Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5265/2021 11.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı X4 X8 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “cavabdehin üzərinə informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 X11 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 25 yanvar 2021-ci il tarixli hər iki informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi barəsində iddiaçının informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 (bundan sonra İTM və ya iddiaçı) 1999cu ildə X11 kimi qeydiyyatdan keçib və müstəqil iqtisadiyyatçı mütəxəssislər tərəfindən yaradılmış siyasi və iqtisadi təqdiqatlar sahəsində ixtisaslaşmış analitik fikir mərkəzidir. İTMin əsas məqsədi dayanıqlı iqtisadi inkişafa və yaxşı idarə etməyə yardım etməkdir. İTM-in məqsədi dövlətin sosial-iqtisadi siyasətinin aktual istiqamətləri üzrə təqdiqatlar aparmaq və onu daha da təkminləşdirmək üçün tövsiyələr hazırlamaq, ictimai idarəyə əhalinin bir hissəsinin effektiv və daimi cəlbinə və hökumət və vətəndaş cəmiyyəti arasında dialoqa nail olmaqdır. Bu səbəbdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə (bundan sonra cavabdeh) 26 yanvar 2021-ci il tarixində 2 sorğu göndərib. 01/21 saylı 25 yanvar 2021-ci il tarixli birinci informasiya sorğusu ölkəmizdə aqroparklar tərəfindən torpaq, su və digər təbii resurslardan istifadə olunması vəziyyətini, belə təsərrüfatların ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, məhsul bolluğunun yaradılmasında, müxtəlif ərzaq məhsullarına olan daxili tələbatın ödənilməsində və qeyri-neft ixracının artırılmasında rolunu qiymətləndirməsini tələb edib. Bu səbəbdən iddiaçı yanvar ayının 26-sı 2021-ci ildə (poçt kodu: SS664863756AZ) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə informasiya sorğusu göndərib. Bu sorğuda tələb olunan məlumatlar aşağıdakılardır: a) 1 yanvar 2021-ci il tarixində ölkədə mövcud olan aqroparkların sayı və hər bir aqroparkın əhatə etdiyi torpaq sahəsi; b) 2018-2020-ci illər üzrə aqroparklarda məhsul istehsalı göstəriciləri (hər bir aqropark üzrə göstərilməklə); c) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Mərkəzi tərəfindən aqroparklara 2018-2020-ci illərdə güzəştli şərtlərlə verilən kənd təsərrüfatı kreditlərinin həcmi (hər bir aqropark üzrə göstərilməklə); d) 2018-2020-ci illər üzrə aqroparklara ödənilmiş əkin, toxum, məhsul və heyvandarlıq üzrə subsidiyaların həcmi (hər bir aqropark üzrə göstərilməklə). 03/21 saylı 25 yanvar tarixli ikinci informasiya sorğusu da iddiaçı tərəfindən cavabdehə 26 yanvar 2021-ci il tarixində (poçt kodu: SS664863708AZ) tarixində göndərilib. Sorğunun mətni aşağıdakı kimidir: a) 2018-2020-ci illərdə Azərbaycan Respublikası fermerlərə ayrılmış əkin, məhsul, toxum və heyvandarlıq üzrə subsidiyaların məbləği (illər üzrə göstərilməklə); b) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya ayrılmış fermerlərin sayı (illər üzrə göstərilməklə); c) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında əkin subsidiyası ayrılmış əkin sahələri, ha ilə (illər üzrə göstərilməklə); d) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya üçün müraciət etmiş və imtina verilmiş fermerlərin sayı və imtina səbəblərinin təsnifatı (illər üzrə göstərilməklə). Lakin cavabdeh hər iki informasiya sorğusuna cavab verməyib, cavab verməməsinin səbəbini izah etməyib və iddiaçının informasiya əldə etmək hüququnu məhdudlaşdırıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2018-2020-ci illər ərzində bitkiçilik və heyvandarlıq sahələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş subsidiyalara dair müvafiq məlumatların təqdim edilməsi barədə X3 tərəfindən 2021-ci il 25 yanvar tarixli 01/21 və 03/21 nömrəli məktublara Nazirlik üzrə 2021-ci il 19 aprel tarixli 22/02/05-1358 nömrəli məktubla rəsmi cavab verilmişdir. 2018-2020-ci illər üzrə fermerlərə ödənilmiş subsidiyalara dair məlumatların Nazirliyin aidiyyəti şöbə və qurumlarından əldə olunması, məlumatların dəqiqləşdirilməsi və ümumiləşdirilməsi üçün əlavə müddətə ehtiyac yaranmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi X9 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. 2020-ci ilədək fermerlərə kənd təsərrüfatı məhsullarına hər hektar hesabı ilə (əsas və təkrar əkinlər üzrə) bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə, istehsal edib satdıqları 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərə, istehsal edib tədarükçülərə təhvil verdikləri pambığın, tütünün və şəkər çuğundurunun miqdarına, suni mayalanma yolu ilə alınmış hər buzova, saxladıqları hər arı ailəsinə və təhvil verdikləri yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verilməsi eləcə də, fermerlərə hər hektara görə təchizatçılar tərəfindən satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına güzəştlər icra edilmişdir. Aqroparklara dair məlumatların verilməsi ilə bağlı bildirilir ki, "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində X5 Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Habelə həmin Fərmanın 4-cü hissəsinə uyğun olaraq “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsinin hazırlanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Buna uyğun olaraq hazırda aqroparkların yaradılması, onların fəaliyyətinin hüquqi çərçivəsi və biznes subyekti kimi qeydiyyata alınması ilə bağlı proseslər davam edir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən kreditlərin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir. Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda, habelə informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda informasiya sahibi sorğunun icrasından imtina edir. Qeyd edilənləri, o cümlədən qanunvericiliyin tələblərini nəzərə alaraq aqroparklara dair məlumatların verilməsi ilə əlaqədar X1 müraciətlərinin təmin olunması mümkün deyildir. İddiaçı məhkəməyə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinin tələblərini pozduğuna görə Nazirlik barəsində xüsusi qərardad çıxarılsın. Hesab edilir ki, iddiaçının bu tələbi də əsassızdır, çünki Nazirlik tərəfindən yuxarıda qeyd edildiyi kimi 2021-ci il 19 aprel tarixində 22/02/05-1358 nömrəli məktubla X4 X8 qeyd edilən müraciətlərinə cavab verilmişdir. Bütün yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən iddiaçı X4 X8 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “öhdəliyin icra olunması tələbinə dair” iddiası əsassız hesab edilməklə həmin iddiaya etiraz edilir və məhkəmədən xahiş edilir ki, Nazirliyə qarşı X4 X11 tərəfindən verilmiş iddia təmin edilməməklə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən qərar qəbul edilsin. İddiaçının nümayəndəsi X10 11.08.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 25 yanvar 2021-ci il tarixli 01/21 saylı sorğuya (aqroparklarla bağlı) cavab verilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş X4 X11 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə göndərilmiş 25.01.2021-ci il tarixli, 01/21 saylı sorğuda göstərilmişdir ki, X1 ekspertləri ölkəmizdə fəaliyyət göstərən aqroparklar tərəfindən torpaq, su və digər təbii resurslardan istifadə olunması vəziyyətini, belə təsərrüfatların ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, məhsul bolluğunun yaradılmasında, müxtəlif ərzaq məhsullarına olan daxili tələbatın ödənilməsində və qeyri-neft ixracının artırılmasında rolunu qiymətləndirmək məqsədilə tədqiqat aparır. Xahiş edilir, tədqiqat çərçivəsində istifadə olunması üçün aşağıdakı məlumatların Mərkəzimizə təqdim olunmasını təmin edəsiniz: 1) 1 yanvar 2021-ci il tarixinə ölkədə mövcud olan aqroparkların sayı və hər bir aqroparkın əhatə etdiyi torpaq sahəsi; 2) 2018-2020-ci illər üzrə aqroparklarda məhsul istehsalı göstəriciləri (hər bir aqropark üzrə göstərilməklə); 3) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Mərkəzi tərəfindən aqroparklara 2018-2020-ci illərdə güzəştli şərtlərlə verilən kənd təsərrüfatı kreditlərinin həcmi (hər bir aqropark üzrə göstərilməklə); 4) 2018-2020-ci illər üzrə aqroparklara ödənilmiş əkin, toxum, məhsul və heyvandarlıq üzrə subsidiyaların həcmi (hər bir aqropark üzrə göstərilməklə). İş materiallarına əlavə edilmiş X4 X11 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə göndərilmiş 25.01.2021-ci il tarixli, 03/21 saylı sorğuda xahiş edilmişdir ki, X1 ekspertlərinin apardığı tədqiqat çərçivəsində istifadə olunması üçün aşağıdakı məlumatların Mərkəzimizə təqdim olunmasını təmin edəsiniz: 1) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında fermerlərə ayrılmış əkin, məhsul, toxum və heyvandarlıq üzrə subsidiyaların məbləği (illər üzrə göstərilməklə); 2) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya ayrılmış fermerlərin sayı (illər üzrə göstərilməklə); 3) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında əkin subsidiyası ayrılmış əkin sahələri, ha ilə (illər üzrə göstərilməklə); 4) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya üçün müraciət etmiş və imtina verilmiş fermerlərin sayı və imtina səbəblərinin təsnifatı (illər üzrə göstərilməklə). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin verdiyi 23.04.2021-ci il tarixli, 02/10-08-23-980 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən yuxarıda qeyd edilən müraciətlərə 2021-ci il 19 aprel tarixində 22/02/05- 1358 nömrəli məktubla cavab verilmişdir. Həmin məktuba əlavə edilmiş 19 aprel 2021-ci il tarixli, 22/02/05-1358 nömrəli məktubun surətindən görünür ki, müvafiq məlumatların təqdim edilməsi haqqında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində baxılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2018-2020-ci illər ərzində bitkiçilik və heyvandarlıq sahələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş subsidiyalara dair müvafiq məlumatlar təqdim edilir. Aqroparklara dair məlumatların verilməsi ilə bağlı bildirilir ki, “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində X5 Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Habelə həmin Fərmanın 4-cü hissəsinə uyğun olaraq “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsinin hazırlanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Buna uyğun olaraq hazırda aqroparkların yaradılması, onların fəaliyyətinin hüquqi çərçivəsi və biznes subyekti kimi qeydiyyata alınması ilə bağlı proseslər davam edir. Müvafiq prosedurlar əsasında aqroparklar biznes subyekti kimi qeydiyyata alındıqdan sonra onlara verilən subsidiyalar və güzəştli kreditlər üzrə ümumi statistik məlumatlar əldə oluna bilər. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən kreditlərin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına çatdırılması müvəkkil banklar bank olmayan kredit və lizinq təşkilatları vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir. Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Qeyd edilənləri, o cümlədən qanunvericiliyin tələblərini nəzərə alaraq aqroparklara dair məlumatların verilməsi ilə əlaqədar müraciətinizin təmin olunması mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin verdiyi 21.06.2021-ci il tarixli, 02/10-08-23-1499 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu X5 Agentliyi (bundan sonra - Agentlik) yaradılmışdır. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən Agentlik sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli, İN-X/O-6143/2021 nömrəli məktubda bildirilmişdir ki, hazırda ölkəmizdə aqrar-sənaye kompleksi olaraq müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və xidmətlərin göstərilməsi üçün istifadə olunan 51 təsərrüfat kompleksi və ya iri fermer təsərrüfatı mövcuddur. Həmin təsərrüfat komplekslərinin aqropark kimi nəzərə alınması üçün aqroparkların anlayışı, yaradılması, fəaliyyətinin təşkili, idarə edilməsi, ləğvi və s. məsələlər qanunvericilikdə təsbit edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxs statuslu X5 Agentliyi yaradılmışdır. Fərmana əsasən X5 Agentliyinin Nizamnaməsinin və “Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin layihələrinin hazırlanması ilə bağlı tapşırıqların icrası olaraq hazırda adıçəkilən layihələrin, habelə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanaraq təqdim edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir. Həmçinin Fərmanın 7.1-ci bəndinə əsasən X5 Agentliyinin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəkdir. Beləliklə, hazırkı iş üzrə iddiaçı İctimai Birlik 25.01.2021-ci il tarixdə iki informasiya sorğusu ilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş, 01/21 saylı informasiya sorğusu ölkədə mövcud olan aqroparklar barədə, 03/21 saylı informasiya sorğusunda fermerlərlər, onlara ayrılmış subsidiyalar ilə bağlı olmuşdur. Cavabdeh 19.04.2021-ci il tarixli məktubu ilə sorğulara cavab vermiş, 03/21 saylı sorğuya dair müvafiq məlumatları təqdim etmiş, lakin 01/21 saylı aqroparklara dair məlumatların verilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı 03/21 saylı sorğuya cavabla razılaşsa da, 25.01.2021-ci il tarixli, 01/21 saylı aqroparklar barədə sorğusuna cavab verilmədiyini əsas gətirərək həmin sorğuya cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, iddiaçının 25.01.2021-ci il tarixli, 01/21 saylı sorğusu 1) 1 yanvar 2021-ci il tarixinə ölkədə mövcud olan aqroparkların sayı və hər bir aqroparkın əhatə etdiyi torpaq sahəsi; 2) 2018-2020-ci illər üzrə aqroparklarda məhsul istehsalı göstəriciləri (hər bir aqropark üzrə göstərilməklə); 3) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Mərkəzi tərəfindən aqroparklara 2018-2020-ci illərdə güzəştli şərtlərlə verilən kənd təsərrüfatı kreditlərinin həcmi (hər bir aqropark üzrə göstərilməklə); 4) 2018-2020-ci illər üzrə aqroparklara ödənilmiş əkin, toxum, məhsul və heyvandarlıq üzrə subsidiyaların həcmi (hər bir aqropark üzrə göstərilməklə) barədə məlumatların təqdim edilməsi barədə olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların davam etdirilməsi, ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu X5 Agentliyi yaradılması qərara alınmışdır. Həmin Fərmanın 2.1-ci bəndinə görə X5 Agentliyi (bundan sonra - Agentlik) sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində: -4.1.1. Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi; -4.1.2. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır. Həmin Fərmanın 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə: -7.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görülməsi; -7.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsini altı ay müddətində həyata keçirsin və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli, İN-X/O-6143/2021 nömrəli məktubda bildirilmişdir ki, hazırda ölkədə aqrar-sənaye kompleksi olaraq müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və xidmətlərin göstərilməsi üçün istifadə olunan 51 təsərrüfat kompleksi və ya iri fermer təsərrüfatı mövcuddur. Həmin təsərrüfat komplekslərinin aqropark kimi nəzərə alınması üçün aqroparkların anlayışı, yaradılması, fəaliyyətinin təşkili, idarə edilməsi, ləğvi və s. məsələlər qanunvericilikdə təsbit edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanına əsasən X5 Agentliyinin Nizamnaməsinin və “Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin layihələrinin hazırlanması ilə bağlı tapşırıqların icrası olaraq hazırda adıçəkilən layihələrin, habelə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanaraq təqdim edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir. Həmçinin Fərmanın 7.1-ci bəndinə əsasən X5 Agentliyinin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəkdir. Göründüyü kimi hazırkı mərhələdə Azərbaycan Respublikası Prezidentinin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanının icrası ilə bağlı tədbirlər başa çatmamışdır. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin hazırlanması, eləcə də aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması ilə bağlı səlahiyyətli qurum olan X5 Agentliyinin nizmanaməsinin təsdiqi, Agentliyin publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması ilə bağlı zəruri proseslər davam edir. Dolayısı ilə hazırkı mərhələdə aqroparkların anlayışı, yaradılması, fəaliyyətinin təşkili, idarə edilməsi, ləğvi və s. məsələlər qanunvericilikdə təsbit edilməmişdir. Qeyd edilən proseslərin sonunda aqroparklar təsərrüfat subyekti kimi qeydiyyata alındıqdan sonra onlar barədə məlumatın, o cümlədən aqroparkların sayı, məhsul istehsalı göstəriciləri, onlara güzəştli şərtlərlə verilən kənd təsərrüfatı kreditləri və subsidiyalar barədə məlumatların əldə edilməsi mümkün ola bilər. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 9.1-ci maddəsinə görə aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 20.1-ci maddəsinə əsasən informasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 20.1.1. sorğunun icrasından imtina edir; 20.1.2. sorğunun icrasını təmin edir; 20.1.3. sorğunu aidiyyəti informasiya sahibinə göndərir. 21.1-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki aqroparkların yaradılması, onların fəaliyyətlərinin hüquqi tənzimlənməsi, qeydiyyata alınmaları ilə bağlı proseslər yekunlaşmadığından, cavabdeh Kənd Təsərrüfatı Nazirliyi iddiaçının tələb etdiyi sorğulanan informasiyaya malik olmadığından sorğuya dair məlumatların verilməsindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 X8 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı 25 yanvar 2021-ci il tarixli 01/21 saylı sorğuya (aqroparklarla bağlı) cavab verilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulmasına dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X4 X8 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “25 yanvar 2021-ci il tarixli 01/21 saylı sorğuya (aqroparklarla bağlı) cavab verilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5265/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5265/2021
11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver