Məhkəmə qərarları › İş №2-1(112)-5256/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5256/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5256/2021 20.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “vəzifə maaşının düzgün hesablanaraq ödənilməsi barədə maliyyə sənədinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi göstərilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 13.11.2020-ci il tarixli 10/135 saylı imtina məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və 01.09.2017-ci il tarixdən hazırkı vaxta qədər vəzifə maaşının düzgün hesablanaraq ona ödənilməsi barədə maliyyə sənədinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Sərhəd Xidməti “Sahil Mühafizəsi” Maliyyə Bölməsinin sabiq rəisi, polkovnik-leytenant İddiaçı 31.05.2009-cu il tarixdən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Həmin tarixdən də təqaüddədir. 2017ci ilin sentyabrın 1-dən tutduğu sonuncu vəzifə maaşı 530.00 (beş yüz otuz) manat ödənilsə də faktiki olaraq vəzifə maaşı artırılaraq 620.00 (altı yüz iyirmi) manat məbləğində təsdiq edilmişdir. 01.03.2018-ci il tarixdə maaşların artırılmasından sonra tutduğu vəzifə maaşı 585.00 (beş yüz səksən beş) manat məbləğində hesablanmışdır. Lakin DSX “Sahil Mühafizəsi”nin Maliyyə Bölməsi rəisinin vəzifə maaşı 680.00 manat (altı yüz səksən) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019-cu il tarixli 406 saylı Qərarı ilə 1 nömrəli əlavənin XXİ hissəsinin “Sahil Mühafizəsi” Hərbi birləşməsinin bölmə rəisinin vəzifə maaşı 880 (səkkiz yüz səksən) manat təsdiq olunub. Buna baxmayaraq təqaüdü 735 (yeddi yüz otuz beş) manat vəzifə maaşı ilə hesablanır. Bununla əlaqədar olaraq onun adına yeni məlumat vərəqəsini AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini və təqaüdünün yeni vəzifə maaşı ilə təsdiq olunmuş tarixlərdən hesablanması və artımla ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Ximətinə məktub ünvanlamışdır. Cavab olaraq Azərbaycan Respublikası DSX-nin idarə rəisi cənab Ceyhun Mirzəyev tərəfindən göndərilən 13.11.2020-ci il tarixli 10/135 saylı məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 1454 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturunda dəyişikliyin aparılması nəticəsində hərbi birləşmələr yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetininn 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarının XXİ hissəsinin 7-ci bəndində qeyd edilmiş bölmə rəisinin vəzifə maaşı 880 (səkkiz yüz səksən) manat hərbi birləşmənin bölmə rəisinə şamil edilmişdir. Məlumat üçün bildirilir ki, ehtiyata buraxılarkən sahil mühafizəsi (korpus səlahiyyəti) olduğu üçün vəzifə maaşınız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarının İİİ hissəsinin 10-cu bəndi əsas götürülərək bölmə rəisinin vəzifə maaşı 735 (yeddi yüz otuz beş) manat olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə aylıq (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalamışdır. 2017-ci ildə (avqust-sentyabr) ayında Dövlət Sərhəd Xidmətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən struktur dəyişikliyi edilmişdir. Həmin dəyişiklikdə DSXnin tərkibində hərbi birləşmələr yaradılmışdır (Sərhəd qoşunları, X4, Sərhəd Nəzarəti və Sahil Mühafizəsi). Sahil Mühafizəsi və Sərhəd Nəzarətinin qərargahında dəyişiklik edilmişdir. Bunlar Sərhəd qoşunlarının nəzdindən (tərkibindən) çıxmış və ayrıca silahlı (hərbi) birləşmə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlərlər Kabinetinin 13.09.2019-cu il tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin XXİ hissəsinin “Sahil Mühafizəsinin" hərbi birləşməsinin hərbi qulluqçularının “vəzifə maaşları” təsdiq edilmişdir (yenidən). X6 vəzifə maaşları, yəni heyətdə və birliklərdə olan heyətə aiddir. Digər şöbə və birləşmələr qeyd edilən XXİ hissəyə uyğun olaraq hesablanır. Hərbi qurum genişləndirilib, ləğv edilməmişdir. Bundan başqa, eyni adda həm XXİ, həm də İİİ hissə iki vəzifə maaşı tətbiq edilə bilməz. Gəmi heyətində bölmə və şöbələr yoxdur (ancaq gəmi heyətinin şəxsi heyətidir). Vəzifələr dəyişdirilmədiyi halda hansı əsasla eyni adda vəzifə üzrə iki fərqli maaş tətbiq edilir? Bu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi və Ədliyyə Nazirliyi tərəfindən baxılmalı idi. İxtisara düşmüş vəzifələr yeni vəzifələrlə (vəzifələrə) uyğunlaşdırılmalı idi. Hal-hazırda vəzifələr ixtisara düşməmiş və uyğunlaşdırma aparılmamışdır. Vəzifə borcları və səlahiyyətlər eynidir, dəyişməyərək qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, Dövlət Sərhəd Xidmətinin ştat strukturunda 2017-ci ildə edilmiş müvafiq struktur dəyişikliyindən sonra Sahil mühafizəsi hərbi birləşmə yaradılmışdır. Eyni zamanda Sahil mühafizəsi (korpus səlahiyyətli) rəis vəzifəsi dəyişilməmiş və ləğv olunmamışdır. Hər iki vəzifəni Sahil mühafizəsi Hərbi birləşmənin bölmə rəisi icra edir. 2017-ci ildə struktur dəyişikliyindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019-cu il tarixli, 406 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə ilə yalnız 21-ci hissə deyil, eləcə də 17-ci hissə və 3-cü hissədə nəzərdə tutulmuş sahil mühafizəsinin hərbi qulluquçuları göstərilən vəzifə maaşı ilə pul təminatı alırlar. 2017-ci ildə birləşmə yarandığına və ehtiyata buraxılanlar əvvəlki vəzifə maaşı ilə buraxıldığına görə təminat xərcliyi də həmin vəzifə maaşına uyğun olaraq hesablanır. Dövlət Sərhəd Xidməti Aparatında təşkilat-ştat strukturunda aparılmış dəyişiklikləri ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hərbi qulluqçulara şamil edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən 17.08.2021-ci il tarixli, 16/5345 nömrəli məktubuna aşağıdakı sənədlər əlavə edilmişdir: -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının 2011 saylı Hərbi Hissə Komandirinin 31 may 2009-cu il tarixli, 124 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin “B” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Maliyyə bölməsinin rəisi polkovnik-leytenant İddiaçı vəzifəsindən azad olunmaqla 31 may 2009-cu il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. -Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Dövlət Sərhəd Xidmətinin 22.07.2009-cu il tarixli, 000126 nömrəli məlumat vərəqindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü polkovnik-leytenant İddiaçı təqvim illəri 18 il 1 ay 10 gün, güzəştli xidmət illəri 4 il 4 ay 27 gün, cəmi 24 il 5 ay 1 gün olmaqla Sahil mühafizəsi, maliyyə bölməsinin rəisi vəzifəsindən 31 may 2009-cu il tarixdə xəstəliyə görə ehiyata buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maliyyə-Plan İdarəsinin məhkəməyə təqdim etdiyi arayışında qeyd olunmuşdur ki, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı 2009-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin bölmə rəisi vəzifəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətində aparılmış ştat-struktur dəyişikliyindən sonra Sahil mühafizəsi birləşmə kimi statusu artırılmış və Nazirlər Kabineti tərəfindən həmin birləşmənin vəzifə (tarif) maaşları ayrıca XXİ hissə kimi təsdiq edilmişdir. İddiaçı ehtiyata buraxılan zaman xidmət etdiyi hərbi hissənin vəzifə (tarif) maaşları ləğv olunmadığından, həmçinin Nazirlər Kabinetinin 135 nömrəli Qərarına əsasən hərbi qulluqçu ehtiyata buraxılarkən onun pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun təyin olunmuşdur. Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsi (korpus səlahiyyətli) üzrə Nazirlər Kabinetinin müvafiq qərarının İİİ hissəsinə uyğun olaraq qeyd etdiyiniz tarixlər üzrə bölmə rəisinin aylıq vəzifə maaşı aşağıdakı kimi olmuşdur. 2017-ci il üzrə 530,00 manat; 2018-ci il üzrə 585,00 manat; 2019-cu il üzrə 735,00 manat; 2020-ci il üzrə 735,00 manat; 2021-ci il üzrə 735,00 manat. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı ünvanlanmış 13.11.2020-ci il tarixli, 10/135 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 1454 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturunda dəyişikliklərin aparılması nəticəsində hərbi birləşmələr yaradılmış və sizin qeyd etdiyiniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarının XXİ hissəsin 7-ci bəndində qeyd edilmiş bölmə rəisinin vəzifə maaşı 880,00 (səkkiz yüz səksən) manat hərbi birləşmənin bölmə rəisinə şamil edilmişdir. Bildirilmişdir ki, iddiaçı ehtiyata buraxılarkən Sahil mühafizəsi (korpus səlahiyyətli) olduğu üçün vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarının İİİ hissəsinin 10-cu bəndi əsas götürülərək bölmə rəisinin vəzifə maaşı 735,00 (yeddi yüz otuz beş) manat olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı Dövlət Sərhəd Xidməti “Sahil mühafizəsi” maliyyə bölməsinin sabiq rəisi, polkovnik-leytenantı rütbəsindən 31.05.2009cu il tarixdən Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, Dövlət Sərhəd Xidməti Aparatında təşkilat-ştat strukturunda aparılmış dəyişikliklərlə əlaqədar vəzifə maaşının yenidən təsdiq edildiyini, bununla əlaqədar yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etmiş, cavabdeh 13.11.2020-ci il tarixli cavab məktubu ilə müraciətin təminindən imtina etmişdir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin imtinasının qanunsuzluğunu mübahisələndirməklə vəzifə maaşının düzgün hesablanaraq ödənilməsi barədə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən yeni məlumat vərəqinin hazırlanaraq göndərilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, iddiaçı hərbi qurumun genişləndirildiyi, Sahil mühafizəsi bölmə rəisi adlarında olan iki vəzifənin vəzifə borcları və səlahiyyətlərinin eyni olduğu, iki vəzifə üzrə fərqli maaşların tətbiq edilməsinin əsassız olması və buna görə də ona yeni struktur dəyişikliyinə uyğun Sahil mühafizəsi bölmə rəisinin vəzifə maaşına uyğun təminat xərcliyinin hesablanmasını iddia etsə də iddiaçının qeyd edilən mövqeyi ilə məhkəmə aşağıdakılara əsasən razılaşmır. Azərbaycan Respublikası Prezidentinin 12 dekabr 2002-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra - Dövlət Sərhəd Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli 1454 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 3-cü bəndinə edilmiş dəyişikliyə əsasən Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, X4, xüsusi hava əməliyyatları qüvvələri, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar (xüsusi təyinatlı təhsil, təlim, elmi tədqiqat, mədəni-maarif, rabitə, tikinti-istismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama müəssisələri və s.) Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir. Adıçəkilən Fərmanla “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturu” yeni redaksiyada təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarı ilə 2019-cu il sentyabrın 1-dən tətbiq edilməklə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilmişdir. Həmin siyahıda İİİ Hissə Sahil mühafizəsi (korpus səlahiyyətli) 10-cu bənd Bölmə rəisi aylıq vəzifə (tarif) maaşı 735,00 manat, XXİ hissə Hərbi Birləşmələr (Sərhəd Qoşunları, X4, Sərhəd Nəzarəti, Sahil Mühafizəsi) 7-ci bənd Bölmə rəisi 880,00 manat göstərilmişdir. İşin hallarından müəyyən olunur ki, 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətində ştat-struktur dəyişikliyi aparılmış, dəyişikliklə Dövlət Sərhəd Xidmətinin tərkibində hərbi birləşmələr, o cümlədən Sahil Mühafizəsi Hərbi Birləşməsi yaradılmış, həmin birləşmənin bölmə rəisi vəzifəsinin vəzifə maaşı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıda ayrıca XXİ hissədə 880 manat məbləğində müəyyənləşmişdir. Eyni zamanda Sahil mühafizəsi (korpus səlahiyyətli) bölmə rəisi vəzifəsi üzrə vəzifə maaşı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş siyahıda ləğv edilməmiş, siyahıda saxlanılmış və həmin vəzifə üzrə vəzifə (tarif) maaşı 735 manat məbləğində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. İşin hallarından görünür ki, İddiaçı 2009-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin bölmə rəisi vəzifəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçının təminat xərcliyi ehtiyata buraxıldığı günə xidmət etdiyi son vəzifəyə - Sahil mühafizəsi (korpus səlahiyyətli) bölmə rəisi vəzifəsinə uyğun hesablanmışdır. İddiaçı ehtiyata buraxılan zaman Sahil mühafizəsi hərbi birləşmə statusunda bölmə rəisi vəzifəsi mövcud olmamışdır. 2017-ci il Dövlət Sərhəd Xidmətinin tərkibində edilmiş təşkilati-struktur dəyişikliyindən sonra da Nazirlər Kabinetinin müəyyən etdiyi aylıq vəzifə (tarif) maaşları siyahısında Sahil mühafizəsi (korpus səlahiyyətli) bölmə rəisi aylıq vəzifə (tarif) maaşının qalması, eyni zamanda yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun təminat xərcliyinin məhz ehtiyata buraxıldığı günə sonuncu vəzifə maaşına əsasən hesablanmalı olması nəzərə alındıqda hesab olunur ki, Dövlət Sərhəd Xidmətinin təşkilat-ştat strukturunda aparılmış dəyişiklikləri ilə müəyyən edilmiş yeni vəzifə maaşları Dövlət Sərhəd Xidmətindən həmin dəyişiklik edilənə kimi ehtiyata buraxılmış hərbi qulluqçulara şamil edilmir. Başqa sözlə, ştat strukturunda edilmiş sonrakı dəyişiklik əmək pensiyaçısının pensiya təminatına təsir etmir. Eyni zamanda müəyyən edilir ki, iddiaçının Dövlət Sərhəd Xidmətində Sahil mühafizəsinin (korpus səlahiyyətli) bölmə rəisi vəzifə (tarif) maaşı üzrə pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun mütəmadi olaraq yenidən hesablanmış, sonuncu dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli Qərarının 3-cü hissəsinin 10-cu bəndi ilə müəyyən edilmiş həmin vəzifənin vəzifə maaşı 735,00 (yeddi yüz otuz beş manat) manat əsas götürülərək iddiaçının təminat xərcliyi yenidən hesablanmışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı vəzifə maaşının düzgün hesablanaraq ödənilməsi barədə maliyyə sənədinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “vəzifə maaşının düzgün hesablanaraq ödənilməsi barədə maliyyə sənədinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar