Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5266/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditinin həllinə dair Fərmanın Cavabdeh ASC tərəfindən iddiaçı barəsində yenidən pul borcuna tətbiq edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditinin həllinə dair Fərmanın Cavabdeh ASC tərəfindən iddiaçı barəsində yenidən pul borcuna tətbiq edilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditinin həllinə dair Fərmanın Cavabdeh ASC tərəfindən iddiaçı barəsində yenidən pul borcuna tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hazırki iddia tələbinin qeyri-mümkün sayılmasına dair xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq hüquqi yardım olunmuş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbardar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmədklərinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd etmişdir ki, bankımızın müştərisi İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, SCO 16244/13 saylı müqaviləyə əsasən rəsmiləşdirilmiş kredit üzrə qalıq əsas borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq xx.xx.2019cu il tarixində FR/89382/72/26 saylı müqaviləyə əsasən 1924.21 AZN məbləğində restrukturizasiya edilmişdir. Məlumat üçün qeyd edilmişdir ki, Siz Cavabdeh ASC qarşısında üzərinizə götürdüyünüz öhdəlikləri vaxtında və lazımınca icra etmədiyiniz üçün Bank tərəfindən Şirvan şəhəri 1 saylı notariat ofisinə müraciət edilmiş və müraciət müvafiq notariat ofisinin 08 sentyabr 2020-ci il tarixli, 8İ-5103 saylı icra qeydi ilə təmin edilmişdir. Əlavə olaraq bildirilir ki, müştəri məmnuniyyətinin təmin olunmasını özünün əsas fəaliyyət prinsiplərindən biri kimi müəyyən edən Bank tərəfindən Sizə xx.xx.2022-ci il tarixinədək kreditiniz üzrə qalıq borcunuzun xüsusi güzəştli şərtlərlə tam ödənilməsi təklif edilir. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli, FR/89382/72/26 nömrəli “Güzəştli Kredit Müqaviləsi”dən görünür ki, Cavabdeh ASC və İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında "28 fevral 2019-cu il tarixli Fərmanının və həmin Fərmanın icrası məqsədilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasına dair müvafiq tələblərini təmin etmək məqsədi ilə bu Müqaviləni bağladılar. Hazırki işin hallarından görünür ki, hazırkı iddia tələbi Cavabdeh ASC-yə qarşı qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh ASC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı), onun yerli strukturu və digər qurumu, yaxud bələdiyyə deyil, o, AR Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5-ci bölməsində nəzərdə tutulan qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs də deyil. Məhkəmə onu da qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və tərəflər arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəlməlidir. Hazırki iddia tələbi publik hüquq münasibətlərindən irəli gəlsə də, iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldilmişdir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə uyğun olaraq Cavabdeh ASC hazırkı iddiaya cavab verməli olan cavabdeh olmadığından, ona qarşı yönəldilmiş hazırkı iddia mümkün sayılmamalıdır. İddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Belə ki, iddiaçıya izah olunur ki, hazırkı iddia tələbi ilə bağlı ilk öncə cavabdeh qismində çıxış etməli olan Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməli, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tələbi təmin edilmədiyi və ya hərəkətsizlik edildiyi halda inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev