Məhkəmə qərarları › İş №2-1(112)-527/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-527/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-527/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “məlumat vərəqinin dəyişdirilərək yenidən göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndələri və vəkilləri Vəkil və Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “məlumat vərəqində dəyişiklik edilərək yenidən göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin: xx.xx.2006-cı il tarixli, 010/ş nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə uyğun olaraq 3 ay sınaq müddətinə Nazirliyin Mərkəzi Aparatı üzrə Təsərrüfat və xidmət sahələri ilə Baş İdarəsinin Təsərrüfat idarəsinin baş məsləhətçi vəzifəsinə təyin edilib. xx.xx.2006-cı il tarixli, 533/ş nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinə uyğun olaraq Nazirliyin Təsərrüfat və xidmət sahələri ilə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. xx.xx.2007-ci il tarixli, 1208/ş nömrəli əmri ilə dövlət qulluqçusunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. xx.xx.2008-ci il tarixli, 889/Ş saylı əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilərək Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsinə (xüsusi rütbəli vəzifə hesabına) təyin edilib. Həmin tarixdən onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 0032/ş nömrəli əmri ilə daxili xidmət mayoru xüsusi rütbəsi verilmişdir. xx.xx.2021-ci il tarixli, 0776/ş nömrəli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar X1 xidmətkeçməsinə xitam verilmişdir. Nazirlik tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş 12-12/xr-4707 nömrəli məlumat vərəqində ididaçının cəmi iş stajı – 44 il, 4 ay, 28 gün (təqvimi xidmət illəri - 8 il, 1 ay, 23 gün, ali təhsil ili - 2 il 5 ay, iş stajı - 33 il, 10 ay, 5 gün) kimi qeyd edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona vurulan zərərin, xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək xüsusi rütbəli vəzifə maaşı ilə faktiki ödənilən aylıq əmək haqqı arasındakı fərqin ekspert rəyinə əsasən hesablanıb ödənilməsi və xidmətdə olmağının son yaş həddinə çatması ilə əlaqədar olaraq xidmətkeçməyə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 0776/Ş saylı əmrin tam icra edilməsi və xidməti pensiyasının qanuni əsaslarla təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi rütbəli vəzifə hesabına vəzifəyə keçirilməyi əmrdə öz əksini tapsa da, cavabdeh tərəfindən ona xüsusi rütbənin verilməsi xx.xx.2019-cu ilədək gecikdirilib və nəticədə hüquqlarının və qanuni mənafelərinin əsaslı surətdə pozulmasına gətirib çıxarıb. xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək faktiki işlədiyi vaxtlarda xüsusi rütbəli vəzifə maaşını almadığından xüsusi rütbəli vəzifə maaşı ilə ona faktiki ödənilən aylıq maaş arasındakı fərq ekspert tərəfindən hesablanıb verilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdə Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçının da imzaladığı əmək müqaviləsinin şərtlərində ona ödəniləcək pul təminatı növləri və digər müqavilə şərtləri əks olunmuşdur. Qeyd edilən əmək müqaviləsində Nazirlik iddiaçıya xüsusi rütbə verəcəyi və ya buna görə rütbə maaşı ödəyəcəyi haqqında öhdəlik götürməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli 0776/ş saylı əmrin tam icra edilməsi tələbi aydın deyil. Əmr iddiaçının xidmətdən xaric edilməsi haqqındadır, özünə elan edilmişdir, onunla son haqq-hesab aparılmışdır. İddiaçıya əmək pensiyanın təyin edilərək ödənilməsi vəzifəsi Nazirliyin üzərinə qoyula bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanına müvafiq olaraq əmək pensiyasının təyin edilərək ödənilməsi səlahiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 0776/Ş saylı, xx.xx.2021-ci il tarixli əmrinin icrası ilə əlaqədar olaraq, X1 xidmətkeçmə haqqında Qanunun 25.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011-ci il tarixli, 67 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı əlavəyə əsasən onun hesablanmamış 10 il 6 ay 11 gün xidmət illəri – xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, ümumilikdə 21 il 01 ay 04 gün hesabını xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmət illərinin tam, dəqiq, obyektiv hesablanması vəzifəsinin və məmur səhlənkarlığı, hakimiyyətdən suiistifadəsi nəticəsində ona vurulan zərərin xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək xüsusi rütbəli vəzifə maaşı ilə faktiki ödənilən aylıq əmək haqqı arasındakı yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında protokol qaydasında icraata qəbul edilmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12-12/xr-4707 nömrəli məlumat vərəqinin dəyişdirilərək, tam düzgün, qərəzsiz, obyektiv, qanunamüvafiq qayadada tərtib edilməsini və onun hesablanmamış 10 il, 6 ay, 11 gün xidmət illəri – xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, ümumilikdə 21 il, 01 ay, 04 gün hesabını xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmət illərinin tam, dəqiq və obyektiv hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə xx.xx.2023cü il tarixli məhkəmə iclasında protokol qaydasında icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş 12-12/xr-4707 nömrəli məlumat vərəqinin dəyişdirilərək xidmət illərinin xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 21 il, 01 ay, 04 gün hesabını xidmətdə olmanın son yaş həddinə çatması barədə dəqiqləşmə aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbinə dəqiqləşmə ərizəsi onunla əsaslandırılmışdır ki, Nazirliyin ştat vahidləri (ştat cədvəlləri) Nazirlər Kabineti və Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada təsdiq edilir. Hüquqi baxımdan eyni zamanda Cavabdeh Bakı Regional Mərkəzi büdcədən maliyyələşən qurumdur - yəni ştat vahidləri Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Onun 13 il müddətində rəisi olduğu İdarənin ştat cədvəlində 1 nəfər mülki işçi, xadimə ştatından başqa bütünlüklə xüsusi rütbəli və Dövlət qulluqçuları ştat vahidləri yer almışdır. Hesab edir ki, onun məhkəməyə yazdığı iddia ərizəsinə Cavabdeh nümayəndəsinin yazdığı iddiaya etiraz ərizəsi yalan məzmunda yazılmış, heç bir hüquqi əsası olmayan bir ərizədir. Eyni zamanda, onun xüsusi rütbəli vəzifə hüququ vəzifəyə təyin olunduğu gündən, yəni xx.xx.2008-ci il tarixindən yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə Təsdiq edilmiş Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydasının 2 nömrəli əlavəsinin 2.1.1-ci maddəsində qeyd edilmişdir ki, X1 xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti hesablanır. Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin 899/Ş saylı xx.xx.2008-ci il tarixli əmrindən sonra onunla Fövqəladə Hallar Nazirliyi arasında çoxlu sayda şifahi və yazılı müraciətləri olduqdan sonra nazirin 0032/ş saylı, 14 yanvar 2019-cu il tarixli əmri ilə daxili xidmət mayoru xüsusi rütbəsi verilib. Kadr Siyasəti Baş İdarəsi xidmətdə yol verdiyi qanun pozuntusunu özləri etiraf etmişlər. Hesab edir ki, X1 xidmətkeçmə haqqında qanunun 25.4-cü maddəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə əsasən hesablanmamış 10 il 6 ay 11 gün xidmət ili xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 21 il, 01 ay, 04 gün hesabını xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmət illərinin tam dəqiq, obyektiv qaydada hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması qanuni və ədalətli olardı. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndələri və vəkilləri iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2008-ci il tarixli əmrlə Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsinə təyin edilərək həmin tarixdən onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmrdə xüsusi rütbəli vəzifə hesabına qeydi aparılmış, lakin ona xüsusi rütbə verilməmişdir. İddiaçıya həmin vəzifədə işlədiyi dövrdə xüsusi rütbə Nazirliyin xx.xx.2019-cu il tarixli əmri ilə verilmişdir. xx.xx.2021-ci il tarixdə son yaş həddinə çatması ilə əlaqədar xidmətkeçməsinə xitam verilmiş, Nazirlik tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş məlumat vərəqində iddiaçının xidmət illəri hesablanarkən xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsində xüsusi rütbəli vəzifə hesabına işlədiyi üçün xx.xx.2008ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr də onun xidmət illərinə hesablanmalıdır. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə əmək müqaviləsi ilə işə qəbul edilmiş, Nazirlik tərəfindən ona xüsusi rütbə veriləcəyi barədə hər hansı bir öhdəlik götürülməmişdir. Əmək Müqaviləsi ilə işlədiyi dövrün xidmət illərinə daxil edilməsi qanunverilikdə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.4-cü bəndinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Cavabdeh, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Məhkəmə hesab edir ki, iddia tələbinin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal, iddiaçının xüsusi rütbəli vəzifə hesabına işlədiyi xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrün xidmət illərinə daxil edilib-edilməməsinin müəyyən edilməsidir. İddiaçının mübahisələndirilən dövrdə xüsusi rütbəyə görə əmək haqqı və digər təminatlar almaması işin mübahisələndirilməyən halıdır. Bu halı iddiaçı da inkar etmir və məhkəməyə verdiyi ilkin iddia ərizəsində Nazirliyin ona xüsusi rütbəni gec verməsi nəticəsində dəymiş ziyanın ödənilməsini, eyni zamanda xüsusi rütbəyə görə ödənilməmiş əmək haqqına görə fərqin hesablanıb ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması” Qaydalarının 1-ci maddəsinə əsasən, bu Qayda “X1 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə və X1 xidmətin xüsusiyyətlərinə uyğun olaraq hazırlanmışdır və fövqəladə hallar orqanlarının xüsusi rütbəli əməkdaşlarının (bundan sonra - əməkdaşlar) xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 2.1-ci maddəsinə görə, Fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: 2.1.1. X1 xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı xidmət müddəti. ... Məhkəmə qeyd edir ki, Qaydalarda xüsusi rütbəli əməkdaş sözü qeyd edildikdən sonra mötərizədə “bundan sonra - əməkdaşlar” qeydinin yazılması, qaydalarda “əməkdaş” dedikdə xüsusi rütbəli əməkdaşın nəzrədə tutulması kimi başa düşülməlidir. Ona görə də məhkəmə iddiaçının həmin qaydaların 2.1.1-ci maddəsində nəzərdə tutumuş X1 xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı xidmət müddəti ifadəsinin əməkdaş kimi ona da şamil edilməsi dəlili ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh Nazirlikdə işləyən, xidmət və qulluq keçən şəxslərin statusu fərqləndirilməlidir. Belə ki, Nazirliyin strukturunda dövlət qulluğunda qulluq keçən dövlət qulluqçuları, hərbi xidmət keçən hərbi qulluqçular, xüsusi rütbə verilmiş şəxslər (dövlət qulluğunun xüsusi növü) və qeyd edilənlərdən heç birinə aid olmayan əmək müqaviləsi əsasında işləyən mülki işçilər fərqli statuslarda olan şəxslərdir və onların hüquq və vəzifələrini, xidmət və qulluqkeçməsini statuslarından asılı olaraq fərqli sahəvi qanunvericiliklər - “Dövlət qulluğu haqqında”, “Hərbi xidmətkeçmə haqqında”, “X1 xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunları və ya Əmək Məcəlləsi ilə tənzimlənir. “X1 xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, X1 xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Qanunun istinad olunan normasından da göründüyü kimi, X1 qulluq (xidmət) yalnız hərbi qulluqçular, xüsusi rütbəli olan əməkdaşlar və dövlət qulluqçuları nəzərdə tutumuşdur. İddiaçı isə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrdə xüsusi rütbəli əməkdaş, dövlət qulluqçusu və ya hərbi qulluqçu statusunda işləməmişdir. İddiaçı xx.xx.2008-ci il tarixli əmrlə xüsusi rütbəli vəzifə hesabına işə təyin edilsə də, ona xüsusi rütbə verilməmiş, xüsusi rütbəli əməkdaş statusu olmamış, xüsusi rütbəyə görə əlavələr və əmək haqqı almamışdır. Bu barədə əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrün xidmət illərinə hesablanması qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin müddətin xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi tələbi təmin edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “məlumat vərəqində dəyişiklik edilərək yenidən göndərilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar