Məhkəmə qərarları › İş №2-1(112)-5261/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5261/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5261/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddaçının nümayəndəsi X1, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh 17.02.2021-ci il tarixli, **********26 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir.

3. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı 30.03.2021-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 8 mərtəbəsində, 4 otaqlı, sahəsi 210 kv.metr olan mənzilə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması:

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında 03 may 2013-cü il tarixdə "xxxx" MMC-nin ünvan 2də inşa etdiyi l saylı çoxmənzilli yaşayış binasının 8 mərtəbəsində, 4 otaqlı, 22 nömrəli, 210 kv.metr mənzilin tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər 1 kv.metr üçün 1100 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 231000 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına tam ödənilmiş, bunu təsdiq edən kassa mədaxil orderi və maliyyə arayışı verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq podratçı "xxxx" MMC sözügedən mənzili tikib iddiaçıya təhvil vermişdir. Göstərilənlərə əsasən iddiaçının həmin mənzil üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Bu səbəbdən həmin mənzilə dair iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərdiyi dəlillərə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmənin 09 iyun 2021-ci il tarixli 2-1(112)-5261/2021 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 və iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmənin 09.06.2021-ci il tarixli iclasının iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək, onun təmin edlməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi

10. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

11. Belə ki, iddia mümkün iddiadır, çünki müqavilə əsasında əldə etdiyi əmlaka hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.

12. İddia həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

13. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə gpörə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

14. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 03 may 2013-cü il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 81 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Podratçı ("xxxx" MMC) ünvan 2 ünvanında inşa edilən l saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində 4 otaqdan ibarət 22 nömrəli 210 kv.m sahəsi olan mənzilin tikilib Sifarişçiyə (İddiaçı) təhvil verilməsini və Sifarşçi isə tikilən mənzili qəbul edib haqqının ödənilməsini öhdəsinə götürmüşdür.

15. İş materiallarına əlavə edilmiş AXU №85 nömrəli 03.05.2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı 03 may 2013-cü il tarixli müqavilə üzrə ödənilməli olan 231000 manat məbləğində vəsaiti "xxxx" MMC-yə ödəmişdir.

16. Eyni zamanda işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.02.2020-ci il tarixli 2(103)-1362/2020 saylı qətnaməsindən görünür ki, X6 və X7 "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onlarla MMC arasında bağlanmış 04.04.2007-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 21, 22, 23 və 24 saylı mənzillərin iddiaçı E.Hüseynovaya, həmin yaşayış binasında 90, 210, 140.6, 94.2, 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 37, 38, 39, 40, 41, 42, 43 və 44 saylı mənzillərin E.Əliyevaya 10 gün ərzində təhvil verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması, hüquqi yardım almaq üçün ödədikləri 6.000 manat, iddianın verilməsi üçün ödədikləri dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 6.030 manat məbləğində pulun cavabdeh MMC-dən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

17. Bu qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.02.2020-ci il tarixli 2(103)-1362/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasında 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 21, 22, 23 və 24 saylı mənzillər barədə iddiaçı X6 ilə və həmin yaşayış binasında 90, 210, 140.6, 94.2, 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 37, 38, 39, 40, 41, 42, 43 və 44 saylı mənzillər barədə iddiaçı X7 ilə bağladığı 04 aprel 2007-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrdə” qeyd edilən texniki göstəricilərinə və hazırki dəyərlərinə uyğun olaraq başqa mənzillərin iddiaçılar X6 və X4 təhvil verilməsi vəzifəsi qoyulmuşdur. Həmin qətnamə üzrə məhkəmə müəyyən etmişdir ki, “03.05.2013-cü il tarixli, 81 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) İddiaçı arasında həmin yaşayış binasının 8-ci mərtəbəsində 4 otaqlı, 22 saylı 210 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı təhvil verilməsi, İddiaçı isə öz növbəsində həmin mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 03.05.2013-cü il tarixli AXU 85 saylı, ... “Kassa mədaxil orderlərindən” görünür ki, iş üzrə üçüncü şəxslər olan İddiaçı, ... tərəfindən MMC-yə müqavilələr üzrə nəzərdə tutulmuş məbləğlər ödənilmişdir.... Lakin buna baxmayaraq, mübahisəli mənzillərin üçüncü şəxslər tərəfindən təmir olunmasını, onların sahibliyində olmasını, hətta üç mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və ən əsası da üçüncü şəxslərin həmin mənzillərlə müqavilələr bağlayan zaman iddiaçılarla müqavilələrin mövcudluğundan məlumatsız olduqlarına görə “vicdanlı əldə edən” olmasını nəzərə alaraq Məhkəmə hesab edir ki, həmin mənzillərə dair iddia təmin edilə bilməz... Məhkəmə hesab edir ki, iddia "xxxx" hissəsində qismən əsaslı hesab edilməli, hər bir halda, MMC-nin iddiaçılarla bağladığı müqavilələr üzrə mənzil təhvil vermə öhdəliyi yarandığı üçün mübahisəli mənzillər deyil, 04.04.2007-ci il tarixli müqavilələrdə qeyd edilən texniki göstəricilərə və hazırki dəyərlərinə uyğun olaraq başqa mənzillərin iddiaçılara təhvil verilməsi vəzifəsi MMC-nin üzərinə qoyulmalıdır.”

18. Həmin qətnamədən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.12.2020-ci il tarixli 2(102)-5285/2020 saylı qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.02.2020-ci il tarixli 2(103)-1362/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsi bu zaman apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, “apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən “kassa mədaxil orderləri”nin surətlərini tədqiq edib müəyyən etmişdir ki, İddiaçı, Şəhla Hüseynova, Allahyar Cəfərov, Azadə Cəfərova, Nazim Əliyev, Tariyel Pənahov, Rasim Kərimov, Namiq Mahmudov və Aybəniz Kəngərlinskaya tərəfindən "xxxx" MMC sözügedən müqavilələr üzrə nəzərdə tutulmuş məbləğlər ödənilmişdir. .. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, həm iddiaçılarla, həm də üçüncü şəxslərlə bağlanmış müqavilələr formal tələblərə (imza, möhür və sair) cavab verir və mənzillərin dəyərinin ödənilməsi ödəniş qəbzləri ilə təsdiq edilir... ...mübahisəli mənzillərin üçüncü şəxslər tərəfindən təmir olunmasını, onların sahibliyində olmasını, hətta hazırda dörd mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və ən əsası üçüncü şəxslərin həmin mənzillərə dair müqavilələr bağlayan zaman iddiaçılarla müqavilələrin mövcudluğundan məlumatsız olduqlarına görə “vicdanlı əldə edən” olmasını nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhz həmin mənzillərə dair iddia təmin oluna bilməz... Əvvəla, iddiaçılar iddia ərizəsində yalnız "xxxx" MMC-ni cavabdeh qismində göstərərək mübahisəli mənzillərin onlara təhvil verilməsi öhdəliyinin "xxxx" MMC üzərinə qoyulmasını iddia etmişlər. Halbuki, üçüncü şəxslərlə bağlanmış müqavilələrə əsasən, həmin mənzillər hazırda "xxxx" MMC deyil, üçüncü şəxslərin sahibliyində, istifadəsində, mülkiyyətindədir. Eyni zamanda, həmin mənzillərə dair üçüncü şəxslərlə bağlanmış müqavilələr, habelə mülkiyyət hüququna dair Çıxarışlar hazırda qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməmişdir. Digər tərəfdən, "xxxx" MMC tərəfindən mübahisəli mənzillər sözügedən müqavilələr üzrə iddiaçılara deyil, məhz üçüncü şəxslərə təhvil verilib və onlar həmin mənzillərə yiyələnərək orada təmir işləri aparmaqla bu gün də həmin mənzillərdə yaşayırlar. Ona görə də, iddiaçıların kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.”

19. Beləlikə, yuxarıda sadalananlara əsasən İddiaçının ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsindəki 4 otaqlı 22 nömrəli mənzili alması, buna görə müvafiq ödəniş etməsi, bununla həmin mənzilə sahiblik və istifadə hüququları əldə etməsi həm iş materialları, həm də qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapır.

20. Lakin cavabdeh iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmiş, bu zaman çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" Mənzil Tikinti Kooperativinin ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərildiyinə istnad etmişdir.

21. İş üzrə üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi "xxxx" MMC də bu halı istinad edərək "xxxx" MMC-nin iddiaçı ilə müqavilə bağlamaq səlahiyyətinin olmadığını bildirmişdir.

22. Tərəflərin bu dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir:

23. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - Maddə 3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. - Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - Maddə 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. - Maddə 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

24. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layhələndirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir.

25. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 2də 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir.

26. Beləliklə, iş materialları ilə mübahisəli mənzilin yerləşdiyi binanın tikintisi zamanı bütün sənədlərdə tikintini sifariş edən, yəni sifarişçi qismində "xxxx" MTK-nın göstərildiyi müəyyən edildiyindən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edən sənəddə- Tikinti obyektinin istismarına icazədə "xxxx" MTK-nın adının yazılması təbiidir.

27. Bu hal iş materiallarından olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubunda da təsbit olunmuşdur. Həmin məktubda göstərilmişdir ki, ünvan 2də yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti AR Mənzil Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur.

28. Lakin məhkəmə qeyd edir ki, Tikinti obyektinin istismarına icazədə sfarişçi qismində "xxxx" MTK-nın adının yazılması "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləni şübhə altına almaq üçün əsas deyildir. Belə ki, "xxxx" MMC mübahisəli mənzili iddiaçıya "xxxx" MTK ilə 5 mart 2006-cı il tarixdə bağladığı müştərək fəaliyyət üçün razılaşmaya əsasən satmışdır. Həmin razılaşmaya görə: - 1.1. «Sifarişçi»nin ("xxxx" MTK) tapşınğı ilə «Podratçı» ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 237 N° li 12.10.2004-cü il tarixli Sərancamına əsasən Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 m2 , yaşayış sahəsi 8022 m2 , yaşayış binası və 2220 m 2 ticarət obyektin inşa edilməsini (bundan sonra müqavilədə (“Obyekt” adlanacaq) öhdəsinə götürür, «Sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan (“Obyekt”in müvafiq layihə-smeta sənədləşdirilmələrini həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş idarəsi razılaşdıraraq «Podratçı»ya təhvil verməyi öhdəsinə götürür. (“Sifarişçi” “Obyekt”in tikintisi ilə əlaqədar sənədləşdirilmələrin hazırlanmasını öz vəsaiti hesabına həyata keçirir. «Sifarişçi» ona aid olan torpaq sahəsinin dəyəri ******* (iki milyon) ABŞ dolları dəyərində qiymətləndirir. (“Podratçı”inşa etdiyi 1 bloklu 16 mərtəbəli yaşayış binasının gəlirləri aşağıdakı qaydada bölüşdürüləcək: a. Gəlirdən torpaq sahəsinin dəyəri çıxılır. (İlk satışlardan); b.Gəlirdən 10% BŞlH-nə verilən mənzil fondu çıxılır. (Məsələni birgə həll edirlər); v. Gəlirdən yaşayış binasının inşasına çəkilən xərc çıxılır. (Xərcləri «Sifarişçi» və «Podratçı» təstiq edir); q. Gəlirdən Vergi ödənişləri çıxılır. Yuxarıda göstərilən xərclər çıxıldıqdan sonra qalan xalis gəlir tərəflər arasında 50%in 50%-ə bərabər olaraq bölünür. Tikinti başlandıqdan 1 ay sonra "xxxx" MMC-nin prezidenti X12 "xxxx" MTK-da 50 % paya sahib olması notariat qaydada təsdiq olmalıdır. - 3.1.9-cu yarımbəndə əsasən Sifarişçi «Podratçı»nın tikdiyi obyektdə mənzillərin və qeyri-yaşayış sahələrinin satışını və özgəninkiləşdirilməsini «Podratçı» ilə razılaşdırmaqla aparır və bu razılaşma alıcılarla bağlanacaq müqavilələrdə öz əksini tapmalıdır -3.1.13-cü yarımbəndə əsasən Sifarişçi «Podratçı» obyektin tikintisi 50% yerinə yetirildikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər. Müqavilənin 3.1.14-cü yarımbəndində mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən bağlanması nəzərdə tutulsa da, müqavilədə eyni zamanda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının və özgəninkiləşdirilməsinin "xxxx" MMC ilə razılaşdırmaqla aparılması da təsbit olunmuşdur. Beləliklə, göründüyü kimi rəsmi sənədlərdə "xxxx" MTK tikilən binanın sifarişçisi qismində göstərilsə də, "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC yalnız podraçı funksiyalarına malik olmamış, "xxxx" MTK bina ilə bağlı bir sıra hüquqları, o cümlədən əldə olunan gəlirdən 50% pay əldə etmək, tikilən mənzillərin və qeyri-yaşayış sahələrinin satışına və özgəninkiləşdirilməsinə razılıq vermək kimi səlahiyyətləri "xxxx" MMC-yə vermiş, "xxxx" MTK-nın özü isə yalnız öz 50% payı hesabına mənzil bağışlama və ya satışından nağd pul götürmə hüququna malik olmuşdur.

29. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin icraatındakı 2-2(113)-731/2021 saylı 21.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MTK bu müqaviləni mübahisələndirmiş, digər tələblərlə yanaşı 5 mart 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Bu qətnamə qanuni qüvvəyə minməsə də, müqavilənin ləğv edilməsinin müqavilənin bağlandığı andan hüquqi nəticə yaratmadığını, tərəflərin öhdəliklərinə ləğv edilmə anından xitam verildiyini, onun nəticələrinin müqavilənin ləğv edilməsindən sonraya şamil olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, həmin müqavilə ləğv olunsa belə, bu hal "xxxx" MMC-nin 2013-cü ildə İddiaçı ilə bağladığı müqavilənin ləğvi üçün əsas təşkil edə bilməz.

30. Digər tərəfdən, hazırkı məhkəmə qərarının 17-19-cu hissələrindən də görünür ki, 05.03.2006-cı il tarixli müqaviləyə əsaslanaraq "xxxx" MMC-nin mübahisəli mənzili İddiaçıya satması, İddiaçının buna görə müvafiq ödəniş etməsi və onun vicdanlı əldə edən olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq olunmuşdur. Həmçinin mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestində qeydə alınması üçün hüququmüəyyənedici əsas kimi çıxış edən 03 may 2013-cü il tarixli 81 nömrəli müqavilə hazırda qüvvədədir, ləğv olunmamış, "xxxx" MTK tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir.

31. Belə olan halda, "xxxx" MMC ilə İddiaçı arasında 03 may 2013-cü il tarixdə bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 81 nömrəli müqavilə 22 nömrəli mənzil üzərində İddiaçı hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir.

32. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.

33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

34. Məhkəmə qeyd edir ki, 03 may 2013-cü il tarixli 81 nömrəli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır).

35. Məhz bu baxımdan hazırkı halda İddiaçının "xxxx" MMC ilə 03 may 2013-cü il tarixli 81 nömrəli müqaviləni bağlayarkən niyyətinin yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etmək olduğunu və bu məqsədlə müəyyən edilmiş haqqı tam ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş əsas hazırkı iş üzrə mövcuddur. Buna görə də iddia tələbi təmin edilməli, iddiaçının ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 1 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+mansard) yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət, sahəsi 210 kv.metr olan 22 nömrəli mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar