Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5237/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən etibarsız hesab olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən etibarsız hesab olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, İcra Hakimiyyətinin Başçısının 248 nömrəli, 21 noyabr 2022-ci il tarixli sərəncamının, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və fərdi evin yerləşdiyi əraziyə aid hissədə etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 226.7 kv. metr olan fərdi yaşayış evi və yerləşdiyi 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Həmin fərdi yaşayış evi hazırda iddiaçının istifadəsindədir və o, orada yaşayır. Bundan başqa, Sabunçu rayonu, ünvan 2 ünvanında əlavə olaraq, ümumi sahəsi 150 kv. metr olan iki tikili mövcuddur ki, həmin tikililərdə də övladları ayrı-ayrılıqda öz ailəsi ilə birgə yaşayır. Onların hər evə ayrıca girişi var və hər ev üçün ayrıca kommunal xidmətlər barədə müqavilələri mövcuddur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 248 saylı 21 noyabr 2022-ci il tarixli sərənamı ilə ünvan 3 ünvanında yerləşən, "Bakı Çayçəkici” Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların stifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan Sərəncamı ilə nəzərdə tutulan 1.25 ha torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsini də əhatə edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının həmin sərəncamını, iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki işlə əlaqədar elektron məhkəmə sistemindəki elektron kabinetdən xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Belə ki, "xxxx" ASC ona qarşı onun ailə üzvlərilə birlikdə mülkiyyətində olan mənzildən çıxarılmağı və mənzilin onlara təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 248 nömrəli, xx.xx.2022- ci il tarixli sərəncamı ona məxsus əmlaka dair hissədə etibarsızdır və heç bir hüquqi nəticə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxs "xxxx" ASC-yə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən № **********89-10301 reyestr nömrəli 0.03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 226.7 kv.metr olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 351 nömrəli reyestr kitabının 32769 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yeni yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 248 saylı Sərəncamından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 05.07 2022-ci il tarixli, 1/1422 nömrəli müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022- 6276 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli razılıq məktubları nəzərə alınaraq, ünvan 4 ünvanda yerləşən, "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Bakı Çayçəkici" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokol (Əlavə protokol, 1 saylı protokol) Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyası ... Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: 1.1 Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. ... 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. ... Maddə 4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. ... Maddə 7. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Maddə 10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları ... Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Maddə 18. Torpağın icarəyə vermək hüququ .... Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydaları 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət ... 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. ... Maddə 11. Qanunçuluq prinsipi. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. .... Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. MƏHKƏMƏNİN MÖVQEYİ İlk olaraq, mübahisə, iddiaçıya məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqları və onun itirilməsi ilə bağlı olduğu üçün mülkiyyət hüququ və ona müdaxilə imkanları, bu çərçivədə tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyərdir. Eyni zamanda, bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Qanunvericiliklə mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın tənzimlənmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə əmlakın mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərlə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunması zəruridir. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Hazırkı işdə iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması işin mübahisəsiz halıdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yeni yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 248 saylı sərəncamı əsasında ünvan 4 ünvanda yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Bakı Çayçəkici" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********76 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022ci il tarixli 248 saylı sərəncamının tərkib hissəsi olan "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş torpaq sahəsinin yerləşmə cizgisinin və həmin yerləşmə cizgisində olan koordinatlar daxilində İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi yerləşir. Məhkəmə Bakı şəhəri İcra Hakimiyyətinin torpaq sahəsinə Sərəncam verməyə səlahiyyətinin olmaması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin tələblərinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Göründüyü kimi, yerli icra hakimiyyəti qanunvericiliyin müddəaları və öz səlahiyyətləri çərçivəsində dövlət mülkiyyətində olan torpaq sahələrini icarəyə və ya istifadəyə vermək səlahiyyətinə malikdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, özgəsinin xüsusi mülkiyyətində olan əmlaka dair sərəncam qəbul etmişdır. Belə olduqda məhkəmə hesab edir ki, Bakı şəhəri, İcra Hakimiyyətinin Başçısının 248 nömrəli, 21 noyabr 2022-ci il tarixli sərəncamının, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və fərdi evin yerləşdiyi əraziyə aid hissədə etibarsız hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya görə, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər. Həmin Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qanunsuz müdaxilədən müdafiəsinə yönəlmiş hüquqi marağı və prosessual qənaət prinsipi nəzərə alınaraq, iddiaçıya münasibətdə həmin aktın etibarsızlığı tanınmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1538/2022 nömrəli; xx.xx.2023-cü il tarixli, 2- 1(102)-2016/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1414/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1261/2023 qərarlarında olan məhkəmənin mövqeyi ilə eynilik təşkil edir. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir Hazırki işdə inzibati orqan tərəfindən iddiaçıların mübahisələndirdiyi sərəncam qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa iddiaçıların mülkiyyət hüququna toxunur, iddiaçılar həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. Həmin halları təkzib edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan təqdim edə bilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının “Yeni yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 248 nömrəli, 21 noyabr 2022-ci il tarixli sərəncamı İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 226.7 kv. metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi əraziyə aid hissədə etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5237/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5237/2025
08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver