Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-524/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********718900 saylı kameral vergi yoxlaması haqqında qərarın ləğv edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş və əsassız olaraq əlavə vergi məbləği hesablanmışdır. Müəssisə tərəfindən 2019-cu ildə qaimə yazılmış, pul daxil olmadığı üçün mənfəət hesabatı kassa metodu ilə təqdim edilmişdir. Lakin vergi orqanının elektron sistemi tərəfindən uyğunsuzluq aşkar olunmamasına baxmayaraq, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********718900 nömrəli qərar qəbul olunaraq, 9678,88 manat əsas vergi məbləği və 3441,54 manat faiz olmaqla ümumilikdə 1312U.42 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıdakı əsaslara görə vergi orqanı tərəfindən aparılmış əlavə hesablama əsassız və qanunsuz hesab edilməlidir. Belə ki: - Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarına əsasən təqdim olunmuş vergi bəyannaməsinin üzrəindən 30 iş günü keçdikdən sonra vergi orqanı tərəfindən həmin bəyannaməyə kameral vergi yoxlaması keçirə bilməz. Lakin müəssisənin 2019-cu il üçün mənfəət bəyannaəsi təsdiqlənmiş olmasına hətta üzrəindən aylar keçməsinə baxmayaraq vergi orqanı 37-ci maddənin tələblərini pozaraq hesablama aparmışdır. - Vergi orqanı əvvəlcə müəssisənin 2019-cu il üzrə mənfəət bəyannaməsinə hesablama aparmış, daha sonra mürciətimizi nəzaərə alaraq şəxsi hesab 2 vərəqəsindən borcu tam olaraq silmişdir, daha sonra isə 2020-ci il üzrə mənfəət hesabatına yenidən əlavə hesablama aparmışdır. Müəssisə tərəfindən 2020-ci il üzrə hesabatlar da tam düzəldilib vergi orqanına təqdim edilən zaman, bu dəfə vergi orqanı 2020-ni azaldaraq yenidən 2019-cu ilin mənfəət vergisi üzrə hesablama aparmışdır ki, buda çox qeyri ciddi bir hal almışdır. - Vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılarkən nə Vergi Məcəlləsinin 37ci maddəsinin tələbləri nə də Kameral vergi yoxlamasının keçirilinəsi üçün qəbul olunmuş Metodiki Tövsiyyələrin tələbləri nəzərə alınmamışdır.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, cavabdeh Bakı səhəri X4 üzrə Bas İdarəsi 2-1(112)-13985/2022 saylı is üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İşin halları ilə bağlı bildirilir ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ərzində elektron qaimə-faktura əsasında 193890,4 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq mənfəət vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********871500 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2019-cu ilin mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2019-cu ilin mənfəət vergisi üzrə 9678,88 manat ((193890,4-312,79)*5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********321400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən təqdim olunmuş vergi bəyannaməsinin üzərindən 30 iş günü keçdikdən sonra bəyannaməyə kameral vergi yoxlaması keçirilə bilməz. Lakin müəssisənin 2019-cu il üçün mənfəət bəyannaməsi təsdiqlənmiş olmasına baxmayaraq, vergi orqanı 37-ci maddənin tələblərini pozaraq hesablama aparmışdır. Qeyd olunanın əksinə bildirilir ki, vergi orqanı tərəfindən hesablama aparılarkən heç bir pozuntuya yol verilməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində 193890,4 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq mənfəət vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olduğundən ona yuxarıda qeyd olunduğu kimi xx.xx.2020-ci il tarixli **********871500 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamə və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün xx.xx.2020-ci il tarixli **********321400 nömrəli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixində cari mənfəət vergisi bəyannaməsi təqdim olunaraq hesablanmış vergi məbləği azaldılsa da vergi orqanının xx.xx.2021-ci il tarixli **********802000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı ilə hesablanmış vergi məbləği bərpa edilmişdir. xx.xx.2021-ci il tarixində vergi ödəyicisi yenidən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edərək vergi məbləğini azaltdığından xx.xx.2021-ci il tarixli **********718900 nömrəli Qərarla kameral hesablanmış vergi məbləği yenidən bərpa edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinin pozulması barədə iddiaçının qeydi tamamilə əsassızdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, kameral vergi yoxlaması tamamilə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, iddiaçı əsassız, ümumi ifadələrdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.
4. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1ci maddəsinə əsasən vergi orqanın bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə otağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən 2019-cu il ərzində 193890,4 manat (ƏDV daxil) dəyərində elektron qaimə faktura təqdim edilməsinə və ya ixrac əməliyyatları aparılmasına baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində aşağıdakı sənədlərin təqdim olunması tələb olunur: Sənədlər:
1. Müvafiq hesabat dövrləri üzrə cari mənfəət vergisi bəyannaməsi;
2. Qeyd olunanlarla bağlı müvafiq izahat məktubu;
3. Təqdim edilmiş mallara, göstərilmiş xidmətlərə dair müqavilələrin surətləri; Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır.
5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********321400 nömrəli Qərara əsasən 2019-cu il vergi dövrü üzrə mənfəət vergisi: Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 9.678,88 manat
6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********718900 nömrəli Qərara əsasən 2019-cu il vergi dövrü üzrə mənfəət vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 9.678,88 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 9.678,88 manat Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar: **********802000, 20210414
7. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli yazılı vəsatətdə qeyd olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə təqdim olunan bəyannamələr, yazılı və şifahi izahatlar və bütün digər sübutlar nəzərə alınmamış və qərəzli qərar qəbul edilmişdir. İddiaçı aşağıdakı hallara əsaslanaraq iddia qaldırmışdır:
1. Müəssisə tərəfindən təqdim olunmuş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsində kassa uçot metodu seçilmişdir və bu metodun müddəalarına əsasən müəssisənin bank hesabı və ya kassasına vəsait daxil olan zaman gəlir, bank hesabı vəya kassasından vəsait çıxan zaman xərc olaraq nəzərə alınmaqdadır. Lakin cavabdeh tərəfindən iddiaçının kassa metodunu seçməsinə baxmayaraq yazılmış qaiməni dövriyyə kimi nəzərə almış və kameral vergi yoxlamasını bu dövriyyə üzərindən aparmışdır.
2. İddiaçının fəaliyyəti zamanı orta hesabla ümumi dövriyyədən mənfəəti 2%-3% aralığında olmağına baxmayaraq cavabdeh heç bir əsas olmadan 20% rentabellik tətbiq etmişdir.
3. Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral vergi yoxlaması 30 iş günü ərzində keçirilə biləcəyi halda xx.xx.2020-ci il tarixdə verilmiş hesablamaya 6 aydan sonra xx.xx.2021-ci il tarixdə kameral yoxlama aparılaraq əlavə hesablama edilmişdir. İddiaçı yuxarıda qeyd olunanları və AR İXM-nin 29-1.-ci və AR MPM-nin 47, 76, 97-ci maddələrini rəhbər tutaraq fəaliyyəti zamanı orta hesabla ümumi dövriyyədən mənfəəti 2%-3% aralığında olmağın müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini və ekspert qarşısında aşağıdakı sualların qoyulmasını xahiş etmişdir.
1. 2019-ci il ərzində görülmüş işlərə görə mənfəət neçə faiz təşkil edib?
2. 2019-cu il üçün hesabat kassa və ya hesablama metodu ilə təqdim olunub olunmaması?
3. 2019-cu il ərzində fəaliyyət zamanı nəzərdə tutulmayan, amma faktiki iş prosesində yaranan digər xərclər ümumi xərcin neçə faizini təşkil edir?
4. Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarının pozulub pozulmaması?
8. Vəsatətdə qeyd edilən məsələlər hüquqi məsələ olduğundan və ekspertizanın təyin edilməsi zərurəti olmadığından vəsatət təmin edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə 2019-2020-ci illərdə "xxxx" MMC-yə (VÖEN: **********) "xxxx" ASC tərəfindən pulun ödənilməsi (nağd və ya hesabına köçürmə yolu ilə) barədə məlumatın "xxxx" ASC tərəfindən 10 (on) gün müddətində məhkəməyə təqdim edilməsi qərara alınmışdır.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə 2019-2020-ci illərdə "xxxx" MMC-nin (VÖEN: **********) bank hesabına cəmi 193.890,40 manat pulun ödənilməsi barədə məlumat "xxxx" ASC tərəfindən 10 (on) gün müddətində məhkəməyə təqdim edilməsi qərara alınmışdır.
11. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən "xxxx" MMC-nin "xxxx" ASC-yə bank hesabına pulun ödənilməsinə dair hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. AZ30MUGA**********00360AZM71 nömrəli hesabdan çıxarışa əsasən "xxxx" MMC-nin "xxxx" ASC-yə bank hesabına (debit hissəsində) 189.930,40 manat + 40 (plastik kart satışı) manat ödənilmişdir.
12. Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumata əsasən xx.xx.2019-cu il tarixdə 163750,4 manat; xx.xx.2019-cu il tarixdə 1700 manat, 2040 manat, 7500 manat, 7800 manat, 5700 manat, 5400 manat məbləğində mal və xidmət satılmışdır.
13. İş materiallarına əlavə olunmuş 2019-cu il vergi dövrü üzrə mənfəət bəyannaməsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vergi orqanına boş hesabat təqdim edilmişdir.
14. İş materiallarına əlavə olunmuş 2020-ci il vergi dövrü üzrə mənfəət bəyannaməsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vergi orqanına boş hesabat təqdim edilmişdir.
15. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğu izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
16. İddiaçı məhkəmə iclasında iştirak etmir.
İİ. İddianın növü və mümkünlüyü
17. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
19. İddiaçı xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
21. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 104. Vergitutma obyekti 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə 105. Verginin dərəcələri 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Maddə 106. Azadolmalar və güzəştlər 106.1. Vergidən azaddır: 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
23. Məhkəmə ilk növbədə müəyyən edir ki, cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********718900 Qərara əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə 9.678,88 manat mənfəət vergisi hesablanmışdır.
24. Mübahisənin yaranmasının səbəbi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi olmuşdur.
25. Cavabdeh orqan etirazın dəlili olaraq bildirmişdir ki, müvafiq təsdiedici sənədlər, ətraflı izahat məktubu və mənfəət vergi bəyannaməsi təqdim edilmədiyindən iddiaçının təqdim etdiyi 193890,40 manat dəyərində mallar (xidmətlər) nəzərə alınaraq 2019-cu ilin mənfəət vergisi üzrə 9678,88 manat ((193890,4-312,79)*5%) əlavə vergi məbləği hesablanmışdır.
26. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə olunmuş Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumata əsasən xx.xx.2019-cu il tarixdə 163750,4 manat; xx.xx.2019-cu il tarixdə 1700 manat, 2040 manat, 7500 manat, 7800 manat, 5700 manat, 5400 manat məbləğində, ümumilikdə 193.890,4 manat məbləğində mal (xidmət) satılmışdır. AZ30MUGA**********00360AZM71 nömrəli hesabdan çıxarışa əsasən "xxxx" MMC-nin "xxxx" ASC-yə bank hesabına (debit hissəsində) 193.890,4 manat + 40,00 (plastik kart satışı) manat ödənildiyi qeyd olunmuşdur. Odur ki, iddiaçının 2019-cu il üzrə gəlirlərinin 193.890,40 manat məbləğində müəyyən olunması işin mübahisəsiz halıdır.
27. Hazırki mühaisə üzrə işin digər mübahisəsiz halı isə ondan ibarətdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mikro sahibkarlıq subyekti olan hüquqi şəxsdir.
28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, 2019-cu il vergi dövrü üzrə mənfəət bəyannaməsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vergi orqanına boş hesabat təqdim edilmişdir. Vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ünvanlanaraq kameral vergi yoxlaması üçün zəruri olan sənədlər tələb edilmiş, lakin vergi ödəyici tərəfindən bəyannamə və təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir.
29. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə icraatı müddətində cəmiyyətin 2019-cu il üzrə xərclərinin məbləğini göstərən (təsdiq edən) sənədləri cavabdeh orqana və məhkəməyə də təqdim etməmişdir.
30. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab(lar)a əsasən iddiaçının qeyd edilən məbləğdə bank hesabına vəsatini daxil olduğu müəyyən edilmişdir.
31. Odur ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə razılaşır və qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mənfəət vergisi bəyannaməsi, vergi ödəyicisinin xərclərini təsdiqləyən digər sənədlər və xərclərin tərkibi barədə hər hansı məlumat vergi orqanına (eləcə də məhkəməyə) təqdim edilmədiyindən, vergi orqanı iddiaçının xərclərinin olmadığını nəzərə alaraq vergi məbləğini müəyyənləşdirərkən vergitutma obyekti olan mənfəət kimi gəlirləri nəzərə almaqda haqlı olmuşdur.
32. Beləliklə, iddiaçıya münasibətdə mənfəət vergisi hesablanarkən qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin mənfəətinə əsasən (təsdiqedici sənəd olmadığından xərclər nəzərə alınmadan) 20 faiz vergi dərəcəsi tətbiq olunmuş, iddiaçının mikro sahibkarlıq subyekti olan hüquqi şəxs olması nəzərə alınaraq nəticədə yaranmış vergi məbləğinin (38.715,522 manat) 75 faizi vergidən azad edilmiş və nəticədə 9.678,88 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır.
33. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.1.30-cu maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
34. Odur ki, məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə mənfəət vergisi hesablanarkən qanunvericiliyin tələblərinə əməl olunmuş və iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva