Məhkəmə qərarları › İş №2-1(112)-5250/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5250/2021

02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5250/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onun əmək kitabçasında qeyd edilən iş illərini, hərbi xidmət illərini və təhsil illərini sığorta stajına daxil etməklə ona 52 yaşı tamam olduğu gündən, yəni 06.07.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 06.07.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi (2 №-li siyahı üzrə) və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 06.07.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1983-cü il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. 01.01.2006-cı il tarixədək fəaliyyət göstərdiyi neft və qaz hasiları üzrə operator vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda 1100000a-15824 saylı kod altında nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti cavablandırılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Sabunçu rayon İdarəsinin ona dair 25.09.2019-cu il tarixli 213 nömrəli arayışında 1991-ci ilin may-oktyabr ayları arasındakı dövr ərzində Laçın rayon özünümüdafiə dəstəsinə döyüş əməliyyatlarında iştirak etməyi qeyd edilmiş, əsas olaraq isə Laçın rayon İcra Hakimiyyətinin 28.07.2000-ci il tarixli 08/542 nömrəli arayışı və Sabunçu rayon Hərbi komissarlığının 20.09.2000-ci il tarixli 043425 nömrəli müharibə veteranı vəsiqəsi göstərilmişdir. Yuxarıda göstərilən məlumatlar əsasında onun Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli hərbi biletinin surətinin 23-24cü səhifələrində aparılmış qeydlər möhür və imza ilə təsdiq edilməmişdir. Bundan başqa iddiaçının təqdim etdiyi İ4T-İ ******* nömrəli əmək kitabçasının 42-43- cü səhifələrində 29.01.1983-25.02.1984-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürlərin oxunması mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ötən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.Məhkəmə əlavə olaraq bildirir ki, iddiaçının müraciəti üzrə rəsmi cavab verilməməsi, iddianın mümkün sayılmaması üçün əsas vermir. Belə ki, iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə aidiyyəti üzrə ərizə ilə inzibati orqana müraciət etmiş və 11.02.2021-ci il tarixdə müraciət poçt tərəfindən cavabdehə təqdim edilmişdir. Bundan başqa qeyd olunmalıdr ki, cavabdeh orqan ümumiyyətlə müraciətin olmamasını mübahisələndirməmiş, əksinə yaranmış mübahisə ilə bağlı irəli sürülmüş iddiaya münasibətdə yazılı etiraz təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün iddiadr. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -29.01.1983-cü il tarixdən 25.02.1984-cü il tarixədək H.Hacıyev adına Ət-Südçülük sovxozunda fəhlə, 10.05.1984-cü il tarixdə “Lenineft”neftçıxarma idarəsi, 8 saylı Neft və qaz hasilatı (neft mədəni) sexinə neft və qaz çıxarma üzrə əməliyyatçı işinə qəbul edilmiş, 01.03.1985-ci il tarixdə əməliyyatçı üzrə 5-ci dərəcə verilmiş, 01.07.1989-cu il tarixdə neft və qaz çıxarma üzrə əməliyyatçısı üzrə 4-cü dərəcə verilmiş, 01.04.1992-ci il tarixdə neft və qaz çıxarma üzrə əməliyyatçısı üzrə 5-ci dərəcə verilmiş və 31.12.2011-ci il tarixdə işdən azad olunmuş; 01.01.2012-ci il tarixdən hal-hazıra kimi X1 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialının 6 saylı Neft və qazçıxartma sexinə 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsində işləyir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə rəsmi cavab verməsə də, iddiaya münasibətdə etiraz ərizəsini təqdim etmiş və müraciətinin təmin edilməməli olmasını iki hal ilə əsaslandırmışdır:

1. Hərbi biletdə qeydlərin möhür və imza ilə təsdiq edilməməsi; 2.Əmək kitabçasnda 29.01.1983-25.02.1984-cü il tarixləri arasındaki dövr ərzində aparılmış qeydlərdə möhürlərin oxunmaması. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Gəlinən nəticə ilə bağlı məhkəmə aşağdakiları qeyd edir: Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil və hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 1986-cı ildə “Sənaye avadanlıqların quraşdırılması və təmiri” ixtisası üzrə “Bakı maşınqayırma texnikimuna” daxil olmuş və 30.06.1989-cu ildə həmin peşə məktəbini bitirmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil aldığı dövr əmək fəaliyyəti göstərdiyi dövrə təsadüf edir. Belə ki, iş materiallarında olan əmək kitabçasının və diplomun müqayisəli təhlilindən görünür ki, iddiaçı 1986-30.06.1989-cu illəri əhatə edən dövrdə neft və qaz çıxarma üzrə əməliyyatçı vəzifəsində işləmişdir. Əmək fəaliyyəti ilə tədris müddətinin üst-üstə düşməsi təkzib olunmaz hal olduğundan, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsini rəhbər tutur. Həmin maddənin müddəalarına görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır ki, hazırki iddia üzrə iddiaçı məhkəmə icraatı zamanı əmək fəaliyyətini əhatə edən dövrün nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə iddiaçının seçimi əsasında təhsil müddətini nəzərə almır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı 11.11.1980-ci il tarixdən 15.12.1982-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 01 ay 05 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Məhkəmə cavabdehin etirazda göstərdiyi birinci hala münasibət bildirir. Belə ki, cavabdehin müraciətinin təmin edilməməsinin əsasında hərbi biletin 23-24cü səhifələrdə möhürün və imzanın olmamasıdır. İddiaçının hərbi biletinə nəzər yetirdikdə məlum olur ki, həmin qeydlər iddiaçının 1991-ci ilin may ayından 1991-ci ilin oktyabr ayına kimi Laçın rayon özünümudafiə dəstələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədardır. Nəzərə alınmalıdır kı, hərbi biletdə həmin qeyd imza və möhür ilə təsdiq olunmasa da, iddiaçının həmin dövrlərdə özünümudafiə dəstələrində iştirak etməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş arayışda öz əksini tapmışdr. Məhkəmə qeyd edir ki, iddiaçının özünümüdafiə dəstələrində iştirak etdiyi dövr ikiqat ölçüdə sığorta stajına daxil edilməlidir ki, bunun əsasında “Əmək pensiyaları haqqında” Qanunun 23-cü və 24-cü maddələri çıxış edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta stajına daxil edilir. Həmin Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxdıqda məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının Laçın rayon özünümudafiə dəstələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi öz əksini tapdığından, həmin dövr ikiqat ölçüdə güzəştli şərtlərlə sığorta stajına daxil edilməlidir. Məhkəmə cavabdehin etirazda göstərdiyi ikinci hala münasibət bildirir və aşağdaki qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, cavabdehin etirazda göstərdiyi ikinci dəlil əmək kitabçasında olan qeydlərdə möhürlərin oxunmaması ilə əlaqədardır ki, bu dəlil həmin müddətin sığorta stajına daxil edilməməsi üçün əsas vermir. Nəzərə alınmalıdır ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X2) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan normaların müddəaları əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının 29.01.1983-25.02.1984-cü illərdə işlədiyi müddət əmək kitabçasında öz əksini tapdığından, həmçinin həmin müddət Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi tərəfindən tərtib olunmuş sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatda qeyd olunduğundan, mübahisəli müddət sığorta stajına daxil edilməlidir. Qeyd olunan iş stajı, orduda xidmət illəri və özünümudafiə dəstələrində iştirak etdiyi müddət cəmləndikdə, iddiaçının 01.01.2006-cı il tarixədək 25 il 02 ay 26 gün (2 il 01 ay 05 gün + 24 il 09 ay 26 gün + 05 ay (özünümudafiə dəstələrində iştiraka görə müddət ikiqat hesablandığından əlavə 05 ay nəzərə alınır)) ümumi iş stajı mövcuddur. Bundan başqa, məhkəmə bildirir ki, iddiaçının güzəştli iş stajının toplayıbtoplamaması işin mübahisəz halına aiddir. Buna baxmayaraq məhkəmə bu istiqamətdə araşdırma aparmış, zəruri güzəştli arayışın tələb olunması məqsədi ilə aidiyyəti üzrə sorğu vermiş və İddiaçı 01.01.2006-cı ilədək işlədiyi peşənin güzəştli iş stajına imkan verən peşələrə daxil edilməli olmasını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda-X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində 1100000a-15824 kodu altında göstərilmiş neft və qaz hasilatı üzrə operatorlar əmək şəraiti zərərli və ağır olan iş kimi nəzərdə tutulmuşdur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan güzəştli iş stajı toplanmış və ümumilikdə 01.01.2006-cı il tarixədək 12 il 06 aydan çox təşkil edir. (21 il 07 ay 23 gün) Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasında aşkar olaraq göstərilmiş, işlədiyi peşənin güzəştli olub-olmaması ilə bağlı araşdırma aparılmış və zəruri güzəştli arayış tələb olunmuşdur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 06 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 08.02.2021-ci il tarixdə (xəbərnamədə qeyd olunmuşdur) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni 06.07.2019-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 06.07.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar