Məhkəmə qərarları › İş №2-1(112)-5267/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5267/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5267/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı «məcburi köçkün kimi aylıq müavinətin bərpa edilməsi və ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə və Cəbrayıl RİHə qarşı «məcburi köçkün kimi aylıq müavinətin bərpa edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 17 mart 2020-ci il tarixli əmri ilə yaş həddinə çatdığı üçün DİN Yasamal Rayon Mühafizə İdarəsində tutduğu vəzifədən azad edilmiş və təqaüdə çıxmışdır. Bundan sonra o, vahid aylıq müavinətin bərpa edilməsi üçün 22 sentyabr 2020-ci il və 7 yanvar 2020-ci il tarixlərdə AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin Komitəsi məsələnin həllini təmin etməmiş, müraciəti baxılması üçün Cəbrayıl RİH-ə göndərmiş, uzun müddət keçdikdən sonra ona mahiyyəti üzrə olmayan cavab vermişdir. Cəbrayıl RİH 21 avqust 2020-ci il tarixli məktubunda müraciətin Komitəyə göndərildiyini, 18 fevral 2021-ci il tarixli məktubunda isə, ona ödənilməli olan vahid aylıq müavinətin Komitədə fəaliyyət göstərən Komissiya tərəfindən «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın (AR Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş) 2.13-cü bəndinə əsasən bərpa edilmədiyini bildirmişdir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, həmin Qaydanın 2.13-cü bəndinə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinət şamil edilmir. Normanın dispozisiyasında aylıq müavinətin şamil edilmədiyi şəxslərin dairəsi dəqiq olaraq müəyyən edilmiş və burada hər hansı genişləndirici təfsir aparılması bilavasitə qanunvericiliyə ziddir. İnzibati orqan isə, müraciətə baxarkən normanı düzgün tətbiq etməmiş və şamil olunmadığı halda onun normanın təsiri altına düşdüyünü qeyd edərək məcburi köçkün kimi DİO-dan təqaüdə çıxdığını nəzərə almadan ona məcburi köçkün kimi nəzərdə tutulan müavinətin verilməli olmadığı qənaətinə gəlmiş və bununla da mövcud sahəvi qanunvericiliyin tələbini pozmuşdur. Göstərilənlərə əsaslanaraq və İPM-in 33.1, 38-ci maddələrini rəhbər tutaraq, iddiaçıya məcburi köçkün kimi aylıq müavinətin bərpa edilməsi və müraciət edilən 22 may 2020-ci il tarixdən aylıq müavinətin ödənilməsi öhdəliyinin AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə cavabdehlərə təqdimn edilmişdir. Cavabdeh Cəbrayıl RİH-in (RİH başçısının 1-ci müavininin) iddia ilə bağlı məhkəməyə ünvanlanmış 23 aprel 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı 17 mart 2020-ci il tarixdə DİN Yasamal Rayon Mühafizə İdarəsindən təqaüdə çıxmış və onun təqdim etdiyi sənədlər 2020-ci ilin may ayının hesabatına əlavə olunaraq AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Vahid aylıq müavinətin veerilməsi ilə bağlı Komitədə fəaliyyət göstərən Komissiya AR Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.13-cü bəndini əsas gətirərək (yaş həddinə görə pensiyaya çıxma) onun vahid aylıq müavinətini bərpa etməmişdir. Cəbrayıl RİH tərəfindən 21 avqust 2020-ci il tarixli 710 nömrəli məktubla AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edilərək İddiaçı vahid aylıq müavinətinin bərpa edilməsi xahiş edilmiş, lakin ona həmin müavinət bərpa edilməmişdir. Cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı cavabdehlər AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə və Cəbrayıl RİH-ə qarşı vahid aylıq müavinətin bərpa edilməsi barədə iddia tələbin irəli sürərək məhkəmədən qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, o, ərizə ilə AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edərək vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmiş və həmin müraciət Komitə tərəfindən «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün Cəbrayıl RİH-ə göndərilmişdir. Cəbrayıl RİH tərəfindən müraciətə həmin Qaydanın 2.13-cü bəndinin tələblərinə uyğun olaraq baxılmış və ona imtina cavabı verilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi həmin Qaydaya əsasən həyata keçirilir. Qaydanın 3.4-cü bəndinə görə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və-azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağızformatında, həm də elektron daşıyıcı variantında AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə AR Maliyyə Nazirliyinə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra AR Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. AR Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Sözügedən Qaydanın tələblərinə əsasən AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Qeyd olunanlara və AR Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsaslanaraq bildirilir ki, müvafiq iddia tələbi üzrə cavabdeh qismində AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. Cəbrayıl RİH tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, yuxarıda qeyd olunan Qaydanın 2.13-cü bəndinə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin .olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakiml»ərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı İddiaçı DİN-in Yasamal Rayon Mühafizə İdarəsinin baş çavuş vəzifəsində çalışdığı və 17 mart 2020-ci il tarixli əmrlə yaşı ilə əlaqədar əmək pensiyasına çıxdığı müəyyən olunmuşdur. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nda məcburi köçkünün yaş həddinə görə əmək pensiyasına çıxması vahid aylıq müavinətin bərpa olunmamasını istisna etmir. Göstərilənlərə və İPM-in 35.1, 38, 47.2, 48.2, 68-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə, AR Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Qərarın 1.3, 2.3, 8.6, 9-cu bəndlərinə əsaslanaraq, İddiaçı vahid aylıq müavinətin bərpa olunmasına dair iddia tələbinin əsassız olduğundan mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia cavabdeh Cəbrayıl RİH-ə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı mçaddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 1-ci bəndinə görə daxili işlər orqanlarında xidmət keçmə – bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Həmin Fərmanın 2.1-ci bəndində Azərbaycan Resbublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 1-ci bəndinə görə aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: - (1.1) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2-ci bəndinə görə aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: - (2.12) dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə; - (2.13) Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara. Qaydanın 3.1-ci bəndinə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə AR Maliyyə Nazirliyinə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndnə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirildikdən sonra AR Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. AR Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın 3.6-cı bəndinə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə rəsmi məlumat verir. Qaydanın 3.7-ci bəndinə görə məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən AR Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. İşin məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçı Abbasov X2 rayonundan “məcburi köçkün” statusuna malik şəxsdir və AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində xidmət keçmiş dövlət qulluqçusu kimi (dövlət qulluğunun xüsusi növündə) 17 mart 2020-ci il tarixdən əmək pensiyaçısıdır. İddiaçı həmin tarixdən sonra ona məcburi köçkünlər üçün nəzərdə tutulan “yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət”in ödənilməsi ilə bağlı Cəbrayıl RİH-ə və cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Cəbrayıl RİH tərəfindən onun adı ümumi adlı siyahıya daxil edilərək həmin siyahı üzrə hesabatı (digər müvafiq sənədlərlə) cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim olunmuşdur. Lakin cavabdeh müvafiq dürüstləşdirməni həyata keçirərərkən iddiaçının adının siyahı və hesabata salınması ilə razılaşmamışdır. Cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi mövqeyini iddiaçının «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.13-cü bəndinə istinadən aylıq müavinət şamil edilməyən şəxs olması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin hərəkətlərini (imtinasını) mübahisələndirir. Məhkəmənin qənaəti belədir ki, İddiaçı Əbdüəli oğlunun vaxtilə DİO-da qulluq keçmiş və hazırda əmək pensiyaçısı olan şəxs kimi «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.13-cü bəndində göstərilən şəxslərin dairəsinə aid edilməsi yanlış mövqedir. Çünki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın həmin bəndində sadalanan müvafiq qurumların aparatlarında işləməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində işlədiyi dövrdə həmin Qaydanın 2.12-ci bəndinə göstərilən kateqoriyaya aid edilə bilərdi, lakin məlum olduğu kimi o, artıq DİO-da xidmətdən xaric edildiyindən qeyd olunan kateqoriyadan olan şəxs sayılmır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin İddiaçı Əbdüəli oğlunun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməməsi (dürüstləşdirilmə zamanı siyahıdan çıxarılması) ilə bağlı hərəkətləri qanunsuz sayılmalı və iddiaçının hüuqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının adının müavinət alan məcburi köçkün kimi siyahıya daxil edilməsindən sonra aidiyyəti qurumlarla əlaqəli şəkildə (müvafiq prosesdur üzrə) ona müraciət etdiyi 22 may 2020-ciil tarixdən vahid aylıq müavinət ödənilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Əbdüəli oğlunun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi və müraciət etdiyi 22 may 2020-ci il tarixdən həmin müavinətin ödənilməsi öhdəliyi cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Əbdüəli oğlunun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi və müraciət etdiyi 22 may 2020-ci il tarixdən həmin müavinətin ödənilməsi öhdəliyi cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar