Məhkəmə qərarları › İş №2-1(112)-524/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-524/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-524/2025 14.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları ünvanında yerləşən 254i nömrəli 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin DƏDKRPHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X3 və İstismarı Birliyi arasında 27 aprel 2006-cı il tarixində 37496 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları ünvanında yerləşən 254i nömrəli 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı DƏDKRPHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsi xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublarla bundan imtina etmiş və bildirmişdir ki, güya torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinin nömrəsi BTK-a dair yerləşmə sxemində öz əksini tapmamışdır və 254i nömrəli bağ sahəsi digər şəxsin adına qeydiyyata alınmışıdr. Bundan əlavə torpaq sahəsi sənəd üzrə 1200 kv.m olsa da, faktiki 1180 kv.m-dir. Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Belə ki, imtina məktubunda qeyd olunan torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və torpaq sahəsinin nömrəsinin BTK-a dair yerləşmə sxemində öz əksini tapmamasına münasibətdə qeyd edilməlidir ki, bunlar texniki məsələdir və bağ sahəsinə dair iddiaçının mövcud olan hüququnun qeydiyyatından imtinaya əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinin nömrəsi 142 nömrəli X1 üzvlərinə ayrılmış torpaq sahəsinə dair yerləşmə sxemində öz əksini tapmamışdır. Bundan əlavə, “254i” saylı torpaq sahəsi **********49 reyestr nömrəsi ilə JN-295H saylı şəhadətnamə əsasında X4 (fin: 1173RFB) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m. qeyd edilsə də, faktiki 1180 kv.m. təşkil edir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılır ki, torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd olunsa da faktiki olaraq 1180 kv.m təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparı lır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları ünvanında yerləşən 254n (254i) nömrəli 0.1180 ha torpaq sahəsi üzərində bağların xəritəsində yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 254i saylı bağ sahəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi: hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 1180.0 kv.m, göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə natamam tikili və həyət tiklisi var. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritəilə uyğunsuzluq təşkil edir. Göstərilən sahənin koordinatları əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********38 nömrəli məktubla Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 254i saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və istismarı Birliyinin Goradil ərazisindəki 254i nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 37496 nömrəli müqaviləyə əsasən birlik tərəfindən İddiaçı Binəqədi rayonu Goradil ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 254i nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə istifadəsinə verilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********95 nömrəli məktubla Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 254i saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Təqdim edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 254i saylı bağ sahəsinə dair X4 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********53 nömrəli məktubu ilə müraciətdə qeyd edilən hissənin sxematik xəritəsinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********59 nömrəli məktubu ilə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı, koordinatlar və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Göndərilmiş ərazinin ortofoto görüntüsünün surətindən görünür ki, iddia olunan bağ sahəsinin qonşuluğunda 302q, 271b, 269T, 269ş, 269j saylı bağ sahələri yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********30 nömrəli məktubu ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1180.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikililər mövcuddur. Müraciətdə qeyd olunan müqayisəli şəkildə ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3-52/2-2717/2024 nömrəli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 106 nömrəli sərəncamının, ona əlavə edilmiş protokolun ilk və son səhifələrinin, eyni zamanda İddiaçı adı olan səhifənin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: - « Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, Vətəndaşların adlarına bağ sahələrinin təhkim edilməsi barədə» X3 və İstismarı Birliyinin «25» aprel 2006-cı il tarixli 111 nömrəli Protokol təsdiq edilmişdir. - X3 və İstismarı Birliyinin «25» aprel 2006-cı il tarixli 111 nömrəli Protokoluna əsasən “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə”, Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 № li sərəncamına əsasən: 1. Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələri aşağıdakı vətəndaşların adlarına sənədlərşdirilsin: 169. Goradildəki 254n №-li bağ /BTK -142/ - İddiaçı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********43 nömrəli məktubu ilə Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 302q, 271 b, 269ş, 269t və 269j bağ sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********86 nömrəli məktubu ilə Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 254n (köhnə nömrə) bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinin nömrəsi X2 (BTK) dair yerləşmə sxemində öz əksini tapmamışdır. Bundan əlavə, “254i” saylı torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m. qeyd edilsə də, faktiki 1180 kv.m. təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və istismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 37496 nömrəli Müqavilə ilə Goradil ərazisindəki 0,12 hektar ölçüdə 254i nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Sözügedən icarə müqaviləsinin əsasında duran Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 106 nömrəli sərəncamı ilə İddiaçı Goradil ərazisindəki 254n nömrəli bağ sahəsinin verilməsi qərara alınmışdır. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 106 nömrəli sərəncamı ilə İddiaçı Goradil ərazisindəki 254n nömrəli bağ sahəsinin verilməsi göstərilsə də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və istismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 37496 nömrəli Müqaviləsinə əsaəsn isə Goradil ərazisindəki 0,12 hektar ölçüdə 254i nömrəli bağ sahəsinin İddiaçı istifadəsinə verilməsi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəmənin sorğularına cavab olaraq 254i və 254n nömrəli bağ sahələrinə dair müvafiq məktublarla eyni hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir, həmçinin, 254n nömrəli bağ sahəsinə dair sənədlərin təqdim edilməsinə dair məktubda 254n nömrəsinin köhnə nömrə olması qeyd edilmişdir. Beləliklə, iddia olunan bağ sahəsinin 254 n və ya 254i nömrə ilə olması hüquqi əhəmiyyət daşımır. Belə ki, hər iki nömrə eyni bağ sahəsinə aiddir və hər iki nömrə ilə olan bağa dair iddiaçının adına eyni hüquqmüəyyənedici sənədlər mövcuddur. Cavabdehin müraciətin təminindən imtina üçün əsasları aşağıdakılardan ibarət olmuşdur: - göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir; - torpaq sahəsinin nömrəsi X2 (BTK) dair yerləşmə sxemində öz əksini tapmamışdır; -“254i” saylı torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m. qeyd edilsə də, faktiki 1180 kv.m. təşkil edir. Məhkəmə göstərilən dəlillərin hazırkı iddia tələbinin təmin edilməsinə mane olmadığı qənətinə gəlir. Belə ki, “254i” saylı torpaq sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdehin dəlilinə münasibətdə bildirilməlidir ki, cavabdeh tərəfindən göstərilən torpaq sahəsinə dair təqdim olunan ərazinin müqayisəli ortofoto görüntüsündən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə digər fiziki şəxsin (X4) adına qeydiyyata alınmış 254i nömrəli bağ sahələri ayrı-ayrı torpaq sahələridir, həmin torpaq sahələrinin üst-üstə düşmə halı müqayisəli ortofoto görüntüsündən müəyyən edilmir. Beləliklə, “254i” saylı torpaq sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, iddiaçının iddia etdiyi torpaq sahəsinin nömrəsinin 254i olmasına baxmayaraq, naturada onlar fərqli torpaq sahələdirir. Odur ki, cavabdehin bu dəlili də əsassızdır. Cavabdehin “Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m. qeyd edilsə də, faktiki 1180 kv.m. təşkil edir” dəlilinə münasibətdə bildirilir ki, iddia tələbinin dəqiqləşdirilmiş məzmunundan müəyyən edilir ki, iddiaçı 0.1180 ha torpaq sahəsinə iddia edir. Cavabdehin “göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, torpaq sahəsinin nömrəsinin X2 (BTK) dair yerləşmə sxemində öz əksini tapmamışdır” dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Sözügedən bağ sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, 254 n(kiril qrafikası ilə) ilkin olaraq 142 nömrəli BTK tərkibində Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında B/S seriyalı orderi əsasında X6 ayrılmış, daha sonra sonuncunun ərizəsi əsasında həmin bağ iddiaçının adına keçirilmiş və iddiaçı ilə bağa dair xx.xx.2006-cı il tarixli 37496 nömrəli müqavilə imzalanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş 142 nömrəli BTK-ya aid üzvlərin siyahısı və bölgü sxemdən müəyyən olunur ki, həmin BTK-nın yaradılması və üzvlərin ilkin siyahısının tərtibi Bakı İK-nin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında aparılmışdır. Başqa sözlə, cavabdehin istinad etdiyi 142 nömrəli BTK üzvlərinin siyahısı xx.xx.1990-cı il tarixə tərtib edildiyindən və həmin tarixə olan üzvlərin siyahısına uyğun bağların bölgüsü aparıldığından xx.xx.1991-ci il tarixli qərarla ayrılmış 254n nömrəli bağın həmin BTK tərkibində bölgü sxemdə öz əksini tapmaması və üzvlərin siyahısında X5 adının olmaması ağlabatan və mümkündür. Odur ki, sonradan BTK nəzdinə daxil edilmiş bağ sahəsinin BTK-ya aid ilkin bölgüdə (yerləşmə sxemində) əks olunmaması həmin bağın naturada ayrılmadığı, iddia olunan bağın 254 n nömrəli bağ olmadığı və ya bağla bağlı sonrakı hüquqmüəyyənedici sənədlərin də şübhə altına alınmasına hüquqi əsaslar yoxdur. Cavabdeh tərəfindən göstərilən torpaq sahəsinə dair təqdim olunan ərazinin ortofoto görüntüsündə o cümlədən sxematik xəritədə mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda 271b və 269t nömrəli bağ torpaq sahələrinin yerləşdiyi və həmin bağ sahələrinə dair tələb olunan hüquqmüəyyənedici sənədlərdən qeyd edilən bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdiyi müəyyən olunmuşdur. Belə olan halda cavabdehin bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və bu əsasdan qeydiyyatın aparılmasından imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Hətta iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrı-seçkiliyə yol verilməməsini tələb edir. Təqdim edilmiş sənədlərə əsasən digər şəxslərə münasibətdə cavabdeh inzibati orqan arasında ayrı-seçkiliyə yol vermişdir. Bu isə inzibati orqan tərəfindən həm “bərabərlik hüququ”nun, həm də “etimad hüququ”nun pozulmasına səbəb olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları ünvanında yerləşən 254n (və ya 254i) nömrəli 0.1180 ha ölçüdə bağ torpaq sahəsinin bağların sxematik xəritəsində yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları ünvanında yerləşən 254n (və ya 254i) nömrəli 0.1180 ha ölçüdə bağ torpaq sahəsinin bağların sxematik xəritəsində yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar