Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5238/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktlarında müvafiq dəyişiklilkər aparılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X30 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktlarında müvafiq dəyişiklilkər aparılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və atasının soyadının “Qoycayev” olmasını təsdiq edən sənəd – “atasının doğum haqqında şəhadətnaməsi” əsasında Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə, 51 nömrəli aktla qeydə alınmış atalığının müəyyn edilməsi haqqında akt qeydindəki səhvlərin düzəldilməsi (atasının soyadının “Qoycayev” kimi yazılmasının təmin edilməsi), yeni düzəlişlər əsasında atalığının müəyyən edilməsi haqqında akt qeydinə dəyişikliklər edilməsi və yeni dəyişikliklər əsasında onun atalığının müəyyən edilməsi haqqında yeni şəhadənamə ilə təmin edilməsi, 31-B nömrəli aktla qeydə alınmış doğumu haqqında akt qeydindəki səhvlərin düzəldilməsi (atasının soyadının “Qoycayev”, onun soyadının “Qoycayeva” kimi yazılmasının təmin edilməsi), yeni düzəlişlər əsasında doğumu haqqında akt qeydinə dəyişikliklər edilməsi və yeni dəyişikliklər əsasında onun doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun doğumu xx.xx.1996-cı il tarixdə Bakı şəhəri Suraxanı VVAQ Şöbəsi tərəfindən 31-B nömrəli aktla qeydə alınmışdır və müvafiq olaraq o, xx.xx.1996-cı il tarixdə Bakı şəhəri Suraxanı VVAQ Şöbəsi tərəfindən XİX-JQ seriyalı, 441039 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X1 xx.xx.1971-ci il tarixdə Gürcüstan Tsalka rayonunun Tecisi (indiki Culuxlu) kəndində anadan olmuş, Ukrayna Respublikasının vətəndaşıdır, hazırda ünvan 2 ünvanında yaşayır, işləmir. X4 xx.xx.1968-ci il tarixdə Gürcüstanın Tsalka rayonunun Ar-Sarvan kəndində anadan olub. Atası Ukrayna Respublikasının vətəndaşıdır, hazırda ünvan 2 ünvanında yaşayır, işləmir. Onun doğumu qeydə alınarkən atalıq müəyyən edilmiş və ona atasının soyadı verilmişdir. Atalığının müəyyən edilməsi haqqında şəhadətnamədə atasının soyadı “Göycayev” kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə isə atasının soyadı “Göycəyev”, onun soyadı isə “Göycəyeva” kimi qeyd edilmişdir. Əslində isə, atasının soyadı “Qoycayev” və onun soyadı isə “Qoycayeva” kimi qeyd edilməli idi. Çünki, onun atasının soyadı “Göycəyev” və ya “Göycayev”, yox, “Qoycayev”dir. Hazırda onun 28 yaşı var, lakin, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq halında olan şəxs kimi himayəyə götürülmüş və BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. O, doğulduğu vaxtdan hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində yaşayır, heç vaxt da Azərbaycan Respublikasının ərazisini tərk etməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli 83483669 nömrəli qərarından görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Bundan başqa, o, Ukrayna Respublikası tərəfindən də, şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Hazırda onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi üçün ilk öncə doğum akt qeydindəki səhvlər düzəldilməlidir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. O, cavabdehin imtinası ilə razılaşmayaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. 4 . Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaya qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi” nəzərdən keçirilərkən İddiaçı doğumunun xx.xx.1996-cı il tarixdə 31-B saylı aktla Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Həmçinin, doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşağın soyadının “Göcəyeva” deyil, “Göycəyeva” yazıldığı məlum olmuşdur. Yuxarıda göstərilənlərə əsasən tələbin “yeni doğum haqqında şəhadətnamənin verilməsi kimi deyil, şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi və doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə” qoyulması xahiş olunur.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli 1243-05/75 nömrəli imtina məktubuna əsasən, iddiaçının müraciətinin təmin edilməsindən imtinaya əsas kimi şəxsiyyətini təsdiq edən sənədin olmamasına istinad edilmişdir.
8. XİX-ХГ seriyalı 441039 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı 02 noyabr 1994-cü ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1996-cı ilin may ayının 15-i günündə 31-B ilə qeyd edilmşdir. Ata qrafasında X14, ana qrafasında X10 qeyd edilmişdir.
9. AZ-İ seriyalı 449013 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən X15 02 noyabr 1994-cü il tarixdə X3 doğulmuş X8 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 1996-cı ilin 05 ayının 15 günündə, 51 nömrə ilə qeyd edilmişdir.
10. BMT QAK Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədinə əsasən Goyjayeva Aygun xx.xx.1994-cü il tarixdə doğulmuşdur.
11. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi dairəsi tərəfindən verilmiş arayışından görünür ki, BMT QAK-ın himayəsində olan Aygun Goyjayevaya (himayə sənədi № ***-*******4) Dövlət Miqrasiya Xidməti tərəfindən 22 avqust 2022-ci il tarixindən 31 avqust 2023-cü il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
12. Notarial qaydada tərcümə və təsdiq edilmiş İİİ-РЭ seriyalı 841964 nömrəli xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.1968-ci il tarixdə Gürcüstan SSR, Tsalka rayonu, Ar-Sarvan kəndində anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1968-ci ilin noyabr ayının 25-də nömrə 157 ilə lazımı qeyd aparılmışdır. Atası qrafasında X17, anası qrafasında X2 qeyd edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus doğum akt qeydinin surəti təqdim edilmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının X4 öz izahatında bildirmişdir ki, qızına məxsus doğum akt qeydində, doğum haqqında şəhadətnamədə, atalığın müəyən edilməsi haqqında şəhadətnamədə, atalığın müəyyən edilməsi barədə akt qeydində və şəhadətnamədə onun soyadı “Qoycayev” əvəzinə “Göycəyev” və “Göycayev” qeyd edilmişdir. Halbuki, onun soyadı “Qoycayev” şəklindədir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəsini aşağıdakılarla əsaslandır: İlk növbədə qeyd olunmalıdır ki, hazırki iddia tələbi iki hissədən ibarətdir:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəliş edilməsi;
2. Şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin verilməsi;
22. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının hazırki iddia tələbi vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərində düzəlişin edilməsidir ki, bu zaman akt qeydlərində səhvələrə yol verilib-verilməməsi, həmçinin akt qeydlərində düzəliş üçün əsasların olub-olmadığını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.
29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.8.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; -nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; -atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; -atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; -vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; -övladlığa götürmə ləğv edildikdə; -atalığın müəyyən edilməsi ləğv olunduqda; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; -cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; -vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; -qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: -övladlığa götürmə barədə məhkəmənin qərarı; -nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; -adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; -yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; -övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; -atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; -atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; -ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; -cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
32. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, doğum tarixi,habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin yol verilməsi ilə bağlı düzəlişin edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin (ilkin akt qeydində səhvə yol verilməmişdirsə) edilməsinin əsaslarını fərqləndirmiş, lakin konkret olaraq müəyyən şərtlər əsasında təsbit etmişdir. Qeyd olunmalıdır ki, hər iki halda vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəlişin edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ya ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
33. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı qismində çıxış edən İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi atalığın müəyyən edilməsi haqqında akt qeydində atasının soyadının “Qoycayev”, doğum haqqında akt qeydində isə atasının soyadının “Qoycayev”, onun soyadının isə “Qoycayeva” kimi qeyd olunmasıdır. İddiaçı bu tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.
34. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş İddiaçı doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı atası qrafasında X12, anası qrafasında isə X5 göstərilmiş, atalığın müəyyən edilməsi haqqında akt qeydində isə ata haqqında məlumat qrafasında atanın X13 olduğu göstərilmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş iddiaçının atasına məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, əslində iddiaçının atasının soyadı “Qoycayev”-dir. Sözügedən halı, məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının X4 öz izahatında da, bir daha təsdiq etmişdir.
35. Göründüyü kimi İddiaçı həm doğum haqqında akt qeydində, həmçinin atalığın müəyyən edilməsi haqqında akt qeydində atasının soyadı səhv göstərilmiş, “Qoycayev” əvəzinə “Göycəyev” və “Goycayev” kimi qeyd olunmuş, bununla da iddiaçının soyadı “Göycəyeva” qeyd olunaraq səhv göstərilmişdir.
36. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, vətəndaşlıq vəziyyəti haqqında qeydlərində dəyişkliyin edilməsi üçün nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndində göstərilən hallar müəyyən edildiyindən, cavabdehin imtinası əsassızdır.
37. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi ilə bağlı Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təkrar verilməsinin mümkün olub-olmaması yoxlanılmalı, onun şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilib-edilməməsi məsələsinə qiymət verilməlidir. Bu istiqamətdə qiymətləndirmənin aparılması üçün məhkəmə aşağdaki qanunvericilik aktlarına istinad edir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir.
39. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi üçün maraqlı şəxs vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Bu zaman qaydaların 9.3-cü bəndində səciyyələnmiş məlumatlar ərizədə göstərilməli, ərizəçininn şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilməlidir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə vətəndaşın “şəxsiyyətini təsdiq edən sənəd” dedikdə vətəndaşın şəxsiyyət vəsiqəsi başa düşülür.
40. Bu cür yanaşma “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gəlir ki, həmin Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
41. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir.
42. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir.
43. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.
44. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir.
45. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir.
46. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq yoxlanılmalı və həmin sənəd iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyi halda, iddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi tələbi üzrə nəticə verilməlidir”.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş ***-*******4 saylı himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır.
48. İddianın qanuni olduğu həmçinin ondan irəli gəlir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Qediyyat şöbəsi tərəfindən doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin surətləri təqdim olunmuşdur.
49. Beləliklə, iddiaçı barəsində əvvəllər aparılmış doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydləri mövcuddur. Ona görə də, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır.
50. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 69. maddəsini əsas gətirir və bildirir ki, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
51. «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikası Qanununun:
2. maddəsinin ikinci bəndinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir.
5. maddəsinin 8. bəndinə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və onlar üçün müəyyən olunmuş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasını tərk etməlidirlər.
52. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 5. maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar.
6. maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyataxtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər.
53. Nəzərə alınmalıdır ki, iddiaçının doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin olması onun həmin dövrdə doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin olmasına əsas verir. Hazırki vəziyyətdə doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin olmaması hər bir halda şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç bir ayrı seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir.
54. Bundan başqa, məhkəmə vurğulamağı zəruri hesab edir ki, Ali məhkəmənin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə maraqlı şəxsin şəxsiyyətini müəyyən edən sənəd (şəxsiyyət vəsiqəsi) olmadığı halda, onun şəxsiyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilir. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1006/2019 saylı, xx.xx.2019-cu il tarixli)
55. Məhkəmə hesab edir ki, iddiaçının vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərində müvafiq dəyişikliklər edildikdən sonra o, doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr ilə təmin olunmalıdır.
56. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçının bacısı X6 da soyadı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında düzəliş edilərək “Qocayeva”dan “Qoycayeva”-ya dəyişdirilmişdir.
57. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
58. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisədə həm də bərabərlik prinsipi nəzərə alınmalıdır.
59. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
60. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
61. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
62. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə 51 nömrəli aktla qeydə alınmış atalığının müəyyən edilməsi haqqında akt qeydindəki səhvlərin düzəldilməsi (atanın soyadının "Qoycayev” kimi yazılmasının təmin edilməsini), həmçinin 31-B nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydindəki səhvlərin düzəldilməsi (atanın soyadının “Qoycayev”, iddiaçının soyadının “Qoycayeva” kimi yazılmasının təmin edilməsini), şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən iddiaçıya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında və atalığın müəyyən edilməsi haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva