Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5251/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı Rəsul qızının vəkili və nümayəndəsi “V.M.N.” Vəkil bürosunun vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Rəsul qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Rəsul qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin və yerləşdiyi torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Rəsul qızı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış obyektinin üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası üzərində hüquqların Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********26 nömrəli, 05.03.2021-ci il tarixli Bildiriş göndərilmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, onun tərəfindən inşa olunan qeyri yaşayış obyekti tikintisinə icazə tələb olunan tikinti obyekti olduğu üçün, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, həmçinin tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Hesab edirik ki, cavabdeh inzibatı orqanın imtinası qanunsuzdur. Belə ki, onun tərəfindən inşa olunmuş qeyri yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin üzərində əvvəllər iki ədəd daş qaraj olmuşdur. Həmin qarajlar onun uzun müddət istifadəsində olmuşdur. O, 2008-ci ildə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək uzun müddət istifadə etdiyi iki ədəd daş qarajın öz adına sənədləşdirilməsini xahiş etmişdir. Nərimanov rayon İcra Hakimiyyətinin 21 fevral 2008-ci il tarixli, 66 nömrəli Sərəncamı ilə ünvan 2 ünvanında yerləşən, hər birinin sahəsi 30,0 kv. metr olan iki ədəd daş qarajın onun adına sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra 2014-cü il tarixdə o, özünə məxsus iki ədəd daş qarajın sökülərək, yerində qeyri-yaşayış obyektinin tikintisinə icazə almaq üçün, lahiyə ilə birlikdə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nərimanov rayon İcra Hakimiyyətinin 19 dekabr 2014-cü il tarixli, 500 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 52 nömrəli binanın həyətində vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun qeyriyaşayış obyektinin tikintisinə icazə verilmişdir. Göründüyü kimi, onun torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə sərəncam, tikintinin layihəsi mövcuddur və həmin sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8 0.10.1 -ci maddəsinə əsasən tərəfindən cavabdeh inzibati orqana ərizə ilə birlikdə təqdim olunmuşdur. Lakin cavabdeh əsassız olaraq qeyri-yaşayış obyekti üzərində hüquqları dövlət qeydiyyatına almaqdan imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********30 №li 16.05.2021-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, sözügedən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyəndicı sənədlərdən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti obyektinin istismarına icazə təqdim edilməmişdir. Bundan başqa təqdim olunan tikintiyə icazə barədə qərar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deyil, şəhər rayonunun icra hakimiyyəti tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.112014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əlavə olunmalıdır. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********26 qeydiyyat nömrəli 05 mart 2021-ci il tarixli məktub ünvanlanmışdır. Müvafiq qeyri-yaşayış binası yaşayış binalarının həyətində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - idarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X5 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı Rəsul qızının vəkili və nümayəndəsi X6 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxaarılmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1945-ci ildə Lənkəran şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 21.02.2008-ci il tarixli 66 nömrəli sərəncamın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ziya Bünyadov prospekti 48/54 saylı evin 39-cu mənzilində yaşayan vətəndaş X1 ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, İ.Dadaşov küçəsi 52 №li binanın həyətində yerləşən, uzun müddət istifadə etdiyi 2 ədəd daş qarajın öz adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (RMKTB-nin 18.02.2008-ci il tarixli, x/0-43 №lı arayışı, 35 saylı MKİS-nin tərtib etdiyi plansxem) müəyyən edilmişdir ki, İ.Dadaşov küçəsi 52 №li binanın həyətində yerləşən, hər birinin sahəsi 30,0 kv. metr olan 2 ədəd daş qarajdan vətəndaş İddiaçı 2005-ci ildən istifadə edir və istismar yığımı haqqını mütəmadi ödəyir. Göstərilənlərə istinad edilərək İ.Dadaşov küçəsi 52 №li binanın həyətində yerləşən, hər birinin sahəsi 30,0 kv. metr olan 2 ədəd daş qarajın Ziya Bünyadov prospekti 48/54 saylı evin 39-cu mənzilində yaşayan vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 19.12.2014-cü il tarixli 560 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Z.Bünyadov küçəsi, 48/54 saylı evin 39-cu mənzilində yaşayan vətəndaş İddiaçı ərizə ilə rayon icra hakimiyyətinə (RİH) müraciət edərək, İ.Dadaşov küçəsi 52 №li binanın həyətində yerləşən, RİH başçısının 21.02.2008-ci il tarixli, 66 №li Sərəncamına əsasən özünə məxsus iki ədəd daş qarajın sökülərək, yerində təqdim olunmuş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı sözügedən ünvanda qeyri-yaşayış obyektinin tikintisi haqqındakı qaldırdığı məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.04.2014-cü il tarixli, 18/03-8/1017 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşaat işlərinə dair eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Vətəndaş İddiaçı tərəfindən tikinti materialları anbarının tikintisinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 26.11.2014-cü il tarixli, 19184 №li ekspertiza rəyi Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Göstərilənlərə istinad edərək İddiaçı, İ.Dadaşov küçəsi 52 №li binanın həyətində öz vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. “Azər Layihə” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən İddiaçı sifarişi ilə hazırlanmış layihənin surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu, İ.Dadaşov küçəsi 52 saylı binanın həyətində yerləşən qeyri-yaşayış obyekitinə dair layihə, layihədə göstərilmiş şərtlər əsasında Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 30.04.2014-cü il tarixli, 18/03-8/1017 qeydiyyat nömrəsi ilə razılaşdırılmışdır. İddiaçı hazırkı tələblə bağlı 22.02.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********26 №li bildirişdə qeyd olunmuşdur ki, qeyri-yaşayış binasına dair sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti obyektinin istismarına icazə təqdim edilməmişdir. Buna görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2.-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyri-yaşayış obyektinin tikintisi üçün iddiaçının istifadəsinə ayrılmışdır. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən iddiaçıya həmin torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. İddiaçının qeyd olunan torpaq sahəsində inşa etdirdiyi (yenidən qurma işləri apardığı) qeyri-yaşayış sahəsi müvafiq orqanlar tərəfindən istismara yararlı hesab olunmaqla, daşınmaz əmlaka yeni ünvan verilmişdir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yeni inşa edilmiş (yenidən qurulmuş) daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5251/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5251/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver