Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5255/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın bərpa edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş və 2020-ci ilin noyabr ayından ödənişi dayandırılmış pensiyanın verilməsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Azərdənizneftinşaat” trestində müxtəlif vəzifələrdə işləmiş və 2011-ci ildə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi göstərilən əsaslarla pensiya təmin etsə də, məbləğ düzgün hesablanmamış və bu səbəbdən onunla qurum arasında yazışmalar olmuşdur. Nəhayət Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi göstərilən əsaslara görə pensiya məbləğini düzgün hesablamadığı üçün o, 2017- ci ildə iddia ərizəsilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisə hərtərəfli araşdırılmış və məhkəmənin 16 may 2017-ci il tarixli, 2-1(82)-2174/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi apellyasiya şikayəti vermiş, işə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında baxılmış və apellyasiya şikayəti təmin edilməyərək, apellyasiya məhkəməsinin 22 avqust 2017-ci il tarixli 2-1(103)- 1782/2017 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2017-ci il tarixli 2-1(82)-2174/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi apellyasiya instansiyasının qərarından kassasiya şikayəti vermiş, lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 22 noyabr 2017-ci il tarixli, 2-1(102)-2269/2017 saylı qərarı ilə kassasiya şikayəti də, təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2017-ci il tarixli 2-1 (103)-1782/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarından sonra onun əmək pensiyasının məbləği müəyyən edilmiş və 2020-ci ilin oktyabr ayına qədər mütəmadi olaraq pensiyası ödənilmişdir. Hazırda beş aydır ki, pensiyası ödənilmir. Rəsmi müraciətlərinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona müəyyən edilmiş pensiyanın məhkəmə qərarları əsasında hesablandığını nəzərə almayaraq, ona göndərilmiş 22 dekabr 2020-ci il tarixli **********6 saylı və 26 fevral 2021-ci il tarixli **********4 saylı məktublarında göstərir ki, ona əmək pensiyası təyinatı zamanı əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır. Mübahisə üç instansiya məhkəməsi tərəfindən araşdırıldığı halda göstərilən məsələnin təkrarən araşdırılması anlaşılmazdır. Bu səbəbdən, hesab edir ki, onun işlədiyi və başqa heç bir gəlir mənbəyi olmadığı, yalnız pensiya ilə dolandığı halda pensiyasının dayandırılması qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia tələbinə dair Mərkəzi Filialı tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılari diqqətə çatdırırlar: İddiaçı 11 fevral 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlər bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar bildirirlər ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halalrın pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış cinayət işi üzrə təqsirləndirilən X4 ofisində və mənzilində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı iddiaçıya məxsus saxtalaşdırıldığı ehtimal olunan pensiya hüququ yaradan sənədlər (kağız və ya elektron formada) aşkar edilmiş və adıçəkilən şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bu səbəbdən də, əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə münasibətə (etiraza) uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə qərarlarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2174/2017 saylı, 16 may 2017-ci il tarixli qərarı ilə İddiaçı 01.10.1995-ci il tarixdən 01.01.2006-cı il tarixinə kim işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 17 fevral 2006-cı il tarixdən 52 yaşdan güzştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin DSMFnin Suraxanı rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1782/2017 saylı, 22 avqust 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şaikyəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2-1(82)-2174/2017 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınn 2-1(102)- 2269/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1782/2017 saylı, 22 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan ərizələrdən görünür ki, iddiaçı tərəfindən pensiya ödənişinin bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciətlər ünvanlanmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab olaraq verilmiş 26 fevral 2021-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərə çatdırır ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazizrliyi tərəfindən araşdırılır. Ona əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. İşdə olan məhkəmənin sorğusuna cavabdeh tərəfindən 27 oktyabr 2021-ci il tarixli, **********6 nömrəli “Müvafiq məlumatların təqdim edilməsi haqqında” məktubla verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, X3 əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmaısna zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər-hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği adıçəkilən şəxsin müvafiq kart hesabına köçürüləcəkdir. Eyni zamanda, tərəflərindən İddiaçı ünvanlanmış 26.02.2021-ci il tarixli, **********4 nömrəli güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması haqqında məktubun təsdiq edilmiş surəti təqdim edilmişdir. Məhkəmə işin halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ bəndinə əsasən Hər kəsin sosial təminat hüququ vardır. Həmin Maddənin İİİ bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 52-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İşin hallarından göründüyü kimi, iddiaçıya qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sözügedən qərarlar hazırda qüvvədə olmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Cavabdehin iddiaçının pensiya məbləğinin ödənilməsinin dayandırılması ilə bağlı dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqa, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyalaır haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış cinayət işi üzrə təqsirləndirilən X4 ofisində və mənzilində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı iddiaçıya məxsus saxtalaşdırıldığı ehtimal olunan pensiya hüququ yaradan sənədlər (kağız və ya elektron formada) aşkar edilmiş və adıçəkilən şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bu səbəbdən də, əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Məhkəmə cavabdehin dəlili ilə bağlı ilk növbədə diqqətə çatdırır ki, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh qurumun özünün apardığı inzibati icraat çərçivəsində qəbul edilmiş qərar nəticəsində təyin edilməmiş, birbaşa qanuni qüvvəsini almış məhkəmə qərarı ilə cavabdehin üzərinə iddiaçıya pensiya təyin edilməsi ilə bağlı öhdəlik qoyulmuş və sözügedən məhkəmə qərarları hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarının icrasının cavabdehin ehtimal və şühələrinə əsasən dayandırılması ilk öncə Azərbaycan Respublikası Konstitusiyasına ziddir. Digər tərəfdən məhkəmə qeyd edir ki, inzibati orqanlar apardıqları inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də, qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Yəni, cavabdeh inzibati orqan ehtimal və şühələrinə əsasən deyil, yalnız qanunla nəzərdə tutulmuş hal və qaydada iddiaçıya təyin edilmiş əmək pensiyasını dayandırmalı idi. Cavabdeh əmək pensiyasının dayandırılmasının qanuni əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə istinad etmiş, həmin maddədə, qeyd edilmişdir ki, bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun şərtlərinə uyğun olmayan hallarını nə iddiaçıya, nə də, məhkəməyə təqdim edə bilməmişdir. yalnız, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təqsirləndirilən şəxs X5 barəsində açılmış cinayət işi üzrə V.Əliyevin ofisində və mənzilində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı iddiaçıya məxsus saxtalaşdırıldığı ehtimal olunan pensiya hüququ yaradan sənədlərin (kağız və ya elektron formada) aşkar olunmasına istinad etmişdir ki, bu, da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun şərtlərinə uyğun olmayan hal kimi qiymətləndirilə bilməz. Hər bir halda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun şərtlərinə uyğun olmayan hal aşkar olunsa idi belə, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası nəticəsində təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə istinad edilərək dayandırılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən inzibati məhkəmə icraatında araşdırılmalı idi. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 52-ci maddəsinin tələblərinə əsasən inzibati orqan, apardığı inzibati icraat üzrə ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İnzibati aktın qəbul edilməsi də, daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Lakin, işin hallarından görünür ki, cavabeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişi 2020-ci ilin noyabr ayından dayandırılmasına baxmayaraq, halhazıradək həmin inzibati icraat üzrə inzibati akt qəbul edilməmiş, bununla da, heç bir qanuni əsas olmadan iddiaçının pensiya ödənişi dayandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya təyin edilmiş yaşa görə pensiyasının dayandırılması ilə müşaiyət olunan hərəkətləri əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 01 noyabr 2020-ci il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5255/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5255/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver