Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5266/2020 12.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1981-ci il tarixdən xx.xx.2007-ci ilə kimi işlədiyi illərin güzəştli iş stajına daxil edilməklə xx.xx.2014-cü il tarixindən ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən xx.xx.2014-cü il tarixindən ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.2007-ci il tarixinə kimi “Bakı X6” zavodunda tornaçı peşəsində işləmişdir. İşlədiyi vəzifə bütünlükdə ağır şəraitdə olmuş və 10 ildən çox güzəştli iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına əsasən onun 12 ildən çox güzəştli sahələrdə əmək stajı və 25 ildən çox ümumi əmək stajı vardır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli **********1 saylı məktubla ona əsassız imtina vermiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında onun peşəsinin göstərilmədiyini qeyd etmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə ərizə ilə müraciət edərkən işlədiyi “Bakı X6” zavodununun hüquqi varisi “X6” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli arayışını da müraciətinə əlavə etmişdir. Həmin arayışda zavodun “X6” sexində plitələrin istehsalı üçün tərkibində fenol, formalin, sidik cövhəri və onların törəmələri və sintetik yapışqanlardan istifadə olunur, zərərli şəraitdə çalışan işçilərə süd və süd məhsulları verilirdi. Əmək haqlarına əlavə ödəmələr, əmək məzuniyyətlərinə isə 6 gün əlavə edilib, tornaçı və təmirçi-çilingər peşələri eyni sayılmışdır. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısına əsasən ona güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququnun verildiyi bildirilmişdir. Peşəsinin kodu isə 2230101a-18559 kimi qeyd olunmuşdur. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək stajına malik olduğuna görə ona 55 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Verilmiş cavab məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbləri təhrif edilmiş və onun ərizəsində yazılanlara heç bir münasibət bildirmədən qanuni tələbləri təmin edilməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 i sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının idarəyə təqdim etdiyi xx.xx.1976-ci il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında xx.xx.1981-xx.xx.2007ci il tarixlərini əhatə edən dövr ərzində Bakı X6 zavodunda tornaçı peşəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü i tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın meşə sənayesi müəssisələri və meşə təsərrüfatı, sellüloz-kağız və ağac emalı istehsalatları bölməsində (XXİ) nəzərdə tutulmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan “X7” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı Bakı “X7” zavodun “X7” sexində xx.xx.1982-ci ildən xx.xx.2007-ci ilədək tornaçı (токарь) peşəsində işləyib. Həmin sexdə torna dəzgahlarında müxtəlif səthlərdə yüksək dəqiq yoxlamanı tələb edən detalların və alətin torna emalı ilə məşğul olub. xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək isə zavoda xammal gəlmədiyinə görə əmək haqqı saxlanılmadan məzuniyyətdə olub (zavodda ümumi iş stajı xx.xx.1981-xx.xx.2007-сi illər). Zavodun “X7” sexində plitələrin istehsalı üçün tərkibində fenol, formalın, sidik cövhəri və onların törəmələri, sintetik yapışqanlardan istifadə olunur, zərərli şəraitdə çalışan işçilərə süd və süd məhsulları verilirdi, əmək haqlarına əlavə ödəmələr, əmək məzuniyyətlərinə isə 6 (altı) gün əlavə edilirdi, tornaçı və təmirçi çilingər peşələri eyni sayılıb (ayrı-ayrılıqda ştat olmayıb). İddiaçı sosial sığorta şəhadətnaməsi yoxdur, xx.xx.2006-cı ildən xx.xx.2007ci ilədək sosial sığorta ödənişi olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən: Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısına əsasən vətəndaşa güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verilir. 2230101a-18559-təmirçi çilingərlər Azərbaycan Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 9966 N-li sərəncamına əsasən Bakı “X7” zavodu xx.xx.1997-ci il tarixdən bu günə kimi “X7" Açıq tipli Səhmdar Cəmiyyəti adlanır. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı, xx xxxxxx 1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək tornaçı vəzifəsində işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1980ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək tornaçı, xx.xx.1981-ci il tarixdən xx.xx.2007-ci il tarixədək tornaçı vəzifəsində işləmişdir. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “X7” ASC-də (Bakı “X7” zavodunda) işlədiyi dövrün güzəştli iş stajına daxil edilməklə ona xx.xx.2014-cü il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx xxxxx 2020-ci il tarixli, **********1 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq, qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edildiyi, təqdim etdiyi xx.xx.1976-cı il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1981xx.xx.2007-ci il tarixlərini əhatə edən dövr ərzində Bakı X6 zavodunda tornaçı peşəsində işlədiyi qeyd olunduğu, işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın meşə sənayesi müəssisələri və meşə təsərrüfatı, sellüloz-kağız və ağac emalı istehsalatları bölməsində (XXİ) peşəsi nəzərdə tutulmadığı göstərilmiş, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçı xx.xx.1997-ci il tarixə qədər 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı yığdığı halda onun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 55 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi hüququ yaranmış olardı. Lakin işdə olan sənədlər əsasında iddiaçının xx.xx.1997-ci il tarixə qədər 25 il ümumi iş stajının olması müəyyən edilməmişdir. Belə olan halda ona 55 yaşdan pensiyanın təyin edilməsi mümkün deyildir. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi illərin güzəştli iş stajına hesablanmasını tələb etdiyindən, ona münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Həmin dövr üzrə kişilər üçün güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yaş həddi 57 yaşdan müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə iddianın əsassız olması ilə bağlı qeyd edir ki, iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi əmək stajının olması və həmin ümumi stajın 12 il 06 aydan çox müddətinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” iddiaçının iddia ərizəsində istinad etdiyi və əmək kitabasında qeyd olunmuş tornaçı peşəsi üzrə araşdırılıb təhlil edilmişdir. Lakin iddiaçının işlədiyi “tornaçı” peşəsinin həmin siyahıda olması müəyyən edilməmişdir. Azərbaycan RespublikasınınNazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahısının Meşə sənayesi müəssisələri və meşə təsərrüfatı. Sellüloz-kağız və ağac emalı istehsalatları XXİ bölməsinin (kod: 2230000) Sellüloz-kağız istehsalatı yarımbölməsində (kod: 22301000) tornaçı peşəsi nəzərdə tutulmamışdır. İş materiallarında olan “X7” ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda iddiaçının işlədiyi tornaçı peşəsinin həmin bölmədə göstərilmiş 2230101a-18559 kodlu təmirçi çilingər peşəsi ilə eyni peşə olması, eyni ştat vahidində olaraq eyni işləri görməsi göstərilsə də, lakin iş materiallarında olan əmək kitabçasında buna dair hər hansı qeydin aparılması müəyyən edilməmiş, həmçinin buna dair müvafiq sübutlar və əmrlər məhkəməyə təqdim edilməmişdir. İşdə olan əmək kitabçasına əsasən xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək “X7” ASC-də işlədiyi göstərilsə də, lakin“X7” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək zavoda xammal gəlmədiyinə görə iddiaçının əmək haqqı saxlanılmadan məzuniyyətdə olmuşdur. Belə olan halda iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2007-ci il tarixədək “X7” ASC-də ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi qanunvericiliklə əmək (iş) dövlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbiq olunmamışdır. Məhkəmə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil edilməməsi qənaətinə gələrkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1344/2020 saylı, xx.xx.2020-ci il tarixli (hakim N.Rəsulbəyova) qərarındakı hüquqi mövqeyindən də istifadə etmişdir. Odur ki, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2007-ci il tarixədək “X7” ASC-də ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının “X7” ASC-də işlədiyi tornaçı peşəsi güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün nəzərdə tutulan peşələrin siyahısında müəyyən olunmadığından, xx.xx.2006-cı il tarixinə qədər 25 ildən çox ümumi iş stajı, 12 il 6 aydan çox güzəştli iş stajı toplamadığından ona cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5266/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5266/2020
12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver