişdir. Nəzərə alınmalıdır ki, iqtisadi, sosial və ekoloji səbəblərə görə binalar məsuliyyət səviyyələrinə görə ayrılmışdır ki, İ və İİ məsuliyyət səviyyələri tikililər ilə bağlı səlahiyyət yerli icra hakimiyyətinin başçısına, İİİ məsuliyyət səviyyəli tikililər ilə bağlı səlahiyyət isə şəhər rayonlarının icra hakimiyyəti başçılarına verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”da “qeyri-yaşayış” sözü İİ məsuliyyət səviyyəli bina və qurğular bölməsində qeyd olunmamışdır. Lakin, siyahıya ümumən qiymət verdikdə məlum olur ki, İ məsuliyyət səviyyəli binalara daha çox dövlət standartlarına uyğun tikililər aid olmuş (mis.metropoliten stansiyaları, boru kəmərləri, muzey, kinoteatrlar və s.), 12 metr hündürlüyədək fərdi yaşayış evləri və kənd təssərüfatına aid olmuş təsarrüfatdaxili obyektlər isə İİİ məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Göstərilmiş bu hallar ona dəlalət edir ki, qeyri-yaşayəş sahələri digər bina və qurğularığın əhatəsini düşür və İİ normal məsuliyyət səviyyəli bina hesab olunur. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə belə nəticəyə gəlir ki, hazırki işdə iddia olunan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 81 binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəli binalara aid olduğundan, tikilinin inşa edilməsinə icazə barədə qərar qəbul etmək, istismara icazə sənədini vermək və tikilinin eskiz layihisəni razılaşdırmaq yalnız Bakı şəhərində yerləşən binalara münasibətdə Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. Beləliklə, istismar icazə sənədinin verilməsi və eskiz layihəsinin razılaşdırılması Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən həyata keçirilmədiyindən, həmin sənədlər əsasında iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması mümkün deyildir. Məhkəmə digər əsas ilə bağlı qeyd edir ki, etiraz ərizəsində göstərildiyi kimi, iddiaçı həqiqətən də tikintinin başlanılmasına icazə sənədini təqdim etməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi tikilən dövrdə icazə sənədi alınmamış, lakin sonradan olunan müraciət əsasında həmin qeyri-yaşayış sahəsinin mövcud vəziyyətinin qanunvericiliyin tələblərinə cavab verməsi əsası ilə sənədləşdirilmənin onun adına aparılması icazə verilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 26.06.2017-ci il tarixli 271 saylı sərəncam “tikintiyə icazə verilməsi” anlayışını ehtiva etsə belə, həmin sərəncam Bakı şəhət İcra Hakimiyyəti tərəfindən qəbul edilməli idi. Məhkəmə beşinci hissə ilə bağlı isə qeyd edir ki, cavabdeh qeyri-yaşayış binasının yaşıllıq zonasında yerləşdiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hal barədə iddia tələbinin təmini üçün nəzərdə tutulmuş digər şərtlər ödənilmədiyindən hər hansı araşdırmanın aparılmasına da məhkəmə hesab edir ki, zərurət mövcud deyil. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar