Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5247/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi və ona mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail RİH-ə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi və ona mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır və Azərbaycan Ordusu sıralarında 22 il (1999 – 2021-ci illərdə) qüsursuz xidmət edərək Azərbaycan Respublikası Müdafiə nazirinin 2021-ci il 13 oktyabr tarixli 01525 nömrəli əmri ilə polkovnik-leytenant rütbəsində «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddənin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidməti və ya daimi mənzillə (yaşayış sahəsi ilə) təmin edilmədiyinə görə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci maddəsinə və «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinə əsasən onun yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün növbə siyahısına götürülməsi və yaşayış sahəsi alana kimi ona müvəqqəti mənzil kirayəsi haqqının ödənilməsi üçün tələb edilən sənədlərin hazırlanmasına müvafiq köməklik göstərilməsi barədə ərizə ilə 2021-ci ilin dekabr ayında cavabdeh Bakı şəhəri Səbail RİH-ə müraciət etmişdir. Cavabdeh 24 yanvar 2022-ci il tarixli 6-A-150-068 nömrəli məktubla onun RİH tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün növbə siyahısına götürülməsi və yaşayış sahəsi alana kimi ona müvəqqəti mənzil kirayəsi haqqının ödənilməsi üçün tələb edilən sənədlərin siyahısını təqdim etmişdir. Bu məsələ ilə bağlı tələb edilən sənədlər siyahı üzrə 2022-ci ilin oktaybr ayında Səbail RİH-ə təqdim edilməsinə baxmayaraq, 10 dekabr 2022-ci il tarixli 6-A-120- 068 nömrəli məktubla ona imtina cavabi verilmişdir, yəni onun Silahlı Qüvvələrdən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddənin “j” bəndinə əsasən (öz arzusuna görə) ehtiyata buraxılmasına görə tələbimin müsbət həllinin təmin olunması mümkün olmadığı bildirilmiş, hətta məktubda xidmət illəri nəzərə alınmadan öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmadığı da qeyd edilmşdir. Səbail RİH-in vəzifəli şəxsi (Hüquq şöbəsinin müdiri) tərəfindən imtina məktubu Azərbaycan Respublikasının qanunlarına istinad etmədən qərəzli şəkildə hazırlanmışdır. Həmçinin, o «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 152-ci maddənin 4-cü hissəsinin (abzasının) tələbini (xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbədən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır), eləcə də bu Əsasnamənin 147-ci bəndində və «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci bəndində göstərilən müddətdən (yəni 15 ildən) az xidmət edərək öz arzusu ilə ehtiyata buraxıldıqda hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmijn edilməsi üçün növbə siyahısına götürülməsi və onlara yaşayış sahəsi alınanadək müvəqqəti mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmadığını nəzərə almadan cavabı formal şəkildə bildirmişdir. Əgər Səbail RİH-in bəhs etdiyi kimi, Azərbaycan Respublikasının qanunlarında öz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün növbə siyahısına götürülməsi və onlara yaşayış sahəsi alana kimi müvəqqəti mənzil kirayəsi haqqının ödənilməsi nəzərdə tutulmasaydı, bu zaman Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Fərmanla ziddiyyət təşkil edərdi. Belə ki, bu Fərmanın 1ci bəndində Azərbaycan Ordusunun 20 təqvim ilı və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə dair göstəriş verilmişdir. Azərbaycan Ordusunda 22 il qüsursuz xidmət etdiyimə görə bu Fərmanın tələbinə əsasən adım dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. Bu siyahıda onun adının keçməsi Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş arayışda qeyd edilmişdir. Bununla Səbail RİH «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hüquqları, vəzifələri və məsuliyyəti” fəslinin 147-ci maddənin altıncı hissənin (abzasının) və «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddənin (Hərbi qulluqçuların mənzillə və ya fərdə yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ) 2-ci bəndinin tələblərinə əməl etməyərək qanuna uyğun olmayan əsaslarla onun hüquqlarını pozmuşdur. Göstərilənlərə əsaslanaraq, iddiaçının yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün növbə siyahısına götürülməsi və yaşayış sahəsi alanadık ona müvəqqəti mənzil kirayəsi haqqının ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Səbail RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Səbail RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyini bildirməklə 2021-ci ilin dekabr ayında Səbail RİH-ə mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi alanadək müvəqqəti mənzil kirayə haqqının ödənilməsi barədə müraciət etmiş, Səbail RİH tərəfindən cavab olaraq 24 yanvar 2022-ci il tarixli 6-A- 150-068 saylı məktubla növbəyə götürülmə ilə bağlı tələb olunan sənədlərin siyahısı vətəndaşa göndərilmişdir. İddiaçının 4 oktyabr 2022-ci il tarixdə təqdim etdiyi sənədlər RİH-də araşdırılmış, lakin ərizəyə cavab olaraq 10 dekabr 2022-ci il tarixli 6-A-120-068 saylı məktubla imtina verilmişdir. İddiaçı iddiası əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli 5 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 9 avqust 1999-cu il tarixdən 16 dekabr 2021-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim forması daşımaq hüququ verilməklə AR MN-nin 0125 nömrəli 13 oktyabr 2021-ci il tarixli əmri ilə AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülməsi üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci bəndinin birinci cümləsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilı və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü cümləsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ilı və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər kı, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikilərı yaşayış yerindəki icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər Yerli İcra Hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. «Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş məbləğlərdə nağdsız kompensasiya ödənilir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və sair sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və istimai əhəmiyyəti yüksək olan bir xidmətdən-həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki. bura: xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kımı hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), AR Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin “z” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə qeyd edilən maddənin 7-ci hissəsində, habelə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edilibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada (yaşayış sahələri ilə ( yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və sair ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, AR Cinayət Məcəlləsinə uyğun olaraq və ya inzitam qaydasında hərbi rütbədən məhrum edilmə və sair) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və sair ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qanunverici «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericiliklə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutduğundan, İddiaçı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, yəni öz arzusu ilə ehtiyata buraxıldığından, hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60, 71-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 58-ci maddələrinə, İPM-in 2.2.2, 48, 58, 68-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə – əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın – hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin İİ hissəsinə görə AR Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, AR Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. AR Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndinə görə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: (1.1) Bakı şəhərində – 150 manat, (1.1-1) Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, (1.2) başqa şəhər və rayon mərkəzlərində – 75 manat, (1.3) digər yaşayış məntəqələrində – 55 manat. Göründüyü kimi, mövcud qanunvericilik normaları yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş hərbi qulluqçulara (zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına) seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müvafiq məbləğdə aylıq kompensasiya ödənilməsini onların ehtiyata və ya istehfaya yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə buraxılması ilə şərtləndirir. Bundan başqa, bu məsələyə münasibətdə tətbiq edilməli olan qanunvericiliyin normaları ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci maddəsinin, AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli Qərardad qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə hüquqi mövqeyini belə ifadə etmişdir: - Hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən – həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə, hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), AR Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini AR Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, CM-ə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlardan belə məlum olur ki, mübahisəyə tətbiq edilməli olan hüquq normalarını şərh edərkən Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, öz arzusu və ya yol vermiş olduğu qanuna zidd hərəkətlər (yaxud uyğunsuzluq, CM-ə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Hazırkı işin hallarına görə İddiaçı hərbi xidmətdən ehtiyata yaşa, xəstəliyə, ailə vəziyyətinə, 5 təqvim ili xidmət etməklə ştatların ixtisarına görə deyil, “öz arzusu ilə” buraxılmışdır. Odur ki, mənzil növbəsinə götürülməli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndi üzrə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kompensasiya məbləğləri verilməsi nəzərdə tutulan şəxslərin dairəsinə hazırkı İddiaçı aid edilə bilməz. Bununla da məhkəmə cavabdeh Bakı şəhəri Səbail RİH-in dəlili ilə razılaşır və hesab edir ki, qurumun imtinası qanuna zidd qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Səbail RİH-ə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi və ona mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail RİH-ə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi və ona mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsaslı təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5247/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5247/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver