Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5238/2024 03.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin (hal-hazırda Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) Cavabdeh qarşı "siyahıya alınmış əmlakın satılması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi (hal-hazırda Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi, bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 991,79 manat, İcbari Tibbi Sığorta Fonduna 88,70 manat və dövlət büdcəsinə 3000 manat ödənilməmiş borclarına görə siyahıya alınmış qiyməti 3000 manat 1986-cı il buraxılışı kuzov nömrəsi ******* olan sarı prim rəngli “VAZ-21063" markalı **-DO- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (VÖEN:**********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildirişlər verilməsinə baxmayaraq, yaranmış borc məbləğləri yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 991,79 manat, İcbari Tibbi Sığorta Fonduna 88,70 manat və dövlət büdcəsinə 5484,08 manat borclarına görə qiyməti 3000 manat 1986-cı il buraxılışı kuzov nömrəsi ******* olan sarı prim rəngli “VAZ-21063” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmışdır. Siyahıya alınmış əmlakın Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən qanunamüvafiq qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşən görünür ki, cavabdeh xx.xx.1955-ci ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. O, fərdi sahibkar kimi ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023-cü il tarixinə 5297,15 manat vergi borcu olmuşdur. Müəyyən edilir ki, 1986-cı il buraxılışı kuzov nömrəsi ******* olan sarı prim rəngli “VAZ-21063" markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir. İddiaçı tərəfindən cavabdehə elektron bildiriş göndərilərək vergi borcunun ödənilməyəcəyi təqdirdə əmlakının siyahıya alınacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cavabdehə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən cavabdehə məxsus 1986-cı il buraxılışı kuzov nömrəsi ******* olan sarı prim rəngli “VAZ- 21063" markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi vergi borcunun ödəniməsinin təmin edilməsi məqsədilə iddiaçı tərəfindən siyahıya alınmışdır. İddianın mümkünlüyü: İPM-də göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (2.1). Mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır (2.2.7). Göründüyü kimi iddiaçı cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün onun siyahıya alınmış əmlakının satılmasını xahiş edir. Tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur (23.1.6). Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər (89.1.). Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir (89.2.). Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər (89.3.). Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir (89.10.). Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (90.1.). Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. İşin faktiki hallarından görünür ki, vergi ödəyicisinin qanunla müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin borcuna görə onun fəaliyyət göstərdiyi ünvanda yerləşən təsərrüfat subyektində əmlakı siyahıya alınmış və bu barədə protokollar tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 991,79 manat, İcbari Tibbi Sığorta Fonduna 88,70 manat və dövlət büdcəsinə 3000 manat ödənilməmiş borclarına görə siyahıya alınmış 1986-cı il buraxılışı, kuzov nömrəsi ******* olan sarı prim rəngli “VAZ-21063" markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğ vergi borcunun ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-5238/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5238/2024
03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver