Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5266/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçı 1972-1975-ci illərdə Neft və qazçıxarma operatoru peşəsi üzrə təhsil almışdır. ET-İ № ******* №-li, 26 avqust 1977-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “Manqışlakneft” birliyinin Uzen qazma işləri idarəsində qazmaçı köməkçisi vəzifəsində işləmişdir (5 ay, 2 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Manqışlak kəşfiyyat qazması idarəsində qazmaçı köməkçisi vəzifəsində işləmişdir (3 ay 7 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək “MNTS” trestinin NBM-də formaçı vəzifəsində işləmişdir (3 il, 6 ay, 25 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək kompleks briqadanın briqadiri vəzifəsində işləmişdir (7 ay 1 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Bakı şəhəri Lenin rayon meyvətərəvəz ticarət kontorunda satıcı və baza işçisi vəzifələrində işləmişdir (5 il 1 ay 11 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı tikinti Baş idarəsinin KPD DSZ DSK 4-də (“Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatı) betonçu, qəlibçi, operator və suvaqçı işləmişdir (xx.xx.2006-cı il tarixədək 17 il 3 ay, cəmi 27 il 2 ay 16 gün). İddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin etmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə cavabdehə ərizələrlə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin eyni məzmunlu imtina məktublarında bildirilmişdir ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil illəri, arayış və əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979- cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 14 il 2 ay 18 gün müəyyən edilmişdir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildiririk ki, əmək kitabçanızın surətində xx.xx.1988-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatında əmək fəaliyyətinizin olduğu qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı barədə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Sözügedən dövrün araşdırılması ilə əlaqədar Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından daxil olmuş müvafiq xidməti məktuba əsasən bildiririk ki, “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatına dair məlumatlar (SUN və ya VÖEN) Nazirliyin uçot bazasında aşkarlanmadığından qeyd olunmuş dövrün araşdırılması və sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona əmək pensiyası təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq ona ödənilmiş sosial müavinət fərqi çıxılaraq ötən dövrlər üzrə yaranmış fərq məbləğinin aylıq pensiya ödənişlərinə əlavə edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ilin yanvar ayının 1-nə kimi 30 ildən artıq əmək stajı olmasına baxmayaraq xx.xx.2021-ci il tarixindən ona yaşa görə sosial müavinət təyin edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının əmək kitabçasında xx.xx.1988-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatında əmək fəaliyyətinin olduğu qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasını göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və iddiaçıya sosial xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin etmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir. İddiaçının təhsil illəri də daxil olmaqla cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı 14 il 2 ay 18 gündür. Cavabdeh iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2006-ci il tarixinədək “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatında işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, həmin müəssisəyə dair məlumatlar (SUN və ya VÖEN) Nazirliyin uçot bazasında aşkarlanmadığından qeyd olunmuş dövrün araşdırılması və sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, 52 nömrəli sərəncamı ilə X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Belə ki, Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı X2 adı əmək kollektivinin üzvü kimi əsas iş yeri “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” Açıq Səhmdar Cəmiyyəti olan müəssisənin işçiləri haqqında məlumat siyahısında (xx.xx.1988-ci il tarixdən rəngsazsuvaqçı vəzifəsində) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin sırasında qeyd olunmuşdur. Keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, 52 nömrəli sərəncamı və səhmdar cəmiyyətin səhmlərinin satışına dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1925/2006 nömrəli Qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə 17 avqust 2006-cı il tarixli 177 nömrəli əmrlə Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında eyniadlı Məhdud Məsuliyyətli Cəmiyyət təsis etmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 362s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli, 374 s nömrəli digər Sərəncamı ilə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin tabeliyinə verilmişdir. Belə ki, həmin Sərəncamla Cəmiyyətin istifadəsində olan 18.3 ha torpaq sahəsi məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün çoxmərtəbəli yaşayış kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin daimi istifadəsinə, əmlakı isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilərək 28 sentyabr 2020-ci il tarixli, 9 nömrəli “İcarəyə verilmiş əmlakın alqısatqı müqaviləsi”nə əsasən özəlləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli **********75 nömrəli bildirişə uyğun "xxxx" MMC-nin ləğvetmə prosesi yekunlaşmaqla, Cəmiyyət olaraq Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Məhkəmə cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi bu halı əsaslı saymaraq qeyd edir ki, iddiaçı xx.xx.1977-ci il tarixdən bir sıra müəsisələrdə işləyərək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Əmək kitabçasından iddiaçının xx.xx.1988-ci il tarixli 026 saylı əmrin 12-ci bəndilə Bakı tikinti Baş idarəsinin KPD DSZ DSK 4-də (“Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatı) Baş korpusda 4-cü dərəcəli betonçu vəzifəsinə qəbul edilmişdir. Eyni zamanda əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2006-cı ildə işdən azad edilmişdir. Həmin müəssisənin mövcudluğu və iddiaçının əmək kollektivinin üzvü olması, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin 10 yanvar 2025-ci il tarixli məktubu ilə təsdiq edilir. İstinad edilən qanunvericilik normalarına əsasən işçinin xx.xx.2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ş № 2-1(102)-2264/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-582/2023 nömrəli iş üzrə 2-1(102)-473/2023 nömrəli iş üzrə 2-1(102)-1728/2022 nömrəli iş üzrə 2-1(102)-1476/2022 nömrəli iş üzrə 2-1(102)-1180/2022 nömrəli iş üzrə 2- 1(102)-1431/2020 nömrəli iş üzrə qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Beləliklə, iddiaçının həmin müəssisədə xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınmaqla, iş stajı və təhsil dövrü də daxil edilməklə ümumilikdə 31 il, 5 ay, 18 gün iş stajı vardır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh orqana ilkin müraciəti (xx.xx.2021) yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğundan, həmin müraciəti də nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası hesablanıb, ona ödənilən sosial müavinət nəzərə alınaraq yaranmış fərq ödənilməlidir. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarı ləğv edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq ona ödənilmiş sosial müavinət fərqi çıxılaraq ötən dövrlər üzrə yaranmış fərq məbləğinin aylıq pensiya ödənişlərinə əlavə edilərək ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5266/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5266/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver