Məhkəmə qərarları › İş №2-1(112)-5240/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5240/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5240/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı MMC-nin cavabdehlər - Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətinə qarşı Xətai Rayon İcra Hakimiyyətinin 23.04.2020-ci il tarixli 75 saylı sərəncamının iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 59 ünvanı ilə bağlı hissədə ləğv olunması və qeyd olunan əmlak kompleksi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası 30.09.2021-ci il tarixə təyin edilmişdir. 02.06.2021-ci il tarixli məktubla, həmçinin 02.06.2021-ci il tarixli məhkəmə iclasında İPM-in 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək qanunvericiliyin tələbləri izah edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından görünür ki, məhkəmə iddiaçının nümayəndəsinə 02.06.2021-ci il tarixli məhkəmə iclasında hüquqi yardım göstərərək, həmçinin 02.06.2021-ci il tarixli hüquqi yardım haqqında məktubu 12.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsinə təqdim edərək və məhkəmə iclasını 30.09.2021-ci il tarixə təyin edərək, cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirməsi, həmçinin müvafiq sübutların təqdim edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi üçün ona kifayət qədər şərait yaratmışdır. İş materiallarından görünür ki, iddiaçıya kifayət qədər şərait yaradılsa da, iddiaçı cavabdehi və həmin cavabdehə qarşı yönəldilən iddia tələbini dəqiqləşdirməmiş, həmçinin müvafiq sübutları məhkəməyə təqdim eməmişdir. Odur ki, 30.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyəti göstərilmişdir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətini göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsalandıra bilməmişdir. Belə ki, İPM-nin 30.1-ci maddəsində deyilir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi, prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir: -Xətai Rayon İcra Hakimiyyətinin 23.04.2020-ci il tarixli 75 saylı sərəncamının iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 59 ünvanı ilə bağlı hissədə ləğv olunması; - qeyd olunan əmlak kompleksi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdehlərə qadağan edilməsi. Məhkəmə iddia tələbinin “Xətai Rayon İcra Hakimiyyətinin 23.04.2020-ci il tarixli 75 saylı sərəncamının iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 59 ünvanı ilə bağlı hissədə ləğv olunması” hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilən iddia tələbi inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İş materiallarından görünür ki, iddiaçıya hüquqi yardım göstərilərək müvafiq sübutların təqdim edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi üçün kifayət qədər şərait yaradılsa da, iddia tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlər edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin “qeyd olunan əmlak kompleksi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdehlərə qadağan edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı hər hansı hərəkətlərin edilməsinin cavabdehlərə qadağan edilməsinə dair müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə deyil iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən iddia tələbi isə inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsində göstərilən iddia növünə uyğun olmadığından, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən iddia tələbi İPM-in 2.2.4-cü maddəsində nəzərdə tutulmuş müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aid edilsə də belə, iddia tələbinin birinci hissəsi mübahisələndimə iddia növünə aid olduğundan və digər iddia növlərinə münasibətdə subsidiarlıq yalnız İPM-in 36.4-cü maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia növü üçün nəzərdə tutulduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Belə ki, İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC-yə kifayət qədər şərait yaradılsa da, iddiaçı cavabdehi və həmin cavabdehə qarşı yönəldilən iddia tələbini dəqiqləşdirmədiyindən, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar