Məhkəmə qərarları › İş №2-1(112)-5240/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5240/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5240/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsinə qarşı “məktubun ləğv edilməsi və s.” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR-sı Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini X1 rayon Biləcəri bələdiyyəsi tərəfindən verilmiş məlumata əsaslanmaqla, mövcud reallıqları təhrif etdiyindən.., onun iddiaçıya ünvanlamış olduğu 29 oktyabr 2024-cü il tarixli cavab məktubu, məhz sifarişli mahiyyət kəsb etməklə, Biləcəri bələdiyyəsi rəhbərliyinin sifarişli bir müdafiəsinə yönəldilərək, qanunla qorunan hüquqlarının pozulması, həm də, mülkiyyət hüququ ilə bağlı pozulmuş hüquqlarının bərpası yoxluğunun yaradılması məqsədinə xidmət etdiyindən, 29 oktyabr 2024-cü il tarixli həmin məktubun etibarsız hesab edilməklə, ləğv edilməsini müəyyənləşdirən müvafiq məhkəmə qərarının qəbul edilməsi, Qanuni əsaslarla bu gün 23 iyul 2010-cu il tarixli, 53 saylı qərarla Binəqədi rayonu Biləcəri bələdiyyəsi tərəfindən ona verilmiş 500,-/beş yüz/ kv.m bu torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyənləşdirəcək hüquqmüəyyənedici bir sənədin,-/çıxarışın/ əldə edilməsi üçün müvafiq səlahiyyətli qurumlar, o cümlədən cavabdeh Binəqədi rayonu Biləcəri bələdiyyəsi üzərinə məcburedici bir vəzifənin /öhdəliyin/ qoyulmasını təmin edəcək məhkəmə aktının çıxarılması, ciddi və əhəmiyyətli qanun pozuntularına yol verdiklərinə görə, sifarişli və təşkili qurulmuş iş birliyi üzərində 29 oktyabr 2024-cü il tarixli qanunsuz və əsassız cavab məktubunu iddiaçıya göndərməklə, vəzifədən sui-istifadə və hakimiyyət həddi aşılmaqla, qanunla qorunan hüquqlarına zərbə vurub, pozulmuş hüquqlarımın bərpasına birgə ssenariləşdirilmiş maneçiliklər törətməklə, qanunla qorunan hüquqlarını pozduqlarından Binəqədi rayon Biləcəri bələdiyyəsinin rəhbərliyi və AR-sı Ədliyyə Nazrliyi Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini Mehdi Abdullayev barəsində ciddi tədbir görülməsi məqsədilə müvafiq xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Biləcəri bələdiyyəsinin 23 iyul 2010-cu il tarixli, 53 saylı bu məlum qərarı əsasında adına keçrilmiş torpaq sahəsinə mülkiyyət hüququnun müəyyənləşdirilməsi ilə bağlı aidiyyatı qurumlara etdiyi müraciətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini Mehdi Abdullayev tərəfindən 29. 10. 2024-cü il tarixli elektron imza ilə cavablandırılaraq qanunsuzluqları mahiyyətində yaşadaraq, bu cür məktubun ona göndərilməsi, heç də qanunla qorunan hüquqlarının müdafiəsi məqsədinə xidmət etməmişdir. Bu məktub bütövlükdə qanunsuzluqların müdafiəsi məqsədinə, məhz məqsədyönlü yönəldilib, əslində bu gün qanunla qorunan hüquqlarının pozulması məqsədinə xidmət etməklə, həm də, məhz bu gün pozulmuş hüquqlarının bərpasına imkan verməyən ciddi bir ədalətsizliyi nümayiş etdirmişdir. Çünki, qanunsuzluğu və məntiqsizliyi özündə ehtiva edən 29 oktyabr 2024-cü il tarixli qanunlarla qorunan hüquqlarını ciddi müdafiəsizləşdirən və pozulmuş hüquqlarının bərpasına da imkan verməyən bu məktubun tələbkarlığından bir daha aydın olur ki, Binəqədi rayon Biləcəri bələdiyyəsinin təqdim etdiyi məlumatlara əsaslanıb, səlahiyyətli bu qurum tərəfində də bu gün ona verilən bu cür cavab heç də məntiq üzərində yoğrulmamışdır. Biləcəri bələdiyyəsinin təqdim etmiş olduğu məlumata müraciət edilməklə, ona verilmiş qanunsuz bu cavab məktubunun mətnindən bir daha aydın olur ki, “Bələdiyyələrin Dövlət reyetrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli, 215 nömrəli məlum Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 24 may 2010- cu il tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət Reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması” Qaydalarına işi davam etdirildiyindən bələdiyyənin mülkiyyətinə veriləcək torpaq sahələrinin dairəsi müəyyən edilməmişdir. Bu cür sifarişli yoğrulan bir cavab məni, məhz iddiaçı tərəf və vətəndaş olaraq qane edə bilməz, ən azı ona görə ki, bu gün əgər fakt və mövcud reallıq belədirsə, onda Binəqədi rayon Biləcəri qəsəbəsinin səlahiyyətli rəhbərliyi onu maddi ziyana salmaqla, hansı əsasla və hansı qanunla 23 iyul 2010-cu il tarixli, 53 saylı bir qərarını verməklə, bələdiyyə adından danışıb, sanki səlahiyyətli bir qurumdur, deyə, 500 kv. m. torpaq sahəsini onun adına keçirmişdir.!? AR-sı Mülki Məcəlləsinin 16.1-ci maddəsində göstərilmişdir ki; “Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.” Ona görə də, məhz bu mənada bu gün hesab edirəm ki, Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli sifarişli yoğrulan bu məktubu Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin maraqlı bir müdafiəsini əks etdirdiyindən.., həmin məktub ləğv edilməklə, etbarsız sayılmalı və sözügedən torpaq sahəsi üzərində /500 kv.m/ hüquqmüəyyənedici bir sənədin /çıxarışın/ verilməsi üçün səlahiyyətli qurumlar üzərinə müvafiq məcburedici vəzifənin,-ṅ ırəlk̇ ılədhö/ qoyulmasını müəyyənləşdirən məhkəmə qərarı çıxardılmalıdır./ Bu gün vəzifədən suiistifadələri və məmur özbaşınalığını əsassız müdafiə etmək məqsədilə sözügedən xx.xx.2024-cü il tarixli qanunsuz cavab məktubunda “Bundan başqa, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının 1-ci hissəsinin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyələrin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yer quruluşu və şəhərsalma ərazi planlaşdırması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvar ayının 1-dən etibarən müvəqqəti dayandırılmışdır,” deməklə, məlum bu Fərmanın, məhz bu normasından da xüsusi bəhərlənib, qanunla qorunan hüquqlarının pozulmasına bu cür önəm verilməsi də ədalətli və əsaslı görünə bilməz, məhz ona görə ki, qanunun bu mənada ağırlaşdırıcı bir halı, geriyə qüvvəsi olmadığı kimi, həm də, bu baxımdan qanunla qorunan hüquqlarının pozulması və pozulmuş hüquqlarının bərpa olunmasının yox edilməsi məqsədinə də xidmət edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-16-9/2-H-292xx-xx/2024-C-5853 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu Biləcəri bələdiyyəsinin təqdim etdiyi məlumatda bildirilir ki, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli 215 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması” Qaydalarına uyğun olaraq bələdiyyələrin xəritələrinin hazırlanması işi davam etdirildiyindən bələdiyyənin mülkiyyətinə veriləcək torpaq sahələrinin dairəsi müəyyən edilməmişdir. Bundan başqa, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının 1-ci hissəsinin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvar ayının 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Eyni zamanda bidirilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Hazırkı tələbində iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-16-9/2-H-292xx-xx/2024-C-5853 nömrəli cavab məktubunun etibarsız hesab edilərək ləğv edilməsi tələbi ilə cavabdeh Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsinə qarşı məhkəməyə müraciət etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Qeyd olunan normanın məzmununa görə inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-16-9/2-H-292xx-xx/2024-C-5853 nömrəli cavab məktubunun etibarsız hesab edilərək ləğv edilməsi tələb edir. Hazırkı iddiası ilə iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Buna görə də iddia tələbi mümkün iddia kimi qəbul edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən məktub iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan məktubun ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Odur ki, mübahisə predmeti olan məktuba münasibətdə iddia mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar